Yarımçıq - Əyyub Qiyasın hekayəsi

Dayılarımın ən balacası Şəmildir. Düz sözümdür, Şəmil mənim dayımdır, amma mən ona heç oxşamadım, nə uşaqlıqda, nə də böyüyəndən sonra...
Aramızda cəmi üç yaş fərq var. Şəmil babamla nənəmin son birgə yaradıcılıq məhsuludur. Şəmil Allahın bəlasıdır, amma nənəm onu çox istəyir. Şəmil doğulandan bir il sonra babamı maşıb vurub və Şəmilə dərman almağa gedən kişi evə tabutda qayıdıb... Amma nənəm Şəmili yenə çox istəyir.
Dayılarım arabir Şəmilin qulağının dibini “qızdırırlar”, çünki bəzən o hamının içində tərbiyyəsizlik edir və belədə qulaq qızdırmaq o hərəkətə görə mükafat kimi bir şey olur. Şəmil gözünün süyunu burnunun suyuna qarışdıra-qarışdıra ağlayır, dayılarımı nənəmlə qorxudur, amma arvada heç nə demir. Şəmilin bu xasiyyətindən, yəni xəbərçilik etməməyindən xoşum gəlir. Çünki dayılarımdan hansınınsa arvadının yanında təhqir olunmasını istəmirəm. Nənəmsə qəhrəmandır, əlindən hər şey gəlir.
Dayılıraım yaşca çox böyükdür, amma nənəmdən it kimi qorxurlar. Nənəm qəhrəmandır axı... Filan qədər orden-medalı var. Amma mən nənəmdən qorxmuram, çünki evin tək oğluyam, nənəm məni də çox istəyir.
Ortancıl dayımla Şəmilin arasında on bir il fərq var. Arada nənmin bir-iki uşağı da olub, amma böyüməyə ərindikləri üçün ölüblər. Bunu Şəmil deyir.
Deyir, bilsəydim mən də uşaqlıqda ölərdim, böyüməyə həvəsim yoxdur, indi də ölmək istəmirəm.
Amma Şəmil yaşayır və nənəm onu çox istəyir.
Böyük dayımın arvadı urusdu. Siz biməzsiz rusla urusun fərqini. Dayım əsgərlikdən qayıdanda, onu Saratovdan qoltuğuna vurub gətirib. Adı Anyadır. Amma nənəmdən və məndən başqa nədənsə hamı ona Ənyə deyir. Nənəm ona müsəlman adı verib – Ayna! Mənsə onu öz adıyla çağırıram – Anya!
Uzun müddət hamımız elə bilirdik ki, nənəm gəlininə doğrudan da müsəlman adı verib. Amma mən böyüyəndən və nənəmin qəhrəmanlığından bir şey qalmayandan sonra başa düşdüm ki, arvadın dili yatmırmış Anya deməyə, ona görə də “N” hərfiylə “Y” hərfinin yerini dəyişib deyirmiş.
Bir gün Şəmil neyləmişdisə Anyanın qışırığı həyəti başına almışdı. Gəlin başqa heç nə demirdi, brcə: – “On nedonoşennıy!” – deyib, çığırırdı. Dayım nə qədər elədisə Anya Şəmilin nə etdiyini boynuna almadı. Mən Anyanın “ne donoşennıy” sözünün mənasını başa düşməsəm də, yaxşı söz olmadığını bilirdim. Şəmilsə elə bilirdi ki, Anya ona yaxşı söz deyir. O hadisədən sonra, Şəmil əsgərlikdən gəlib onu özüylə Saratova aparana qədər Anya ona “nedanoşennıy” dedi və hamı bu sözə alışdı.
Hə Şəmil neyləmişdi? Yəqin o gün mənə rahatlıq verməyən maraq indi sizi də narahat edir. Qoy deyim... Anya hamamda çiməndə Şəmil ayağı altda nərdivan qoyub ona baxmışdı, Anya da bunu ancaq çimib qurtaranda, paltarlarını geyəndə görmüşdü. Mən bunu lap sonralar eşitdim. Anya qocalandan sonra danışdı bunları mənə. Bir gün Şəmilin həyətdəki taxtı üstə oturub rus ləhcəsiylə danışa-danışa:
– Şəmil yaxşı oğlan idi, – dedi, – uşaqlıqda nə qədər dəcəl, nə qədər tərbiyyəsiz idisə, böyüyəndən sonra tamam dəyişmişdi. – Sonra Anya gözlərini alça ağacının çiçəklərinə zilləyib, bir qədər fikrə getdi, nəsə xatırlayıb, güldü. O güləndə hiss etdim –Anya qocalmışdı. Çünki bir vaxtlar hamımız Anyaya vurulmuşduq. Ondan qəribə, əvəzsiz ətir iyi gəlirdi. Arada xəlvətə salıb bir-iki dəfə onun bənövşə rəgli donunu iyləmişdim. Bizim qadınların heç birindən elə iy gəlmirdi. Hətta anamdan da çox vaxt yağ-soğan iyi gəlirdi və bəzən istəyirdim ki, anamdan da Anyanın ətri gəlsin.
Düz sözümdü vallah, Anya qocalmışdı. Mırıq dişləri, sallanan yanaqları, qırışmış dərisi onun qocalığını adamın gözünə soxurdu.
Sonra Anya qəfildən hönkürdü. Əli ilə Şəmilin taxtını oxşaya-oxşaya ağladı. Hiss edirdim ki, Anya darıxdığından, təkliyindən ağlayır.
– Şəmil yaxşı oğlan idi. Otuz bir il dayınla yaşadıq, bir dəfə də ağlından keçmədi ki, mən qəıribəm, mənm də vətənim var... Amma Şəmil əsgərlikdən gələn kimi məni götürüb zornan Saratova apardı. Anamın səksən yaşı vardı, atamsa ölmüşdü. Arvad məni tanmıadı… – Anya susub üzümə baxdı:
– Çox dəyişmişəm? – elə soruşdu ki, sadəcə yalandan:
– Yox, – dedim, – mən səni necə görmüşəmsə, elə də qalmısan, – cavab verdim.
Sonra Anya Şəmilin o çimənədə hamamın balaca pəncərəsinə dırmaşıb, baxdığını danışdı. Amma daha əsəbiləşmədən, çığırmadan danışdı. Hiss edirdim ki, o anları xatırlayıb, ləzəəzt alır:
– Yaxşı günlər idi, vallah, – Anya dedi, – hamı bir-biriynən qaynayıb-qarışırdı. İndiki kimi olsaydı, bir gün burada qala biləzdim. Hamı başıma and içirdi.
– Yadımdadı... – dedim.
– Sən onda balacaydın.
– Amma hər şey yadımdadı.
Anya fikrə gedib susdu. Sonra mənə baxıb:
– O vaxt Şəmil mənə baxdığını sizə danışmışdı? – maraqla xəbər aldı.
– Yox, – dedim, – amma ogündən sonra hər dəfə dəniz sahilində qumdan lüt qadın düzəldib, üstünə uzanırdı.
– Şəmil mənə vurulmuşdu, – Anya hansısa dövlət sirrini açırmış kimi pıçıltıyla dedi. – Sarataova gedəndə yol boyu mənim cavanlığımdan danışdı. Onda hiss elədim ki, uşaqlıqda mənə vurulubmuş. Amma Şəmil sənin dayıların arasında ən yaxşısıydı. Nənən ərköyün böyütmüşdü onu. Yoxsa onun kimi oğlan yox idi ki, bu kənddə.
Dayım öləndən sonra Anya tamam tək qalmışdı. Övladları olmadığından, dayım başqa arvad alıb rayon mərkəzində yaşamışdı. O arvaddan bir oğlu, bir qızı vardı dayımın, amma dayım Anyanı sevdiyi kimi heç kəsi sevmirdi. Bunu hamı bilirdi.
Anyaya mən baxırdım... Baxırdım deyəndə ki, anamın vəsiyyətini yerinə yetirirdim, arvad öləndə mənə tapşırmışdı onu. Məcbur idim, bayramdan-bayrama da olsa ona baş çəkirdim.
– Nə deyirdin Şəmilə? – Anyadan xəbər aldım.
– Nə deyirdim ki? – gözlərini döyə-döyə mənə baxdı.
– Ad qoymamışdın ona, nə deyirdin hamam söhbətindən sonra Şəmilə?
Anya çiyinlərini çəkdi:
– Bilmirm. Yadımda deyil ki…
– Ne donoşennıy demirdin ona?
– Həəə... – Anya uğunub getdi. – Onu deyirsən?
– Düz deyirdin... Yəni sənin dediyin oldu. Basdıranda mən qoydum onu qəbirə... Yarısı yox idi Şəmilin...
****
Gecə saat 3-də telefon zəng çalanda anamın tir-tir əsdiyini gördüm. Arvad mənə baxa-baxa:
– Götürmə, – dedi, – yuxumu qarışdırmışam, yaxşı xəbər olmayacaq.
Telefon susmurdu...
– Eşidirəm...
Kimsə ağlayırdı xəttin ö üzündə.
Anamın xətirinə dəstəyi yerinə qoyub, telefonu xətdən ayırmaq keçdi beynimdən, elə bil mənimlə danışmaq istəyən adam bunu hiss etdi və tez danışmağa başladı:
– Şəmil minaya düşdü. Allah rəhmət eləsin... – Sonra ani bir pauza oldu xətdə, sonra adam yenə danışdı. – Sabah səhər saat doqquzun yarısında Zabrat aeroportunda olun, qarşılayın... Çoxlu yaralı, şəhid var... Getdi uşaqlar, getdi...
Adamın göz yaşları telefon dəstəyindən üzümə sıçradı, yoxsa mənim gözümdə yaş nə gəzirdi... Axı mən ağlaya bilmirəm...
Dəstəyi sinəmə sıxıb, anama baxırdım. Heykələ dönmüşdü. Məndən heç nə soruşmurdu. Gözləri də yaşarmamışdı, amma içindən ağladığını dəqiq bilirdim. Çünki heç vaxt yanımda ağladığını görməmişdim... Və görmədim də...
Yaxşı yadımdadır... 1991-ci ilin 20 yanvar səhəriydi. Metro pulsuz... Çayxanalarda ehsanlar... Bakı hüznlü və dolmuş. Bakı da anama oxşayırdı o gün. İçindən ağladığını hiss edirdim onun da.
Zabrat aeroportunda adam əlindən tərpənmək olmurdu. Helikopter 6 saat gec gəldi və həmin vaxt ərzində Allah bilir burada olanlar hərəyə neçə dəfə ölüb dirildi.
Helikopterdən qan iyi gəlirdi...
Şəhidlərin içində Şəmil yox idi.
Helikopterlə gələn zabitlərdən biri dilucu dedi ki, axşama yaxın bir helikopter də gələcək, yəqin Şəmili onunla gətirəcəklər.
Şəmil o axşam da gəlmədi.
Anamdan qaçırdım. Altı gün idi evə gecədən xeyli sonra gəlirdim. Gecələrin birində anam mənə:
– Qardaşımın meydini qurda-quşa yem elətmə, – dedi. Cavab verməsəm də, qərara aldım ki, səhər açılan kimi cəbhə bölgəsinə yollanım.
Yuxudan telefon səsinə oyandım. Anam evdə yox idi. Dəstəyi qaldırıb:
– Eşidirəm, –dedim.
Tanımadığım səs:
– Şəmil Abdullayev adlı qohumunuz var? – soruşdu.
– Var, – dedim və altı gün əvvəl eşitdiyim xəbərdən necə ölüb dirilmişdimsə, yenə eynən – ölüb dirildim.
– Ayna Sultanovadakı hospitalda, cərrahiyyə şöbəsindədir. Ailəsinə xəbər verin.
Nə baş veriyini yenə anlamadım. Amma telefon susurdu.
Tələsik üz-gözümə su vurub hospitala yollandım. Cərrahiyyə şöbəsindəki 56-cı palatadaydı Şəmil... amma yarısı yox idi.
Bilmirdim sevinəm, yoxsa kədərlənəm. Yatağının yanında dayanıb uşaqlıq illərinin xoş anlarını xatırladım. Xalamgilin iti məni dişləyəndə Şəmil məni çiyninə alıb tibb məntəqəsinə qədər qaça-qaça aparmışdı. Amma daha məni tibb məntəqəsinə qədər aparan ayaqlar yox idi. Şəmil balaca uşaq boydaydı. Lap yaddaşımda qalan xatirələrdəki Şəmil boyda.
Əsgərlikdən qayıdandan sonra nənəm Şəmili polisə düzəltdi. Müharibə başlayanda orduya da polisdən getdi Şəmil, sonra qayıtmaq istəmədi. Nənəm nə qədər elədisə, razılaşmadı.
– Uğaqlardan ayıbdır, – dedi, – onlar vurşsunlar, mən evdə yorğan altda necə gizlənim?
Sonradan Şəmil bir dəfə üç günlük məzunuyyətə gələndə mənə dedi:
– Qaqaş, (uşaqlıqan mənə elə deyirdi) orada hamı bir-birinə görə qalıb vuruşur... Bir-birimizə görə olmasaydı, heç kəs evini-eşiyini atıb getməzdi cəbhəyə.
Səkkiz ay əvvəl yaralananda Gəncədəki hospitala baş çəkməyə getmişdim yanına. Vəziyyəti yaxşıydı. Deyib-gülürdü. Sonra adama bir siqaret “öldürmək” üçün dəhlizə çıxanda yenə əlini çiynimə qoyub:
– Yadına gəlir, – söylədi, – sənə deyirdim ki, orda hamı bir-birinə görə qalıb vuruşur, yadındadı?
Başımı tərpətməklə xatırladığımı bildirdim. O da siqareti birdəfəyə çəkib, kötüyünü atandan sonra davam etdi:
– Bax elə Vətən odu da... Biz bir yerdə – bütövlükdə vətənik.
Demək istədiyi cümləni qura bilməsə də, onun nə demək istədiyini yaxşı başa düşürdüm.
Vətən yarımçıq gəlmişdi üstümüzə... Anyanın dediyi kimi “nedonoşennıy” gəlmişdi.
Şəmil hospiltaldan çıxanda gördüm: onu bizdən də çox istəyən cəbhə dostları, səngər yoldaşları vardı. Çoxunun ayağı axsaq, qolu yox...
Amma Şəmil yarımçıq çox yaşaya bilmədi. Cəbhədən – vətəndən yarımçıq qayıdandan sonra həyətdəki alça ağacı altda özünə taxt düzəltdirib, üstündə oturdu, elə oradaca yatdı... Ovaxtlar çoxlu kitab oxuyurdu... Kitabların əksəriyyətini mən alıb göndərirdim ona. Televizora qətiyyən baxmıdı. Deyirdi, hər şeyi yalan danışırlar orada. Arabir Anyayla zarafatlaşırdı.
Dayım, yəni Anyanın əri bir gün səhər yuxudan oyananda Şəmili taxtdan yıxılmış görmüşdü.
Şəmil dözə bilmədi yarımçıq yaşamağa... Ürəyi ilə danışa-danışa bir müddət zülüm etdi ona və bir gün o ürək bu qədər zülmə dözə bilməyib bezdi Şəmildən...
****
– Anya, Şəmil yarımçıq getdi bu dünyadan... Sən necə demişdinsə elə də oldu... Sənin ağzın fal imiş.
Bu sözləri çoxdan demək istəyirdin Anyaya. Anamın xatirəsi olmasaydı bəlkə də bir vaxtlar Şımilə elə dediyinə görə onu təhqir edərdim. Sözüm tutdu Anyanı, üzünü əlləri ilə örtüb ağladı, sonra üzümə baxıb az qala yalvararaq dedi:
– Məni onun yanında basdırarsan, nə olar!
2011