manera.az
manera.az

Zadəgan təmkini - Sara Aşurbəyli

Zadəgan təmkini - Sara Aşurbəyli
Azərbaycan qadını silsiləsindən üçüncü yazı

Günel EYVAZLI yazır...

Ötən il teatrlarımızın birində repressiya qurbanlarına həsr olunmuş tamaşada iştirak etmişdim. Ssenaridə "Cavid ömrü" filminin motivlərindən də istifadə olunmuşdu. Tamaşanın kulminasyon nöqtəsində həm Sovetlərin dağılmasını istəyib müstəqilliyə can atan, eyni zamanda "bəlkə qarşımdakı da satqın olar, istəklərimi eşidib məni satar" qorxusuyla tir-tir əsən iki nəfərin söhbəti səhnədə canlandırılırdı. Bu zaman qəflətən ssenariyə uyğun olaraq satqınların həqiqi simasını açmaq məqsədilə SSRİ-nin himni səsləndirilir, üzdəniraqlar isə qorxaraq ayağa qalxır, əllərini ürəkləri üzərinə qoyaraq "Da zdravstvuet sozdannıy voley narodov, Edinıy, moquçiy Sovetskiy Sayuz!" kəlmələrini dilə gətirirlər.

Bu, rejissorun, ssenari müəllifinin səhnədə obrazının xarakterini büruzə vermək metodu idisə, amma zalda tamam başqa bir olay da baş verirdi. Mənim diqqətimi tamaşaçıların reaksiyası özünə çəkdi. Sovetlərin "şanlı" himnini eşidən "kəslər" (bəziləri. Onlar çox idilər) özlərindən qeyri-ixtiyari, hətta tamaşanın mahiyyətini belə unudaraq bu kəlmələri alqışlamağa başladılar. Bəlkə də ayağa qalxıb eyni pafosla, eyni jestlərlə əllərini ürəkləri üzərinə qoyub ifa da edərdilər, kim bilir?

Bir neçə saniyə öncə səhnədə canlandırılan Əhməd Cavadın ömür-gün yoldaşı Şükriyyənin mərdlik jesti deyəsən unudulmuşdu? Ya da unudulmamışdı, bilmirəm. Gurultulu alqışlar məni pərt etmişdi. Bu əlçalmalar nostalji hisslərdən yaranmışdımı? Yoxsa şüuraltı hərəkətə keçmişdi? Bilmirəm. Bircə bildiyim o idi ki, aramızda bu düşüncə sahibləri oluncaya qədər... Nə isə... Biz isə fədailərin xıncım-xıncım əzildiyi Sovet mexanizmini yadımıza salaraq bəzilərinin aldandığı zahiri parıltıya nifrət edərək əsl ziya adamlarının, əslzadələrin aramızdan qoparılmasının acısını ürəyimizdə sızıldada-sızıldada yaşadacayıq.

Hələ sevimli Ümmülbanunun (Fransada Banin kimi tanınan yazıçı - Ümmülbanu Mirzə qızı Əsədullayeva) "Buninin sonuncu döyüşü" avtobioqrafik əsərini oxuyunca uzun illər Fransada yaşamasına baxmayaraq, yazıçının keçmişini unuda bilməməsi, yerindən-yurdundan uzaq düşməsi, qohumundan-əqrəbasından qopması və temperamentlə, ürəyini parça-parça edən acısı ilə rus şairi Buninə "Məni rus qiyafəsinə bürüməyi sizə qadağan edirəm! Eşidirsiz, qadağan edirəm! Siz mənim vətənimi koloniyaya çevirdiniz! Sizin məşhur şairiniz Lermontovun dost simasında dilə gətirdiyi "xış kimi bizi çevirmək" istəyinizlə biz qətiyyən razı deyildik. Siz əgər mənim nənəmi görsəydiniz.

O, həmişə "xristian rus köpəklərini" görüncə necə tüpürməsini görsəydiniz, sizə qarşı münasibətimizin hansı həddə olmasını daha yaxşı təyin edə bilərdiniz. Nə mənim ailəm, nə nəslim, nə xalqım, nə də dinim heç vaxt rus olmayıb. Mənim şəcərəm özünün Əli-baba, Gülnar və Leylaları ilə Şərqdən çıxıb. Yaroslav və Tsaritsınadan yox! Bütün bunlara rəğmən sizlərə qarşı sülh hisslərimizi indi daha yaxşı anlamalısınız" dediyi sözlərdə emosiya, hiddət yüksək hərarətlə hiss edilir.
Zadəgan təmkini - Sara Aşurbəyli
Uzaq keçmişdə atasının, həyat yoldaşının "vətən xaini" damğası ilə kirlənən, çörəkpulu qazanmaq üçün heç yerdə işləməsinə icazə verilməyən Sara Balabəy qızı Aşurbəyli Elmlər Akademiyasında bayaq yuxarıda qeyd etdiyim müstəqilliyin dadını bilməyən, müstəmləkəçiliyi alqışlayan, canı, qanı bizdən olub, düşüncəsi bizdən olmayanlar tərəfindən suçlanılırdı. O, "Sən vətən xaininin qızısan", "Buna bax, tarix yazmaq istəyir", "Qanı təmiz olmayanlar tarix yaza bilməz" hiddətli kəlmələri önündə zadəgan təmkini, zadəgan sükutu nümayiş etdirsə də, tarix elmləri doktoru, şərqşünas Ziya Bünyadovun bu mənzərəni görüncə hayqırması "Siz nə edirsiniz, bu xanım böyük tarixçi alimdir" sözlərinin önündə özünü saxlaya bilməyib ağlayaraq zalı tərk edir.

Deyilənə görə, həyatında kürəyinə saplanmış bıçaqlara, xəyanətlərə, fəlakətlərə baxmayaraq, Sara Aşurbəyli təmiz qanlı kişi qızı kimi ayaqda dayanmağı, hər şeyə rəğmən gülümsəməyi, hətta rəsmlərini belə rəngarəng çəkməyi bacarırdı. Necə böyük, qüdrətli ruha malik olasan ki, baş verənlərdən sınmayasan. Bəlkə onu əyilməz edən tarixi missiyası idi? Bəlkə onun missiyasının adı Tarix idi, Azərbaycan tarixi? Axı hələ tələbə olarkən tarix dərslərini keçənlərə qarşı daxili küskünlüyü var idi. O, üzü-üzünə yalan danışan, tarixi saxtalaşdıranlara, özlərindən tarix uyduranlara nifrət edirdi.

"Əgər nə zamansa tarix yazmaq qismətim olardısa, mən onu doğru yazardım" söyləyirdi özünə. Sonralar "Şirvanşahlar dövləti", "Bakı şəhərinin tarixi" və digər kitablarını yazınca, "Mütləq Stalindən də yaz", "Mir Cəfər Bağırovu mütləq qeyd elə", "Sovetlərdən yaz" fikirləri onun üzərinə hücuma keçsə də, Sara Aşurbəyli "yaxşı, yazaram" deyib, saxta olan heç nəyi yazdığı tarix kitablarının bir sətrinə belə buraxmır. O, tarixin üzünə ləkə gətirəcək, ən əsası ləyaqətinə, şərəfinə, əsilzadəliyinə, lap elə vicdanına yaraşmayan məqamları kitablarının kandarında saxlayır. Onun tarixi araşdırma yazılarının daxilinə nə Stalin, nə Sovet, nə də Mir Cəfər Bağırov keçə bilmir. Sara Aşurbəyli Azərbaycanın saf, təmiz, tarixin şişirdilmiş liderlərindən uzaq Azərbaycan Tarixini qələmə alır. Küləyin əksi istiqamətinə getməyi bacarır.
Zadəgan təmkini - Sara Aşurbəyli
13 yaşı var idi...

Tez-tez Bakı zadəganları xeyriyyə məqsədilə pul toplamaq üçün yığıncaqlar, müasir dillə ifadə etsək - aksiyalar keçirərdi. Sara Aşurbəylinin anası İsmət xanım savadlı, ziyalı Azərbaycan qadını idi. O, rus, fars, Azərbaycan dillərini mükəmməl bilirdi. O səbəbdən də Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanımın ən yaxın rəfiqəsi və etibarlı katibi idi. Bütün xeyriyyə tədbirlərinin protokolunu İsmət xanım yazırdı. Günlərin birində, belə bir tədbirdə Tağıyev 13 yaşlı Saradan "Uzundərə" rəqsini oynamağı xahiş edir. Balaca qızcığaz qollarını açıb "Uzundərə"ni süzüncə milyonçular onu şabaş - pul yağışına qərq edir. Bu pullar Tağıyevin və onun kimi digər xeyriyyəçilərin Azərbaycan naminə növbəti istəklərini həyata keçirmək üçün lazım idi. Və bütün pullar qəpiyinə belə dəyilmədən xalq naminə xərclənirdi. Hətta uzaq Tatarıstandan, digər türk ellərindən Tağıyevə məktublar gəlirdi. Kimisi məktəb, kimisi məscid istəyirdi. Azərbaycan zadəganları onların arzularını da ürəyində qoymurdu. Mütləq dost əli onlara tərəf uzanırdı.

Sara Aşurbəyli poliqlot idi. Çox dil bilirdi. Fransız dilini ana dili qədər mükəmməl bilirdi. İstanbulda Müqəddəs Janna d-Ark adına fransız Kollecini bitirən Sara xanım, Azərbaycanda qaçaqaç dövründə, repressiyaların, sürgünlərin tüğyan etdiyi zamanlarda bircə fransızdilli kadrın qalmadığı bir vaxtda bu dilin yardımıyla xilas olur. Onun "ləkəli nəsli"ni yalnız bu bilgiyə görə görməzdən gəlirdilər. O, Pedaqoji Universitetdə fransız dilindən dərs deməyə başlayır. Eyni zamanda rəsm əsərlərini də sataraq dolanır. Sərgilərdən birində Sara xanımın "Göygöl" əsərini Meksika nümayəndələri almışdı. Deyilənə görə, bu əsər indi də Meksika muzeylərindən birində saxlanılmaqdadır.

Sara xanımın atası Balabəy Aşurbəyli də olduqca ziyalı insan idi. Tiflisdə rus gimnaziyasını bitirib iqtisad yönümlü kurs keçmişdi. O səbəbdən də Azərbaycanda bütün sahibkarlıq işlərinə şəxsən özü nəzarət edirdi. Nobellərə icarəyə heç nəyini verməzdi. Həm də Tağıyev qədər mesenat idi. Sara xanım xatirələrində öz iqamətgahlarından qovulmasını belə xatırlayır: "Atam Məşədi bəy Əzizbəyova külli miqdarda pul borc vermişdi. Bunu borc saymaq olmaz. Çünki müddətin keçməsinə baxmayaraq, verilən pul geri istənilmirdi. Əzizbəyov da qaytarmırdı. Bizi iqamətgahımızdan qovanda Məşədi bəy Əzizbəyovun oğlu evimizi müsadirə edəndə qarşısındakının kim olduğunu yaxşı bilirdi. O bilirdi ki, biz onun atasına külli miqdarda pul yardımı edən kişinin qızlarıyıq. Amma bütün bunlara rəğmən öz kobud, təhqiramiz rəftarı ilə bizi alçaltmaqdan belə çəkinmir, bu tərzdə "təşəkkürünü" bildirirdi. Pal-paltarımızı pəncərədən yerə atdırırdı. Mən bir şərtlə çıxaram ki, heç olmasa birotaqlı mənzil verilsin, dedim. Onlar isə mənə nəm, qaranlıq, rütubətli zirzəmini təklif etdilər. Mən belə yerlərdə yaşamağa öyrəşməmişəm deyib onlardan uzaqlaşdım. Həyatımda növbəti xəyanət ilə üz-üzə qaldım".
Zadəgan təmkini - Sara Aşurbəyli
Sara Aşurbəyli elə digər bacıları kimi xoşbəxt qadın deyildi. Bəli, ətraflarında olan bütün kişilər "vətən xaini" nəsli olduqları üçün onlara yaxınlaşmırdı. Biri, bircəciyi belə bu cəsarətdə bulunmamışdı. Sara isə gözləri yolda sürgündə olan həyat yoldaşını gözləməkdə idi. Nəhayət, o gün gəlib çatır. Mövsüm Salamov sürgündən qayıdır. Amma tək qayıtmır. "Sara, tanış ol, həyat yoldaşımdır" söyləyir. Sara məğrurcasına, "Xoşbəxt olun" deyərək zərrə qədər məyusluğunu hiss etdirmədən onlardan uzaqlaşır. Yenidən, ona qollarını açan elmə, kitablarına doğru tələsir. Onlara sığınır.

Sara Aşurbəyli "Bakı şəhərinin tarixi", "Şirvanşahlar dövləti" (bu əsərə görə ardıcıl olaraq 4 böyük mükafata layiq görülmüşdü), "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" kimi kitabların, onlarla araşdırma, elmi yazıların müəllifidir. Bu tədqiqatlarına görə o, Sankt-Peterburqda tarix elmləri namizədi, Tiflisdə tarix elmləri doktoru adına layiq görülmüşdü. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmışdır.

Xəzər Universitetində Sara xanımın 90 illik yubileyi münasibətilə düzənlənmiş tədbirdə Fəxri Doktor adını alınca, jurnalistlərin ondan "memuar yazmaq istəyirsinizmi?" sualına qətiyyətlə "yox" cavabını verir. Üstündən bir daha, heç vaxt yazmaram, söyləyir. Çünki yaralarla qət etdiyi ömür yolunu yenidən xatırlamaqla növbəti dəfə yaralanmaq istəmir.

"Şirvanşahlar dövləti" kitabını "Əziz qardaşım, Böyük Vətən müharibəsində həlak olmuş hərbi həkim Rəşad Balabəy oğlu Aşurbəylinin parlaq xatirəsinə ithaf edirəm" yazaraq, "Bakı şəhərinin tarixi" kitabını "1937-1938-ci illər repressiyasının qurbanı olmuş əziz atam Balabəy Teymurbəy oğlu Aşurbəyovun nurlu xatirəsinə ithaf edirəm" yazaraq, sanki bununla rahatlıq qazanmaq istəyir. Əslində, elə nəslinə, Nadir şah Əfşarın şəcərəsinə, şanına, şöhrətinə layiq kitablara imza atır. Öz tarixi missiyasını yekunlaşdıraraq tarixiləşir. Azərbaycan tarixində Sara Aşurbəyli imzası ilə ləkəsiz, "vətən xaini" olmayan, həmişə vətəni üçün can yandıran zadəgan nəslinin adını əbədiləşdirir./edebiyyatqazeti.az/

Zadəgan təmkini - Sara AşurbəyliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930