manera.az
manera.az

Şeirlərini ürəyinin qanı ilə yazan şair - Zakir Məmməd yazır

Şeirlərini ürəyinin qanı ilə yazan şair - Zakir Məmməd yazır
Ədəbiyyatın nəhəng boşluqlarını doldurmaq üçün ədəbi prosesin güclü axınlarını bir səmtə cəmləmək lazım gəlir.

Bu aramsız cərəyan edən çox qütblü, çox işarəli yazı təcrübəsində bəzən təkcə ədəbi əsər yaratmaqla problemin öhdəsindən gəlmək çətindir. Yaradıcı şəxsiyyətlərin fərdi keyfiyyətləri, onların yazıya, ədəbi örnəyə namuslu, vicdanlı münasibətləri əhəmiyyət daşıyır. Yazılı mətndə müəllifin, sənətkarın fərdi keyfiyyətləri çox zaman təhlil predmeti kimi məna və məzmun kəsb edir. Sovet bədii “quruculuq” işlərində müəllif əməyinə yanaşmaqda qeyd etdiyimiz cəhətlər əsas tutulubdur.

Əslində, sosioloji hadisəyə bu cür baxış ənənəsi şifahi xalq yaradıcılığından, aşıq şeirindən gələn əxlaq və düşüncə konsepsiyası ilə bağlıdır. Məsələn, Aşıq Ələsgərin qələmi ilə şəxsi nüfuzu eyni fenomenin tərkib hissəsi kimi duyulub və qiymətləndirilibdir. Bu yöndən digər yaradıcı insanların da həyatı və fəaliyyətinə nəzər yetirə bilərik. Qasım bəy Zakirin zamanının siyasi rəftarlarına qatlaşmaması, Sabirin, Seyid əzimin mərdlik, ədalətlilik, prinsipiallıq etalonu olan dəyərlərə güvənilən ictimai-ədəbi fəaliyyəti, Səməd Vurğunların, Məmməd Arazların, Zəlimxan Yaqubların xalqın yaddaşında qəlibləşmiş pozitiv obrazları yada salına bilər.

Xalqın bütöv bir ədəbi mücadiləsinin konturlarının cızılmasında fərdin siyasi ayıqlığının, dövrün, zamanların tələb və təkliflərinə vətən və millət mövqeyindən qoşulmağının rolu vardır. Belə bütövlüyün, etibarlılığın daşıyıcısı olan insanların ədəbi-ictimai fəaliyyətini hissələrə bölüb, parçalara ayırıb təhlil etmək, dəyərləndirmək düzgün deyil. Xalq hərəkatının lideri Əbülfəz Elçibəyin şəxsi keyfiyyətlərinin onun uğrunda savaşdığı böyük ideallarla hər zaman üst-üstə düşdüyünü buna misal göstərə bilərik.

Nə qədər tanınmağından asılı olmayaraq, Azərbaycan cəmiyyətində dostluqda, ülfətdə, ünsiyyətdə mehrli, iltifatlı, ən əsası, güvənəkli insanlardan biri Ehtiram İlhamdır.

Yazımın giriş hissəsində bu cür fikirlərimi cəmləyib Ehtiram bəyin adına gəlib uğraşdımsa, deməli, onu dost və məsləkdaş kimi idealizə etmək fikrində olmağım üzə çıxır. Həyatının təkcə bu tərəfi onun şəxsiyyətinə həmişə hörmət və ehtiramlar gətirməyə yetər. Ancaq onun ictimai portretini tamamlamaq üçün ədəbi dünyagörüşünə istinad etmək vacibdir. Yəni Ehtiram bəyin bədii yaradıcılığı ayrıca dəyərləndirilməyə çox layiq olan bir mövzudur. 80-ci illərin sonlarından xalq hərəkatının öndərliyində, əsasən, ədəbiyyatın, poeziyanın bətnindən törəyənlərin yer alması təsadüfi sayılmamalıdır. Onun ictimai-siyasi fəaliyyətinə şeirin, ədəbi örnəyin, ədəbi imzaların təsiri olduğu kimi, şeirinə, yazdıqlarına da etdiyi mücadilələrin təsiri olubdur.
Şeirlərini ürəyinin qanı ilə yazan şair - Zakir Məmməd yazır
Ehtiram İlham imzası o imzalar sırasındadır ki, onların şeiri ilə əməli fəaliyyəti tamlıq təşkil edir. Milli kökdən gələn qutsal dəyərlər həyatda da, ədəbiyyatda da şairin şəxsi obrazını ifadə edir. O, “Alçaq könüllərdir ən uca yerim” yazır. Sadəliyi, təkəbbürdən uzaq olmağı bu misraların mahiyyətində ifadə olunubdur.

Ehtiram bəyin az yazmağı söz mövzusu ola bilməz. Onun təmiz, pak vücudundan parlayan az saylı poetik tapıntıları bir qədər klassikadan bizə yadigar qalmış böyük sənət incilərini xatırlada bilər. Gülün ətirli olduğunu təsdiq etmək üçün gülüstanı başdan-başa gəzib dolaşmağa ehtiyac yoxdur. Dərib bircə çiçəyi qoxulamaq kifayət edir. Özülü qədim türk aşıq şeirindən gəlmə ştamplarla bərkidilən xalq şeiri üslubuna qatılmaq üçün öncə istedad, ilham gərək olur.

Başqa ibarə ilə söyləsək, “ürəklərin qanı”ilə (E.İlham) yazılan belə mətnlərin bircə misrası da böyük ədəbiyyata töhfə sayılmalıdır. Heca vəznində çeşid-çeşid zəngin sənət əsərləri yazıldığından yeni çağda bu üslubun imkanlarından yararlanmaq, uğur qazanmaq çətindir. Ehtiram bəyin az yazmağının bir səbəbi, bəlkə də, bu həqiqətlə bağlıdır.

“Yazın oğlan çağıdır,
Burda çiçəklər açır.
Könül açırmı orda?!”


Yaz fəsli, könül söhbəti elə təsəvvür yarada bilər ki, şeirdə ictimai-siyasi məzmun yoxdur, ya da sıradan birinin fərdi ovqatı tərənnüm edilibdir. Siyasi lirikanın kövrək bir nümunəsi olaraq həmin şeirdə, yəqin ki, Ə.Elçibəyə ünvanlanmış “suallar” yer alıbdır.

“Burda sizə can deyən
Dost-tanış, qohum-qardaş
Sizdən qaçırmı orda?!
...Qaçırsa hara qaçır?”

Qara hisli lampası
İşıq saçırmı orda?!
...Saçırsa, niyə saçır”


Unikal mənzərədir. Şeirlə yaradılan sosial məzmunlu tablodur. O dövrü xatırlamaq, özü də bir az qəmli, həm də ehtiramla xatırlamaq üçün yaxşı məqamdır. Üçcə bənddə Azərbaycan tarixində baş verənlərə aydınlıq gətirmək şairin görəvidir. Bu işləri lirik mətnin vasitəsilə etmək heyrətləndiricidir. Əlbəttə, belə nümunələr çoxdur.

Bircə şeirinin mətni üzərində təhlil aparmaqla fikirlərimizi burada yekunlaşdıra bilərik.

“Nə qələt elədim,
gəlib görüb də,
Sürünə-sürünə ömür sürüb də.
Adı dünya olan bu şoğəribdə
Elə çox yaşadım,
çox yaşadım ki…

Bax ilk bənddəcə “qələt” ləfzinin yer alması sənətkarın “aşıqlığından” gələn əlamət sayılmalıdır. İrfan poeziyasında çox yaşamaq, ümumən, bəri dünyaya ilişib qalmaq qeyri-etik sayılır. Amma buradakı “çox yaşamağ”ın alt qatında alahı mətləblərin yer aldığını qeyd etməliyik. Könlünün kövrək siminə toxunmaqla deyəcəkləri üçün orijinal ifadə forması müəyyənləşdirə bilibdir.

Şair az işlər gördüyündən yana rahatsızlığını və incə bir eyhamla dünyaya çox da etibar etməməyin doğruluğunu dilə gətirir. Üç-dörd misralıq şeirin imkanlarından yararlanıban siyasi olayların ağır sosial duruma səbəb olduğu barədə eyham edir. Xalq hərəkatında qaynayıb-bişmiş, demokratik mühitin ab-havasında kamala yetmiş bir insanın giley-güzarında böyük ağrıların yer tutduğu aydınca görünür.

“Məni istəyənlər çoxdan yoxdular,
Bu nadanlar içrə nə azarım var?
Bəs deyirdilər ki, axtaran tapar -
Elə çox yaşadım,
çox yaşadım ki…”


Sosial paylaşımlarında “dərdiş” kəlməsinə tez-tez yer ayırmasını daha çox Ehtiram İlhamın arzularında və reallıqlarda görmək istədiyi bir məmləkəti, Böyük Vətənini yerində görə bilməməsi ilə bağlıdır.

“Bir gün də görmədim təmtəraqları,
Duydum üzərimdə hər qınaqları.
Sinəmdə gəzdirib çarpaz dağları,
Elə çox yaşadım,
çox yaşadım ki…”


“Qınaqları” öz üzərinə almaq da, məncə, mərdliyin nişanəsidir. Hələ cəmi-cümlətanı əlli il bu həyatda ömür sürmüş gözəl bir insanın yaş söhbətini ortaya atmasının səbəbi onun incə ürəyi, saf ideallara sadiqliyi ilə bağlıdır.

“Yaş elə alıbdı gözümü neynim,
Demədim bir ürək sözümü neynim.
Yaşada bilmədim özümü neynim,
Elə çox yaşadım,
çox yaşadım ki…”


Hesab edirəm ki, əziz Ehtiram İlhamın çox yaşamağa haqqı var. Başqa sözlə desək, onun yaşadığı ömür dolğun, tutarlı insanlıq hadisəsidir və dostlar (dostluq) üçün də, ədəbiyyatımız üçün də məqbuldur.

Ehtiram İlham yaşı ürəklərdəki, sənətdəki əks-sədası ilə çox, illərin sayına görə azdır. Çünki onun bundan sonra çox yazacaqları, edəcəkləri vardır.

Bu yolda şair dostuma uğurlar və can sağlığı arzulayıram!

Zakir MƏMMƏDБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829