manera.az
manera.az

Köhnə kişi - Povest (Əlabbas)

Köhnə kişi - Povest (Əlabbas)
(ƏVVƏLİ BURADA)

II

Sakit bir yay axşamı...
Kənd yeri, yay vaxtı, özü də gül-çiçək qoxusu gələn bir gecə...
Kəndi yenə qurbağaların səsi başına almış, o səsdə ay doğmuş, ulduz çıxmışdı. Bu kənd yenə dünyanın aylı-ulduzlu səmasının bitib-tükənməyən genişliyində gümüşü sükuta batmışdı.
-Aaaz, evdəsən, Qaratel?!-Qırçının səsi gecənin belə bir vaxtında eşidildi.
Aydın məsələ idi: gələn kimi yenə də başlayacaq ki, dünən filankəs dükandan arvadına alt paltarı alıbmış, amma əyninə dar gəlib. Gədəsi aparıb dəyişməyə, dükançı da qayıdıb ki, bizim ölkədə bundan yekə alt paltarı tikilmir, bala, get dədənə de, arvadı dəyişsin.
Dünən də gəlib ki, deyir, Muraddan məktub gəlibmiş, yazıb ki, məni elə bir yerə gətiriblər ki, burdan o yana sudan savayı, heç nə yoxdur. Altı ay gecə olur, altı ay da gündüz...
-Nə təhərsən, aaz, canıyanmış?-Qırçın həyətə girər-girməz Qarateli xələtlədi,-dayıdostugildən gəlirdim, gördüm bayırdasan, dedim bir baş çəkim görüm nə qayırırsan bu təkliyin əlindən... Çətindi, vallah, sənin ışın allaha qalıb,-oturub yerini rahatlayan kimi başladı,-deyirəm, aaz, nə təhər araqatanlar var e, Qaratel, cici-bacılarından kimsə gedib Gülabın ovcuna qoyub ki, guya, sən demiş olasan ki, gördünmü onu necə qapı-qapı gəzən qarayaylıq qancıq elədim?! Hələ harasıdı, keşkə o qədər ölməyəydim, Muradın qayıdıb gəldiyi günü görəydim, onda Gülaba göstərəydim ki, Murad onundu, ya mənim?! Guya, o da demiş ola ki, ləçər getdi alışdı-verişdi, ərimin başını əkdi, balalarımı dədəli yetim elədi... Gedib onun abrını ətəyinə büksənə, aaz? Mən nə iyyamdı görə bilmirəm, yoxsa itdən alıb, itə verərəm onu, vallah!
Qaratel:
-Qurtardınmı?-sualını elə tərzdə verdi ki, gəlin yerindən dik qalxıb mızıldana-mızıldana:
-Bu da mənim yaxşılığım,-dedi,-kül mənim başıma...
-Axı bilmirəm nə görmüsüz bu qapıda?-elə qışqırırdı ki, elə bil Qarateli cin atına mindirmişdilər,-sən gedirsən, Dilpara gəlir, Dilpara gedir, Güləmbər gəlir... Gülab elə dedi, Gülab belə dedi, filan elədi, beşməkan elədi... Onu mən özüm bilərəm, nə eləmək lazımdı. Bəs deyilmi məni boğaza yığdığınız? Nə istəyirsiniz axı məndən? Nə vermisiniz, ala bilmirsiniz? Nə? Nə?...

***

Yağış elə həmin günün səhərisi yağdı. Hardasa uzaqlarda, yerlə üfüqün birləşdiyi səmtdə göy qurşağının yaşılı, al-əlvan zolağı göydən-yerə uzanmışdı. Qızlar bunu görüb səslərini başlarına atdılar:
-Fatma nənə gəbəsini uzatdı, Fatma nənə... Fatma nənə...
Bu o günlərdən biri idi ki, yenə Gülabın dərd içini, yaş gözünü yeyirdi: iri, ikitağlı pəncərənin qənşərində əli qoynuna, dili yalvarışına dustaq idi.
-Gülab xala! Ay Gülab xala!
Arvadın əli o saat qoynundan düşdü: çəpərin o tərəfindən səsi gələn Qaratel idi.
-Ay Gülab xala!
Uzun müddət içəridən səs çıxmadı, handan-hana pəncərənin bir tağı açıldı və Gülabın sifətini görər-görməz Qaratelin üzü güldü: "Bu bəxt ki, məndədi, yenə qızım olacaq, Qaratel, baxarsan, bir sözdü deyirəm sənə. Onsuz da vaxtına bir şey qalmır Gülab xalanın, vur-tur dördcə ay..."
-Ay Gülab xala!
-Nə istəyirsən, a qan əkən? Başımı qara, balalarımı başıkəsik qoyduğun bəs deyil, hələ mənə xala da deyirsən, a ölməz-itməz?!
Ayazımışdı, iynəgözü çisələyirdi. Elə bil qövsü-qüzehin o biri üzünə ağ tül çəkmişdilər. Bəri tərəfə gün düşürdü. Yarıağ-yarıqara buludların arasından bir parçası gömgöy göyərən səmanın tən ortasında günəş elə alışıb-yanırdı ki, elə bil onu qızıl suyundan indicə çıxartmışdılar. Səmanın lap dərinliklərində qayğısız- qayğısız süzən iki qara şahin də günəş kimi buludlardan çox-çox qəlbilərdə görükürdü.
-Nə deyirsən de, Gülab xala, gedən deyiləm. Ya qızlardan birini yolla, ya da özün ayağını qoy aşağı, bircə kəlmə sözüm var. Yaxşı deyil durmağım, ordan-burdan görən var.
-Xeyrin olsun, üz yiyəsi!-Gülab bu sözü Qaratelin səssiz-səmirsiz dayanıb baxdığını görəndən sonra dedi və pəncərəni örtən kimi çəkilib yox oldu. Ancaq heç yarım dəqiqə keçməmış qapı açıldı və Gülab orda göründü...
Qaratelin üstünə sanki ordu gəlirdi: qabaqda alma tək bir-birinə oxşayan uşaqları, arxada isə qadın özü...
Əcaib bir iş: Qaratel biri o birindən bir qarış uca qızları bağrına basıb üz-gözlərindən elə öpürdü ki, deyərdin bəs öz qarnından çıxmış dost-doğmaca balalarını öpür. Astanada əli dodaqlarında quruyub qalan Gülabın burda olub-olmamağının da sanki mətləbə dəxli-filanı yox idi. Amma Allah tərəfi, bu dəqiqənin içində arvadın sifətində gülüşqarışıq elə ilıq bir ovqat vardı ki, boylu qadında sirri-xuda idi o şirinlik...
Xülasə...
-Di öldür məni, Gülab xala!-onlar pilləkənin yanında üzbəüz gələndə Qaratel deyirdi,-öz əllərinlə boğ öldür. Nə deyirsən, de indi. Həyasız de, üzünün suyu tökülmüş de... Qurbanın olum de, Gülab xala, de bəlkə, ürəyindən tikan çıxa. Sənin qarşında mənim günahlarım çox çoxdu, hər nə desən, qəbulumdu.
-Belə durun görüm,-Gülab əl-ayağa dolaşan uşaqları kənar eləyib heç nə deməyən, heç nə eləməyən Qaratelin saçlarından yapışaraq başını artırmanın dirəyinə çırpdı.
-Neynirsən, ay ana?-deyə qızların ən yekəsi – Sənəm aralığa girdi,-bizi xalxla qanlı eləmə, öldürdün ki, yazığı...
-Qoy görüm nə dilini işə salıb bu çərhəya? Sən nəyinə gərəksən adam göndərtdirib bulağa çağırtdırır bu ləçər?... Elə bilirsən, ağlamaqla ürəyimi yumşaldacaqsan? Əcirindi sənin, çək...çək...

***

Yenə həmin bomboş, quş yuvası ilə dolu eyvan... Yenə küllük, orda toyuqlarla birgə eşələnən uşaqlar, onarlın aləmi başına alan cığır-bağırı... Tut... Günəş...
Hamısı köhnə, lap min ilin tanışına oxşayırdı. Axşamlar quşlar da uçub gələr, həyətdəki tənha, quru tutun budaqlarındaca gecələyərdi. Elə bil o günəş, o tut kimi o quşlar da bu həyətin minillik quşları idilər, sanki Qaratel də onların hamısını birbəbir tanıyırdı.
-Qaratel xala!-deyən səs eşidiləndə gün günortadan çoxdan əyilmiş, o quşların qayıdıb gəlməyinə bir o qədər də vaxt qalmamışdı,-anam dedi, gəlsin bizə.
Qadın səsi eşidən kimi sıçrayıb həyətə endi, qızı qucaqlayıb bağrına basaraq üz demədi, göz demədi... öpdü, çünki qızdan bir az-maz süd qoxusu gəlirdi, bir az-maz qızlar bulağından hələ təzə-təzə su içən qız qoxusu gəlirdi, ən çox da Muradın məhrəm iyi... və o süd qoxusuyla, o qız qoxusuyla, Muradın o məhrəm iyi ilə Tutu Qaratelə elə belə, dost-doğma da olmalıydı... Odur ki, Qarateldən bundan başqa, söz gözləmək də ağılsızlıq idi:
-Qurban olum sənə, Tutu, həmişə gəl bizə, sənə öz balam kimi baxaram, yaxşımı? Axı özümünküsən sən. Bu ev-eşik, bu qapı-baca, lap bu canım da qurbandı sənə. Nəyim var, hamısını sənə verərəm. Biz bu balaca komada hamıdan xoşbəxt yaşayarıq,-o, danışığına ara verib qızdan soruşdu ki, yoxsa anasının ağrısıdı, gəlib?
Qaratel qızın mızıldanmasından bir şey anlaya bilməsə də, başını aşağı salıb durmağından başa düşdü ki, məsələ, yəqin, elə öz dediyi kimi olar. O biləni, Gülabı onu çağırmağa məcbur eləyən yeganə şey olsa-olsa, bircə bu ola bilərdi. O səbəbdən qız üzünü Haçalıya – qibləyə tərəf döndərib sidq-könüldən:
-Ey yerin-göyün ağası kişi,-dedi,-sən Gülab xalaya bir oğul, bu qızlara bircə qardaş payı ver, yazıqdılar. Neçə illərdi əlləri sənə uzalı qalıb.
Gülab bu sözü Qaratelin dilindən o yağışlı gündə eşitmişdi: "Bu biabırçılıqdan sonra heç vaxt üzünə çıxmağa ürək eləmirdim, Gülab xala. Amma bilsən ki, daha nələr qalmamışdı bu qulaqlarım eşitməyə, onda özün görərsən ki, məndə də günah yoxdur. Sənəmi də bulağa bundan yana çağırtdırmışdım. İndi özün de, neyləməliydim mən?! Məni elə buna görə söyürdün? Başımı dirəyə elə buna görə çırpırdın? Mənmi tutdurdum Muradı, Gülab xala? Canımdan da artıq sevdiyim bir adamı mənmi bada verdim? Görüm ona qıyanın qapısı vurulsun... Təndiri od, əyni qırmızı görməsin... O bircə allahdan istəmişəm...".
Gülabın köhnə dərdi sanki bundan sonra təzələnmişdi: "Tutulanda nə olar, iş kişi başına gələr. Məni yandıran o dərddi ki, axı mən bədbəxt hansı günahın yiyəsiydim ki, Allah bu sitəmi eylədi mənə? İndi bircə dayaq duranım yoxdur ki, deyəm, ondan sonra ümidim, gümanım bu adama gəlir. Bir gün düşəm öləm, axırıdı bu yetimlərin. Əmi yox, dayı yox, hamısı da qız uşağı... Gərək, məni altı dədəsizlə bir dərədə qoyduğu yerdə Allah fərasətini kəsəydi Muradın. Qalan heç nə eynimə gəlmir, bircə ortalarda qalan balalarını fikirləşəydi bədbəxt"
Qaratel ordan çıxan başını götürüb qaçmış və sonralar onunla cəmi bircə yol, yas yerində üz-üzə gəlmişdi. Aralığa salıb utana-utana, əriyə-əriyə arvadın halını xəbər alanda, yaxşı ki, qulağı şəklənmiş sözbaz adamların yanında Gülabdan elə xoş üz görmüşdü ki, deyirdi bəs o vaxtdan üstündən ağır bir dağ götürülüb.

***

-Aaaz, deyir, Gülabın halı qarışıb, onlar ikilikdə iydəliyi keçən kimi rastlarına ilk çıxan Şamama arvad xəbər verdiyi, ya soruşduğu heç nəyindən anlaşılmayan bir səslə dilləndi və Tutunu Qaratelin yanında görüb,-aaz, bala, ananın nəyidi, nə olub ona?-deyə əlavə elədi,-dünən sağından gəlirik, kimsə deyir, Gülab yatıb qızı olub, öz-özümə deyirəm, arsızın biri, arsız, ətin tökülsün, sümüklərin ağara qalsın, nənəmdən də yekəsən, təzədən uşaq doğmaq sənin harana yaraşır? Əbülfəzl-Abbas haqqı, çoxun da çox dərdi var. Uşaq istəyəndə ağıl adında şey yoxdu. Bu dünyanınkı odu ki, yeyəsən, içəsən, kef eləyib, öləndə də öləsən...
-Yatıb ki, anan?-Qaratel yuxudan qəflətən oyadılmış adam kimi xəbər aldı.
-İki gündü. Axşam Məryəm xala gəlmişdi, deyir, gecə zəfər toxunub.
Onlar üçü də birlikdə döngəni dönüb kəndin axar-baxarına çıxan kimi aşağıdan anlaşılmaz qışqırıq səsləri eşidildi. Bunu görən Qaratel onlara:
-Siz qaçın,-dedi,-mən bu saat... Bu, nə xəbərdi, ay allah, bu nə işdi gəldi yazıqların başına?-o qaça-qaça öz-özünə təkrar eləyirdi.
Qız idarənin dalında böyür-böyürə vermiş maşınlara birbəbir göz gəzdirib sədrin minik maşınını görəndən sonra bircə anlığa ayaq saxladı və dərhal də hərəkətə gəlib yolu o tərəfə adlayaraq sürücünü hayladı:
-Nəcəf! Ay Nəcəf!
Səs dartıb salxım söyüdün kölgəsində oturmuş adamları tərs üzünə döndərdi, ancaq heç kimdən səs çıxmadı. Bayaqdan bəri dik qoyulmuş şapqalarının arxasından və qırmızı-qırmızı boyunlarından savayı, heç harası görünməyən kişilərin sifətində ağappaq dişlər peyda oldu.
-Nəcəf!-deyə Qaratel bir də səslədi.
Bu dəfə şəhərdə, dəmiryol vağzalında kassir işləyən əlli yaşlı Nəcəf kişi yerindən dik qalxıb arsız-arsız, şirin-şirin:
-Hay can!-elədi,-nə buyurursan?
-Ehh, sən də...
Səs "rədd ol başımdan" ahəngində idi, yoxsa o yaşda kişi niyə qayıdıb suyu süzülə-süzülə gedəydi ki?
-Səni çağırıram, səni!
-Mənimi?-təəccübündən onun-bunun üzünə baxa-baxa qalan o biri Nəcəf barmağını sinəsinə tuşladı.
Çox keçmədi ki, əsgərlikdən ikimi, ya üçmü ay əvvəl qayıdıb, indi sədrin maşınını sürən bəstəboy oğlanın azca allanmış sifəti o biri sifətlərin içindən ayrıldı, ayrılıb irilə-irilə yaxınlaşdı.
-Nədi, nə olub belə əsirsən, Qaratel bacı, rəngin də ağappaq. Olmaya bir hadisə-zad?...
-Başına dönüm, ay Nəcəf!-deyə heç gözlənilmədən Qaratel yalvar-yaxara başladı,-deyir, Gülab xalanın halı qarışıb, mən gələndə arvadlar hamısı ora gedirdi.
-O niyə, durduğu yerdə?
-Qaç maşını tərpət. Bir iş görmək lazımdı, bəlkə, rayona çatdıra bildik. Lap tez. Yubanma daha!
-Bilirsənmi?-deyib Nəcəf başını qaşıya-qaşıya nəm-nüm elədi.
-Tez ol qaç, nə durmusan, bəlkə, Allah yar-kar oldu, nə bilmək olar, dünyanın işidi.
-Onda sən get,-Nəcəf tezcə boyun qaçırtdığı kimi tezcə də yola gəldi,-sədrə deyib gəlim, yoxsa yaxşı düşməz, özün ki Fərəməz dayını yaxşı tanıyırsan...

***

Qaratel gələndə Gülabın sifətində hər şey ülvi bir sakitlikdə qərar tutmuşdu. Ona baxa-baxa heç cür ağıla gətirmək olmazdı ki, bu bədəndə hər şey artıq özünün son həddindədir. Bənizində hərdən xırdaca səyrimələr olmasaydı, onun yaşadığını güman eləmək qeyri-mümkün idi.
İfadəsiz və qırpımsız gözlər bu varlığın içində nəyinsə, isti bir şeyin həmişəlik söndüyünü anbaan xəbər verir, bu təndə hər şey sanki öz əbədi heçliyinə qovuşurdu: arvadın sifətində buz kimi soyuq bir rəng titim-titim titrəyirdi... Bununla belə, o, başının hərəkətiylə Qarateli yanına çağıra bildi və bu onun sonuncu süurlu hərəkəti oldu...
-Aparın qızları!-içərini sarmış hönkürtü, vay-şivən səsləri arasından arvadların ən ağbirçəyi olan Seyid Məryəmin səsi eşidildi,-çatladı bağırları, yazıqdırlar.
Sözünü qurtarıb ağır-ağır qibləsi çoxdan düzəldilmış Gülabın baş tərəfinə keçdi: yəqin ki, vaxt idi, onun gözlərini sığamaq məqamı gəlib çatmışdı...

***

Uşaqlar elə o ilin dağların marala qalan bir günündə yol-rizin quşlarını uçurda-uçurda, qapıların itlərini daşlaya-daşlaya qaçıb gəldilər, Qarateli eyvanda görər-görməz ağız-ağıza verib uzaqdan ac canavar kimi ulaşdılar:
-Muştuluğumu ver, Qaratel xala! Muştuluğumu! Məhəmməd gəldi, Məhəmməd!...
Qaratel nə vaxtacan yol yenışə götürülən, qayıdıb papaq üçün, nişan üçün ərinin qabağına yüyürüşən, qarğı atlara süvar bir dəstə məhəllə uşağından, onların səs-küyündən savayı, heç nə görüb eşitmədi. Amma özü də məəttəl qalmışdı: ərinin qabağınamı çıxsın, onu burdamı gözləsin? Ya bəlkə, qayıdıb özünü içəridə heç nədən xəbəri olmayan kimi məşğul göstərsin? Birdən-birə belə soyuq hərəkəti, görəsən, ayrı məna verməzdi ki?!
Məhəmməd eyvana çatanda eşitdiyi ilk səs uşağın çığırtısı oldu. O, təpiklə necə ilişdirdisə, qapı taybatay açıldı, tağların yan-yörəsindən toz-torpaq töküldü.
Uşaq qırmızı güllü yorğana bürülü, küncdəki yaylı çarpayının üstündə idi. Məhəmməd üç addım atmaqla onun yanında oldu. O əyilərək qəzəblə tamaşa eləyirdi. Üzünün qanı, qırmızısı hələ əməlli-başlı çəkilib getməyən körpənin böyründə yarı süd dolu şüşədən, yaxasına sancaqla bərkidilmiş əmzikdən başqa, heç nə yox idi.
-Qaratel!-deyə Məhəmməd elə otaqdanca fəryad qopardı.
-Həə, bu saat!-arvadının hardansa aşağıdan – həyətdənmi, zirzəmidənmi, ya təndirəsərdənmi eşidilən səsi elə arxayın, elə sakit bir ahəngdə idi ki, elə bil o kiminləsə çox maraqlı bir şey barədə söhbət eləyir və ondan ayrıla bilmirdi.
Məhəmməd, hər şeydən əvvəl, məhz bunu gözləmirdi, o ümiddə idi ki, arvadı onu görcək qaçıb ayaqlarına qapanar, bağışla məni, deyərək yalvar-yaxar eləyər. Onu başa salar ki, bir işdir olub. Doğrudan, axı həyatda kimin səhvi olmur ki?
Bəs belə saymazlıq olardı? Əsgərlikdən o boyda əri gəlib, onun isə əngi qızışıb, yenə kiminləsə qeybət qırır, hətta iş o yerə gəlib çatıb ki, bu adam maraqlanmır görsün, onu səsləyən kimdir?
Məhəmməd çıxan kimi Qarateli dördbir yanı adamboyu taxtalarla səliqə ilə dövrələnmiş qoyun aulunda üzü o tərəfə oturub keçini sağa-sağa zümzümə eləyən gördü:

Başımda sarı sancaq,
Ağ sancaq, sarı sancaq,
Nə qız oldum, nə gəlin,
Odlara yandım ancaq.

O, səsini alçaldan kimi Məhəmməd dabanını təkrar-rəkrar artırmanın döşəməsinə döyüb:
-Karsan, ay eşşək?-dedi.
Qaratel döndü, baxdı, keçini buraxıb qalxaraq, guya, onu birinci dəfə görürmüş kimi:
-Buy, sən nə vaxt gəldin, görmədim?!-dedi,-mən də deyirəm bəs Bənövşədi, canıyanmış çağırır ki, təndir keçdi, deyirəm, həə, oldu, bu saat...
Həyətin tən ortasında qarşılaşdılar. İlk sözü Qaratel dedi:
-Gəlmisən.
O, sual-zad vermirdi, demək istəyirdi ki, deməli, belə, axırı gəlib çıxdın. Amma salamsız-kəlamsız, şükürsüz-filansız...
Başındakı təmiz ağ çalmadan, nimdaş, qısaqol donun üstündən geydiyi əldə toxunma yun köynəkdən tutmuş ayağındakı qaloşlaracan əynindəki hər şey indi Qaratelin qız ərköyünlüyündən çox-çox uzaqlarda olduğundan xəbər verən ilk nişanələr idi.
Əri dinib-danışmasa da, gəlin onun duruşundan hiss eləyirdi ki, fikri nədir. Əsgər dişlərini elə qıcamışdı ki, Qaratel yubanmadan:
-Vur məni!-dedi,-sakitləşərsən!
O, həqiqətən də, vurdu, amma Qarateli yox, ilk və son zərbə qızın əlində tutduğu badyaya ilişdi, köpüklü, isti, təzə keçı südü qadının üst-başına calandı. Onun gözləri bir müddət torpağın ehmal-ehmal öz canına çəkdiyi südə dikili qaldı və nəyisə doğma, əziz bir şeyi həmişəlik itirmiş adamlar kimi udqunub ərinin gödəkboğaz çəkmələrindən ensiz, uzun bığlarınacan zənn ilə süzərək, istehza ilə:
-Kişiləşmisən,-dedi,-maşaallah.
-Hürmə!
Hər şeyin elə bununla da bitməsi onun yumruğunu badyaya niyə tutuzdurmasına yaxşı sübut idi. Əgər bu, təsadüf olmasaydı, birinci və sonuncu olmağı nə üçün idi bəs? Görünür, Qaratel onu çox yaxşı tanıdığından sakit təmkinini pozub eləmədən:
-Nahaq belə elədin,-dedi,-mən indi, payızın bu vaxtı hardan süd tapacam? Ölər, yəqin, o körpə səhərəcən.
-Bircə itə-qurda küçük saxlamağımız qalmışdı.
-Qızışma görək, ayıbdı, baxırlar. Nə yaman səbirsiz olmusan. Qalx yuxarı, nə sözün var, gecə təklikdə deyərsən...
Məhəmmədin əli elə havadaca qurudu.

***

O vaxt, nə vaxt ki, dost-tanış da çıxıb getdi, onda kəndə çoxdan çənli-çısəkli bir payız axşamı düşmüşdü. Elə çənçənəlik idi ki, ən yaxın qonşu evlərinin işığı da tül pərdə arxasındakı kimi zəif-zəif közərirdi. Aradan keçən hər dəqiqə bu evə gecənin ən üzüntülü anlarını yaxınlaşdırırdı. İndimi, bir az sonramı çək-çevir başlanmalıydı: niyə belə elədin? Bu nə oyundu gətirdin başıma? İndi necə baş gəzdirəcəm el içində? Durub-oturub üzümə tüpürməyəcəklər?
Kim bilir, bəlkə, daha pis...
Qaratel susmaq, deyilənlərin heç birinə cavab verməmək, hər şeyi mümkün qədər sakit qarşılamaq niyyətilə qalxdı. Su, aftafa, iri ağ ləyən, dəsmal və sabun gətirdi. Bunu görüb Məhəmməd də qalxdı. İntəhası elə qalxdı ki, Qaratel onun başını, ayağını yudurtmaq fikrində olmadığını o saat anladı: iki ilin ayrılığından sonra Məhəmmədin evə döndüyü bismillah indiydi. Qohum-qardaş, tanış-biliş təzəcə çəkilib getmişdi, evdə ikicəciyi idi, üstəlik də gecə... yada baş-ayaq yudurtmaqmı düşərdi?
Həqiqətən də, elə oldu. İntəhası Məhəmməd ayrı şeyi bəhanə elədi: ki bəs yuxusu gözündən tökülür...
-Qaçmır ki, ayağım, səhər gündüz su qoyarsan, əməllı-başlı çimərəm!-bunu da Məhəmməd dedi.
Amma o heç yuxusu gözündən tökülənə oxşamırdı: ta nə vaxtacan Qaratelin o yeri qalmadı, öpməsin, əlini gəzdirməsin. Bu o qədər uzun çəkdi ki, axırda, Qaratel lap təngə gəldi. Kim bilir, bəlkə, bu da bir kələk idi?...
-Bəsdi daha, qurtar bu uşaq hərəkətlərini, az görməmişlik elə, ta sən yekə kişisən...
-Elə bilirsən bilmirəm, hamısını da bilirəm,-deyib Məhəmməd, doğrudan da, özünü bir az yığışdırdı,-uşaqlar kağızda yazmışdılar. Qırçın deyirmiş ki, aaz, aaz, ağlın-huşun olsun, o söz səni qorxuzmasın ki, ərin saxlamasa, yaman günlərə qalasan. Arvadı ölən gündən qağamın bir gözü elə səndədi, yaman yatmısan döşünə, hər gördükcə elə səni xəbər alır. Dalınca minnətçi yollatmaq fikri də vardı, qoymadım ki, eli bizə güldürmə, harda görünüb ərli arvada elçi yollayalar, ayıbdı... Elə ərinin gəlməyini gözləyir, görsün fikri nədi, boşayır səni, ya saxlayır? Hələ orasını da deyib ki, aaz, gic olma, aaz, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq... Bilirəm, onların fikri səni mənim əlimdən hansı yolla olursa-olsun almaqdı, amma onu görməyəcəklər. Xud o adamların acığına mən indi yaxşı bilirəm neyləmək lazımdı. Biz evlənəndən bir neçə gün sonra qulağıma gəlib çatdı ki, bir nəfər deyirmiş: belə arvadı olanın da görən, dərdi-səri olar? Hələ öz dost-müsahibimi demirəm. O yetim Mətləb nədi, eşidəndə ki, fikrim səni almaqdı, anan ölməsin, dedi, a Məhi, bir kefdi bu dünyada görəssən. Soruşuram ki, niyə? Deyir, indi bir sözdü deyirəm də... Mən də uşaq deyiləm ha təzədən, bilirəm ki, sözü hardan atır,-Məhəmməd nəfəsini dərəndən bir qədər sonra yenidən başladı,-amma gərək onların hamısını yandıram, Qırçın-Mırçın da qana ki, heç kim arvadını çöldən tapmayıb... Amma uşağı apar qaytar. Saxlayan tapılar. Nə gəlib bacılarına, qatır kimi qızlardı hamısı...
-Zeynəb gəlmişdi aparsın. Gərək ki, onun ərini sən də tanıyırsan. Demə, başkəsənin, qaniçənin biriymiş. Ya mən deyib, ya bacın. Elə bir adam lazımdı ki, iki ekiz uşaqla sənin özünü saxlasın. Daha neyləyəydi o başıdaşlı? Asanmıdı iki uşaqla evini-ailəsini dağıtmaq? Sənəmi də ki Həşimin qızının toyunda bulaqdan götürüb qaçdılar... Bir də axı dərd elə təkcə bu uşağın dərdi olsaydı, nə idi ki?-deyib Qaratel çox üstüörtülü danışdı.
Ya fikri ayrı yerdə olduğu, ya da ümumiyyətlə, bu söhbətə, sən deyən, o qədər də diqqətlə qulaq asmadığı üçün Məhəmməd maraqlanmadı, görə Qaratelin dərd dediyi o şey nədi? Amma onu dedi ki:
-Gələndə öldürmək fikrim vardı. Mən içəri girəndə ağlayırdı. Baxdım, baxdım, dedim öldürərəm, tutarlar məni. Həm də fikirləşdim ki, o neyləyib mənə? Sağlıq olsun, mən haqq-hesabımı Muradın özü ilə çəkəcəm, özün də görəcəksən ki, papaq altda necə oğullar yatıb?!... Amma uşağı mütləq apar, yoxsa biz xoşbəxt olammarıq... Bəs niyə dinmirsən?-o, ovcunu Qaratelin alnına dayayıb bir qolayca geri qanırdı,-bəlkə, xəstə-zadsan, elə gündüzdən gözümə birtəhər dəyirsən. Eybi yox,-deyib o bic-bic güldü,-indi əvəzini çıxaram, onda bilərsən, adamı soyuq qarşılamaq necə olur!... Hımm, nə fikrə cumdun? Çıxım, çıxmayım günüzkülərin əvəzini?
Nə bilim, ta nə...nə... Bir sözlə, rüsvayçılıq...
Qaratel başını buladı ki, yox... İncəvara nə fikirləşdi-fikirləşmədi, tezcə də,-yaxşı,-deyərək nazlandı,-sən soyunmağında ol, mən uşağı bələyib qayıdım, yoxsa bir də baxacaqsan, burnumuzdan gətirdi,-bu sözləri deyəndə də aradabir işvəli-işvəli göz vurub gülümsünürdü...
Getməzdən əvvəl yükdən yorğan-döşəyi də deyə-gülə tökdü. Təzə, təmiz, ağ mələfə çıxartdı. Balıncın üzünü dəyişdirdi. Döşəyin ən qalınını, yorğanın ən yumşağını seçdi və gedəndə yenə də gülümsünüb göz vuraraq:
-Mən bu dəqiqə...-deyib qəhvəxanaya, uşaq olan otağa adladı. Məhəmməd isə hər şeyi ilə zifaf gecəsini xatırladan bu otaqda pərqu balıncın, ipək üzlü yorğanın, məxmər döşəyin arasında sanki iki ilin ağrısını canından çıxaran bir hərəkətlə şirin-şirin gərnəşdi. Hətta arada bir dəfə o biri otaqdan arvadının əvvəlcə "darıxmırsan ki?!" sualına "bə neynirəm, ölmürəmmi?" cavabını verib o üz-bu üzə çevrilərək xoşhallana-xoşhallana, üzünü yorğanın qırmızı, yumşaq ipəyinə sürtüb,-oxxaayy,-elədi,-oxxaayy!...
-Hazırsan?-aradan xeyli keçəndən sonra yenidən arvadının səsi eşidildi.
-Bayaqdan,-deyib Məhəmməd arvadına qandırdı ki, qurtarsın, bəsdi onu üzdüyü, elə eləməsin ki, özü durub gələ ora...
-Gözünü yum gəlim,-nəhayət ki, Qaratelin güləş səsi yenidən otaqla bir oldu.
-Di haa,-deyib oğlan gözlərini yumaraq yorğanı da başına çəkdi.
Addım səsləri də elə bu vaxt eşidildi. Elə bil kimsə pilləkənlə düşürdü. Bir azdan payız gecəsinin uğultusunda o səs də eşidilməz oldu və Məhəmməd sanki qəfildən hiss elədi ki, nə baş verib. Elə tumançaq, lümlütcə o biri otağa götürüldü. Otaq bomboş, soyuq və işıqsız idi. İçəriyə təkcə artırmanın dirəyinə bərkidilmiş həyət işığının zəif közərtisi düşürdü. Bununla belə, stolun üstündəki kağızı görməyə elə o işıq da bəs elədi.
"Sənə elə gəlmirmi, biz ayrı-ayrı adamlarıq? Daha indi də uşaq deyilik ki, bir-birimizi aldadaq. Nə qədər udmaq olar bir şeyi? Bütün ömrün uzunu belə yaşamaq olmaz axı. Bilirəm, mən bizim qadınların eləmədiyi, ümümiyyətlə, qadınlığa xas olmayan, nalayiq, qəbih bir iş tutmuşam. Bununçün, bəlkə də, ən ağır cəzaya layiqəm. Amma gec də olsa, indi, iyirmi bir yaşın içində dərk eləmişəm ki, mən hər şeydən əvvəl, insanam və hamı kimi bu ömür mənə də bircə dəfə verilib. Gözlərim görə-görə, mənasız yerə onu puç eləmək istəmirəm. İstəyirəm, bunu da biləsən ki, mən ora – Muradın evinə başqa niyyət üçün yox, o uşaqların, o başsız körpələrin mənim ucbatımdan həmişəlik itirdikləri xoşbəxtliyi öz ömrümlə, öz həyatımla qaytarmağa gedirəm. Bir də axı özün fikirləş: doğrudan, mən necə getməyə bilərdim? Orda, o evdə, Muradgildə mənim beş balam başsız qalıb axı. Hər dəfə onları görəndə nədənsə elə bilirəm, Gülab xalanı mən öldürmüşəm, o ömrün yarımçıq qalmasının baisi mən olmuşam. Nə isə...

Fikrim sən gəlməmiş çıxıb getmək idi. Amma açığı, istəmədim, gəlib məndən ötrü o yazıq uşaqları qanbağır eləyəsən. Axı sənə gec-tez məni görmək mütləq lazım idi... İndi isə, yəqin ki, bunun heç arzusuna da düşməzsən. Bir də səninçün daha yaxşı: sabah kəndə xəbər yayılar ki, Məhəmməd arvadını gecəykən evdən qovub. Ya başını kəsmək istəyirmiş, əlindən birtəhər qurtulub qaçıb. Ehh, o qədər söz çıxartısınlar ki! Sən hələ bu adamları yaxşı tanımırsan... Necə bilirsən, ağlabatandırmı? Qorxma, heç kimin ağlına da gəlməz ki, sən düz iki saat mənim başımı tumarlamısan. Yatsalar, yuxularına da girməz ki, biz sakitcə, dava-dalaşsız, adam kimi ayrılmışıq. Onda hamı səni əsl kişi kimi tanıyar. Bunu mən də arzulayıram.
Unutdum sənə deyim ki, qızın olmalıydı, amma mən onu xərc elətdirdim. Ana üçün bundan da böyük alçaqlıq yoxdur. Elə bilmə, mən bunu başa düşmürəm. Amma fikirləşırəm ki, daha bəsdir, mənə də yaşamaq lazımdır. Bunu ona görə yadına saldım ki, biləsən: sənin qızınla bir təndə ömür sürmək mənimçün çəkilməz əzaba çevrilmişdi. Elə bil mən, hər şeydən əvvəl, içimdə səni yaşadırdım.
Həə, yaxşı yadıma düşdü: mənə əsgərlikdən yolladığın məktubların hamısı şkafın üst gözündədir. Birini də açmamışam"

***

Məhəmmədin kənddən baş götürüb getdiyindən Qaratel üçmü, ya dörd gün sonra xəbər tutdu...

-III-

Sər-tamam beş ilin ayrılığından sonra Murad dəvə hürkücünə bənzər o dağların ən uca bir yalında durub kənd-kəsəyi hamıdan xəbərsiz seyrə dalmışdı ki, ensiz, dar küçələr boyunca uzandıqca uzanan evlər ordan baxanda böyür-böyürə vermiş çiyni yapıncılı adamları xatırladırdı.
Lap bəriki ev Mürsəl kişinin evi idi. O, Səyyarın qapı-bacası, o da Mirigilin dirrik yeri...
Yadına Miri düşəndə Murad qeyri-ixtiyari gülümsündü: "Ağlama, Miri, qayıdacam, harda olsam, bir gün görəcəksən qayıdıb gəlmişəm, çünki göbəyimin qanı bu kəndə tökülüb... Sən məndən ötrü narahat olma, lap qayıtmasam belə, bundan heç kimə heç nə olmaz. Onsuz da Gülabın ürəyini elə sındırmamışam ki, bir də məni yada sala. Bircə o qızlara yazığım gəlir... Uşaqlardan muğayat ol, Miri, onları sənə tapşırıram, səni də allaha... "
Muradgilin öz evlərindən o tərəfdə yeni şiferlənmiş, həyət-bacası çəpərli iki-üş təzə dam-daş gözə dəyirdi. Təkcə divarları ucaldılmış, damsız bir tikili də vardı. Ya nədənsə Murada elə gəlirdi, ya da, həqiqətən, kənd elə sükut içində idi ki, adam sövq-təbii fikirləşməli idi: görəsən, kim ölüb, kim qalır? Sağdımı Əsədxan kişi? Bəs Mütəllim dayı necə? Qalırmı görəsən?...
Murad kəndə girəndə artıq günün o vaxtı idi ki, hamı iş-gücdə olardı. Yol-rizdə özü boyda səhəng və güyümlərdə su gətirən qızlar görükür, qapı-bacada tək-tük yun çırpan, təzək qurudan arvadlar gözə dəyirdi.
Murad Mirigilin döngəsini keçdi, salxım söyüdün yanından ötdü. Min ilin tənha cəvizi də arxada qaldı. Bu da...
Qolboyun ağaclar yekəlib Muradgilin evlərini ötmüşdü, ötüb keçib getmişdi. Darvaza evlə üzbəüz idi və ora çatmağa hələ vardı, odur ki, Murad uça-uça xırdalıb dava illərinin uşağı boyda qalan yolboyu hasardan baxdı, ha boylandı ki, bəlkə, həyətdə bir adam-zad görüb eləyə, intəhası qıs-qıvraq, şumal itdən başqa, orda heç bir canlı gözə dəymirdi. Bircə o tərəfdə, bağçanın lap girəcəyində, görünür, gec doğulduğundan həyətdə qalan körpə buzov ağaca hörüklənmişdi. Bir də köhnə basma yerində, qupquru narın peyinin içində toyuqlar ikibir-üşbir eşələnirdi.
Sükut idi, qulaqbatıran sükut... Hətta tövlə damının üstündəki döşü qıpqırmızı, iri sallaq pipikli ağ xoruzun da sinəsini qabarda-qabarda can-dildən banlamasına baxmayaraq, sanki bütün kənd ömürlük yasa batmışdı; itlər hürmür, heç kim heç kimi çağırmır, uşaqların səs-küyü gəlmirdi. Yəqin ki, qurbağalar da axşamın düşməsini gözləyirdilər. Hətta dərənin o tayındakı quzey düzənliyinin tən ortası ilə uzanıb gedən torpaq yoldakı yük maşını da səs salmadan, sanki öz-özünə hərəkət eləyirdi. Bütün kənd yaxıb-yandıran yaz günəşinin altında şirin-şirin uyumaqdaydı...
Murad başını pəncələri üstə qoyub yatmış itin gözündən heç cür yayınıb eyvana qalxa bilmədi. İt ki, it: yarıaçıq darvazanın səsinə oyanan kimi irəli dartınaraq yuvasının yan-yörəsini cırmaqlaya-cırmaqlaya az qaldı dünyanı dağıtsın. Səsə orda, ikinci mərtəbədə evin qapısı açıldı, açılıb tezcə də örtüldü və hətta bir anlığa Murada elə gəldi ki, eyvanda kiminsə başı da göründü. Ancaq heç şübhəsiz ki, gözləri onu aldatmışdı, çünki həyətə uşaqdan savayı, heç kim düşmədi.
-Məni tanıyırsanmı, nənə?-Murad itin yal qabına çörək qırıntısı, küllü qalın kütü atıb qayıdan o uşağı saxlayıb soruşurdu, amma qız qaş-qabağını töküb dinməz-söyləməz nabələd adamın sifətinəcə tamaşa eləyirdi.
-Adın nədi sənin?
-Cülab,-deyib uşaq burnunun altda mızıldandı və qayıdıb çiyinlərini çəkə-çəkə evə tərəf yüyürdü. Ağlına heç nə gəlməyən Murad onun dalınca boylana-boylana hətta gülümsündü də ki, buna bir bax, adını da bilmir. Amma elə oradaca da tifilin kimliyinin haqq-hesabını apardı və Mirinin uşağın ölümü barədə düz beş il bundan irəli yazdığı o yalanın nə üçün olduğunu heç cür bir yana çıxara bilmədi. O, yaxşı bilirdi oğlu olmayıb, amma bilmirdi ki, qızı olub və sağdı. Gülab da uşaqlara yazdırdığı məktublarında nə üçünsə bu haqda cöz salmırdı. Bircə dəfə, o da lap əvvəllər yazdırmışdı ki, görünür, uşağın qismətində yaşamaq yoxmuş... vəssalam.
Kişinin gözü məftil şəridə elə birdən sataşdı; əgər zənni onu yanıltmırdısa, lap o qıraqkı, uzunətək, beli dar oyma eynən bir vaxtlar Qaratelin əynində gördüyü donun özü idi. Belə bir parçanı bir dəfə ayağı şəhərə düşəndə Murad özü əldən baha qiymətə alıb gətirmişdi və o vaxtlar bütün kənddə Qarateldən başqa, heç kim belə bahalı paltar geymirdi. Amma lap yəqin ki, gözləri onu aldadardı: axı Qaratelin bir vaxtlar kənddə adla deyilən o paltarı hardan düşə bilərdi bura? Bəlkə, o, yol azmışdı? Heç bu həyət-baca da onun dədə-baba ocağı deyildi?...
Özünü itirən kişi yan-yörəyə bir də göz gəzdirdi. Elə həmin, köhnə ev-eşik idi. Barının uçub-tökülmüş yerlərinə iç üzdən peyin suvanmış, təzək yapılmışdı. Həyətin lap aşağı başında ehmal-ehmal ocaq tüstülənir, üstəki iri, qara qazandan burum-burum buğ qalxırdı və nədənsə bu dəqiqələrdə bu dost-doğma ocaq öz miskin görkəmi ilə Murada min ilin sığala həsrət qalan qocasını xatırladırdı...
Xülasə...
Eyvanın taxta döşəməsində qopan ağır ayaq səslərindən Murad başa düşdü ki, gələn Gülabdı. Murad qəsdən hələ o tərəfə baxmırdı ki, görsün Gülab bu qəfil görüşdən sonra nə qiyamət qopardacaq? Amma dözə bilməyib döndü və eyvandakı adamı görər-görməz öz-özünə irəli-geri yırğalanmağa başladı. Görünür, daha dizləri duruş gətirmirdi...
Az sonra düz-dünya yavaş-yavaş aydınlaşdı, yan-yörə əvvəlki işığına qayıtdı, bayaqdan bəri Muradın gözləri önündə oynaşan tünd-bənövşəyi boyalar da tədricən çəkilib getdi. Artırmadakı qaraltının cizgiləri ehmal-ehmal tamlaşdı, böyüdü, irildi və axır ki, Murad tanıdı onu...
Gün düşürdü deyin tanımadığı adam duran, it hürən səmtə Qaratel əli alnında baxırdı. Nə oldusa birdən oldu: əli alnından enib dodaqlarının üstə düşdü, o özündən yarımca addım da o tərəfə getməyən səslə:
-Bıy, Allah, qurbanın olum,-dedi, bu kimdiii?!
O saat da qolunun üstəki, yumağa gətirdiyi paltarları bir tərəfə tullayıb pillələri üç-üç düşdü. Qaçdı. Çatdı və...
...heç it də yiyəsinə o cür yalmanmazdı ki, Qaratel Muradın qarşısında diz çöküb üz-gözünü onun ayaqlarına elə sürtə-sürtə qalmışdı. Ayrı heç nə, yuxuda sayıqlayanlar kimi təkcə:
-Murad!-deyə bilirdi,-ay Murad!...
Murad onu qalxızdı, üz-üzə, göz-gözə dayandılar.
-Gülab hanı?-birinci coruşduğu bu oldu onun.
Qaratelin bayaqdan bəri bütün sifətini bürümüş sevinc giziltiləri bir-birinə bərk-bərk sıxdığı dodaqlarındaca itib qeyb oldu.
-Səninləyəm, Gülab hanı?
Qadın bu səfər də dinmədi. Başını aşağı dikib sakitcə yerə baxırdı.
-Eşitmirsən, nədi?-bayaqdan bəri üz-gözündə tir-tir titrəyən ağrı elə bil Muradın səsindən töküldü.
Bu dəfə Qaratel başı ilə, qısılıb böyründə durmuş uşağı nişan verdi.
-Gülabı deyirəm! Gülabı... Hanı mənim Gülabım?!... Hanı?-axır ki, qadının bu lal oyunlarından cana doymuş kişinin səsi həyət-bacanı başına götürdü, intəhası Muradın, qadının yaxasından yapışmağı da, onu ağac tək yırğalamağı da bircə an çəkdi və o baxdı, baxdı, bir də gördü Qaratelin gözünün yaşı kipriyindən aşağı durub...
...daha heç nə soruşmadı. Yəni bir şey qalmışdı, soruşsun da? Bundan da aydın cavab? Əlini cibinə sala-sala həyətin tən ortasındakı iri, dəyirmi duz daşının üstünə çökdü. Cibindəsə vur-tut üç şey var idi: dəsmal, papiros, kibrit...
Murad ən birinci dəsmalı çıxartdı...

***

Uşaqların, bəlkə də, kəndin lap o başından gələn güləş səsi isə, deyərdin bəs beşcə addımlıqdadı:
-Murad dayı qurtarıb! Türmədən gəlib Murad dayı!... Murad dayı ı ı ı... Mura a a a d...
Səs gedib qapıları döymüşdü. Qaybalı kişini, Uzun Hürzadı, Mirtapdıq ağanı, Seyid Məryəmi, Baqqal Alsöyünü dartıb eşiyə çıxartmışdı. Bir azdan adam gözlərinə inana bilmirdi; Muradgilin çəpəri elə bil baş bitirmişdi, gətirdiyi bar sifət idi... Ancaq o sifətlərin bircəciyi də Murada tanış deyildi. Əslində belə də olmalıydı; əvvələn, Muradın sulanmış gözləri yaxşı seçmirdi, ikincisi, çəpərin o üzündə duran oğlanlar o oğlanlar idi ki, bığ yerləri təzə-təzə tərləyirdi, qizlar o qızlar idi ki, Murad gedəndə hələ heç burunlarını da əməlli-başlı silə bilmirdilər. Kişilər idi ki, qocalıb xırdalmışdılar, qocalıb üçayaq olmuşdular, qocalıb şapqanı papaq eləmişdilər. Bir də ki arvadlar... sanardın ki, onların da birçəyinə dağların düm ağ qarı qonub...
Nə qədər ki, eyvana tərəf baxmırdi, Murad hələ oturmuşdu. Papirosunu qurtardı. Atdı. Tüpürdü. Kötüyü dabanıyla da ayaqladı. Əzə-əzə qarışdırıb torpaq elədi. Döndü ki, səsi gələn qızlarıdı, eyvandan boylaşırlar.
Murad qalxdı. Qızlar qaçır, o isə asta-asta yeriyirdi. Bir-birlərinə çataçatda Muradın qolları açıldı, balalarının göz yaşı... Boynuna sarmaşıq kimi sarınmış qızlarını Murad bircə-bircə öpdü, o birinə adladı. Dörd idilər. İki ən böyüyü yox idi. Birinin toyu hələ Murad getməmiş olmuşdu. O birindən – Sənəmdən Murad yerli-dibli bixəbər idi. Biri də, hansı ki, ən xırdası idi, Murad onu hamıdan qabaq, itə çörək atıb qayıdanda görmüşdü, elə bayaqkı yerində, Qaratelin böyründəcə qısılıb durmuşdu. Onun donunun ətəyini üzünün bir tərəfinə tutub matdım-matdım baxırdı: hələ də sakitləşmək bilməyən itin hürməyinə baxırdı, anasının heykəl duruşuna, çəpərin o tərəfindəki adamlara və ən çox da tanımadığı qonağın üzünə... Murad bircə onu öpmədi. Sakitcə çömələrək uşağın qollarından yapışıb uzun müddət üzünə baxa-baxa onun ağ, yumşaq, koppuş əllərini sir-sifətinə, dodaqlarına sürtə-sürtə qaldı.
Nəhayət, qalxdı. O tərəfə çöndü ki, bayaq orda gözünə adamlar dəymişdi, elə indi də orda idilər və Muradın dönməyini görcək nədənsə o adamlar bir nəfər kimi tez-tələsik çəpərdən gödək oldular...
İşin bu yerində Murad Qaratelə və uşaqlara başıyla işarə elədi ki, yuxarı qalxsınlar. Onlar – Qaratel və beş qız dinməz-söyləməz pilləkənə səmt yeridi və Murad geri dönəndə yalnız bircə anlığa arxadakı adamların üzünü... dərhal da çəpərin uzanıb onları keçdiyini gördü... və cəmi bircə dəfə quru-quru tüpürdü.
Qalan hər şey gözlənilmədən, qəflətən baş verdi: Muradın aşağı əyilməyi də, qucağını daşla doldurmağı da, bir-birini itələyə-itələyə səs-küy qoparıb küçə yenişə götürülən adamların dalınca düşməyi də...
Hamı qaçırdı, demək olar ki, bütün kənd... Cəmi üç nəfərdən başqa – Seyid Mirabdulla, Mütəllim kişi, bir də Əlosman. Kim idi onlar?
Seyid həmin Seyid Mirabdulla idi ki, beş il bundan qabaq Muradı kənddən axırıncı dəfə aparan maşının dalınca düz köhnə dəyirmanın tuşunacan qaçıb kəsə yolla dərəyə - maşının qabağına enərək onu aparanlara:
-Cəddim sizi tutsun demişdi,-qoymasanız Muradı görəm...
-Rədd ol yoldan, cəddi belini qırmış, salaram səni bu saat təkərin altına, təzək kimi yastılanarsan,-başını qapının şüşə yerindən çıxarıb bunu deyən sürücünün səsini eşidən kimi hədə-qorxu gəlməyi o tərəfə, barmağını da bərk-bərk silkələmişdi:
-Ölümün gəlibsə, sür! Sürməyən heç kişi deyil!
-Lənət sənə kor şeytan, hardan peyda oldu bu Ənzəli qəmişi?! Sən ölməyəsən, bir dəli şeytan deyir, apar bunun özünü də bas o qoduqluğa, qoy ağlı gəlsin başına, indi ki belə həvəsindədi.
Bu həmin Seyid Mirabdulla idi ki, sağ tərəfdə oturan paqonu ulduzluya da dişinin dibindən çıxanı demiş, axırda da kürkünə birə salmışdı:
-Çəkilirəm yoldan, amma körpünü o tərəfə sağ keçməyəcəksən, aç qulağını eşit!
-Gəl, Seyid, cəddinə fəda olum, gəl sizi görüşdürüm. Mən səndə gördüyümü görmüşəm, cəddin tutar, yazıqdı o doqquz balam.
Bu, o Seyid idi ki, dəmir barmaqlıq açılan kimi Muradın boynuna sarılıb qəhərdən boğula-boğula bircə:
-Sağ-salamat qayıt,-deyə bilmişdi,-allah amanatı!
-Ağlama, Miri, qayıdacam. Gözü götürməyənlərin acığına qayıdacam. Heç olmasa ona görə qayıdacam ki, bu it-qurda kim olduğumu sübut eləyim. Mən istəsəm də qayıtmaya bilmərəm, Miri, o qədər yar-yarımçıq işim qalıb ki!
Bu Seyid o sadiqlərdən idi ki, Murada o gedəndən sonra kənd-kəsəkdə, el-obada baş verən əhvalatların əksəriyyətini yazmışdı, təkcə Gülabın ölümündən savayı... Yazmışdı ki, o gedəndən sonra kənddə nələr olub: Nəcəf kolxozun maşınını harda aşırıb, məktəbdə şuluq eləməyin üstündə Qotur Məmmədəli Abuzərin gədəsinin gözünü necə vurub mayıf eləyib, kəhrizin suyu haçandan və niyə qurqyub... O, Məhəmmədin arvadıyla dalaşandan sonra baş götürüb kənddən getdiyini, Qaratelin indi qardaşıgildə olduğunu, Səfinin sədr vəzifəsinə irəli çəkildiyini, gecələrin birində kiminsə Muradgilin tayalarına od vurub yandırdığını da yazmışdı. Onu da yazmışdı ki, belə şeylər üçün qəm yeməsin. O hələ ölməyib ki, dostunun evi, ailəsi dar ayaqda qala, nə qədər ki, canında can var, Murad gələnə kimi o qızlara öz balalarına baxan kimi baxacaq...
Mütəllim kişiyə gəldikdə, o vaxt Muradın idarəyə çağırtdırıdığını eşdiədndə ora hamıdan qabaq qaçan o olmuşdu.
-Gəldim deyim ki, bu adam bu kəndin yolunda yarı canını qoyub. Bu kəndi kənd eləyən Murad bala olub. Haya-küyə gedib ona toxunasınız, bu kəndin ahı sizi tutar, arxı, dəyirmanı, körpüsü, yol-yolağası dil açıb danıçar. Tövləsinin, məktəbinin, klubunun çiynində bircə-bircə gətirdiyi daşı-divarı ağlayar...
Əlosman isə Muradın dünyada, bəlkə də, xətrini ən çox istədiyi kənd cavanlarından idi. O vaxtlar kolxoza, bütün rayonda yeganə olan ilk traktoru gətirən bu tökməbədən oğlan hələ indiyiə kimi Muradın bir sözünü iki eləməmişdi. Murad işdən götürüləndən cəmi bir ay sonra çıxıb kənddən gedən, vur-tut bircə il əvvəl arvad-uşaqla qayıdan Əlosmanın Muradla sonuncu dəfə görüşdüyündən təxminən on səkkiz ilə qədər vaxt keçirdi...
-Belə çıxır ki, beş ildən sonra bizi güllələmək də bu oğraşların əlində heç nə olacaq... Daha burda yaşamaq kişilikdən deyil,-bu sözü də düz on səkkiz il bundan qabaq o demişdi...
Onlar, o üç adam, camaata qoşulub küçə yenişə götürülməyən o üç nəfər – Mütəllim kişi, Əlosman və Seyid Murabdulla küçənin tən ortasında elə bil boy sırasına düzülmüşdülər. Ən qabaqda Seyid dayanmışdı, özü də lap darvazanın ağzında... Ondan altı-yeddi addım o yana Əlosman durmuşdu – üzü qovana tərəf... Ən axırda isə Mütəllim kişi gəlirdi və Murad bilmədi, həqiqətənmi elədi, ya qayıdıb kəndarası maşın yoluyla üzü yenişə götürülən adamları darvazanı açan kimi gördüyü üçün birdən-birə ona elə gəldi, duruşundan Mütəllim kişi də qaçan adama oxşayır...
Nə isə...
Murad darvazanı açıb o üç nəfər adamı tanıyan kimi ehmalca daşları qucağından tökdü, sonra əlindəkiləri də atıb pencəyini çırpdı. O an ki, Muradla Seyid Mirabdulla qucaqlaşmalıydılar, onda qaçanlar da ayaq saxlamışdılar, hamı çönüb çiyninin üstündən yönü bəri baxırdı. Onlarsa dayanmışdılar, lap üzbəsurət idilər, ancaq hələ qucaqlaşıb eləmək yox idi. Həm də uzun illərin sirdaşı olan bu iki adam o təhər dayanmışdı ki, elə bil nə isə çox gözlənilməz və qəribə bir ış baş verməli idi. Dərd təkcə Muradın dərdi olsaydı, nə idi ki: elə bil Seyidin də dili-ağzı qurumuş, əli-qolu bağlanmışdı. O, Muradın üzünə, şapqasının altından çıxan gödək çal saçlarına, ələlxüsus, quyunun dibinə düşmüş gözlərinə o qədər lal-dinməz baxdı, baxdı ki, axırda gözlərindən gildir-gildir yaş gəldi və o, dodaqları əsə-əsə:
-Bu nə gündür düşmüsən, Murad?-soruşmaqla dostunu bərk-bərk qucaqlayıb başını onun sinəsinə sıxaraq dəli kimi hönkürdü.
-Nə olub sənə, Miri, sakit ol! Bu da mənə ürək-dirək verməyindir?! Görürsən ki, qayıtmışam.
-Murad dayııı!
-Osmaaan!
Əlosman sevincindən kişini arxadan qucaqladı və özü də inanmadı ki, dünyanın o vaxtı gəlib çatıb ki, Muradı ortalayıb göyə qaldırıb. Onlar necə ki, tay-tuşlar edər, eləcə deyə-gülə qucaqlaşıb öpüşdülər. Murad, oğlan ondan azca aralanan kimi əlini onun çiyninə şappıldadıb irəli əyildi, bu dəfə onlar yanğısı sönməyən adamlar kimi ağzı-ağıza öpüşdülər.
-Haçan qayıtmısan?-sualını Murad verdi.
-Həmişəlik qayıtmışam, Murad dayı, arxayın ol!-Əlosman günahı bağışlanmış adam təkin gülümsünüb uzaqgörənliklə dilləndi, çünki onun bu sualı hansı niyyətlə verdiyini əlinin içi kimi bilirdi.
-Sən çoxdan qayıtmalıydın, Osman, lap çoxdan. O adamlar ki, arxa-dayağım olmalıydı, eldən-obadan didərgin düşüb hərə bir tərəfdə baş saxlayırdı. O vaxt sizə elə gəlirdi, məni sədrlikdən çıxartmaqla hər şeyin sonu çatıb. Siz məni ortada tək qoyub aradan çıxdınız. Nə sən var idin, nə Camal, nə də Sərhəd. Sizdən sonra da Mahanı tutdular. Əgər kürəyimi söykəməyə yer tapsaydım, mənə çətin batardılar, amma məni elə təklədilər ki, öz-özümə basıldım.
-Düzdür, biz gec qayıtmışıq, amma qayıtmışıq, Murad dayı. Sən də sağ ol ki, belə əyilməzsən. Həmişəki kimi vüqarın itməyib.
Murad buracan özünü yaxşı saxlamışdı. Amma bu, Mütəllim kişiylə görüşənə qədər çəkdi, artıq yox... Elə orda – qocanın dəsmalı gözünə basıb bir əlində çəlik, axsaya-axsaya ona tərəf gəldiyi yerdə yaş Muradı boğdu. Özü də boğan kimi boğmadı, elə boğdu ki, ikicə kəlməni dili ancaq tutdu:
-Mütəllim dayı?!
O, kişini yarıyolda qabaqladı və dərhal da əyilib ikiqat oldu ki, bu beş ildə qocalıb, əriyib lap da xırdalan bu balacaboy kişi üzündən rahat öpə bilsin.
-Şükür Allah-taalanın böyüklüyünə, ay oğul, bundan beləsə də kölgən evinin üstündə olar!
Arxası adamlara tərəf dayanmış Muradın çiyinləri elə silkələnirdi ki, Əlosman bu sözləri pıçıltıyla deməkdən özünü heç cür saxlaya bilmədi:
-Özünü sındırma, Murad dayı, bütün kənd bizə baxır!
Kişi sanki Əlosmanın səsini eşıtməyə bənd idi: elə onu bildi ki, bircə dəfə pencəyinin qoluyla gözünün yaşını sildi və sakit səslə:
-Mən bu tülkülərin dərsini indidən verməsəm, allah bilir, bundan sonrakı aqibətim necə olacaq?!... Siz yeriyin evə, mən bu dəqiqə qayıdıram... Keyimək yeri deyil, Miri, düş qabağa, kişini apar yuxarı,-dedi və əyilib yan-yörəyə səpələnmiş daşları yerdən götürərək yenə hay-həşir salıb bir-birini itələyə-itələyə qaçan adamların dalınca düşdü.
Bir azdan onları söyə-söyə, daşlaya-daşlaya qovalayan Muradın səsi çəpərdən çox-çox uzaqlarda, hardasa kəndin içərilərində gəlirdi.

1978-1980Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930