manera.az
manera.az

Günəş gülümsəyər, çiçəklər bitər - ŞEİRLƏR

Günəş gülümsəyər, çiçəklər bitər - ŞEİRLƏR
Manera.az Təranə Vahidin şeirlərini təqdim edir:


***
İçimdə çillə soyuğu
Çölümdə od
Vətənsizlik, təxminən belə hissdi:
donsan od isitməz
yansan su söndürməz.



Həyat

Ayrılığı sapa düzdüm,
birləşsin deyə,
Həsrəti içimə çəkdim,
kirisin deyə.
Ürəyimdə dərd
cücərtdim,
böyüsün deyə,
Ölümə azadlıq verdim -
yaşasın deyə
Adım həyat, məskənim Yer,
Yaradanım Allah...


***
Məhəbbətə -
ölümün gözü ilə bax
Onda görəcəksən
işıqla qaranlığın fərqini.

Ölümə -
məhəbbətin gözü ilə bax,
onda biləcəksən
yaşamağın qiymətini
hər ikisinə
öz gözünlə bax,
qorxma - bu həyatdı.

Nisbi hündürlük

Hər kəs ata bilər özünü
göyün yeddinci qatından,
ağacın başından,
evin damından.
Bu uçmaq sevdası deyil,
məşq də deyil,
zarafat da deyil...

Özünü yerə çırpmaq
etirazın ən çılpaq formasıdı
həqiqətin özüdü
yaşamağa gülməkdi.

Amma adamlar var ki,
hər gün öz içindən
atır özünü.
öz içində
intihar edir min kərə.
Buna nisbi hündrülük deyirlər.

Mən axırıncı dəfə dünən səhər
içimdəki hündürlükdən atdım
özümü
xəyallarım param
-parça oldu
arzularım yerə dəyib
şüşə kimi cingildədi...

hisslərim donmuşdu,
gözlərim naməlum boşluga dikilmişdi
içimdə son istək çırpınırdı:
ölmək!
Ölmədim...
siz də ölməyəcəksiz
Həyat nisbi hündürlükdən
yıxıla
-yıxıla yaşamaq, -
yavaş
-yavaş ölməkdi.

Qadın və torpaq

Budanmış ağac,
qanadı qırılmış quş,
öləzimiş ocaq,
kimsəsiz qadının
cizgiləridir
bütün bunlar...

Kimsəsiz qadın
gecələr ömrünün
boş səhifələrinə
arzularını hörər.
Günəş gülümsəyər,
çiçəklər bitər.
ömür
bağçasında.

Arabir yağış da yağar
arzularına,
göy qurşağını
görmək ümidiylə
boylanar səhərə...

Dan yeri ağarıb
gecəyə
ilmə
-ilmə hördüyü
arzularını sökər,
kimsəsiz qadın
qorxar,
səksənər.

Yeni bir gün başlar
həyatında...
hər ötən kimsəsizliyinə
bir daş atar,
kimsəsiz qadın
qorxar,
çəkinər,
sonda,
sonda...
torpağa sığınar.

Adamların daş atdığı,
alçaltdığı,
unutduğu
qadının alınından
torpaq,
torpaq öpər.
Əzilməyin,
tapdanmağın,
unudulmağın
nə olduğunu
bilən torpaq...
Axı qadın
həm də elə
torpaqdı...

2011-ci ilin qar ovqatı

I.

Qar yağır, ağır
-ağır,
Yollar buz,
Adamlar nəşəli
Pay verir
sevənlərə
göylərin çiçəkləri...

II.

Qar yağır ağır
-ağır
qoca dilənçinin əlinə,
evsizin kirpiklərinə,
uşağın ovcuna
bir az ehtiyatla qonur;
üşüdər deyə...
Qar yağır ağır
-ağır,
Bir azdan
torpağı
bələyəcək,
torpaq bir də
yazda,
yazda
diriləcək...
qar çiçəyi açanda...

Xocalının rəngi

Hisslərim Xocalı rəngində
qara çərçivədə
elə bil əsir Qarabağdı,
əsir.
Ruhum Xocalı rəngində
əlsiz, ayaqsız
başsız
körpə ruhlar dolaşır
səmasında
kimi anasını,
kimi oyuncağını,
kimi olmayan ayağının
ayaqqabısını axtarır...
sonra... hisslər qarışır,
körpələr itir
bozluqda...
Qəlbim Xocalı rəngində
özü boyda yara,
özü boyda ağrı,
özü boyda ağı...
Xocalıya azadlıq! Xocalıya ədalət!
Xocalıya işıq!
Yaddaşım Xocalı rəngində
365 günü kədərli,
O gün yaddaşımda buz bağlamış,
gözləri oyulmuş, boynu sındırılıb
çiyninə düşmüş
dodağı soyuqdan uçuq atmış
xocalılı uşaq "dirildi".
Dedi
Nə yerdə,
nə göydə
tapa bilmirəm anamı.
Kimə deyim dərdimi,
Roma papasına?
Yalan danışdım hamı kimi
Dedim:
anan Xocalıdadı,
Anan Xocalıdı
Dünya baba
səsimizi eşitsə
Xocalı azad olsa....
İnanmadı, inanmadı
böyüklərin yalanına...
Qarabağım Xocalı rəngində
torpağı, daşı, adı
yaralı,
Ah, yazıq Xocalı,
yazıq Xocalı!!!

Qiyamət nəğməsi

... İynənin gözündən
zaman axıb keçdi...
tarix çapıb keçdi,...
ömür baxıb keçdi...

İynənin gözündən indi də
dəvə ikiqat olub
keçməyə hazırlaşır.
Diz çökən dəvənin önündə
diz çökək,
yalvaraq, yaxaraq,
tövbə edək.
Başqa əlac yox,
başqa yol yox...

İynənin gözündən
dəvə keçəndə
zaman axmayacaq,
tarix çapmayacaq,
ömür baxmayacaq.

İynənin gözündən
dəvə keçəndə
Adəmlə Həvva
günah köynəyi
əynində,
eşq yükü çiynində
yeni bir dünya axtaracaq,
dünya
xəcalətdən
əriyib
sapa dönəcək,
İynənin gözündən dəvə keçəcək...

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829