manera.az
manera.az

Sevgi dayanacağı - Ayaz İmranoğlunun hekayəsi

Sevgi dayanacağı - Ayaz İmranoğlunun hekayəsi
Yayın orta ayı olsa da havalar çox sərin keçir. Gözətçi Odasının xırda bağçasında güllər elə bil yazın ilk çağlarını yaşayırlar. Təzə-tər qönçələnmiş, pardaxlanmış güllər ərtafı öz ətirinə, qoxusuna bürüyüb. Belə qoxunu iydə ağacı çiçəkləyəndə duyuram.

Hər dəfə növbədə olanda Bakı Protez-Ortopedik Mərkəzinin geniş sahəsini doyunca gəzirəm, yaşıllıqlar qoynunda min bir fikir dolanır beynimdə. Xüsusən tək olan xan çinar məni ötən çağlara aparıb çıxarır. Kəndimizdə yüzilər yola salmış xan çinar ağacı vardı. Yayda kölgəsində sərinlədiyimiz, payızda, yazda yağışdan qorunduğumuz xoş günlər xatirə kimi yadıma düşür. Erməni işğalına məruz qalan kəndimizə indi nə səsim çatır, nə ünüm yetir. Buradakı xan çinarı görəndə orada qoyub gəldiyimiz xan çinardan ötrü burnumun ucu göynəyir.

Günün şərqarışan vədəsinə az qalır. Axşamın sərinliyi Mərkəzdə yatan əlilləri həyətə düşürmüş iki-bir, üç-bir oturacaqlarda oturub söhbət edirlər. Xəstələr də var ki, əlil arabalarında, əsalarla yavaş-yavaş gəzişirlər. Uzun yay günlərinin bürküsündən sonra axşam sərinliyinin ləzzətini çıxarırlar.
Onların arasında iki nəfər neçə vaxtdır diqqətimi çəkir. Bu ər-arvad olan cütlüyə həmişə heyranlıqla baxmışam. Bir-birinə necə də yaraşırlar, necə də mehribandırlar! Onların hərəkətlərində bir-birinə qarşı doymazlıq hiss edirəm. Xoşbəxt cütlükdür. Bəs qadın niyə əlilə çevrilib?

Yeriyə bilməyən, yalnız əlil arabasında oturan xanım, hardasa 38-40 yaşlarındadır. Yaraşıqlı siması, durna boynu kimi uzun boyuna yaraşıq qatan gur, uzun saçları var. Kişi də təxminən o yaşdadır. Amma saçlarına elə bil dağların qarı ələnib.

Kişi qadının əlindən tutub nə barədəsə söhbət edirlər. Qadının gülümsər, qıyqacı baxışları sanki indicə kişinin cod çöhrəsini muma döndərib, əridəcək. Hiss olunur ki, kişi qadının hər nazını çəkməkdən məmundur.

***

Bu gün səhərdən növbədə olsam da onları Mərkəzin ərazisində hələ də görməmişdim. Birdən qara “CİP” Mərkəzin həyətinə daxil olub, Gözətçi Odasının arxasında daş döşəmə meydançada dövrə vurub dayandı. Kişi aralıdan mənə salam verib, əvvəl əlil arabasını maşından düşürdü, sonra da xanımını. Qucağına alıb illərin həsrətlilsi kimi sinəsinə sıxmışdı. Elə bil təzə-təzə sevişirlər. İsti nəfəsləri bir-birinə qarışmışdı. Qadın üzünə yayılmış ipək tellərini azca yana etdi. Sanki tərtəmiz göy üzünü almış bulud topasını aralayırdı. Şair təbim həmin an cuşa gəldi.

Qaşların aypara, saçların bulud,
Tökülər ay üzə buludlar enər.
Qapqara gözlərdən ağ işıq yağar.
Uzanar bu əllər göz yaşın silər.

Qadının şipşirin gülüşü kişinin hisslərini ovsunlayırdı. Az qalırdı qadının yanaqlarından öpsün ki, qadın əlini onun dodaqlarına yaxınlaşdırıb pıçıltı ilə “ayıbdır” deyib mənə tərəf işarə etdi.

Əri onu əlil arabasına oturdub, Mərkəzin Gözətçi Odasının bağçasına doğru apardı. Qadın rəngbərəng qızılgüllərə baxıb, ərinə nə haqdasa danışırdı.

Əri bir azdan xanımından aralanıb mənə yaxınlaşdı:

-Qardaş, bu güllərdən bir-ikisini qırmaq olarmı?
Kişi səsini elə qısmışdı, sanki utancaq uşaqdı.
-Buyurun! – dedim və gülləri dərmək üçün qayçı verdim.

Qadının işarə elədiyi gülləri dərirdi – özü də qönçələrini. Saydım, düz yeddi ədəd oldu. Güllərin tikanların da təmizləyib, sonra da qadının qarşısında zarafatyana təzim edib, kübarcasına gülləri ona təqdim etdi. Qadının şaqraq gülüşü ətrafa yayıldı.
-Dəlim! Haydı iydə ağacının altına. Sevgi dayanacağımız olan ünvana sür! – deyən kimi kişi mənimlə sağollaşıb, arabanı tərpətdi.

***

Onların səmimiyyəti məni onlara isinişdirmişdi.

Hər gün kişi gəlir, qadını xəstəxanadan tibb bacısı çıxarıb kişiyə təhvil verir, onlar da saatlarla həyətdə olurdular. Qadın yorulanda yenə kişi onu tibb bacısına təhvil verib ayrılırdılar.

Bir həftə var ki, görünmürlər. Elə bil Mərkəzin daşı, divarı, otu, ağacı, gülü, çiçəyi onlarsız darıxmağa başlayıb. Şən gülüşlərinin səsinə qəribsəyən buralar sükut içir. Hər yanda onların izi görünür mənə.

Fikirləşirdim ki, yəqin qadının müalicə müddəti bitdiyindən xəstəxanadan çıxıblar. Xəstələrin siyahısı olan jurnala baxdım ki, yox hələ qeydiyyatda dururlar. Bəs niyə yoxdurlar?

Bir gün gözləmədiyim halda “CİP” gəldi. Kişi təkdi. Maşından ərzaq torbalarını boşaldırdı ki, ona yaxınlaşdım:

-Müəllim, xanımınız necədir? - deyib nigaranlığımı bildirdim.

O fikirli olduğundan ya sözlərimi eşitmədi, ya da eşidib eşitməzliyə vurdu. Düzü pərt oldum – sualım cavabsız qaldığı üçün. Handan-hana mənə baxdı və başını bulayaraq iti addımlarla iydə ağacına doğru getdi – özlərinin adlandırdığı “sevgi dayanacağı”na. Iki nəfərlik oturacaqda oturub əli ilə mənə “gəl” işarəsi verdi.

Cibindən siqaret çıxarıb yandırdıqdan sonra qutusun mənə tərəf uzadıb:
-Bilirəm, siqaret çəkənsən. Gəl sən də çək. – dedi.
-Mən tərgitmişəm, dörd gündü.
-Mənsə fasiləsiz iyirmi üç ildir çəkirəm. – Sonra sözünə ara verib dilləndi – Bir həftə olar onun xəstəliyi yenidən şiddətlənib. Başındakı damarlarda tromblaşma, quruma gedir. Belə hallarda dəliliyi tutur. Heç kimi görmək istəmir. Yazıq qadın doqquz ildir ki, bu zülmü çəkir. Tək övladı olan qızını
da belə hallarda yaxına buraxmır. Eləcə qızı telefonla hal-əhval tuta bilir. O, qızının həm atası, həm də anasıdır.

-O, sizin həyat yoldaşınız deyil? Axı burada yatanların çoxunun həyat yoldaşları, övladlarının yanlarında qalmaq icazəsi var.
-Yox!.. O mənim həyat yoldaşım deyil.
Siqaretinə dərin bir qullab vurdu. Acı tüstüsünü ciyərlərinə çəkib burun deşiklərindən parovoz kimi çölə buraxdı. Tüstü burula-burula havaya qalxıb yox oldu.

-Biz bir eldən, bir obadanıq. Yəni eyni kənddə böyüyüb boya-başa çatmışıq. Bir məktəbdə oxumuşuq. O, məndən iki sinif aşağıda, bacımla oxuyurdu. Rəfiqəlik edirdilər. O, bizə gəlirdi, bacım onlara gedirdi. Həm də bir məhəllədə yaşadığımızdan hər gün onunla qarşılaşır, elə olurdu ki, məktəbə də birgə gedirdik.

O, yeddinci sinifdə oxuyanda artıq qızlar bulağından su içmişdi. Yeniyetməlik çağımızdan gəncliyə qanad açan qoşa qanad kimiydik. Bir-birimizi sevirdik. Uşaqcasına, dəlicəsinə. Sonradan bu sevgi bulağımız durulub atəşli eşqə çevrildi. Ailələrimiz bilirdi bir-birimizi sevməyimizi.

Məhəlləmizin ortasındakı Dəlikdaşın yanında bir iydə ağacı vardı. Dəlikdaş dəvə xortumuna bənzəyirdi. İnsanlarımız çərşənbə bayramında üstündə tonqal qalayır, niyyət edirdilər. Həmin Dəlikdaşın yanındakı iydə ağacının altı bizim görüş yerimiz, sevgi dayanacağımız idi.

Aylar ötüb illərə qovuşdu. O, onuncu sinifdə oxuyanda mən hərbi xidmətə getdim. Anam Gülnarın anasının razılığı ilə gələcək gəlininin başına yaylıq bağladı ki, əmantdir.

İki illik əsgərlik həyatımın bir il yarımı məktublaşdıq. Xoşbəxt gələcək arzularımızdan, bir-birimizə həsrətin, nisgilin müvəqqəti olduğundan yazırdıq... Və birdən-birə ondan məktub gəlmədi. Ha yazdımsa, cavab almadım.

Bir dostumun yazdığı məktubdan bildim ki, elimizin “ağır seyidinin” oğluna nişanlanıb. Yazıq qız nə qədər ağlayıb-sızlasa da, bir nəticə verməyib. Gülnarın atası “ağır seyidin” cəddindən qorxduğu üçün elçilərə “yox” deyə bilməyib. Sonra da anamın Gülnarın başına bağladığı yaylıq geri qaytarılıb.

Qısa vaxt ərzində toy olur, Gülnar ər evinə köçür. Qəlbi qırıq, gözləri arxada qalmaqla.

Mən hərbi xidmətdən geri dönmədim. Kəndimdən, onun adamlarından küsmüşdüm. Biz tərəflərdə əzəldən belə bir adət olub ki, kəndin ağsaqqalının dediyi söz hər bir kəs üçün qanundur. Ağsaqqal sözü həmişə qan yatırıb. Anam, atam Gülnarın başına yaylıq bağlayanda ağsaqqal xeyir-duası almışdılar. Bəs mənim “əmanətimə” xəyanət olanda, seyid oğlu sevgilimə sahib çıxanda niyə ağsaqqal ağzına su alıb susmuşdu? Özü də seyid yüz illərlə davam edən adət-ənənəmizi tapdalamışdı. (Seyidin ərəb mənşəli olduğunu sonradan bildim).

Kəndimizin ağsaqqalı hər dəfə Xırman yerində görünəndə kənd əhli də ora axışar, onu dövrəyə alarlar ki, hansısa mühüm xəbəri ondan eşidəcəklər. Bilirdilər ki, ağsaqqal səbəbsiz yerə Xırmana gəlməz.

Ağsaqqal da ağır oturub, batman gələn kişi idi. Eşitsəydi, kiminsə evində xəstə var, müalicəsi üçün pul yoxdur. Camaata üzün tutub deyərdi ki,
kömək dursunlar. Edilərdi. Yaxud bilsəydi ki, filankəsin uşağının sünnəti gecikir, deyərdi kirvə tut. Toy vaxtını təyin et... Beləydi ağsaqqal sözü.

Mənim əmanətim məsələsində isə ağsaqqal susub.
Bu idi məni kəndimdən, yurd-yuvamdan küsdürən.

Rusyanın Tümen şəhərində tikinti idarələrinin birində fəhlə kimi işə başladım. İşləyə-işləyə qiyabi yolla ali təhsil də aldım.

1985-ci ilin yenidənqurmasından, SSRİ-nin “xalqlar həbsxana”sındakı Sovet rejimi yumşaldıqdan sonra kooperativ müəssəsi açdım. Gün-güzəranım yaxşılaşmağa başladı. Qısa vaxtda pullu adama çevrildim.

Cavan, həkim olan bur dul rus qadınla yaşayırdım. Amma hər zaman, hər an ilk sevgimi – Gülnarımı düşünürdüm. Bir qızı olduğunu eşitmişdim. Əyyaş əri qız doğulduğundan ailəsini tərk edib getmiş, şəhərdə yeni ailə qurmuşdu. “Ağır seyid”də Gülnarı, qızı ilə bərabər, atası evinə yola salmışdı ki, “ərsiz qadına mənim evimdə yer yoxdur”, – demişdi. Gülnar da atası evində “künc süpürgəsi”nə çevrilmişdi. Beləcə, dərddən-qəmdən ərimiş və günlərin bir günü...

Gülnarın qəflətən iflic olmasını eşidəndə çox məyus oldum. O, mənə qismət olmasa da, ondan ötrü tərki-vətən düşsəm də, həmişə onun xoşbəxt olmasını arzulamışdım.

Yanında olacağıma qərar verdim. Kəndimizə döndüm. İllərlə həsrətini çəkmişdim bu dönüşün. Evlərinə getmişdim.

Yaşlı ata-anası ilə, qızı ilə görüşdükdən sonra Gülnar olan otağa keçdim. İlahi, qoyub getdiyim su sonası, mələksimamdan əsər-əlamət qalmamışdı! Yalnız gözləri idi tanıdığım. Həmişə ona deyərdim: “Gözün bal arısı, gözümdən çaldı”.

Tərpənmirdi. Danışmırdı. Eləcə gözlərini otağın tavanına dikib baxırdı. “Salam” sözümə diksindi. Gözlərini tavandan ayırıb mənə tərəf baxdı. Məni görüncə üzündə heyrət doğuran ifadə yarandı. Həmin andaca kirpiklərindən iki damcı göz yaşı mirvari kimi asıldı. Sonra da yanaqlarından süzülüb çənəsində qoşalaşıb, açıq sinəsinə düşdü.

Sükut otağı qoynuna almışdı. O, yataqda mənə baxır, mən də ona. Gözlərimiz danışırdı. Gözlərimiz illərin ayrılığının buzunu sındırırdı. Gözlərimiz dəlicəsinə öpüşürdü...

Anidən dupduru üzünü buludlar aldı. İpək üzü sərtləşdi...

Saçlarına elə bil aylarla daraq dəyməyib – daranmayıb. Dodaqlar susuzluqdan cadar-cadar olmuş torpağı xatırladırdı. “Sulanmış qız dodaqları mübarək olsun!” dediyim o illərin xatirə seli məni öz qoynuna almışdı...

***

Valdeynlərinin, qızının razılığını aldıqdan sonra Gülnarı Rusyaya, yaşadığım şəhərə müalicəyə apardım. Ər-arvad kimi yaşadığım rus həkim qadınım Gülnarın ilk sevgim olduğunu bilincə sevindi.

Gülnar ilk gündən ardıcıl müalicə almağa başladı. Bir müddət xəstəxanada yatdı. Məlum oldu ki. gərgin əsəb pozğunluğundan sonra iflic olub.
Evə gəldikdən sonra ona xidmətçi tutdum.

Yeddi il davamlı olaraq müalicə aldı. Artıq bədəninin bəzi üzviləri hərəkət etmək gücündə idi. Qırıq-qırıq bəzi sözlər deyirdi. Özü də rusca. Axı bütün gününü xidmətçi ilə keçirirdi. Məni görüncə “D..əə...llli...mmm” deyirdi.

Qürbət nə qədər yaxşı olsa da, Vətən insanı maqnit kimi hər zaman çəkir. Mən buna öyrəncəli olsam da Gülnarın darıxdığını açıq-aydın hiss edirdim. Qızı üçün möhkəm darıxırdı. Onu Vətənə qaytaracağımı dedim. Bəs mən? Yenidənmi ayrılıq olacaq? Yox, onu bir daha itirə bilmərəm. Qərara gəldim ki, Rusyadakı obyektlərimi satıb Azərbaycana gəlim. Elə də etdim.

Azərbaycana gəldikdən sonra özümə bir neçə ticarət obyekti – restoran, ərzaq mağazası, çörəkbişirmə sexilə yanaşı, plastik qapı-pəncərə sexi də açdım. Həm də şadlıq evi tikdirmək, Buzovna qəsəbəsində ev tikmək üçün də torpaq sahələri aldım.

Biz Rusyada olan müddətdə Gülnarın valdeynləri dünyalarını dəyişmiş, qızı ərə getmişdi. O, ailəsi ilə anasının ata yurdunda yaşayır, bir oğlu var.
Oğluna mənim adımı qoyub – Tural.

İndi Gülnara ata evində qızı qulluq edir. Vaxtaşırı ona baş çəkirəm. Tez-tez təbiət qoynuna, dəniz sahilinə gəzməyə aparıram. Daim həkim nəzarətindədir.

Ayağa durub yerisəydi, bilərdim ki, özü-özünü idarə edir. Hələliksə...

Gülnar orta məktəbi yaxşı oxumuşdu. Müəllim olmaq arzusu vardı. Ara-sıra özündən şeirlər qoşurdu. O, şeirlərinin çoxunu bizim sevgimizə həsr etmişdi.

On barmağından biri işləyəndə ona kompüter aldım. Kompüteri öyrənmək üçün də müəllim tutdum. Qısa vaxtda çox şey öyrəndi. Bir gün onlara gedəndə gördüm ki, nəsə yazır. Çox sevindim.

O bir barmağın yaxşı ki, hərəkəti bərpa olunub. O bir barmaq onun yaşamaq eşqini özünə qaytarmışdı. Ürəyindən süzülüb gələnləri o bir barmaq ilə komputerin yaddaşına həkk edirdi. Qısa vaxt ərzində irili-xırdalı xeyli sayda hekayələr yazmışdı.

-Həyatımızı yazıram. – deyib qıyqacı baxdı.

Mən onun fındığa oxşar burnuna çırtma vurub:

-Eşqimizi dastana çevirəcəksənmi?!.. – dedim.

-Niyə də yox?!... Leyli və Məcnun dastanı, ola bilsin, rəvayətdir. Bizsə gerçək həyatın Leyli- Məcnunuyuq. Əslində Leyli Məcnuna qovuşmalıydı.

Qovuşmursa, bu məhəbbətin anlamı olmur.

***

Evin tikintisi başa çatmaq üzrə idi. Son tamamlama işləri qalırdı. Şadlıq evinin tikintisi isə gecikirdi. Evin həyət girəcəyində iydə ağacı əkdirmişəm. Sevgi dayanacağımız olan iydə ağacının yanında kəndimizdəki Dəlikdaşın maketin hazırlatmışam. İydə ağacının altındakı oturacaq da eynisiylə bu oturacaqdır. İndi sevgi dayanacağımız Gülnarın yeriyəsi günü gözləyir...

***

Bu vaxt tibb bacısı Turalı çağırdı. O, həyat hekayəsin buracan danışa bildi.

Aradan xeyli vaxt keçmişdi. Bu müddət ərzində mən qırx iki günlük əmək məzuniyyətində olmuş, işə yenicə qayıtmışdım.

Turalla Gülnar həyətdə gəzirlər. Artıq Gülnar qoltuq ağacları ilə hərəkət edə bilir. Tural əli ilə onun qolundan tutub müvazinətini saxlamağa kömək edirdi. Gülnar da ilk dəfə ayaq açıb yeriyən uşaq kimi sevincəkdir. İydə ağacına tərəf gəlirlər. Görüş yerlərinə - sevgi dayanacağına.

İydə ağacının altında, sevimli məkanlarında əyləşdikdən sonra təzə-tər güllərdən dərib onlara yaxınlaşdım.

-Bu güllər sizə çox yaraşır, Gülnar xanım. – dedim.

O, gülləri qoxlayıb, təşəkkür etdi.

-Həkimlərimiz sağ olsunlar. Doqquz il Rusyada aldığım müalicəni bizim həkimlər bir ilə yerinə yetirdilər. İrana, Rusyaya, uzaq-uzaq ölkələrə ətək-ətək pul töküb getməyə ehtiyac yoxdur. Bizim həkimlər çox peşəkardırlar. – deyib üzünü Turala çevirdi – Həə, əzizim, düz deyirəmmi?
Tural başını tərpətməklə cavab verdi.

***

Onlar Mərkəzdən neçə ay vardı getmişdilər. Yadıma düşəndə darıxırdım. Axı səmimi hisslərlə yoğrulmuş dostluğumuz yaranmışdı.

Payızın xəzri küləkləri ağacların son yaşıl yarpaqlarını da xəzəlləşdirib yerə tökdüyü ərəfə idi. Belə bir gündə qara “CİP” Mərkəzin həyətinə daxil
oldu. Maşını Turalın yox, yaraşıqlı bir xanımın sürdüyünü uzaqdan gördüm. Dövlət nişanı 10-TG-979 olan bu nömrə yaddaşıma həkk olunmuşdu. “TG” – adlarının baş hərfləridir. Bəs maşın sürən xanım kimdir? Həmin an bu qadına qarşı içimdə qısqanclıq hissi baş qaldırdı.

Sanırdım ki, Tural evlənib, bu xanım da onun həyat yoldaşıdır. “Vəfasız dünya” kəlməsi ani olaraq beynimdə dolaşdı. İstədim bu forslu xanıma yaxınlaşıb soruşam ki, “bəs Tural müəllim, Gülnar xanım hanı?” sualı ilə onu cin atına mindirəm.

Maşından düşüb iki-üç yaşında olan oğlan uşağını da arxa oturacaqdan qucağına alıb Gözətçi Odama doğru gəldi. Çaşqınlıqla ona baxırdım ki:

-Köhnə dost, köhnəlmə. - deyib dostcasına əl uzatdı.
-Nə xoş, Gülnar xanım! Həmişə ayaq üstə! Bəs Tural müəllim? Bu qəşəng kişi bala kimdir?
-Onun işləri çoxdur. Nəvəm Turalın – bu şirin-şəkərimin sünnət toyuna dəvətlisən. Həm də...
-Həm də nə?!..
-Həm də ailə qurmuşuq. “Sevgi dayanacağı” şadlıq evinin açılışı olacaq.
-Gülnar xanım əsil sevənlərin eşqi ilahidəndir. Onların ər-arvad kəbinləri – Tanrı dərgahında kəsilir. Siz eşqlə dolu bir ömür yaşayırsınız. Sıxıntılar, məhrumiyyətlər ötüb keçdi daha.

-Hə... Seyidin oğlu aramıza girməsəydi… – deyəndə üzünü elə bil çiskinli duman örtdü. Kədərli bir xatırə burulğanında boğulurmuş kimi oldu.

Handan-hana özünə gəlib gülümsədi – Hə.., qanqarası olmasın, bu günlərdə bir hadisənin şahidi oldum. Buzovnadakı evimizin həyət darvazasının qarşısında dayanmışdım, gözləyirdim ki, bağbanımız qapını açsın, maşını həyətə sürüm. Bu vaxt kürəyinə uşaq şəlləmiş, yanında da beş-altı yaşı olan uşağın əlindən tutmuş qaraçı qadın maşına yaxınlaşdı. “Xanım, ağamın cəddi köməyiniz olsun” deyib əlini uzatdı. Qadına, uşağa yazığım gəldi.

Maşının saxlanc qabından beş manat götürüb verəndə anidən:

-Dayan, a qaraçı. Sənin ağan seyiddir ki, cəddinə and içirsən? – ağlıma gələn sualı verdim.

-Bəli, xanım, ərim seyiddir. Ağır ocaqdırlar. Odeyy... orada oturub. – deyib on beş-iyirmi addım o yanda oturmuş, üst-başından kir-pasaq yağan, saqqallı, orta yaşlı, orta boylu kişini göstərdi. Kişiyə anidən baxmağımla nəyisə xatırlatdı mənə... Beş manatı verdim. Ayağı dizdən aşağı kəsilmiş kişi qoltuq ağaclarına söykənib ayağa qalxanda tanıdım. O idi. Yanılmamışdım. Maşın həyətə daxil olanda yan güzgüdən ona yenə baxdım. Seyidin oğlu idi.

-İlandır də! Yenə qarşına çıxdı. Tural müəllim sizin həyatınızı mənalandıran ömür-gün yoldaşı olmağa layiqdir.

-Həə, düz deyirsən. O, bir kabus idi – həyatıma soxulmuşdu. Təəssüf ki, təravətimi, ətrimi qoxlaya bildi. O əfi ilanın zəhərli dişlərinin acısını illərlə yaşadım.

Gülnar xanım ətə-cana dolmuşdu. Hə, deyəsən..., yanılmamışdım, uşaq gözləyir. Ana olacaq.

ATAKƏND, GÖZƏTÇİ ODASI
(08 sentyabr 2017)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031