Azər Qismətin həyacanlı "BALIĞ"ı - MANERA.AZ
![]()
manera.az
MANERA.AZ Azər Qismətin "Balıq" hekayəsini təqdim edir:
...Pulun yarısı gətirilənə qədər əşyaları toplamır, mebellərin sökülməsi üçün şirkətə zəng etmirdi. Çünki üçmərtəbəli evini içindəkilərlə bir yerdə satmışdı. Qızının yanına – İsveçrəyə köçəcəkdi.
Qızı əcnəbi yeznəsini inandırmışdı ki, “atam bizimlə qalsa, tez-tez narahat qalmaram”. Yeznəsi təklifə humanist yanaşıb qaynatasının gəlməsinə razılıq vermişdi. Atanın özünün isə bu təklifə razılaşması altı ay çəkmişdi. O vaxta qədər lazımı sənədləri hazırlamış, səfirlikdəki müsahibədə iştirak etmiş, beş marketini, iki yanacaqdoldurma stansiyasını və çınqıl karxanasını sata bilmişdi. İmkanlı tanışları arasında söz buraxmışdı ki, bağ evini də satır. Beləliklə, bütün işlərini görüb qurtarmışdı. Qalırdı 33-cü müştərinin pulun qalanını gətirməsi.
Hələliksə paytaxtdan kənardakı bağ evində yaratdığı nağıl dünyasından ayrılacağını düşünüb köks ötürür, darıxırdı. Məlikməmmədin əlindəki cavanlıq almasını iylədi. Sarı rəngli qızılgülü qoparıb Cırtdanın çiynindəki xurcununa atdı. Şrekin yekə qulağına pıçıldadı ki, təzə sahibinin xətrinə dəyməsin. Evinin üstünü örtən kirəmitə qədər yüksələn qızılgülə baxıb dərindən nəfəs aldı. Vəzifəli adamları, sahibkarları həyətinə gətirib o sarmaşıq qızılgülə tamaşa etdirib lovğalanar, ayağını ayağının üstünə qoyub “xarüqələr yaratmışam” deyə həyətindəki gölün ətrafında kabab qonaqlığı verərdi. Köməkçisi xırda balıqları Bankədən gətirib gölə atandan bəri yaman böyümüşdülər.
Bircə, müştəri pulun qalanını gətirsəydi...
Televizora baxmır, həyətdə gəzirdi. Həyətdəki əl damı-nı da kənd üslubu ilə tikdirmişdi. İçəridə yastı çəkələyini axtaranda gözünə tilov sataşdı. Ağlına gəldi ki, göldəki balıqları tutsun, həm də darıxmasın. 56 milyonunu İsveçrə bankındakı hesaba keçirəndən sonra ürəyi sakitləşsə də, bu üç gündə çox darıxırdı. Sinəsi ürəyinə darlıq edəndə, 33-cü müştərinin kərpic qoyanına söyəndə, tilovun gövdəsinin çatına dolan palçığı dırnağı ilə qaşıyırdı. Tilovu dartıb çölə çıxarmaq istəyəndə ucu elektrik lampasına dəyib sındı, şüşə qırıntıları başına töküldü.
Qürubun öləziyən işığında tilova diqqətlə baxmağa eynəyi çatışmırdı. Evə girib eynəyini götürdü. Diqqətlə baxdı. Tilovun qarğısı çox bozarmışdı. Ehtiyatla çəmənliyə uzadıb fənəri axtardı. Çünki bilirdi ki, əl damını işıqlandırmaq üçün ehtiyat lampa yoxdur. Bayaqkı hadisəni xatırlayıb əlini dazına çəkdi. Başı qanamışdı. Gülümsədi. Bayaqdan darıxdığından iş tapmırdı. Balaca ideya ardınca maraqlı hadisələr gətirirdi. Mərhum əmisinin kafesinin qarşısında bulka satmağa utananda illərin öz ardınca zənginlik gətirəcəyini düşünməzdi. Bu barədə yetərincə xatirələrə daldığından daha yorulmuşdu. Əsas məsələ əməlinə ekzotika donu geyindirib balıq ovuna çıxmaq idi. “Balıq ovu” sözünə gülümsəyəndən sonra əl damında konserv qabını axtardı. Fənər işıq saçsa da, iki gün əvvəl kəsib kababa vurduğu toyuğun yumurtalarını xıncım-xıncım etməsinə, çiyni ilə toxunduğu soyuducunun yırğalanmasına əhəmiyyət vermədi. Konserv qabını tapıb çölə çıxdı. Bağın qaratorpaq hissəsinə addımladı. Ora çatanda yenə gülümsədi. Saatları maraqlı keçəcəkdi. Çömbəlib barmaqlarını çəngəl kimi torpağa salanda ovcu qıdıqlandı. Bir qaldırıma dörd kömbə soxulcan çıxmışdı. Dizləri ağrıdığından azacıq səntirləsə də, balıq ovunun uğurlu keçəcəyini düşünüb canına təpər verdi. Tilovu uzatdığı çəmənliyə çatanda maykasına qədər tərləmişdi. Mənzilə girib tərli paltarlarını çıxarmağa içinin sevinci imkan vermədi. Kürəyinin ortasından birzolaqlı tərin son ünvanının hara olacağını yaxşı bilirdi. Çəmənlikdə oturub tilovun ipini sahmana saldı. Nazirlikdəki ikinci müavinin zənginə “no” düyməsini basıb “cəhənnəm ol” pıçıldadı. Bu dəfə birzolaqlı tərin müxtəlif istiqamətlərə yayılmasına sətəlcəm qorxusu ilə yanaşmadı. Konserv qabından sivişib aradan çıxmaq istəyən soxulcanın həyasızlığına dözməyib elə onu tilovun qarmağına keçirib “dur durduğun yerdə” deyib gülümsədi.
Uzunluğu 10, eni 5 metrlik gölün üstündəki körpüyə sarı addımladı. Qonşu bağdan eşidilən musiqi səsinə qulağını çevirib duruxdu. Musiqi balıqları qaçıra bilərdi. Qonşunu haraylayıb dedi ki, təzyiqi qalxıb, musiqini kəssin.
Dazına tumar çəkib tilovu gölə atdı. Yerində qurcalanıb on dəqiqədən çox səbir gətirmədi. Tilovu körpünün qaynaq edilən dəliyinə salandan sonra mənzilə tələsdi. Belinin sancısı tutduğundan yanpörtü addımlaya-addımlaya qulaqtəmizləyəni götürüb geri qayıtdı. Qulağını təmizləyə-təmizləyə çirkli çöpləri cibinə doldururdu. Xatirələrini yada salmadı. Gəncliyindən xasiyyəti idi. Əlavə düşüncələrlə beynini ağırlaşdırmazdı. Dünən masajçı xanım gəlib ongünlük terapiyanın xərcini aparmışdı, təzədən çağırmaq istəmirdi. Sahibkar partnyorları, paytaxtın prokuroru, nazirliyin rəhbərliyi ilə vidalaşmışdı. Həm bağ evində, həm paytaxtdan kənardakı restoranda sağlığına təriflər dedizdirmiş, vaxtilə dalınca danışanlara, quyu qazanlara zəng edib dünyanın ən iyrənc söyüşlərini yağdırmışdı. Bilirdi ki, 2-3 günə xaricə gedəcəyindən nə məhkəməyə verməyə, nə də haqq-hesab cürütməyə imkan tapa bilməyəcəkdilər. Amma alçaqlara ürəyindəkiləri yaman boşaltmışdı.
Yeddinci çirkli qulaqtəmizləyəni cibinə basanda tilovun qırmızı şarı suya batıb-çıxdı...batıb-çıxdı...batıb-çıxdı...O, varlığındakı öləziyən ruhuna dərindən təkan verib tilovu qaldırdı. Düşmüşdü...Çəki düşmüşdü...Tilovu özünə çəkib havasızlıqdan bütün bədənini qıvrıldan balığın qanayan ağzını qarmaqdan çıxarıb körpünün üstünə qoydu. Balığın qıvrıla-qıvrıla təzədən özünü gölə atacağından hürküb qucağına götürdü, vedrə dalınca tələsdi. Bayaq lampa sınmazdan əvvəl əl damının solunda vedrə görmüşdü. İçəri girib yeni xəsarətlər almamaq üçün əlini qaranlığa uzadıb vedrəni götürdü. Körpüyə çatana qədər başının cızılan yerinə yod vurmamasından səksənsə də, bunu yatmazdan əvvələ təxirə saldı. Şəkərə tutulandan bu işi arvadı edərdi. O da öləndən sonra tibb bacısını qapıya gətirdib həm yod vurdurur, həm də dilxoşluq edirdi. Hamının – onun da, evin aşbazının da, kababçının da pulunu vermişdi. Bağbanın pulundan kəssə də, vecinə deyildi. Çünki ərik ağacı bu mövsümdə cəmi-cümlətanı 3-4 meyvə gətirmişdi. Toyuqları kəsib tükünü bağbanın arvadına yoldurub kababa çəkmişdi, yumurtaları qaynadıb yemiş, meyvələri gəvələmiş, azacıq cürüklü olanları çöl qapısının ağzına tökmüşdü.
Günorta göldəki 4 balığı görəndə keçmiş müavininin qarasınca deyinmişdi. Onun balıqları tutmaq üçün gətirdiyi gəda səhlənkarlıq edibmiş. Görünür, həmin vaxt 4 balıq səksəkə içində qamışlığın arasında gizlənibmişlər. “Eybi yox” - deyə bu işi öz böynuna götürəcəyinə söz verdi. Bir balığın taleyini indicə həll etdi. Vedrəyə su tökmədi. Bir azdan manqalı qalayıb kabab edəcəyindən suya atmağı lazımsız bildi. “Tədricən ölsə şişə keçirəndə qıvrılıb maneçilik törətməz”, - deyə gülümsədi.
Konserv qabından soxulcan çıxarıb yenə qarmağa taxıb gölə atdı. Balıq ovunun inandırıcı çıxması üçün mənzilə tələsdi. Mətbəxdən mərhum arvadının cehiz gətirdiyi termosu tapıb içinə su doldurub çalxaladı. Quru çay və dispenserdən qaynar su əlavə edib yenə çalxaladı ki, tez dəmlənsin. Qulpundan tutub körpüyə sarı yeriyəndə ayağı boşluğa düşdü. Dizinə vurulan bahalı yağ iynəsinin xeyri olmamışdı. Vedrədəki balığın yavaş-yavaş canının çıxmasını görüb dizinin ağrısını unutdu. Termosdan çay süzüb ovcunu isitdi. Payızın üşəntisini sifətini yalayan mehdən bilb bir də gülümsədi. Çınqıl karxanasını satdığı sahibkar milyonçunun evə qoyduğu qiymətlə razılaşmamışdı. O da rekord qiymətini endirməyib nəhayət 33-cü müştəri ilə dil tapmışdı. Həmin müştəri pulun yarısını verib növbəti üç gündə qalanını ödəyəcəyinə xətircəm salmışdı. Milyonçu da iki gündən sonra İsveçrəyə bilet sifariş etmişdi. Evin qalan pulu ödənəndən sonra banka gedib hesabına köçürəcək, oradan da aeroporta, vəssalam. Əlvida, torpaq.
Tilovun qırmızı şarı tərpənəndə çayla dolu termos qapağını yanına qoyub ağtüklü qırışıqlı əli ilə qarğıdan yapışdı. İkinci balıq da qarmağa keçmişdi. “Qarmağın iti ucundan hara qaçacaq”, - deyə tilovu sudan çıxarmağa tələsməyib çayının qalanını hortuldatdı. Ağzındakı dişləmə qənd xırçıldayanda termosdan yenə çay süzdü. Qaralmış və çatlamış dodağını qabağa uzadıb buğlanan çayı üfürdü ki, bir-iki qurtum alıb dilinin üstündəki qəndi əritsin. İkinci balıq qarmaqda çırpınıb ölüm-dirim mübarizəsini davam etdirəndə qoca əyilib vedrədəki birinci balığa baxdı. Son nəfəsini alırdı. Bunu da üstünə atsa pulcuqlarını sürtüb bir-birinə can verə bilərdilər - düşündü. Yenə qalxıb vedrə dalınca getmək istəyəndə onu heç harda tapa bilməyəcəkdi. Əlini pencəyinin geniş cibinə saldı. Bura sıxasıx 2 balığı soxuşdurmaq olardı. Ağzındakı qənd əriyib xırda zərrəciklıərə bölünəndən sonra tilovu çəkdi. Bayaqkından da iri çıxan ikinci balığın kömbə qarnını ona görə sığalladı ki, sarı kürünün ölüsü idi. Kürünü, ümumiyyətlə içalatı ayrıca qızaracaqdı. Bunu təsvir edəndə şərti refleks işə düşdü, ağzının kənarından axan tüpürcəyi dirsəyi ilə sildi. Balığı qarmaqdan ayırıb cibinə soxdu. Vedrədəki birinci balıq ölmək bilmirdi. Çəkilər gec ölür.
Tilovu üçüncü dəfə gölə atanda uşaq sevincini yaxınlarının görməməsinə heyifsləndi. Onu belə görmək üçün dünyanı verərdilər. Amma indi həsrətində olduqlarını görüb alqışlamadılar.
Alqışları özü edəcəkdi. Göldə qalan iki balığı tutanda.
Yarım saat keçəndə tilovu qaldırdı ki, soxulcanın qarmaqda olub-olmamasına baxsın. Soxulcan yırğalanırdı. On beş dəqiqə də keçəndən sonra qərara aldı ki, növbəti iki balığın işinə sabah baxar.
Vedrədəki balığın ölməsini görüb cibindəki balığı əvvəlkinin leşinin üstünə atdı. Üst-başını çırpıb çəmənliyə doğru addımladı. Balıqları yuyub yardı. İçalatını ayrıca qaba tökdü, özlərini şişə keçirdi, manqalı qaladı, qəşəng qızartdı, “Bordo” çaxırı ilə yedi.
Gecə sol böyrü üstə çevrilib xoş ovqatla yuxuya getdi.
...Ertəsi gün tilovu gölə atandan 15 dəqiqə sonra üçüncü balıq qarmağa keçdi. Yuxudan oyanandan gəvələməyə ağzına bir şey atmadığından həmin balığı tez şişə çəkməyi düşündü. Dördüncü – axırıncı balığı körpünün üstündə kabab yeyərək də tutmaq olardı. “Ağa burda, ağacan burda” – deyə dodağının altında mızıldaya-mızıldaya kömürü manqala atıb alışdırdı.
Bir azdan körpünün üstündə qıpqırmızı qızaran balıqdan qopara-qopara tilovun şarının tərpənməsini gözlədi. Mədəsinə bir şey getdiyindən yerində rahatlandı. Axşam açdığı “Bordo” çaxırından sonuncu qədəhi sonuncu balığın tez tutulması şərəfinə içdi. Rəngsiz yanağı azacıq allandı.
Gözlərinin axmasına günəşin şəfəqləri də rəng qatıb mürgüləndirdi. Dəqiqələrin keçməsini yuxuda saatın əqrəbinin 12-ə çırpılıb qulağını dəng etməsindən ayılıb bildi. Əti sallandığından qıyılan gözlərini yenidən yummaq istəyəndə qırmızı şarın batıb-çıxmasını əvvəlcə anlamadı. Yuxunun və çaxırın təsiri ilə kipriklərinin ağırlaşmasına imkan verməyib ayağa qalxdı. Dördüncü balıq da qarmağa keçmişdi. Bu sevincin tez bitməsini istəməyib tilovu çəkmədi, eləcə əllərini başının arxasına keçirib gülümsədi. Evini alan müştəriyə zəng edib kefini xəbər aldı, sabah mütləq gəlməsini istədi. O da sabah pulun qalanını ödəyəcəyini bildirib telefonu qapadı. Yenə tilovu çıxarmağa tələsməyib butulkanın dibindəki çaxırı başına çəkdi. Butulkanı endirib çənəsini siləndə gördü ki, qırmızı şar daha batıb-çıxmır. Hövlnak tilovu qaldırdı. Qarmağın ucunda balığın ağzının cırılmış yerindən balaca tikə qalmışdı. Balıq ağzının cırılması hesabına həyatını xilas edib gölün bulanıq suyunda gözdən itmişdi.
Milyonçu gölə baxa-baxa sağ əlini konserv qutusuna atıb dünəndən qalan sonuncu soxulcanı qarmağa keçirdi. “Əgər bir dəfə tilova düşübsə, yenə düşəcək”, - deyə özünə təsəlli verib axan gözlərini ovuşdurdu. Yoxsa, balığın tilova düşməsini görməyib ikinci fürsəti əldən verərdi.
Payızın mehi pencəyinin ətəklərini yellədir, dəqiqələr başına çəkic kimi çırpılırdı. Saat yarım keçəndə tilovun ucunu körpünün qaynaq edilən dəliyinə keçirib balığın ölüb-öıməməsini bilməyə çalışdı. Dizinin ağrıları ürəyinə vursa da, asta-asta arxın hər künc-bucağına baxıb onu görməyə nişanə axtardı. Qurbağaların tullanışından gölün suyu daha da bulanır, sonuncu balığın harada gizlənməsini görməyi çətinləşdirirdi. Qapının ağzına gedib uca çinarın aşağı budağını əyib birtəhər sındıranda arxası üstə səntirlədi. Belindən ağrı qopdu. Güc verib qalxdı. Çoxdan yuxuya dalan onurğa sütununun ağrısını unutmağa çalışıb çinarın budağı ilə gölün suyunu ləpələndirdi. Balıq görünmürdü. Bəlkə ya palçığın arasındakı çatlarda, ya da qamışlıqda gizlənmişdi, ya da ağzının cırılması həyatına son qoymuşdu.
O, qamışlığa tərəf addımlayıb budağı ora da çırpdı. Bulanıq suda nəsə sivişdi. Ürəyinin döyüntüsü artdı. Sakitcə gözlərini gəzdirib suyun azacıq aydınlanmasını gözlədi. Körpüyə tərəf addımlayıb müşahidə apardı. Onu gördü. Sağdır. Hələ ölməmişdi. Körpüdə oturub tilovu sığalladı. Ağır döyüşə gedən cəngavərlər atlarının qulağına pıçıldayan kimi tilova nəsə dedi. Deyəsən, dua edirdi. Şəkər xəstəliyindən yaranan aclıq yaxınlaşırdı. Səhər qaladığı manqaldan nazik tüstünün qalxmasına baxıb udqundu.
İki saatın keçməsinə əsəbləşib yenidən körpüdən aşağı endi. Balıq qarmağa keçmirdi. Çinarın budağını hirslə suya çırpıb onu tilova doğru istiqamətləndirməyə çalışdı. Yenə də suyun aydınlanmasını gözlədi. Səbri çatmayıb qurumuş palçıqlardan götürüb hirslə suya selbələdi. Balığın quyruğunu görəndə təzədən körpüyə tələsdi. Əsəbindən termosa təpik ilişdirəndə içindəki zərli şüşə çilikləndi. Tilovdan yapışıb dartdı. Soxulcan yerində qıvrılırdı. Kabab yeyəndə yerə düşən çörəyin qırıntısını tüpürcəyində isladıb xəmirləşdirdi, ikinci qarmağa keçirdi. Soxulcana gəlməyən xəmirə gələr. Tilovu təzədən suya atdı.
Dəqiqələr keçir, tilovu qaldırıb balığın qarmağa keçib-keçməməsinə baxır, şarı bərkidir, nəbzi sürətlənirdi. Axı, necə ola bilərdi ki, ömrü boyu hamını qarmağına keçirən milyonçunu bir balıq saya salmasın? Axı, necə ola bilərdi ki, əl boyda balıq beş dəqiqəlik məsuliyyətsizliyinə görə qarmaqdan canını qurtarıb indi ona quyruğunu şappıldatsın?
O, yeyin-yeyin var-gəl edir, özünə təskinlik verirdi. Qonşudan eşidilən musiqiyə xırıltılı səsi ilə qışqırıb kəsmələrini tələb etdi. Yeznəsinin İsveçrədən zəng etməsinə də telefonu qapayıb çəmənliyə tulladı. Tilovdan yapışıb pıçıldayır, arada qışqırır, yalvarırdı: “Gəl...gəl...keç qarmağa...məni öldürmə...yazığın gəlsin...”.
Balıq isə qarmağa keçmirdi. Günəş çoxdan qüruba enmişdi. O, tilovu yerində saxlayıb körpüdən endi. Ümid etdi ki, gecədən səhərə qədər qarmağa keçər, səhərə sürpriz olar.
Yuxuda sayıqladı, təpik atdı, divarı yumruqladı.
Səhər duranda bütün bədəni tərin içində idi. Gecə paltarlı halda yatdığından elə də durdu. Aclığın onu komaya sala biləcəyini düşünməyib gölə doğru yüyürüb suya baxdı. Sakitlik idi. Gözlərinə qan dolmuşdu. Qorxulu sifətlə tilova doğru getdi. Bəlkə də gecədən qarmağa keçib – sevinci ilə tilovdan yapışdı. Gözlərini yumub pıçıldadı. Onun nə dediyini balıq eşitmirdi.
Tilovu qaldırdı. Soxulcandan, xəmirdən savayı heç nə görmədi. Başını əlləri arasına alıb bir müddət dayandı. And içdi ki, bu evdə sonuncu yeyəcəyi yemək o balıq olacaq. İkinci andını da içdi: “Səni ancaq tilovla tutacağam”.
Başının zərblə guppuldaması bağın hasar olan hissəsinə gedib şlanqı darta-darta gətirməsinə maneçilik törətmədi. Onun bir ucunu küçədəki kanalizasiya quyusuna saldı. Yoldan keçən qadının baxmasına “gözünü nə zilləmisən” – deyə qışqırdı. Qadın arxasına baxmadan qorxa-qorxa uzaqlaşdı. Görünür, adı dillərdə gəzən milyonçu qonşusunu üst-başı palçıqlı, sifəti tüklü, gözlərini qanlı görməmişdi.
Şlanqı bir az da quyuya itələyib bağa qayıtdı. Digər ucunu da gölə saldı. Qamışlığın arasında gizlənən balıq evin sahibinin hansı dəhşətli əmələ əl atacağından xəbərsiz idi. Su mühərrikinin işə salınması ilə gölün səviyyəsi enməyə başladı. O, əlini belinə qoyub gülümsədi. Sonra mənzilə keçib təzyiqölçəni qoluna sarıyıb ölçdü. Təzyiqi qalxmışdı. Limonu sovura-sovura cəld gölün yanına addımladı. Ölü kimi yeriyirdi. Gözləri yarıyumulu halda gördü ki, göl quruyur. Su mühərrikini söndürdü. Yalnız ortada - ikimetrlik dairədə su qaldı. Balıq orada idi. Sevincindən çəmənlikdə uzanıb əllərini başının arxasına keçirdi. Limonu sonuncu damlasına qədər sovurdu. Ləti ağzının qırağından sallandı. Dirsəklənib quruyan gölə baxdı. “Həyat necə də gözəldir”. Ayağa qalxıb kömür kisəsini manqalın yanına qoydu.
Suyun azalmasını görən balıq palçıqda qalacağını hiss edib özünü axara buraxmışdı. Palçıqda ancaq qurbağalar qalıb domba gözlərini bərəltmişdilər. Suda-quruda yaşamaq qabiliyyətinə malik olduqlarından hoppana-hoppana balaca dairəyə düşəcəklərinə arxayın idilər. Buna genetik qabiliyyətləri imkan verirdi. Amma balıq qurbağa kimi susuz qala bilməyəcəyindən diribaşlıq edib axarla üzmüşdü.
Onurğa sütununun sancısından ufuldayıb qalxması on dəqiqə çəkdi. Sağ əlini belinə qoyub tilovu körpünün üstündən götürüb gölün sulu dairəsinə atdı. Qarmağın ucundakı soxulcanın ölüsü büzüşüb armud saplağına dönmüşdü. Onu dartıb tulladı. Bağın qaratorpaq yerinə gedib 5-6 soxulcan çıxardı. Sonra qarmağın ucuna soxulcanların hamısını keçirdi. Birindən yan keçəndə digərini udub milyonçuya qalibiyyət bəxş etsin.
O, diz çöküb tilovu atdı. Uğur əldə edəcəyinə dəqiqələrin qalmasını düşünüb başını çevirib manqala baxdı. Fikrini yenidən tilova yönəltdi. Gölün sulu hissəsində balığın üzməsini aydın müşahidə edirdi. Balıq üzdükcə tilovu ora çevirirdi. Təki soxulcanları görsün...təki iştaha gəlsin...təki nəfsinin əsirinə çevrilsin...
Səhərdən pərən-pərən düşən qara buludlar indi bir yerə cəmlənib qorxulu obraz yaradırdı. Yağış damcıları çiyninə, qulağına, burnuna düşəndə əhəmiyyət vermədi. Dazında lampa qırıntısından yaranan yaraya düşəndə səksəndi. Çətir gətirməyəcəyinə söz verdi. Bu əclaf balığın qarmağa keçmə anını qaçırmaq istəmirdi. Nəhayət, ikigünlük əzabına son qoyulacaqdı. Yağışın damlaları yüz minlərlə vedrəyə dolub aşağı şırıldanırdı. Çiynindən aşağı damlalar süzüldü. Üşüsə də, içindəki ümid ruhuna təpər verirdi. Ancaq bu təpərvermə beş dəqiqədən çox çəkmədi. Çox üşüyürdü. Pıçıldayır, yalvarır, qışqırır, iyrənc söyüşlər yağdırır, arvadsayağı qarğışlar səsləndiridi. Balıq isə qarmağa keçmirdi.
Yağış kəsdi. Balığın ürəyinə gələn başına gəldi. Balaca canlıya ümid verəcək yağış xırp kəsildi, üzməyində narahatlıq müşahidə edildi. Ev sahibi sevincindən qışqırdı.
Musiqi eşidildi. Müştəri zəng edirdi. Telefonda dedi ki, bir saatdan sonra gələcək. Gözləri tilovda qala-qala qışqırdı ki, 2 saata gəlsin. Müştəri razılaşıb telefonu qapadı. Saatına baxdı. Onun gəlməsinə qədər nəsə alınacaqdı. Tilovu balığın üzmə istiqaməti ilə hərəkət etdirirdi. Amma bu hərəkət nizamlı qaydada alınmırdı.
Bir saat keçdi. Müştərinin gəlməsinə yalnız bir saat qalırdı. Nəsə etməlidir.
Gözləri hədəqəsindən çxımışdı. Balığın üzməsinə baxıb ona lənət yağdırdı. Tilovu tullayıb su mühərrikinə yaxınlaşdı. İşə salıb qışqırdı: “Mənə qismət olmayan sağ qalmır”. Bir azdan göl tamamilə qurudu. Balıq ağzını açıb-yumur, havasızlıqdan ölümə doğru gedirdi. Milyonçu əlini belinə qoyub gülümsədi.
Taksi xidmətinə zəng etdi ki, sürücü bir saatdan sonra qapıya gəlsin. Özü isə balığın canının çıxmasını gözlədi.
...Qapının zəngi çalındı. Müştərini qarşılayıb pulun qalanını aldı.
Onunla söhbətləşdi, zarafatlaşdı, evlə bir daha tanış etdi. Həyətdə əkilən ağaclar barədə məlumat verdi. Bir gözü isə balığın canının çıxmasında qalmışdı. Artıq tez-tez deyil, hər yarım dəqiqədən bir nəfəs alırdı. Arxayınlaşdı ki, daha ölür. Evə keçib palçıqlı paltarını çıxarıb zibilqabına atdı. Təzə paltar geyinənə qədər taksi sürücüsü də gəldi.
Müştəri ilə vidalaşıb maşına doğru getdi. Sürücüyə hələ sürməməyi tapşırdı. Bir siqaret çıxarıb odladı. Hansısa bəhanə ilə yenidən içəri girib balığın tamamilə ölməsini görmək istəyirdi. Bəhanə tapsa da...
Birdən...
Qulağına su mühərrikinin səsi gəldi. Qapını açıb bağa qaçdı. Ordan da gölün yanına. Evin təzə sahibi izah etdi ki, hərəkətsiz halda uzanan, ancaq hələ də nəfəs alan bir balıq gördü. İstəmədi ölsün, gölü doldurmağa qərar verdi. Milyonçu ona nifrətlə baxdı.
Balıq canlandı. Sonra quyruğunu şappıldatdı. Elə həvəslə üzürdü ki...
SON