manera.az
manera.az

Dəli könlüm, qanadlanıb uç görüm - ŞEİRLƏR

Dəli könlüm, qanadlanıb uç görüm - ŞEİRLƏR
MANERA.AZ Aləm Kəngərlinin şeirlərini təqdim edir:

Bu dağların dərdli günü olmasın

Xalq şairi Məmməd Araza ithaf olunur

Bu dağların havası nur, suyu nur,
Yamacları çən-dumanda yuyunur.
Günəş baxcaq, otlar şehin soyunur,-
Vurğun gözlər necə seyrə dalmasın?
Bu dağların dərdli günü olmasın.

Şəlalələr qayalardan tullanır,
Dağ döşündən mirvaritək sallanır.
Sevgililər hey görüşə yollanır,
Bircə, yaşıl çəmənləri solmasın,-
Bu dağların dərdli günü olmasın.

Qartalları yorulmadan qıy vurur,
Zirvələrdə məğrur-məğrur oturur.
Qayaların keşiyində sar durur,
Axı könül necə ilham almasın?
Bu dağların dərdli günü olmasın.

Hər iz, cığır adam gəzir təkləyə.
Belə yerdə nə var dözmək təkliyə?
Qənim olub xınalı bir kəkliyə,
Təki, güllə daşlara səs salmasın.
Bu dağların dərdli günü olmasın.

Dərələrin yaşıl donlu bənizi,
Xatırladır ləpələnən dənizi.
Qış gələndə qar tutmasın hər izi,
Dağ keçisi ac-yalavac qalmasın,
Bu dağların dərdli günü olmasın.

Qoy yoxuşlar qocaları səsləsin,
Zirvələrə gənclər ümid bəsləsin.
Havalansın bulaqların nəğməsi,
Dəli külək qəm havası çalmasın,
Bu dağların dərdli günü olmasın.

Batabat

Gül-çiçəkdir dərələrin qırışı,
Göz oxşayır hər yanı, hər qarışı.
Ara vermir bülbüllərin yarışı,
Hansı gözəl - bir-birindən seç görüm.

Dağ səslədi, çıxammadım sözündən,
Güc topladım bulaqların özündən.
Çox demirəm, Zorbulağın gözündən
Birnəfəsə beşcə qurtum iç görüm.

Ürək necə kükrəməsin, coşmasın,
Mehman olub, şəninə söz qoşmasın.
Bulaqların bayatısın, qoşmasın,
Dinlədinmi, sonra burdan köç görüm.

Hər çiçəyi, kolu ətir qoxuyur,
Çılpaq daşlar mamırdan don toxuyur,
Çeşmələri havalanıb oxuyur. –
Bu nə sirdir, nə hikmətdir, aç görüm.

Dağlar dartır buludların ətəyin,
Sahil yeyir ləpələrin kötəyin.
Bardaş qurub çoban çalır tütəyin,-
Dəli könlüm, qanadlanıb uç görüm.

Şimşək çaxır, göydə dönür naxışa,
Boz buludlar könül verir yağışa,
Nur ələnir dağa, düzə, yoxuşa, -
Bu sehirli mənzərədən qaç görüm.

Hər cığırın öz ünvanı, öz adı,
Hər bulağın öz avazı , öz dadı,
Ormanları həm məlhəm, həm qidadı,
Havasını, suyunu ud, ac görüm.

Lalələrın yanağında şehə bax,
Gül-çiçəyə sığal çəkən mehə bax,
Təbiətdə sevincə, bəh-bəhə bax,
Nolar, yurdum, məni də bir quc görüm.

Kərəntini al qocanın əlindən,
Kömək sözü çıxmayacaq dilindən.
Vəcdə gəlib vətənindən, elindən,
Qol tovlayıb sağa, sola biç görüm.

Axı könül necə ilham almasın,
Heyran olub, ona mehr salmasın?
Tanrım, tufan əcəl zəngi çalmasın,
Sarsılmasın bircə quş da heç görüm.

Kənar gəzir boz ayısı, pələngi,
Haray salmır ovçularin tüfəngi.
Təbiətin şah əsəri - çələngi
Batabatı seyr etmədən keç görüm.

Sənsiz

Əllərin, nəfəsin mənə dəyməsə,
Nəyimə gərəkdir bu ev, bu ocaq?
Bəlkə də sən mənsiz qala bilərsən,
Mən sənsiz yaşaya bilmərəm ancaq.

Alovam, istəsən buza dönərəm,
Dağ ikən əriyib toza dönərəm,
Səhraya dönərəm, düzə dönərəm,-
Mən sənsiz yaşaya bilmərəm ancaq.

Əyninə həsrətdən don geyib canım,
Pozulub düzənim, - qaradır qanım.
Yaşayar dillərdə şöhrətim, şanım,
Mən sənsiz yaşaya bilmərəm ancaq.

Nə ünün yetişir, nə səsin mənə,
Görüşsək, can verər nəfəsin mənə.
Xeyri dəyə bilər hər kəsin mənə, -
Mən sənsiz yaşaya bilmərəm ancaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930