manera.az
manera.az

İlk duam - Məhərrəm Şəmkirli

📅 25.04.2020 15:49

İlk duam - Məhərrəm Şəmkirli
Manera.az yazıçı Məhərrəm Şəmkirlinin mənsur şeirlərini təqdim edir:

İsinmədin

Bu gün göz yaşı tökə-tökə soyuq məzar daşını öpürsən. Üşüyürsən donub ayaq üstündə qalmış baş daşı kimi.Dərd içini yeyib için boşdu.Amma dayanmısan quruyub ayaq üstündə qalmış ağac kimi.Qəfil əsən küləyə bəndsən ki,yıxılasan. Vaxtında,zamanında bilmədin qədrini.İsti bir qucaq açmışdı sənə.Amma isinmədin,qarsımadın ,istini soyuq bildin.

Mənim bəxtimmi var

Əlimdən tutub taleimə,bəxtimə baxırsan.Mənim taleim,bəxtimmi var qaraçı.Elə mən də sən gündəyəm.Taleim qara,bəxtim kor.Taleimin rəngi dəyişmir,bəxtimin gözü açılmır.İyirmi il qoltuqlarda yaşayıb qoltuq ağacı oldum.Dedilər ümidini kəsmə.Bu illərdə ümidimi heç kəsmədim.Amma daha bəsdir,doydum ümiddən.İndi mənə başqa bir şey verin.Acı olsun,zəhər dadsın.Bircə ümid verməyin.Nəyimə lazım?O dünyaya getməyə ümid lazım olmur.

Sən insansan

Mən səni sevdim.Sevdim iyirmi yaşında cavan oğlan dəlicəsinə sevən kimi.Buna bəndiymiş kimi içimdən sıyrılıb çıxdı qocalığım.Üzümdəki qırışlar itdi,əyilmiş belimi şax tutdum,üzüm,gözüm güldü.İndi mən dəli qanlı bir gəncəm.Sən cəsarət tapıb dilinə sevirəm sözünü gətirə bilmirsən.Elə məndən qaçırsan ərim var deyib.Bilirəm ərn var,heç sevməmisən,sevmirsən onu.Bilmirəm kim qarğıyıb səni, bir ömür ərim var demisən,hər zaman ər kötəyi yemisən.Gördüyün,qazandığın kötək olub.Nəvaziş görməmisən,xoş söz eşitməmisən.Amma bir dam altında yaşamısan.Bir dəfəlik sıyrıl çıx,bu cəhənnəmdən.Axı sən də insansan.

İndi bildim

İnanmadın sevgiyə,məhəbbətə.Dedin hamsı yalandır,əfsanədir.Şairlərin uydurmasıdır.Nə Məcnun olub,nə də Kərəm.Məyər eşq oddur ondan yanalar?
Bunları deyəndə gözlərinə baxdım.Od,alov gördüm gözlərində.Özümdə cəsarət tapıb dodaqlarından öpdüm.İlahi,yandı,qarsıdı dodaqlarım.İndi bildim məni yoxlayırsanmış.

Qaytar özümə

O gün heç nədən küsüb getmisən.Görmüşəm,görüblər gedəndə özünlə canımı da aparmısan.Neçə vaxtdır sənə minnətçi düşməkdən yorulub doğmalarım.Daha mənimdə tükəndi canım.Özün qayıtmırsan qayıtma.Daha bir söz demirəm.Heç olmasa gedəndə özünlə apardığın canımı qaytar.Özümə lazımdır.

Soyuqluq

Mənimlə on dəqiqəliyinə görüşə gəlmisən.Vaxtın içindən soyuqluğunu çıxar nə olar.Axı vaxt üşüdür məni.Mən bu vaxtın içində yaşamamalıydım,od tutub qovrulmalıydım, lap külə dönməliydim.Əlində bir ovuc külüm qalmalıydı.Heyhat olmadı bunlar.Mən vaxtın soyuqluğundan çıxa bilməyib qovrulurdum, bəxtsizliyin içində.

Karıxıb gəlmişəm

Bayaqdan qapını döyürəm,aç qapını.Sənsiz darıxıb gəlmişəm,görüb eləyən olub soran olsa,deyərsən karıxıb gəlmişəm.Vallah,üzümə üz tutub gəlmişəm.İnsaf elə aç qapını, peşmanlayıb sənə gəlmişəm.Sən özümsən özümə gəlmişəm.

Əlim üşüyür

Əlimlə alnımın tərini silirəm.susuzluqdan ciyərim yanır.Bir bardaq su içirəm,içim rahatlanır.Yorğunluğumu çıxarmaq üçün qocaman palıd ağacının altında yaşıl otların üstünə uzanıram.Bu vaxt borclarım yadıma düşür.Alnımın tərini silən əlimi cibimə salıram.Boşluqdan əlim üşüyür.

Utanırdı

Lap çoxdan yataq xəstəsiydi.Yaxınları deyirdilər bu gün,sabahlıqdır.Amma günlər,aylar keçirdi o,ölmürdü.Qəbirsizliyindən utanırdı.

İllər apardı

Torpağımı şumlayıb taxıl əkdim.Suvarmağa suyum olmadı.Üzümü göyə tutub Tanrıdan bir qara bulud istədim.Bulud gəldi yükünü boşalda bilmədi,yellər apardı.
Dişim-dırnağımla məhsul yetişdirdim.Əl atıb dərmək istədim.Gələn sellər apardı.İnsan yarandım.Allah ömür verdi onu da aylar,illər apardı.
Bilmədim mənim günahım nə idi?

Bunu istəyəcəm

Deyirəm görəsən öləndə məni ağlayan olacaqmı? İnanmıram kimsə məni ağlasın.İndiyə kimi heç bir öləni,öldürüləni ağlamamışam mən.Amma caamata qoşulub çoxlarını gor evinə yola salmışam.Elə bircə bunu istəyəcəm məndən sonra həyatda qalanlardan.

Pulla ölçülən dünya

Beş arşın ağımı almışam,gor evimi almışam,mollanın da haqqını vermişəm,şivən qoparıb ağlaşma quranları da behləmişəm,məzarçıların da haqqı çatıb.Yemək-içmək üçün də xərçlik qoymuşam.Məni kimisini basırmağa nə var.Nə durmusunuz yola salın məni.Hər şeyi pulla ölçülən dünyadan bir dəfəlik köçüm gedim.

Qatil

Sən ümidimin qatilisən.Ümidimi qətil etmisən.Niyə buna görə səni mühakimə etməyiblər? Cinayət məcəlləsində yoxmu belə bir cəza? Yoxsa çox pis.Onda yoxdur bu dünyanın ədaləti,həqiqəti.

Qoxlamadın

Sevdim səni dəli kimi.Dedim dəli sevgimə ağıllı özül qoyarsan.Görüşmədik,danışmadıq.Görüşsəydik ürəyi sözlü,əli güllü gələcəydim görüşünə.Sözüm də,gülüm də sənin olardı.Heyhat,nə sözümü eşitdin,nə gülümü qoxladın.

... Qəbrin üstəyəm.Görüşünə gəlmişəm,dilimdə sənə deyiləçi sözüm,əlimdə sənə veriləsi gülüm.Dilim tutulub sözümü deyə bilmirəm,amma əlimdəki gülləri qəbrinin üstünə qoyuram.

Torpaqsızlıq dərdi

Çoxdan görmədiyim bir dostumu gördüm.Gördüm bir dəri,bir sümük qalıb.Sordum,yeməyin,içməyin kasadmı? Dedi niyə ki,Allahın kəramətindən çörəyim də,suyum da istədiyim qədərdir.Dedim bəs bu hala düşməyin nədəndir? Ah çəkib dedi torpaqsızlıqdandır.

Bilməyəcəm

Əlimi cibimə saldım ki,pul çıxarıb xərcləyəm.Əlim boşa çıxdı.Ümidim qırıldı.İllərdir pul yerinə ömürümü xərcləyirəm.Az qalıb o da tükənmək,qurtarmaq üzürədir.Heç usanmıram,acımıram ömrümün tükənməyinə. Bircə ona yanıram tükənmiş ömürümə torpaq ala bilməyəcəm.

Yalnız bir dəfə

Bu dünyada ömürlük subay qaldı Güldəstə arvad.Tər-təmiz gül dəstəsiydi,dağ çiçəyi idi Güldəstə arvad.Taleinə ərsizlik yazılmışdı.Başını aşağı salıb barışmışdı talei ilə.Bu illərdə əlinə nə kişi əli dəymişdi,nə də boyun boğazını kişi nəfəsi qarsımışdı.
Köhnə kişilər danışırdı ki,tək bir dəfə dağ çayından qarşı tərəfə keçəndə sular sarılmışdı ayaqlarına.

Gördüm

Mən bulağa gedirdim,sən bulaqdan qayıdırdın.Yanımdan keçəndə çiynindəki səhəngin altından gizli-gizli mənə baxdın.Bu baxışın şaxtalı havada bulutlar arasından çıxan günəşə bənzədi,qəlbimi oxşadı,sir-sifətimi isitdi.Çevrilib sənə baxdım.Səhənkdə apardığın bulaq suyu kimi təmiz idin.Ürəyimdə səni sevmək haqqım baş qaldırdı.Arxanca hansı həyətə girəcəyini izlədim və elçi göndərəcəyim ünvanı dəqiqləşdirdim.Çünki ani baxışda məni isidəcək bir od görmüşdüm.

Nəyimə lazım

Doğum günümdə bahalı-bahalı hədiyyələr gətirmən, mənim nəyimə lazım,eytiyacım yox onlara.Bir dəstə gül də gətirmən,daima duran deyil, solub gedəcək.Mənə təmiz ürəyinizi,bir də xoş təbəssümünüzü gətirin.Ürəyinizi ürəyimə,təbəssümünüzü dodaqlarıma köçürüm.Qalan,yaşayan yalnız bunlar olacaq.

Bağlayana kimi

Dünya bir pəncərədir.Mən də o pəncərədən dünyaya baxanlardan biri.Elə baxacam dünya sahibi pəncərəsini üzümə bağlayana kimi.

Qönçələr açacaq

Bağa girdim gül dərmək üçün.Qönçələrin ətri baxcanı götürmüşdü.Qönçələrdən bir dəst bağlayıb onu görəndə min rəngə düşdüyüm,söz demək istəyəndə dilim dolaşan,neçə vaxtdır ürəyimi açıb sonsuz məhəbbətimi,sevgimi deyə bilmədiyim qonşunun qızına vermək istəyirdim.Fəqət bu gün də verə bilmədim.O,qapımızın ağzından keçəndə artıq külləri mən arxamda gizlətmişdim.Beləcə neçə vax idi ki,gülləri dərirdim,amma ona verə bilmirdim.Tanrım,bu nə cəsarətsizlikdir,bu nə utacaqlıq,bu nə inamsızlıq idi məndə?Özüm də bilmirdim,özüm-özümü əməlli başlı danladım.Hər şeyi sabah yoluna qoyacam.Söz verdim özümə.

Yenə onun qapımızın ağzından keçən vaxtı.Böyük bir inam hissi ilə əlimdəki qönçələri ona təqdim edib cəsarətlə deyirəm:-Bu qönçələr mənim sənə olan hissilərimdir,onların açması səndən asılıdır.

O,yatansa da qönçələri aldı və təbəssümlə üzümə güldü.İlahi,mən necə də xoşbəxtəm arzum çiçək açacaq.

Kardı gecənin qulağı

Gecədən keçmiş qəfil qapım döyüldü. Sordum: kimdi bu gecə vaxtı? Dedi: qonşuyam, dərdləşməyə gəlmişəm. Nəfsinin kəskin və iti olduğunu bildiyimdən dedim: Kardı gecənin qulağı, dərdini eşidən olmayacaq. Get, gündüz gəl.

Başdaşı

Öldü. Ağlayan da oldu, yanan da. Ər idi ağlandı, ata idi ağlandı. Ölümündən günlər keçdi. Doğmalar, qohumlar yığışdılar, dedilər başdaşı qoyaq. Sifariş verdilər daş yonana. İşə başladı daşyonan. Nə qədər çalışdı, tər tökdü daşyonan daşdan baş daşı olmadı. Oturub alnının tərini sildi, fikirə getdi: niyə yonulmasın bu daş? Sual verdi öz- özünə. Cavab gəldi daşdan: Vətənə vətəndaş olmayana, mən niyə başdaşı olmalıyam?!

Fərqində olun

Mən ölmüşəm, siz də məni dəfin etməyə hazırlaşırsınız. Halal edin zəhmətinizi.Qəbrimi necə qazırsınız qazın özünüz bilərsiniz. Lap dar qazın, dayaz qazın, daşlıqda. tikanlıqda qazın, fərq etməz. Amma yalvarıram sizə, məni kimin yanında basdırmağınızın fərqində olun.

Heç zaman

Sən onun kölgəsində yaşayırsan nə zamandır.Görənlər deyir heç böyüməmisən, artmamısan, yaxşı yeyib- içsən də.

Nə olar bir kərə də günəşin altına çıx, boy- buxunun artsın. Unutma, daima kölgədə olanlar böyüməz, artmaz heç zaman.

Yaman uzanır

Bir balaca ağlayanda qol açıb bağrına basardın məni ana! Oxşayıb, ovudub kiridərdin, silərdin axan göz yaşımı.

Xeyli vaxtdır məzarın üstündə ağlayıb çatlayıram... eşitmirsən. duymursan səsimi...Durub bir hovur oxşayıb kiritmirsən məni. axı sən belə etməzdin. bəlkə incimisən, küsmüsən məndən. Səni doğma torpaqda dəfn etmədim deyə. Küsmə, incimə balandan ana, bəlkə məni də burda dəfn etdilər. Axı dönüşün yolu yaman uzanır, yaman ana.

Üzümə bağlı

Bu dünyada döymədiyim qapı qalmadı. Hamsı üzümə bağlı. daha döyüləcək qapı yox, qapı döyməyə də üz yox. Mən qapılar önündə qalmalıyam?! Yox atam, qapı önündə boynu bükük durmaq mənlik deyil. Atam məni onun üçün əkməyib, anam onun üçün doğmayıb. Mən mübarizə, vuruş üçün gəldim bu dünyaya. gərək açılmayan qapıları sındıram, haqsızlara haqqımı, gücümü qandıram.

İlk duam

Bir ixtiyardan soruşdum: Allaha ən tez çatan dua hansıdır? De, birinci o duadan başlayım dualarımı hər gün.

Çox düşünmədi ixtiyar, dedi:Oğlum, denən Allahım, məni Vətənsiz və Anasız eləmə. Vətənsiz ana, Anasız Vətən yoxdur bu dünyada.

Qapımızın açarı

Qapımızı bağlamazdıq heç zaman. Amma o vaxt bağladıq və çıxdıq. İllərdir gedib aça bilmirik. Tanrım, kim qarğadı bizə: "Qapın bağlı qalsın" deyə.

Bağladığımız qapının açarı özümüzdədir. Özümüz açmalıyıq öz qapımızı. BMT, ATƏT, AŞ bizə qapı açan deyil, biz müsəlmanların qapı açarları olmur onlarda.

Satılmış qəbir yeri

Azərbaycan adlı dünyadan çox şairlər köç etdilər o dünyaya. Biri dedi, məni doğulduğum torpaqda, o biri dedi "Çahargah"ın mayəsində dəfin edin məni. Çoxu çox şey dedi, amma bir nəfər demədi ki, satılmış qəbir yerində dəfn etməyin məni.

Torpaq ətri

Həmişə əllərindən torpaq iyi gələrdi atamın... Tanrısı torpaq idi onun. Torpağı haqq bilib and içərdi: "Torpaq haqqı".

Bilirdi, torpaq uşaq kimi qayğı götürəndi, sığal sevəndi. Sığal çəkərdi, qayğı göstərərdi... Ata- ana övladına sığal çəkən, qayğı göstərən kimi.

Xeyli zamandır əlinin ətirini əlindən alıblar, daha torpaq ətri gəlmir əlindən.Torpaq ətri qaytaran sorağındadır atam.

Vətənsizlik dərdi

Bu ilin payızı yaman yağışlı gəldi. Dayanmadı heç, başımız üstündən çətirlər əskik olmadı. "Təbiətin sərtliyi" dedik buna. Bu il insan ömrünün payızı yaman pis gəldi. Hüzr məclislərində keçdi gündüzümüz, gecəmiz...Bu məclisdən çıxıb o məclisə getdik. Gözlərimizdən yaş əskik olmadı. Buna da "Vətənsizliyin dərdi" dedik.

İşsiz və pulsuz

Bir gün çağırıb bir yerə yığacam dostları. Hamsının bir-bir tutub yaxasından deyəcəm":Sizləri unutmamışam, sizlərə böyükdür sevgim, hörmətim. Sizləri görmək, qonaq etmək üçün yoxdur gürətim. Çünki işsiz və pulsuzam".

Kimsəsiz

Bir kimsəsiz qadın ölüb neft ölkəsində. Basdırılacaq yeri yox, basdıranı yox. Nə olar, məzar yeri satanlar, kimsəsiz, ölmüş qadına yer verin- pulsuz- parasız. Necə avtobusda, metroda, məclisdə yer verdiyiniz kimi- minnətsiz.

Həqiqəti görsün

Mən öləndə məni ağ kəfənə bükməyin. Mənim ömürümdə ağ rəng olmayıb. Mən qara günlü olmuşam. Yarım, yoldaşım da qara rəng olub. Qara dərdə büküb, qara torpağa qoyun məni. Sinə daşımı, baş daşımı da qara çay daşından qoyun. Birdən ziyarətimə gələn olsa, həqiqəti görsün.

Nəğmə oxudum

Mən heç nəğmə oxumazdım. Doğrusu oxumağa səsim də yoxdu. Amma oxumağa səsi olmayan mən birdən- birə nəğmə oxudum. Yanıqlı, kövrək bir nəğmə. İndi bildim ki, mən də vurulmuşam.

Vaxtında

Qəlbimin qapısını sənin üçün açmışdım. Açmışdım ki, döyməyib içəri girəsən. Amma sən açıq qapının önündə durub dərin-dərin fikirə daldın, sağa baxdın, sola baxdın, sonra da əlini yelləyib "eh"deyib getdin.Mən yanıldığımı bildim, nə yaxşı ki, hər şeyi vaxtında bildim, vaxtında.Yoxsa sevən bir qəlblə, laqeyid bir qəlb necə bir yerdə ola bilərdi?

Eşitmədin məni

Sevdim səni dəli kimi. Dedim dəli sevgimə ağıllı özül qoyaram. Görüşmədik, danışmadıq. Görüşsəydik ürəyi sözlü, əli güllü gələcəkdim görüşünə. Sözüm də, gülüm də sənin olardı. Heyhat nə sözümü eşitdin, nə gülümü qoxladın.

...Qəbrin üstəyəm. Görüşünə gəlmişəm, dilimdə sənə deyiləsi sözüm. əlimdə sənə veriləsi gülüm. Fəqət nə nə deyəcəyim sözümü eşidəcəksən, nə əlimdəki gülümü alacaqsan. Dilim tutulub sözümü deyə bilmirəm, amma əlimdəki gülləri qəbrinin üstünə qoyuram.

Torpaqla danışmağa gedirəm

Bu şəhərdə təkəm, tək, lap tənha qəbir kimiyəm. Nə kimsəyə salam verirəm, nə kimsədən salam alıram. Nə kimsənin qapısını açıram, nə kimsə qapımı açır. Ətrafım adamla dolu, amma mən insan axtarıram, fikirlərimi, düşüncələrimi bölüşməyə. Tapa bilmirəm yalqız qalıram.

Çıxıb gedəcəm bu şəhərdən, gedəcəm kəndimə torpaqla danışmağa, qardaşlaşmağa. Yoxsa bu dünyada kiminləsə danışmayıb, dərdləşməyib, qardaşlaşmayıb getmək günahdır vallah!

Göyə göz dikmişik

Yeri, göyü Allah yaratdı. Yeri biz insanlara verib göyə köçdü. Yuxardan bizə göz qoymaq üçün. Qorxmadıq, çəkinmədik başımızın üstündəkindən. Yerini yüzlərlə yerə bölüb, hasara aldıq.

Qan tökə, can verə verə-verə. Qalalar ucaldıb, hasarlar çəkdik, Allahın əlindən aldığımız torpaqlarına. Allah torpaqsız qadı. İndi göyə göz dikmişik. Razılaşsa, Allahla şərikik.Razılaşmasa onu göydən də məhrum edəcəyik.

Əyilmiş başımız

Nə zamandır oturmuşam miz arxasında, əlimdə qələm.Yazmaq istəyirəm Babəkimdən, Şah oğlu şah babam Xətaidən, qoç Koroğlumdan.

Önümdə qədim Azərbaycan xəritəsi baxıram, baxıram. Nə qədər itirilmiş torpaqlar, Dərbəndim, Borçalım, İrəvanım, Göyçəm, Zəngəzurum, Təbrizim, Ərdəbilim...qalıb yad əllərdə. Erməni araq içib, kabab yeyib şellənir. Başım miz üstə əyilir, ağır-ağır nəfəs alıram. Oğlum, qızım təlaşlanır. Başımı qaldırmaq istəyirlər miz üstündən. Bütün bunlardan sonra əyilmiş başımız yerdən qalxarmı,Allahım?

Yağış kimi, bərəkət kimi

Bir topa qara bulud göydən asılı qalıb neçə gündür.

Sonda qolunda gücü qalmayacaq. Kömək üçün də qolundan tutanı olmayacaq. Qolu keyləşib, əli yorulub yerə gələcək. Gələcək yağış kimi, bərəkət kimi.

Həqiqət və göz yaşı

O, öldü dedilər. Yer, göy ağladı.Qurumadı insanların göz yaşları. Düşündüm, bir gün yaranan, bir gen ölməliymişsə, həqiqətə bu qədər göz yaşı tökmək nə lazım?

Məni ağlamağa göz yaşı qalmayıb

Qəbrimi özüm qazacam, əziyyət olmasın kimsəyə. Tabutdan özüm durub gedəcəm qəbrimə. Məni çiyinlərində aparmağa heylərimi qalıb qonum- qonşunun.

Bel götürüb, öz üstümü özüm torpaqlayacam göz yaşlarımı tökə-tökə. Mənim qəbrimə tökməyə göz yaşımı qalıb oğul dağı görmüş analarda, ər dağı görmüş gəlinlərdə?!


Baxış sayı - 944 | Yüklənmə tarixi: 25.04.2020 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031