manera.az
manera.az

Xortumlu dağ - Uşaq hekayələri

Xortumlu dağ - Uşaq hekayələri
Manera.az yazıçı Sevinc Nuruqızının uşaqlar üçün yazdığı hekayələrdən bir neçəsini təqdim edir:


Xeyirxah parabüzən

Biri vardı, biri yox. Alqırmızı donlu bir parabüzən var idi. Parabüzən meşədə xalları ilə tanınırdı. Elə xallarına görə də adı Xalxal idi. Xalxal çox xeyirxah idi. Hamıya yaxşılıq etmək istəyirdi. Etdiyi yaxşılıqlara görə hamı onu sevir və hər addımda kimsə deyirdi: «Salam, dostum Xal-xal. Necəsən?» Təzə doğulanda anası ona demişdi:
- Sən çox qəşəngsən. Bu meşədəki parabüzənlərin ən gözəlisən.

Rəngin qırmızıdır. Qara-qara xalların var. Qanadların zərifdir. Lap ipək kimi. Amma zəhərlisən. Elə rəngin də ona görə al qırmızıdır. Quşlar səni yesə, zəhərlənərlər.

Xalxal bunu özünə dərd eləmişdi:
- Məni hansı quş yesə, öləcək. Yazıq quşlar. Axı mən qəşəngəm. Qırmızıyam. Ona görə də onlar məni yemək istəyəcək. Onların nə günahı var.

Günlərin bir günü yazıq ac və yorğun quş məni görüb sevinəcək və «amm» eləyib yeyəcək. Hamı ac olanda nə isə yeyir. Yeyən kimi də zəhərlənəcək və...

Xalxal bir gün düşündü, iki gün düşündü. Axırda qərara gəldi ki, özünü gölməçəyə atsın. Palçığa bulaşıb, çirkin olsun. Quşlar da onu yeməsinlər. O, gölməçədə çimib palçığa batan begemotları çox görmüşdü. Yəqin ki, bu begemotları heç bir quş yemək istəməzdi. Kimin nəyinə lazımdı çirkin və pinti begemot.

Xalxal necə düşündüsə, elə də etdi. Günlərin bir günü səhər tezdən yola çıxdı. Axtarıb gölməçə tapdı. Ora atıldı.
- Tapp...

Bir xeyli çabaladı. Özünü əməlli-başlı palçığa buladı. Gölməçədən palçıqlı qara böcək olub çıxdı. İndi o, rahat ola bilərdi. Çirkinlikdə və pintilikdə bu meşədə ona çatan olmazdı. Qarşısına çıxan heç kəs ona «salam, dostum xalxal» demədi. Çünki o indi qapqara dozanqurduya oxşayırdı. Bir xeyli belə gəzdi. Birdən göy guruldadı. Şimşək çaxdı. Yağış yağdı. Yağış damcıları Xalxalın palçığını yuyub apardı. İndi o yenə də qəşəng idi. Qıpqırmızı, qaraxallı, zərif qanadlı. Amma o, qəşəng olmaq istəmirdi. Meşənin içi ilə gedib ağlayırdı:
- Quşlar, məni yeməyin də. Nə olar... Çox zəhərliyəm, çox acıyam, çox dadsızam.

Amma heç kəs onu dinləmirdi. Birdən qarşısına bir çiçək çıxdı. Qıpqırmızı Ortasında da qara xal. Xalxal dedi:
- Necə də mənə oxşayır. Çiçək, adın nədir?

Çiçək gülümsəyib dedi:
- Lalə.

Xalxal sevincindən qışqırdı.
- Tapdım.

Cəld çiçəyin üstünə dırmaşdı. Gəlib tən ortasında oturdu. Çiçəkdən seçilmədi. O xoşbəxt idi. Sevinclə deyirdi:
- Axır ki, quşları xilas edə bildim!


Camış və canavar

Günlərin bir günü cır alma meşəsində yaşayan camış camaşırxana açdı. Üstünə də belə yazdı: “Camaşırxanada cırıq corablar yuyulur və yamanır”. Bilirsiniz necə xeyirxah iş idi? Cırıq corablarından barmaqları çıxmış heyvanlar camaşırxananın qarşısında növbəyə düzüldülər:

– Camış, mənim corablarımı bu gün yu və yama. Cəld ol, xahiş edirəm, – Bunu deyən cığal keçi idi.
– Camış xahiş edirəm, corablarımı tez yu. Bu gün cənuba uçuram. Bunu da deyən cırcırama idi.
– Bura bax, cırcırama, səndən qabaq cücələr xahiş etdi dayanıblar. Cikkildəşib corablarını istəyirlər, – camış növbədə dayananları sakitləşdirdi. – Cücələrdən sonra növbədə ceyrandır, sonra cüyür, sonra cüllüt, daha sonra...
– Elə bu vaxt camış qarşısında canavarın qorxunc sifətini gördü. Kəkələdi:
– Cənab sizin növbəniz cırcıramadan sonradır.

Canavar yol ötəndə rast gəlmişdi camaşırxanaya. Acından qarnı quruldayırdı. Ciblərində cır almadan başqa heç nə yox idi. Camaşırxananın üstündəki yazını oxuyanda ayaqlarındakı cırıq corablara baxıb cəld demişdi:
– Aha, yaxşı fürsətdir. Cırıq corablarımı yuyar-yamayar, sonra da camışı yeyərəm. Həm qarnım tox olar, həm corablarımın cırıqlarından canım qurtarar...

Amma bu, belə olmadı. Camaşırxanada növbə gözləmək istəməyən canavarın nə corabı yuyuldu, nə də dilinə camış əti dəydi. Növbədəkilər hərəsi ona bir təpik, bir dimdik, bir çimdik atdılar. Cüllüt dimdikləyib cücüyə, cücü dişləyib cücəyə, cücə didişdirib cüyürə, cüyür təpikləyib ceyrana, ceyran kəllələyib camışa ötürdü. Camış canavarı götürüb var gücü ilə necə atdısa, canavar cır alma ağacının təpəsinə düşdü.


Xortumlu dağ

Biri vardı, biri yox idi. Yamyaşıl meşədə bir qarışqa ailəsi var idi. Bir gün qa­rış­­qa ailəsini qonşu kəndə ad gününə dəvət etdilər. Səhər tezdən yuvadan çıxdılar. Şehdə əməlli-başlı yuyunub, çiçək-ləçəkləri ilə qurulandılar. Yolçu yolda gərək deyib qarşıqa ailəsi yola çıxdı. Bir xey­li yol getdilər. Otların arası ilə nizamla irəlilədilər. Yolüstü çiçək dərməyi də unutmadılar. Axı ad gününə gedirdilər. Birdən başları nəyə isə dəydi:

- Tap... tarap...

O ufuldadı, bu hıqqıldadı. O həyəcanlandı, bu qışqırdı. Başlarını qaldırdılar. Qarşıda dağ var idi. Ad gününə çatmaq üçün dağı aşmaq la­zım idi. Qalxdılar, sürüşüb düşdülər. Bir də qalxdılar, bir də yıxıldılar. Çiçəkləri ətrafa səpələndi. Çox çalışdılar, bacarmadılar. Sonra fikirləşib, başladılar otlardan kəndir hör­məyə. Kəndirləri birləşdirib nərdivan elədilər. Amma nərdivan dağın üstünə at­maq lazım gələndə, bunu bacarmadılar. O tərəfə baxdılar, bu tərəfə baxdılar. Meşədə xə­bərçilik edən sağsağanı gördülər. Sağsağan tələsirdi. Deyəsən, vacib xəbər aparırdı. Dedilər:

- Sağsağan, nə olar bir dəqiqə xəbərçilik etmə də. Xeyirxah iş üçün bircə də­qi­qə vaxt ayır. Bizim nərdivanı dağın üstündən aşırt.

Sağsağan razılaşdı: - Hə nə olar. Xeyirxah iş görmək üçün xəbəri gecikdirə bilərəm.

Sağsağan həvəslə qarışqaların hördüyü nərdivanı dimdiyinə götürdü. Elə nərdivan idi ki, onu yemək də olardı. Ətirli, yamyaşıl otlardan, çiçəklərdən hörülmüşdü. Amma nərdivanı yemək olmazdı. Çünki qarışqalar ona inanmışdılar. O da onlara mütləq kömək etməli idi.

Nərdivanı dimdiyinə alıb, dağın belindən aşırtdı. Qa­rış­qalar qışqırdılar:

- Çox sağ ol. Mehriban sağsağan.

Sonra nərdivanla dağa qalxdılar. Qalxdılar, qalxdılar… Elə yenicə zirvəyə çatmışdılar ki, dağ tər­pən­di. Qarışqa ailəsi çox qorxdu. Yıxılanı oldu, duranı oldu. Birtəhər bir-birindən yapışıb, dayandılar. Möcüzə baş verdi. Dağ ayağa qalxdı. İşə bir bax. Ehey…y…y… Oy…y…y… Ay…y…y. Bu nədir? Get­məyə başladı. Getdi, getdi, getdi. Birdən qarşılarına göl çıxdı. Dağ xortumunu uzadıb gölün suyunu özü­nə çəkdi. Qarışqalar zirbədən aşağı boylandılar. Ən balaca qarışqa qışqırdı:

- Ata, bax, dağın xortumu var.

Qarışqalar tərpəndilər. Gözləri dəhşətdən bərəldi. Ayaqları əsdi. Dağın qulağı qaşındı. Dağ yarpağ kimi yekə qulaqlarını şap­pıldatdı. Şappıltıdan az qala qulaq tutuldu. Ən balaca qarışqa qışqırdı:

- Ana, bax, dağın qulaqları da var.

Sonra günəş çıxdı. Dağ istiləndi. Xortumundakı suyu fəvvarə kimi püskürüb yu­yunmağa başladı. İşə bir bax. Leysan yağır, nədir? Qarışqalar nərdivanla birlikdə yerə düşdülər. Düşən kimi də dağa baxıb qışqırdılar:

- Bu ki, fil imiş. Yekə fil… Dağ boyda… Dağdan da yekə fil. Fil.l.l.l.

Sonra ətrafa nəzər saldılar. Sən demə, fil onları ad günü olan yuvanın düz qa­pı­­sına gətiribmiş. Onlar vaxtında gəlib çatmışdılar. Filə təşəkkür elədilər:

- Çox sağ ol. Mehriban fil.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031