Görmədim dünyadan, ömürdən doyan - İlyas Tapdığın şeirləri

İlyas Tapdıq - 85
GƏDƏBƏYDƏDİR
Soruşdun, hardanam, Hüseyn Xaloğlu
Ömrümün binası Gədəbəydədir!
Anamın boynuma dolanan qolu,
Yuxumun laylası Gədəbəydədir!
Hər kəs bu yerlərdən olubsa halı,
Dilinə dəyibsə bir qaşıq balı,
Söyləyər dolansa bütün mahalı,
Dərdlərin davası Gədəbəydədir!
Yumru qayaların qızıl xınası,
Düzyurdun, Şınığın təmiz havası,
Aslanın yatağı, şirin kahası,
Tərlanın yuvası Gədəbəydədir!
Gəzib dolaşanda binələrini,
Əzmə çiyələyin dənələrini.
Dərənin dərini, suyun sərini,
Dağların qocası Gədəbəydədir!
Dağlardan tökülən gur şəlalələr,
Çəmənə od salan yanar lalələr,
Ayaz gecələrdə düşən jalələr,
Otların sırğası Gədəbəydədir!
Uca zirvələrin minillik qarı,
Daşlara ilişən duman layları,
Qərib durnaların haça qatarı,
Kəkliyin sədası Gədəbəydədir!
Dəli Koroğluya çəkilən zillər,
Çəçələ barmaqla, vurulan güllər,
Gözəllər eşqinə “Gözəlləmə”lər,
“Sarıtel” havası Gədəbəydədir!
O dostla sevinir, dostla öyünür,
Dostları görəndə açılır eyni,
Dəli çobanların qızanda beyni,
Çomağın davası Gədəbəydədir!
Qızıl gül açılar üzdə,yanaqda,
Çiçəyin ətrini duyarsan yazda,
Cüyür öz əksinə baxar bulaqda-
Suların aynası Gədəbəydədir!
Cığırlar yollara calaq calaqdır,
Ceşmələr çaylara budaq-budaqdır.
Qayalar təpədə qalaq – qalaqdır,-
Koroğlu qayası Gədəbəydədir!
“Çayyurd”,”Çətindərə”, “Şır-Şır”, “Arxaşan”,
Qalakəd üstündə üç çay qarışan,
Yeddi qat göy ilə hüsnü yarışan
Cənnət tamaşası Gədəbəydədir!
Bilən yaxşı bilir həqiqətdi bu,
Yayda dirədöymə, qışda qar topu,
Çoban bozartması, tava kartofu,
Camışın xaması Gədəbəydədir!
Dünyanın ən gözəl çəməni-çölü
Torpağın ən zərif çiçəyi-gülü
Meşənin payızda dəyən əzgili,
Behiştər alması Gədəbəydədir!
Ağzının ləzzəti xəstənin , sağın
Qatığın, qaymağın, ayranın, yağın,
Axşamdan sabaha yanan ocağın,
Ülfətin mənası Gədəbəydədir!
Görmədim dünyadan, ömürdən doyan
Zamandır saçları gümüş boyayan;
Yüz yaşın üstünə təzə yaş qoyan,
Ərənlər anası Gədəbəydədir!
İlyasam, el üçün qaynayır qanım:
Elsiz kimə gərək şeirim dastanım
Bu barlı, bəhrəli Azərbaycanın
Bir kiçik parçası Gədəbəydədir!
MÜŞFİQİN
Ülvi xatirənin ülvi məskəni-
Bura doğulduğu yerdi Müşfiqin!
Ruhu səmalardan enir torpağa -
Hər il təzələnir dərdi Müşfiqin!
Bu müqəddəs yurdda, güllü dərədə,
Eşqi qanad verdi bülbüllərə də;
Hələ doğulmayan nəsillərə də,
Doğulduğu torpaq pirdi Müşfiqin!
Burda söykəndiyi hər daş mizidir,
Quşlar xəyalının qalan izidir.
Ölməz şeirləri həyat rəmzidir,
Hər zaman təzədi-tərdi Müşfiqin!
Düşmənin əliylə boğuldu səsi,
Yetmədi haraya dostu, kimsəsi...
Coşqun şəlaləydi eşqi, nəfəsi,
Zaman qiymətini verdi Müşfiqin!
NƏBZİMDƏ DÖYÜNƏN
VƏTƏN NƏBZİDİR
Nəbzimdə döyünən vətən nəbzidir,
Yurdun ağrıları mənə tanışdır.
Vətən ürəyimin qəm dənizidir,
Göz yaşım dəyməyən yer qalmamışdır.
Möhkəmdir düşmənin söykəndiyi dağ,
Döyüb sinəsinə, coşur hələ də!
Doğma Qarabağda hava, su, torpaq
Çırpınan quş kimi qalıb çələdə...
Köçkünlük həyatı bezdirib xalqı,
Nə sevinci sevinc, nə qəmi qəmdir.
Vətənsiz, torpaqsız tapdanar haqqı,
Köçkünlük sürgündən ağır sitəmdir.
Qarabağ sinəmdə bir yara kimi,
Ürək ağrısıtək sızıldar daim.
İlahi, bu dərddən yanan sinəmi,
Xalqı xəcalətdən qurtaracaq kim?
MƏRD DƏ, NAMƏRD DƏ...
Mərd də iş görür,
namərd də -
Namərdin işi
mərdə quyu qazmaqdır;
Mərdə böhtan,
iftira yazmaqdır.
Mərd də iş görür,
namərd də -
Namərd əyilir, -
xəsarət yetirir mərdə!
Var namərd də,
sakit, tədbirli
Həm də dəhşət məkrli!...
Gəzər ara-bərədə
sərbəst, ağıllı;
Mərdi yıxar - namərdin
içindəki paxıllıq!
KƏNDİMİN OĞULLARI
Bu məclisdə gör nə qədər adam var!
Mərd anadan doğulanlar var olsun!
Ad-sanıyla ucalara çatan var,
Yurdu üçün çovuyanlar var olsun!
Mərd anadan doğulanlar var olsun!
Zahid Aslan enib gəldi Daryurddan,
Məmməd - Məmli söhbət saldı saf oddan;
Cəmil dedi: - Qoç kəsərəm sabahdan,
Görüm gələn yolların par-par olsun!
Eli sevən mərd oğullar var olsun!
Dar olmayıb qonağına Daryurdum,
Koroğlusu burdan gedib Bayburdun!...
Buradır ilk yurdu Dədə Qorqudun,
Həm Usufu, həm Əsgəri var olsun!
Yaxşı dostu - Müzəffəri var olsun!
Uzaqsa da kəndin yolu şəhərdən,
Mən gəlirəm, qurtarıram qəhərdən...
Dostlar qoyur süfrəyə bal-bəhərdən,
Azərləri, Məmmədləri var olsun!
Əliləri, Əlfətləri var olsun!
El içidi, hər şey üzdə, sirr yoxdu,
Dağlar pirdi, burda yalan pir yoxdu;
Bizdə əyri, nadürüstə yer yoxdu,
Varlısı da, kasıbı da var olsun!
Salahı da, Sahibi də var olsun!
Pənahı da, Şahini də var olsun!
Bircə dərd var-könül qırır yol işi,
Kaş bu haqda düşünəydi hər kişi,
Mən demirəm bu dərdi sözgəlişi,
Yola hörmət qoyanları var olsun!
Eldarları, Zamanları var olsun!
Sabirləri, Cahanları var olsun!
Köçərigil kəndimizin lap başı,
Aşağıda Oruc bəydi qardaşım...
Bakir, Natiq, Möhü, Salman qaqaşım,
Hər birinin uğurları var olsun!
Qeyrət çəkən oğulları var olsun!
Tükənməzdir bu könüldə xoş istək.
Heç bir yeri sevməmişəm bu yertək;
Ürək birdir, bir yerə də uyur tək,
Ağsaqqalı dinləyənlər var olsun!
Bu şenliyi şenləyənlər var olsun!
Mən İlyasam, Tapdıq mənim babamdır,
Ömür sürüb getdiyi yer obamdır.
Hər xoş arzum cavanlara duamdır;
Teymurları, Toğrulları var olsun!
Yurdu sayan oğullardı! Var olsun!
Elə hayan oğullardı! Var olsun!
DAĞLAR
Yaşayan nağıldı Yaqublu Məcid,
Oydu bu mahalın Sultanı, dağlar!
Talıb oğlu Novruz, Mustafa ağa,
Atından salırdı düşməni, dağlar!
Çayyurd, Cətindərə bərədi, bənddi,
Dağların sinəsi meşədi, kənddi.
Cəfərqululardan törəyən mərddi
Cahangir Şınığın aslanı, dağlar!
Nankor qonşuların vardı amacı ,
Qana bulamışdı neçə yamacı.
O vaxt el yetirdi Nuqa Namazı -
O pələng ürəkli insanı, dağlar!
Hanı ellərimin gülən çöhrəsi?
Qartalın qıyyası, şır-şırın səsi...
Fıstığın, vələsin dilbər meşəsi? -
Seyrəlir yurdumun ormanı, dağlar!
Yaşıdın zamana özün yiyəsən.
İlyasın könlünü qırdın niyə sən?!
Varmı bir övladın, özün deyəsən -
Xoş keçib əvvəli, həm sonu, dağlar?!
Təqdim etdi: Tural Adışirin