manera.az
manera.az

Üzü torpaq qədər soyuq...

Üzü torpaq qədər soyuq...
Tənqidçi dostum Əsəd Cahangirlə söhbət əsnasında az qala unudulmaqda olan yazıçı Sabir Azəri xatırlandı. Daha doğrusu, Əsəd qayıtdı ki, görəsən Sabir Azəri haralardadır? Mühacirətdədir, dedim. Həmsöhbətim təəccüblə üzümə baxanda demək istədiklərimi göydəcə tutdu. Hə, düz deyirsən, dedi, o, ədəbiyyatdan mühacirət edib... (Bu yazı yazılanda Sabir Azəri dünyasını dəyişməmişdi. – zəruri qeyd)

Əslində bu yazının qəhrəmanı Sabir Azəri yox, mərhum yazıçımız Arif Abdullazadədir. Bu mühacirət söhbətinin Arif Abdullazadənin ədəbi taleyi ilə sıx bağlılığı yadıma o məqamı saldı.

Arif Abdullazadə Azərbaycan nəsrinin 60-cı illər nəslinə mənsub yazarlarındandır. Amma nədənsə 60-cılardan söz düşəndə heç vaxt onun adı çəkilmir. O, son dərəcə geniş yaradıcılıq diapazonuna malik bir qələm sahibi idi. Filologiya elmləri doktoru, professor idi. Rəsul Rzanın yaradıclığından bəhs edən “Od nə çəkdi” monoqrafiyasının, bir neçə poeziya kitabının, “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı” və digər romanların müəllifi olan Arif Abdullazadəni bu günkü ədəbi nəsil demək olar ki, tanımır. Niyə?

Ədəbiyyatın da üzü torpaq qədər soyuqlaşıbmı?! Axı o, miyanə alim, pis yazıçı deyildi, ən əsası, unudulmağa layiq deyildi, niyə bu qədər tez unuduldu?
Üzü torpaq qədər soyuq...
Arif Abdullazadəni ilk və son dəfə Nizami adına Ədəbiyyat İnstitutunun dəhlizində görmüşəm. Ən çox dalğın görkəmi ilə yadımda qalıb. Əynində boz rəngli miləmil kostyum vardı, əlindəki siqareti iştahla sümürüb tüstünü düz xətlə tavana doğru üfürürdü. Hər dəfə onun kitablarını əlimə alanda siqaret tüstüsü içində itib-batmış dalğın görkəmi gözlərim önündə canlanır.

“Bir ovuc torpaq” romanı Arif Abdullazadənin ilk nəsr əsəridir. O zamanlar Türkiyə ilə əlaqələrimiz yox dərəcəsindəydi, Elçinin “Yaxın-uzaq Türkiyə” adlı yol qeydləri hədsiz maraqla oxunurdu. Söhbət 70-ci illərin axırlarından gedir. Həmin dövrdə Arif Abdullazadə Türkiyə mövzusuna müraciət etdi. Bu da təsadüfi deyildi, müəllif uzun müddət qardaş ölkədə yaşayıb işləmişdi, Türkiyənin həyat və məişətinə dərindən bələd idi. Dəqiq yazıçı müşahidəsi romandakı hadisələrin canlı və real çıxmasına zəmin yaratmışdı.

O dövrün Türkiyəsini, bu məmləkətdə baş verən ictimai-siyasi prosesləri, bizlərə azəri türkü kimi yox, sovet adamı kimi baxdıqları çağların ayrıntılarını bilmək üçün həmin romanı oxumağa dəyər. O vaxtlar ki, Azərbaycan müstəqil deyildi, Türkiyə Azərbaycana ürək genişliyi ilə can deyə bilmirdi, münasibətlərdə bir soyuqluq vardı, oralar bizim üçün müəyyən mənada qürbət sayılırdı, bax, o zamanların acı gerçəkliklərini qələmə almaq, Türkiyəni ideallaşdırmadan, necə var, o cür təsvir etmək təkcə Arif Abdullazadəyə müyəssər olmuşdu.

Əlbəttə, Azərbaycan ədəbiyyatının gurrah nəhrində nəsrin şaxələnən qolları kifayət qədərdir, bu qollar içərisində Arif Abdullazadə çeşməsinin sakit zümzüməsi bir müddət eşidilməyə də bilər. Amma heç ola bilməz ki, bu zümzümə tamamilə eşidilməz olsun.

Bu günlərdə “Bir ovuc torpaq” romanını oxudum, bu ədəbi mətn hər şeydən əvvəl canlı insan surətlərinin bolluğuyla diqqətimi cəlb etdi. Nəsr hər şeydən əvvəl realizmi sevir, sırf realist düşüncənin məhsulu olan bu romanda bircə saxta, pafoslu cümləyə rast gəlməzsən.

Müharibənin qızğın dövründə almanlara əsir düşən İsmət güllələnəcəyini bilib əsirlikdən qaçır, yenidən ələ keçir, bu dəfə əsirləri Avstriyaya yollayırlar. Onların bir çoxu aclıqdan və xəstəlikdən tələf olur, müharibə başa çatdıqdan sonra müttəfiqlərin qoşunları şəhərə daxil olur, ingilis və amerika əsgərləri mühafizəsiz qalmış əsir düşərgəsindən əsirləri sərbəst buraxırlar. Bundan sonra tale İsməti Türkiyəyə gətirib çıxarır və acılarla dolu qürbət həyatı başlayır.

Sovet mütəxəssislərinin iştirakı ilə tikilən zavodlarda tərcüməçilik edən İsmət heç vaxt doğmalarına qovuşa bilmir. “Təkliyə ancaq insan dözə bilər”. Necə ki, İsmət sona qədər bu təkliyin cəngində çabaladı...

Arif Abdullazadənin bir romanı da var. “İşıq zolağı”. Siracla Nərgizin tələbəlik illərindən başlayan uğursuz məhəbbət hekayəsi sonrakı illərdə də onları təqib edir, bu uğursuz məhəbbətin fonunda dövrün ictimai, sosial mənzərəsi bütün parametrlərilə təqdim olunur. Bəzən publisistika bədiiliyi üstələsə də qətiyyən romanın strukturuna xələl gətirmir, əksinə, hadisələrin mahiyyətinə nüfuz etməkdə yardımçı rolunu oynayır.

İndi bu əsərlər heç yerdə xatırlanmır. Arif Abdullazadənin latın qrafikasında heç bir əsəri çap olunmayıb. Halbuki onun yazdıqları bu gün də aktualdır və bu günün ədəbi kriteriyalarına cavab verir. Bəs elə isə bu qədər biganəlik haradandır?

Bizdən əvvəlki nəsli heç kim oxumur. İsi Məlikzadəni, Sabir Azərini, Arif Abdullazadəni, Vaqif Musanı, Rahim Dünyamalını, Şahmarı... (Bu siyahını xeyli uzatmaq olar.) Halbuki onların yaradıcılığı Azərbaycan nəsrində bütöv bir mərhələdir. Onları oxumadan ötən əsrin son çərəyində yaranan ədəbiyyat haqqında təsəvvürümüz olmayacaq. Bunda müəyyən mənada biz də günahkarıq...

Artıq bir neçə ildir ki, Arif Abdullazadə aramızda yoxdur. Neçə illər bundan əvvəl Nizami adına Ədəbiyyat İnstitutunun darısqal dəhlizində dayanıb siqaret tüstüsü içində itib-batmaqda olan boz rəngli miləmil kostyum geyinmiş dalğın, yorğun görkəmli adamı görəndə zamanın amansızlığı məni sarsıtmışdı. Zaman hələ o vaxtdan onun əleyhinə işləməyə başlamışdı, bəlkə özü də bunu duymuşdu...

Yaşasaydı, yəqin ki, öz əsərlərinin qayğısına qalardı. Amma heç şübhəsiz, bu qədər tezliklə unudulacağına inanmazdı...

26 iyun 2009-ci ilБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829