manera.az
manera.az

Qarabağ həsrətli sənətçi haqqında hekayə

📅 03.04.2020 06:50

Qarabağ həsrətli sənətçi haqqında hekayə
“Həsrətoğlu (və ya Uçan tabut)”

Adına Həsrətoğlu deyilən və öz həqiqi adı sanki ellikcə unudulmuş adam, içindən gə­lənlərləmi və ya həyatdan əxz etdik­ləriyiləmi, yaxud da sənətin təsiriyləmi dəyişik birinə dönüşmüşdü elə bil… - Deyəsən, həyatının qalanını daha öncələrdəki kimi yaşaya bil­məyəcəkdi; amma “bun­dan sonra”ya, onun “necə”liyinə, “nə”liyinə dalıb, beynini təlatümlərə qərq etməkdən də çəkinir kimiydi… “Bundan sonra” deyilən mər­hələyə necə hazır olmalı, bəs? – Hansı imkanlarla? – İllərdi özü öz içini yeyib-bitirən Həsrətoğlunun nə can sağlığı, nə də “cib sağlığı” buna yol açmırdı da, açmırdı..! – Şair demiş: “Alnımı oxuyam­mıram, alnı belə qı­rışammı?” sualı ilə üz-üzə qalmışdı Həsrətoğlu...

Həsrətoğlu paytaxtın tanınmış “Xor” kollektivinin üzvüydü; daha doğrusu, özü solo ifa ilə məşhurlaşsa da, tale onu “xor”a gətirib çıxarmışdı. Və indi – əvvəlinə çatmadığı – öncələr heç oxu­madığı bir mahnının sonluğundaydı elə bil; elə bil, pərdə qapanmadan özündə güc tapıb gur səslə oxumalıydı... – Geridə qa­ranlıqdı – ancaq bir çox başqalarına işıq kimi görsənirdi o qa­ran­lıq... Qarşıda işıqdı – ancaq qay­nağı onun özünə də bəlli olmayan işıqdı o işıq: nəyə ümid­lidir, kimə inanır və haraya ge­dəcək?!. – Əgər “xor” dediyimiz dəm-dəsgahda drijor çubuğunu gö­zünün lap önündə fırlatsalar və drijor yalnız onunla işləsəydi də... bu ovqatda “düşüncədən hə­rəkətə keçid” edə bilməzdi... Ona elə gəlirdi, Tanrı ilə arasındakı bağ qopub, rabitə kanalı po­zulub...

Dünən paltardəyişmə ota­ğından çı­xarkən “Xor”un xanım üzvlərindən biri ilə burun-bu­runa gəlmiş, hər ikisinin tələsik yerişi, çalma-keçir geyimi bir az yön­dəmsiz ortam yaratmışdı; üstəlik, Həsrətoğlunun həb qəbul etməkçün götürdüyü bir stəkan su çalxalanıb qızın ayağına tökülmüşdü, diksinən qızın ağzından qeyri-ixtiyari “Ciyərin yansın!” sözləri qopmuş və ikisi də yalnız bu dəm xatırlamışdı ki, onlar nə vaxtsa, indi uzaqlarda qalan bir kəndin güllü-çiçəkli ətək­lərində, bir bulaq başında, altoran çağı da burun-buruna gəl­mişdilər... Və o zaman Həsrətoğlu əli səhəngli elqızından su istəmiş, aldığı bir parç suyun yarısını içmiş, qa­lanını qızın yalın ayağına atmışdı. “Bıy, ciyərin yansın, zalım” demişdi qız. Və o bulaqbaşı görüşdən az sonra uzun müddət bir-birini görməmək üzrə ayrılmış iki cavan, illər sonra bir dar dəhlizdə ka­rıxıb qalmışdı... Həsrətoğlu “Qarğışın yerinə yetib, ciyərim yanır, ürəyini buz kimi saxla” demək istəsə də, deyə bilmədi...

Dirijor dedim, yadıma düşdü. Drijorun hansısa xarici müsabiqədə qazandığı bir qızıl çu­buğu vardı. Maestro o qızıl çubuğunu yalnız özəl konsertlərdə işlədərdi. Həsrətoğlu maestronun yalnız ona qıydığı o çubuğu ən son əlinə aldığında, kəndlərində axırıncı dəfn edilən qo­canın qol­tuğu altına qoyulan gərməşov çubuqlarını xatırladı, alnına soyuq tər gəldi. – Onların uzaqlarda qalmış kəndlərində, uzaq tarixlərdən qalma bir adət vardı, ölənin hər qoltuğuna bir çubuq qo­yardılar; guya dəfn qurtarıb, ilk gecə qəbir imtahanı başlayınca, ölü dirsəklənəcəkmiş və çu­buqlar o zaman qəbir sakininin hayına çatacaqmış...

“Tanrının sonuncu elçisi buyurur: “İnsanlar yuxudadır, nə zaman ki, ölürlər – o zaman ayılırlar”. Heç kimin geri qayıtmadığı qəbir aləmi – dünyanın son mənzili və axirətin ilk mənzilidir.” – Həsrətoğlu bugünlərdə oxuduğu kitabda bu sətrlərin altından xətt çəkmişdi.

Bəli, Həsrətoğlunun fikri-düşüncəsi allaq-bullaq ol­muşdu, əməllicə qurcalanırdı. Harasa get­məliydi – amma necə gedəcəkdi? Bir də nə üçün ge­dəcəkdi, nə üçün? – Onu kim, harada, necə və nə üçün gözləyirdi? Yuxuları qarışıq, güzəranı pərişan, gələcəyi özü tərəfindən təsəvvür olunmayan bir adamdı Həsrətoğlu. Di gəl, sanki hər şeyə inadkarlığı vardı Həsrətoğlunun... – Öz bil­diyini edər, öz bildiyi kimi oxuyar, öz bildiyi kimi oynardı... Sanki heyət üzvləri ona kök­lənməli, drijor onu düşünərək çubuq fırlatmalıydı... Həsrətoğlu üçün “not”larmı qarışmış, səsin yeddi kö­kümü pozulmuşdu, nəydi? – Zaman, məkan, miqdar, çəki, həcm, say... – elə bil hər şey bir anın içində şəkil dəyişib, yenidən mad­diləşmiş və bir qaynar qazan içində qarışdırılmış, yeni parametrli bir nəsnə yaranmışdı...

*****
Müvəqqəti məskunlaşdıqları yataqxanada, oturduğu yerdəcə mürgüləmişdi Həsrət­oğlu. Onun son yuxusu, dan sökülməmiş öz dədə-baba torpağına getməsinə “həsr olunmuşdu”... – Tay -tuşu olan son eloğlusunun da cəbhədə şəhid olması barədə eşidincə, “mənim sağlamlığım cəb­həyə getməyə imkan verməsə də, bu dar-dürtək yataqxana otağında da fələyə can verən de­yiləm, ge­dib heç olmasa öz kəndimdə, bir bulaq başında tapşıracam canımı” demişdi.

Bəli, Həsrətoğlu “gedəcəm” demişdi; eşidən-bilən də nəsə qəribə bir zarafat zənn edib, üstünə get­məmişdi. – Necə olsa, adı üstündəydi...

Nə başınızı ağrıdım, uzun sözün qısası, səhər hamı yerindən qalxınca, onun göz­lərini hə­yata əbədi yumduğu bəlli olmuşdu... – “Rəh­mətliyin üz-gözündə itirdiyini tapan adamın xoş tə­bəssümü donmuşdu. Öz doğma yurd-yuvasına... yuxuda getmiş və o şirinlikdən ayıl­mağı özünə yaraşdırmamışdı mə­gər... Dediyi sözü tutan adamıydı, son dəfə sözünü yuxuda tutub...” – Həs­rətoğlu onun haqqında bir başqasının danışığını eşidər-eşitməz yuxusundan dik atılmışdı...

Həsrətoğlu... Həsrətoğlu. Həsrətoğlu! – Qanınızı qaraltmaq istəmirəm, yuxudan ayıl­mağına ayılmışdı, amma o son ayılması olmuş, sanki üzündə donmuş təbəssüm əri­yib yox ol­madan ye­nidən başını balınca atmış, sərsəm bir yuxuya dalmış və sayıqlaya-sayıqlaya da canını tapşır­mışdı. Bakı tıxacından şikayətçi olan “təcili yardım” həkimi, qısa rəy vermişdi: qara ciyər serrozu...

Bir parça kağız çıxmışdı Həsrətoğlunun cibindən. Əyri-üyrü xətlə yazılmışdı o kağız, elə bil musiqi işa­rələriydi: “geriyə istəmirəm, irəlisə ba­car­mıram!..” – Açıqca hiss olunurdu ki, bu bir cümləlik “vəsiyyət”in ilk variantı belə olub: “geriyə istəmirəm, irəlisə hələ müm­kün deyil!..” – O öz yaz­dığını yüngülcə qaralayıb, düzəltmişdi... – elə bil alın yazısını düzəl­dirmiş zalım­...

*****
Deyəsən, “Xor” kollektivi vəfa borcu bilmişdi, dəfn günü qəbristanlığa qədər ağ-qara rəngin... səsin... olumla ölümün sənət harmoniyasını yaratmış nümunəvi geyimli “Xor” heyəti oxuya-oxuya gedirdi... “Xor” nə oxu­yur­dusa, ətrafa “Qarabağ şikəstəsi” yayılırdı yalnız... Çal­ğıçılar çaş-baş qalmışdı, onlar nə ça­lırsa, çalsın, səslənən “Qarabağ şikəstəsi”ydi, “Qarabağ şi­kəstəsi”... Eşidənlərsə, zatən ifaçıların elə məhz “Qarabağ şikəstəsi” çaldığını, oxuduğunu zənn edirdi...

Həsrətoğlu özü Qarabağlıydı, onu Bakı ətrafındakı “Qaçqınlar qəbris­tan­lığı”nda dəfn et­məliydilər; ancaq qəbirqazanlar görəndə ki, Həsrətoğlunun tabutu onların yanından düz keçirib, başqa yerə aparırlar, - onlar da, işi yarımçıq qoyub, tabutdaşıyan karvanın dalınca teylən­mişdi və bir də bax­mış­dılar, oxuya-oxuya, Bakıdan çıxıb, üzü Qarabağa doğru gedirlər...

Ağır dərd sanki hamını yüngülləşdirmişdi; sanki yorulmaq hissi, qorxu hissi, uzaqlıq duy­ğusu, axşama-sabaha rastlaşacaqları tikanlı məftillər, minalı keçidlər... gerçəkliyi sıfırlanmışdı... “Xor” da xorluqdan çıxmış, solo-ifaya dönmüşdü... Müəyyən vaxtdan, müəyyən yerdən sonra sanki tabutdaşıyanlar da qeyb olmuşdu; di gəl, Həsrətoğlunun tabutu irəliləyir, irəliləyirdi.

Ta­butu kim daşıyırdı, ya Tanrı? Tabut qa­nad­mı çıxarmışdı? Yoxsa, yoxsa, Həsrətoğlu özü özünümü daşıyırdı? –

“Xalqıma faydam olmadı
Gəldiyim kimi gedirəm,
Utanıram, utanıram.

Bir başım belə yük oldu,
Aldığım kimi gedirəm,
Utanıram, utanıram.

Ağac oldum, ağac qaldım,
Bir tək meyvə verəmmədim,
Solduğum kimi gedirəm,
Odun kimi yandırmazlar,
Utanıram, utanıram.

Zatən bir tək utanmağı öyrəndim,
Utanaraq yaşadım, utanaraq öldüm.
Baxın indi də heç faydam toxunmayan insanlar
sanki inadına tabutumu daşıyırlar...
Nə olar, eləməyin, sıxılıram,
Endirin, Allah eşqinə, zəhmət çəkməyin,
Mən özüm gedərəm,
Utanıram, utanıram.”


– Həmin o Həsrətoğlu deyildimi, Anadolulu şair Zaim Gökün bu şeirini di­lində əzbər edən..?

...Tabutdan xeyli arxada bir fəryad yüksəlirdi: “Tanrım, canını aldığın bir bəndən özü özü­nü Qarabağa aparır, onun yolunu özün aç, qəbrini özün qaz, bizi də özün bağışla”...

ABŞERON,
11.XI.2019


Əkbər QOŞALI
Qarabağ həsrətli sənətçi haqqında hekayə


Baxış sayı - 854 | Yüklənmə tarixi: 03.04.2020 06:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031