Odunçunun baltası - Hind nağılı

Keçmiş zamanlarda ailəsini odun satmaqla dolandıran bir odunçu yaşayırdı. O hər səhər kəndin yaxınlığındakı meşəyə gedir, ağac kəsir, doğradığı odunları una və digər gündəlik zəruri qidalara dəyişirdi.
Günlərin bir günü gənc odunçu yenə adəti üzrə meşəyə yollandı. Çay kənarındakı ağacların budaqları diqqətini cəlb etdi. Dərhal ağaclardan birinə dırmaşıb, kəsməyə başladı. O həm müvazinətini qorumalı, həm də ağac kəsməli olduğundan qolları yorulmuşdu.
Qəfildən baltası əlindən çıxıb, çaya düşdü. Çay olduqca gur axdığından və yatağı dərin olduğundan suya baş vurub, baltanı tapmaq çətin məsələ idi. Ailəsinin yeganə gəlir yeri odun satmaq idi və əgər o, bu gün odun sata bilməsə, ailəsi ac qalacaqdı.
Əlacasız qalan odunçu çayın kənarında oturub ağlamağa başladı. O gah Allaha yalvarır, gah da bəxtindən gileylənirdi. Bu vaxt həlim bir səs eşitdi:
– Cavan oğlan, niyə ağlayırsan?
Odunçu başını qaldıranda gözlərinə inanmadı. Suyun içində dünyada heç kimin görmədiyi qədər gözəl bir qadın dayanmışdı. Oğlanın təəccübdən dili qurudu:
– Sən... Sən... Sən kimsən?
– Mən İlahəyəm. Bu çayın sahibi mənəm. De görüm, niyə ağlayırsan? Sənə nə kömək lazımdır?
– Mən odunçuyam. Ağac kəsməyə gəlmişdim. Baltam çaya düşdü. Ailəm ancaq odun satmaqdan əldə etdiyim gəlirlə dolanır. Mənim cəmi bircə baltam vardı. Əgər mən onu tapmasam, biz ac qalacağıq. Bilmirəm neyləyim.
– Yaxşı, bir az gözlə, indi baltanı gətirərəm.
İlahə suya baş vurdu. Oğlan maraqla çaya boylanmağa başladı. Az sonra İlahə göründü. Onun əlində par-par parıldayan qızıl balta var idi. O, baltanı odunçuya uzadaraq dedi:
– Götür, bu da sənin baltan.
– Yox, yox... Bu mənim baltam deyil, mən kasıb bir odunçuyam. Məndə qızıl balta nə gəzir?!
– Yaxşı, deməli, bir az da axtarmalı olacağam – İlahə yenə suya baş vurdu.
Az sonra İlahə əlində gümüş balta ilə yenidən göründü:
– Budurmu, sənin baltan?
Odunçu kədərlə dedi:
– Yox, bu da mənim baltam deyil. Əgər məndə gümüş balta düzəltdirəsi qədər pul olsaydı, odun doğramazdım axı – dedi.
– Yaxşı – İlahə təbəssümlə dilləndi və çaya baş vurdu. Çox keçmədən İlahə əlində taxta və metaldan düzəldilmiş balta ilə göründü.
Odunçunun gözləri parıldadı:
– Bəli, mənim baltam budur. Çox sağ ol.
Qəfil İlahənin əlində əvvəlki qızıl və gümüş baltalar da peyda oldu. Odunçu təəccüblə soruşdu:
– Bəs bunlar nədir?
– Mən bilirdim ki, sənin baltan hansıdır. Sən isə gözütox oldun, acgözlük etmədin, sənin olmayan əşyaya tamah salmadın və yalan danışmadın.
Bunlar sənin dürüstlüyünün mükafatıdır./artkaspi.az/
Tərcümə edən: Fərid Hüseyn