manera.az
manera.az

Məti Osmanoğlu: Ölümdən sonra yazılan şeirlər

📅 06.05.2020 02:30

Məti Osmanoğlu: Ölümdən sonra yazılan şeirlər
Allahşükür Ağa ilə münsiflərindən biri olduğum “Xalqın şairi” şeir müsabiqəsində tanış olmuşam və mənə elə gəlir ki, onun bir şair kimi tanınmasında televiziya ilə göstərilmiş həmin müsabiqənin əhəmiyyəti az olmayıb.

Bu bir həqiqətdir ki, indi bizdə oxumaqdan çox... baxmağa üstünlük verilir.

Bu da başqa bir həqiqətdir ki, indi yazanlarımızın sayı oxuyanlarımızdan çoxdur.

Belə bir mühitdə və şəraitdə fərqlənmək və yaxşını yamandan fərqləndirmək isə olduqca çətindir.

Allahşükür fərqlənir. Onu fərqləndirən, ilk növbədə, şeirin, bədii sözün arasından keçib gəldiyi qapının fərqində ola bilməsi, həmin qapını tanımasıdır:

Mən öləndən sonra yazıram şeirlərimi,
Məsələn, bir saatlıq ölürəm –
Gedib şeir gətirirəm bir saatlığa –
Çiçək dəstələri kimi...

Bu, sadəcə, bir vaxtlar ədəbiyyatşünasların sıx işlətdikləri “metafizika” – “fiziki həyatdan sonrakı həyat” məsələsi deyil. Allahşükür şeiri yaşı bəlli olmayan toplum yaddaşının bağlı qapılarının arxasından gələn xəbər kimi təqdim etməyə çalışır. Həmin xəbərin gəldiyi fəza isə bizim içində olduğumuz məkanın və zamanın fövqündədir, ora bədii sözün əbədi və tükənməz enerji mənbəyidir.

“Qeybdən – həyatdan əvvəlki həyatdan” gətirilən xəbər toplum üçün gözlənilməz olanda yeni şeir yaranır. Nəzəriyyəçi Yuri Lotmanın ifadəsincə desək, yaxşı şeir informativliyi güclü olan mətndir. Tanış xəbərin informasiya yükü yüngül olur, çırpanda əlində bir şey qalmır. Bu boşluğa düşməmək Allah vergisinin – şairlik istedadının sirridir. Məhz bu sirrin hesabına “köhnə” mövzular yeni informasiyanın daşıyıcısı kimi çıxış edir.

Allahşükür Ağanın sizə təqdim etdiyimiz şeirlərinin əksəriyyəti lirik-poetik hekayələrdir.

Lirik Mən-in daha çox kadr arxasında saxlanıldığı bu şeirlərdə təsvirin və təhkiyənin ümumiləşdirilmiş sonluğu hekayənin poetik yükünü müəyyənləşdirir, oxucunun təsəvvüründə düşündürücü tablo yaradır.

Bayraqla bağlı müxtəlif dillərdən, eləcə də öz ədəbiyyatımızdan yüksək sənət əsəri olan çoxlu mətnləri misal gətirə bilərik.

Allahşükür Ağanın təqdim etmək istədiyi bayraq tablosu isə gözlənilməzdir:

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil bir daha süd içməyəcək.
Mən bayraq çəksəydim,
O uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına...


Allahşükürün çəkmək istədiyi “Bayraq şəkli”ndə epik təsvir səciyyəsi daşıyan poetik detallar mətn boyu əks-səda verərək bütöv şeiri yaradır: həmin
şeirdə qumbaralar uşağın balaca ayaqlarının yanında günahkar və miskin görünür, tankın yadına uşaq oyuncağı olmaq arzusu, güllənin yadına uşaq barmaqlarına bənzədiyi düşür...

XX əsrin ikinci yarısında ədəbiyyatın ən ağrılı mövzularından biri – dünyanın ekoloji tarazlığının pozulmasına etiraz idi.

Artıq dünyanın real fəlakətinə çevrilmiş bu mövzunu Allahşükür Ağa “Tüstülərdə göz yaşı” kimi təqdim edir.

“Ağacların gələcəyidir tüstülər” – yalnız sözlə canlandırıla biləcək mənzərədir. Balıqçı və balıq da təzə nağıl deyil. Allahşükürün təqdim etdiyi “Çayda balıq nağılı”nda isə “çayların səsi – içindəki balıqların səsidir”. Bu səslər kəsildikcə təbiətin nəfəsi qısalır, dünya daralır...

Allahşükür Ağa sözü publisistik aktuallığın cazibə sahəsində azdırmır, aktual həyat gerçəkliklərinə yeni poetik yük və məna verir.

Ümidvarıq ki, bu keyfiyyətləri mühakimənizə verdiyimiz yazılarda görə biləcəksiniz.

Məti OSMANOĞLU
(filologiya elmləri doktoru)

Məti Osmanoğlu: Ölümdən sonra yazılan şeirlər
***
Allahşükür Ağanın şeirləri

ÇİÇƏKLƏR, ƏLLƏR

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.

Əllər daha çox ağlayır, məncə,
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.

İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.

Arxasınca ağlayan xatirələr
Çiçəklərin ayağının tozudur,
Məncə.

TÜSTÜLƏRDƏ GÖZ YAŞI

Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır, bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...

Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.

Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.

Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar?
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?

QAPI

Açılan səhərlərin atəş üzünə and olsun,
Mən öləndən sonra yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm –
Gedib şeir gətirirəm bir saatlığa
Çiçək dəstələri kimi.
Sonra dirilirəm.

Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var,
Nə kilidi var, nə açarı.
Gedirəm, açılır,
Gəlirəm,
Bağlanır.
Dayanın bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə.
Burda olun,
Bir saata qayıdıram.

BAYRAQ ŞƏKLİ

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim,
O uşağın şəklini vurardım
Bütün ölkələrin bayaraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.

Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...

ÇAYDA BALIQ NAĞILI

Çayların səsi
İçindəki balıqların səsidir,
Balıq tuturam, deməyin,
Səs tuturam çaydan, deyin...

Get-gedə səslər azalır çaydan,
Qarmaqlarda səslər atılır göyə,
Çaylar qarmaqla çıxır
Öz yatağından.

Sizin səsinizi boğazınızdan
Qarmaqla çıxartsalar,
Neylərdiniz, ay adam uşağı?

Niyə bir dəfə bilmədiniz ki,
Balıq suyu yaradır,
Su balığı,
Niyə yuxarı çırmalanıb
Şalvarınızın balağı?

Bax, bu çay da qurudu,
Tutuldu balıq səsi,
Bir az da qısaldı
Təbiətin nəfəsi.

AYAQLARIMIN QANDALIDI ARABA

Atların ayaqları yolları
Oxuyar,
Ayrı düşən yolları
Bir-birinə toxuyar.

Atların ayaqlarında
Qanadların hirsi var deyə,
Hərdən özünü qanadlara bənzətmək istər ayaqlar.
Deyək ki, tövlənin bir deşiyindən baxan
İnsan gözlərindən yanan qanadlar
İndi atın çiynində deyil,
Altındadı,
Çıxa da bilər nə vaxtsa çiyinlərə...

Bax kəndimizdə arabaya qoşulan bir at
Dünən
Ayaqlarını göstərirdi mənə,
Demək istəyirdi ki, qanadlarımı
Aldınız, yaxşı elədiniz,
İndi də ayaqlarımı istəyirsiniz…

/"Ulduz" jurnalı, 2020, Aprel/


Baxış sayı - 1 069 | Yüklənmə tarixi: 06.05.2020 02:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031