manera.az
manera.az

Çəkdik eşqin naxışını - Şeirlər

📅 25.04.2020 11:00

Çəkdik eşqin naxışını - Şeirlər
Manera.az Mərhəmət Əliyevin şeirlərini təqdim edir:

***
Hey deyirəm qaçam dərddən gizlənəm
Hara getsəm yenə məni arıyır.
Körpəsitək sığal çəkir telimə
Saçlarımı əlləriylə darayır.

Həyat məni yandırır gah duz kimi
Gah üşüdür, gah dondurur buz kimi
Arzularım bəxti bağlı qız kimi
Yaşa dolub ürəyimdə qarıyır.

Tənha kölnüm yalquzaqtək ulayır
Göz yaşlarım yanağımı sulayır
Elə bil ki bəxtim məni dolayır
Nə yan gəzir, nə də işə yarayır.


***
Yenə ümid, yenə arzu
Yenə dildən "kaş" asılıb.
Yenə leysan, yenə qar, su
Yenə gözdən yaş asılıb.

Yenə fələk durub qəsdə
Dərd göndərir dəstə-dəstə
Neyləyim ki, çiynim üstə
Bir bəlalı baş asılıb.

Nə bu dərddən qaçmaq olur
Nə qol açıb qucmaq olur
Nə kimsəyə açmaq olur
Ürəyimdən daş asılıb!!!


***
Baxışından kədər yağır
Bilirəm ki, dərdin ağır
Yorulanda məni çağır
Mən çəkəni çəkən qadın

Düçar olduq yaman dərdə
Kədərinə çəkib pərdə
İmkan tapıb xəlvət yerdə
Göz yaşını tökən qadın

Çəkdik eşqin naxışını
Çiləsini, yağışını
Həsrət dolu baxışını
Gözlərimə dikən qadın

Necə keçək qaranlığı
Bu çovğunu, boranlığı
Bədbəxtliyin toranlığı
Gözlərinə çökən qadın

Mən çəkəni asan bilmə
Belə yazıb yazan- silmə
Məhəbbətin ilmə ilmə
Ürəyimə tikən qadın!!!


***
Olmasın sevgisi nakam heç kimin
Nə bülbül ağlasın, nə xar ağlasın.
Məhəbbət nəğməsi dilə gələndə
Nə kaman ağlasın, nə tar ağlasın.

Qəriblər yetirmək boynun burmasın
Bir quş da qürbətdə yuva qurmasın
Bir bağı bağçanı xəzan vurmasın
Nə bağban ağlasın, nə bar ağlasın.

İşlərim nəs gələn səbrə düşəndə
Çətinə düşəndə, cəbrə düşəndə
Kəfənə bükülüb qəbrə düşəndə
Nə anam ağlasın, nə yar ağlasın.


***
Ürəyimi nişan alıb
Yetən vurdu daş başıma!
Hər daşına dəydi başım
Dünya döndü baş daşıma!

Sinəmdə min dərd gedirəm
Hərəsi bir dağdan ağır.
Sinə daşı qoyman mənə
Necə dözərəm mən fağır?!

Sinəmdəki bunca dağdan
Biri olsun qəbrim daşı..
Qalanları mənlə qalsın
Tək olanda səbrim daşır...

Nə arxamca kədərlənin
Nə yas tutub ağlan məni
Bacarsanız qəlbinizdə
Yer ayırıb saxlan məni..

Qəbrim üstə heykəl qoyub
Soyuq daşa döndərməyin
"Allah rəhmət etsin"--deyib,
Tez rəhmətə göndərməyin...


Baxış sayı - 1 172 | Yüklənmə tarixi: 25.04.2020 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031