manera.az
manera.az

Xudaverdi - HEKAYƏ

Xudaverdi - HEKAYƏ
Ah, Xudaverdi ah, sən fələyə can verməzdin. Burda fələyin mütləq bir kələyi var. İndiyəcən onun kürəyini sənin qədər yerə vuran olmamışdı.

Xudaverdi… Bu ad da elə-belə, təsadüfən verilməmişdi ona. Onu Xuda vermişdi, Xuda. Özü də üç qızdan sonra. Atası Dünyamalı kişi ömrünün altıncı onluğunda tapmışdı onu. Amma ayağı yaman ağır gəlmişdi uşağın. Gələr-gəlməz kəndə suçiçəyi yayılır. Ailə yaman günə qalır o xəstəlikdən. Dünyamalı kişi bir gözünü itirir, arvadı Gülcamalın sifəti çopurlaşır, üç qızın üçü də tələf olur. Bircə bir aylıq Xudaverdiyə heç nə olmur. Ona görə də adını elə qoyurlar – Xudaverdi..

Xudaverdi böyüdükcə, ailənin o cür ağır dərdi yavaş-yavaş öləziməyə başlayır evdə. Dünyamalı kişinin itirdiyi bir gözünü Xudaverdi əvəz edir artıq. Birlikdə çobanlıq edirlər. Altı yaşı olsa da, 47 baş qoyunun öhdəsindən bəzən özü tək də gələ bilir.

Bir gün kəndə hay düşdü ki, sel Dünyamalı kişiylə Xudaverdini qoyun qarışıq götürüb gedib. Camaat ələtaş olur o dağlarda, amma nə ölüsünü tapa bilirlər onların, nə də dirisini. Axşama yaxın Xudaverdini huşsuz vəziyyətdə qaratikan koluna ilişib qalmış tapırlar. Səhəri gün isə Dünyamalı kişi ilə qoyunların cəsədini iki kənd o yana çayın qırağında görürlər. Yenə Xudaverdinin sağ qalması Gülcamal arvada təsəlli olur. Bir gözü ağlar, bir gözü gülər böyüdür oğlunu. Xudaverdi də əfəl övlad olmur, diribaşlıqda kənddə ona çatan olmazdı. Pul qazanmağın hər yolunu bilərdi. Daşdan pul çıxaran oğuluydu. Nəinki, daşdan, elə leşdən də pul çıxarmağı bacarardı. Həmişə gözdə-qulaqdaymış ki, örüş tərəfdə qarğa-quzğunun göydə fırlanandığından xəbəri olsun. Bilirmiş ki, heyvan leşi var oralarda.

Tez bir ləyən duzlu suyu götürüb qaçarmış ora. Aparıb qoyarmış leşın yanına, əlinə də iri bir çomaq alıb güdükdə durarmış. Yekə boynuyoluq quzğunlar leşdən yeyib, duzlu sudan içib ley-pey olanda Xudaverdi cəld əlindəki çomaqla cumub üslərinə şil-küt edərmiş onları. Azı yeddi-səkkizini gətirib evdə yolub təmizləyərmiş. Qafana aparar, onları hinduşqa adı ilə birini 25 manatdan sırıyar ermənilərə, əvəzinə dörd-beş quzu alıb qatarmış qabağına. Beləcə sürüsünü böyüdərmiş. Məktəbə də getməzdi. Kənddə məktəb vardı ki, gedə. Məktəbə getmək üçün gərək çayı keçib başqa kəndə getsin. Bu da onun nəyinə lazım idi ki. Ora gedincə, Qafana alverə gedər də. Bir-iki ev o yanda olan Süleymanı məktəbə gedib-gələn görəndə, lağa qoyub ələ salarmış. Eləcə onu da məktəbdən çəkindirib qoşur özünə. Düzdür, o, Xudaverdi kimi diribaş olmasa da, bəzi işləri birlikdə görərmişlər.

18 yaşı vardı Xudaverdinin, hələ siftə edib üzüzü qırxmamışdı müharibə xəbəri kəndə yayılanda. Kəndin kişilərini bir-bir evlərdən gəlib aparmışdılar deyə, üstünə böyük məsuliyyət düşmüşdü onun – kəndə həyan durmaq. Orduya yardım məqsədiylə camaatın mal-heyvanlarını da əllərindən almışdılar. Xudaverdinin qoyunlarını aparanda, cıqqırını da çıxarmamışdı, özünü tox tutmuşdu. Quzgunların canı sağ olsun, demişdi. Yenə aparıb quzuya dəyişib gələrəm. Amma bu dəfə ağlına başqa fikir gəlmişdi. Keçən dəfə öz gözləriylə gördüyü qaban sürüsü yadından çıxmırdı. Bu işdə ona bir balaca kömək lazımıydı. Süleymanın başını bişirə bilsə, hər şey əla olardı. İki gün idi ki, Süleymanı yola gətirə bilmirdi. Axır ona bir quzu söz verəndən sonra razılaşmışdılar. Səhər alaqaranlıqda Süleymanı da götürüb Donuzluq dərəsinə gedir. Çünki qaban sürüsü ancaq belə vaxtlar çaya su içməyə gedərmiş. Daşın dalında busqu durub gözləyirlər. Süleymanın səbri çatmır. Dəqiqədən bir “evə gedirəm” deməyi Xudaverdini özündən çıxarır.

Elə oradaca tutaqlaşırlar. Bir-birilərinə bir-iki təpik, yumruqdan sonar Süleyman deyinə-deyinə qayıdır kəndə. Hələ arada arxaya çönüb Xudaverdiyə əli ilə söyüş də işarə edir. Səbrini basıb dayanır Xudaverdi. “Eybi yox, qoy işimi görüm qurtarım, səni gəlib kənddə salacam təpiyimin altına oğraş”- deyir.

Budur dərədə xırda çınqıllar diyirlənir yuxarıdan aşağıya. Aha, qaban sürüsüdür, gəlir. Xudaverdi qollarını çimrəyib hazır durur. Sürü yaxınlaşan kimi, daşın üstünə çıxıb tullanır üstlərinə. Qabaqda gedən erkək qaban bir az aralaşıb, ordan Xudaverdinin üstünə nətər hücüm çəkirsə, Xudaverdi bir andaca göydə fırlanıb düşür yerə. Ürəyi soyumayan qaban özünü sürüyə göstərirmiş kimi təzədən bir dövrə də vurub, yerdə uzanılı qalan Xudaverdini iti dişlərinin üstünə alıb çırpır yerə.

Gün günorta olanda Gülcamal arvad Xudaverdinin yoxluğundan narahat olmağa başlayır. Kəndi ələk-vələk eləyir, gördüm deyən olmur. Qəsdən səsini çıxarmayan Süleyman axır dözmür, Xudaverdinin Donuzluq dərəsinə getdiyini deyir. Arvad qonşu uşaqlarını da başına yığıb dərəyə tərf gedir.

Gedib görür nə? Xudaverdi yerdə uzanıb, bağırsaqları da torpağın üstündə ilan kimi qıvrılır. Arvadın elə oradaca ürəyi gedir. Uşaqlar qaçıb kəndə xəbər verirlər. Camaat qarışır bir-birinə. Camaat deyəndə ki, ancaq arvad uşaq idi kənddə qalanlar. Hə, bir də topal Məmməd. Elə camaatın da ilk ağlına gələn topal Məmməd olur. Onun da səksəndən çox yaşı vardı. Kəndin mal həkimiydi. Əvvəl qoluna girib dərəyə – Xudaverdinin yanına aparmaq istəyirlər, sonra baxırlar ki, bu, ora gedib çıxınca axşam düşəcək. Odur ki, Xudaverdini adyalın arasına qoyub kəndə gətirirlər. Gözdən iti bir-iki arvad yığışıb Xudaverdinin bağırsaqlarını qumdan, çınqıldan təmizləyir, sonra ilıq suyla yuyub yığırlar qarnına. Incəvara bağırsağı deşilməmişiymiş. Məmməd kişinin də iynəsini saplayıb verirlər əlinə. O da Xudaverdini bağırda-bağırda qarnını tikir. Hamı əlini üzmüşdü Xudaverdidən. Çətin Xudaverdi bir də ayağa qalxa. Heyif səndən Xudaverdi.

Amma anası Gülcamal arvad deyirdi ki, balam donquza görə fələyə can verməz. Düz deyirdi, heç bir həftə keçməmişdi Xudaverdi özünə gəlmişdi. Yavaş-yavaş həyətdə-bacada görünməyə başlamışdı. Bir ay keçməmişdi ki, hərbi komissarlıqdan Xudaverdiyə çağırış kağızı gəlir. Gülcamal arvad nə qədər hay-həşir salsa da, oğlunun qarnını açıb gələnlərə göstərsə də, xeyri olmur. Üç gündən sonra gəlib Xudaverdini də, Süleymanı da götürüb gedirlər. Evlərində Xudaverdinin yas mərasimi qurulur. Bilirdilər ki, o, bu vəziyyətdə şəhərə gedib çıxa bilməyəcək, hələ qaldı ki, müharibəyə gedə.

Aylar ötür, Xudaverdidən heç bir xəbər gəlmir. Sineybər arvad hər dəfə oğlu Süleymandan kağız alanda Gülcamal arvad ciyəri yandığından qalxıb göyə düşürmüş. Deyirmiş ölüm xəbərini də alsam toxdayaram, təki balamdan mənə bir xəbər versinlər. Yazıq poçtalyon qorxusundan onlar tərəfdən keçmirmiş. Gülcamal arvad yerdən daş, çınqıl götürüb atırmış ona ki, niyə mənə məktub gətirmirsən? Bir gün qəfil rastlaşanda poçtalyon arvada qayıdır ki, ay arvad, sənin oğlun hərf tanımır deyə məktub yaza bilmir yəqin. Bu söz arvadın ağlına batır, ondan sonra azacıq toxtamışdı. Bir müddət sonra evlərə bir-bir qara kağız gəlir. Amma Cülcamal arvadın evinə nə qara kağız gəlir, nə də ağ kağız. Yenə arvad əlində daş poçtalyonun günün qara eləyir. Bir gün Süleyman anasına Xudaverdinin minaya düşüb, ölümcül vəziyyətdə hospitalda yatdığını yazır. Yenə evlərində yas mərasimi qurulur Xudaverdinin. Bu dəfə bütün kənd ondan birdəfəlik əlini üzür, minaya düşübsə, çətin sağ qalar. Bircə Gülcamal arvad ümidini üzmür. Hər səhər sübh tezdən durub yola tərəf gedir, Sineybərin eşiyə çıxmağını gözləyir ki, o xəbəri bir də eşitsin ondan. Ən azında “ölməyib, yaralıdır” deyəcəkdi. Beləcə o xəbərdən təsəlli ala-ala illəri ötürüb keçirir. Və bir gün qələbə xəbəri yayılır kəndə. Müharibə qurtarsa da, gedənlərin heç biri geri qayıtmır.

Bir səhər Gülcamal arvad evlərinin arxasındakı taxta körpünün üstündən gələn taqqıltı səsinə səksənir. Oturub yerinin içində bu səsi dinşəyir. Taqqıltı düz qapının ağzına qədər yaxınlaşır. Qapı açılanda əvvəl içəri bir cüt qoltuq ağacı girir, sonra üstü medallaı hərbi geyimli, şalvarının sol balağı dizdən düyünlənmiş bir nəfər. Arvad əvvəl donub qalır, yuxu gördüyünü zənn edir. Handan hana özünə gələndə, oğlunun üstünə şığıyır. Hə, Xudaverdiydi, sol ayağını dizdən kəsmişdilər. Neynək, əsas odur ki, heç kimin geri dönə bilmədiyi müharibədən qayıdıb qəlmişdi. Həm də orden-medalla. Berlinə qədər gedib çıxır kişinin oğlu. Amma evə gəlhagəldə zədəli ayağı qanqrena verdiyindən kəsirlər. Reyxstaqa bayraq sancanlarla birlikdə olan şəkli bütün qəzet və jurnallarda dərc olunur. Qəzetin birini də qatlayıb pencəyinin döş cibində evə gətirir. Gülcamal arvad o qəzeti qoynunda gəzdirib kənddə hamıya göstərmişdi. Elə o qəzetin sayəsində də kəndin ən qəşəng qızını almışdı oğluna.

Yedii ay sonra Süleyman da qayıtmışdı, ancaq o, Xudaverdi kimi orden-medalla yox, üzüqara qayıtmışdı. Müharibənin axırlarına yaxın əsir düşmüşüymüş almanlara. Amma neyləsin, özünün dediyi kimi, bəxti gətirməyib də.

Hələ də barışa bilməmişdilər. Elə kin saxlaya-saxlaya da qocalırlar. Nəvə-nəticə yiyələri olsalar da o qaban əhvalatını yadlarından çıxarammırdılar.

Əsas da Xudaverdi. Süleymanın əsir düşməyini lağa qoyub gülürmüş. Onu yolun qırağındakı çayxanada görən kimi, yayın cırhacırı da olsa, tez üstü medallı pencəyini geyinib qoltuq ağaclarını ora tərəf sürərmiş. Sülüyman da yavaşca sivişib aradan çıxarmış. Danışırmış ki, almanlar Süleymanın yumşaq yerinə damğa basıb – nemes xaçı. Hə, vallah çayda çiməndə özüm öz gözlərimlə görmüşəm onu.

Süleyman bunu dansa da, bir gün əsəbləşəndə özü də ağzından qaçırır ki, ay balam, özüm qəsdən aparıb ombamı açıb nemes köpəyoğlunun qarşısına qoymamışam ki, alın damğa basın.. Deməli döyüşmüşəm ki, əsir düşmüşəm də. Neyləyim, bəxtim gətirməyib də. Yoxsa, bəziləri kimi hansısa daşın dalında qıçımı qucaqlayıb, müharibə qurtaranda üzə çıxmamışam ki.

Yaşları yetmişi keçsə də, hər dəfə üz-üzə gələndə tutaqlaşardılar. Heç Qarabağ müharibəsi də barışdırmadı onları. Ermənilər kəndə qrad atanda hamı bir yerdə zirzəmiyə girəndə, onlar girməzmişlər, məcburi itələyib onları ora salanda da, bir-birilərinə arxalarını çevirib oturarmışlar.

Bir axşam həyətdəki dəmir çarpayısında uzanan Xudaverdinin düz yanına düşən qrad mərmisi onu çarpayı qarışıq qaldıb göyə, çırpır yerə. Xudaverdi, bu gün ölmüsən, dünən ölmüsən… Qışqırışma, hay, şüvən… Ki, Xudaverdi öldü. Bunu eşidən Süleyman kəndin o yekəlikdə xeyir-şər samovarını təkcə qucağına alıb Xudaverdigilə qaçır. Həvəslə doldurub qaynadır. Kəndin xeyir-şərində elə işlərə o, baxardı. Hələ qəbir qazanlara da qaçıb kömək eləyir. Amma həkim deyəndə ki, Xudaverdi hələ canını tapşırmayıb, nəfəsi gedib gəlir, Süleyman kor-peşman samovarı boşaldıb, aparıb qoyur yerinə. Bilir ki, Xudaverdi bu dəfə də ölən deyil, yenə qalxacaq ayağa. Allah sən saxla, elə bil fələyin də onun yanında gözükölgəli işi var, qorxur ondan.

Doğrudan da Xudaverdinin bu dəfə də ölməməsi camaatın əlini üzündə qoyur. Xəstəxanaya aparanda orda onun iki qabırğasını çıxarır, ağ ciyərindən əl boyda kəsib atırlar. Qəlpə qabırğalarını sındırıb ağ ciyərini parçalamışdı. Bir müddət sonra Xudaverdini xəstəxaladan çıxarıb evə gətirirlər. Yenə fələyin kürəyini yerə vurub sağalmışdı. Ta Xudaverdiyə ölüm yoxdu dedilər. Hamı inanırdı ki, adına görə əcrayıl ona yaxın dura bilmir. Baxma da arxasında o boyda Xuda durmuşdu. Bir köpəkoğlunun hünəri nədir Xudanın verdiyini ala bilsin.

Durub gəzə bilməsə də, bütün günü çardaqda oturub, kəndə tamaşa edirdi Xudaverdi. Gəzə bilməməsi də qoltuq ağacına görəydi. Onu qabırğasının üstünə sıxa bilmirdi. Yay olduğundan elə çardaqda da yatırdı. Narazı deyildi həyatından. Niyə də narazı olsun ki? Ən hündür yerdə oturur, medallı pencəyi əynində, qabağında da pürrəngi çayı. Yoldan gəlib gedəni görür, hələ arada söz də atırdı Süleymanı görəndə.

Əkin-biçinə gedən yol düz onun evinin yanından keçib gedirdi. Yenə arxın üstündəki ensiz taxta körpüdən gələn səsə boylandı. Gördü budur Süleyman eşşəyin noxtasından tutub körpüdən keçirmək istəyir. Eşşək də ayaqlarını dirəyib yerə, tərpənmək istəmir. Axır eşşəyi çəkib arx tərəfə minir üstünə ki, sudan keçib gedə. Su eşşəyin dizinə çatanda nətər qırağa sarı tullanırsa, Sülüyman başı üstə gəlib düşür qıraqdakı qaşın üstünə. Bədəni suda, başı daşın üstündə olan Süleyman çardaqdan gələn şaqqanaq səsinə gözlərini açır. Amma nə illah edirsə, başını daşdan ayıra bilmir.

Gözləri çardağa dikili qalır. Elə şaqqanaq səsi də yarımçıq kəsilir. Qənd Xudaverdinin kənziyində qalıb, oturduğu yerdəcə gözləri bərələ qoymuşdu onu.

Qəbirsanlıqda yan-yana iki qəbir yeri ölçülürdü o gün. Biri qazılıb tam hazır idi, amma o birisinə tərəddüd içində bel, külüng vurulurdu.

Xudaverdi yatıb deyirdilər. Hə, Xudaverdi yatıb… Elə mən də o cür yazdım. Ki, Xudaverdi dərin yatdı. Amma sən allah Xudaverdi, dedim, ta yuxuda da incitmə Süleymanı!

İlhamə NASİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031