manera.az
manera.az

Şeir necə yaranır? - Yakubinski

Şeir necə yaranır? - Yakubinski
Bu kiçik məqalədə şeirin “dövrü-qədimdə” necə “əmələ gəldiyi”ni araşdırmaq fikrim yoxdur. Odur ki, meymunabənzər əcdadlarımızı, almaniyalı Byuheri (“İş və ritm”) və digər böyük dühaları narahat etmədən özümə belə bir sual vermək istəyirəm: Necə olur ki, rus, fransız və başqa dillərdə fikirlərini məharətlə ifadə etməyi bacaran vətəndaş İKS ömrünün nadir anlarında özündə “sadə və duru səslərlə dolub-daşan bulaq” kəşf edir? O, şeirləri haradan götürüb yazır?

Sual kifayət qədər aydındır, elə isə gəlin ona cavab verməyə çalışaq. Əvvəlcə razılaşaq ki, söz sənətinin ayrıca bir növü kimi şeirin özünəməxsusluğu nitqin səslənmə xüsusiyyətinə əsaslanır. Bu, aydındır. Əgər şeirdə “səslə” bağlı olmayan nəsə varsa, həmin “nəsə” səsə görə və ona nisbətdə yaranır, mövcud olur və dərk edilir; “səs” şeiri təyin edir; şeirin səslə bağlı xüsusiyyətlərini silsək, ortalıqda şeir-filan qalmaz.

Beləliklə, şeirşünaslıqda fonetik monizm, “davam edək”. Şeirin səs əlamətləri hansılardır?

Bunlardır:

1) ritm, vəzn, ölçü – adına nə deyirsiniz deyin (aydındır);

2) sözlər və söz birləşmələri arasında səs əlaqəsi (assosiasiya): təkrarlar, alliterasiyalar, assonanslar və sair;

3) həm artikulyasiya, həm də akustik cəhətdən nitqin səsli formasının məziyyətləri; “ahəngdarlıq” haqqında söhbətlər də buradan gəlir (adətən yöndəmsiz olur, lakin fakt göz qabağındadır);

4) səslərin və səs birləşmələrinin emosional mahiyyəti, səslər və səs birləşmələri müəyyən emosiyaları “ifadə edir”, şeirin fonetik tərkibi şeirin emosional tonundan asılıdır (Ay Allah, keç günahımdan); bu barədə özüm də daxil olmaqla çox adam danışıb, amma hər ehtimala qarşı mənim “Toplu”dakı “Şeir dilinin səsləri” yazımı oxuyun;

5) danışıq dili ilə müqayisədə səs formasının “mürəkkəbliyi, çətinliyi” (V.Şklovski); bu barədə isə “Sərbəstlər məcmusu”nda bir-iki kəlmə yazmışam.

Lakin şeir səslərin nitqi yəhərlədiyi yeganə hal deyil.

Daha dəqiq olsaq…

Əvvəla, yuxu (əlbəttə, həmişə yox). Belə deyək: yuxuma Lelya, sonra liliya, sonra “lyulka” (beşik) girir, bu, hər kəsə məlumdur. Sözlər səslərlə əlaqələnir və yuxunun məzmununu təyin edir.

İkincisi, ruhi xəstəlik: bəzi ruhi xəstələr məzmunca kifayət qədər əlaqəsiz, lakin bir-birinə səslərlə bağlı və adətən ölçülü uzun nitqlər söyləyirlər.

Üçüncüsü, ekstaz: məsələn, bu barədə sektantlardan Şklovski və “Poetik dil nəzəriyyəsi üzrə toplular”ımda mən bəhs etmişəm. Burada, həmçinin, səs təkrarları və ölçü də var.

Freyd bütün bu halları izah edirdi, özü də bunları körpənin ilk dövrlərində “qığıltı” və “şüurlu” dilin ilkin əlamətləri ilə tamamlanan nitq xüsusiyyətlərinə qarşı qoyaraq izah edirdi.

İnsan psixikasında heç bir təəssürat iz qoymadan yoxa çıxmır, tamam unudulmur. Bu qayda körpə nitqinin təəssüratlarına da aid edilir. Gündəlik həyatdakı tamamilə lazımsız təəssüratlar Leta çayının dərinliklərində gizlənir, lakin şüurun qeyri-adi, anormal hallarında psixikanın üzünə çıxa bilir. Təbii ki, bu, təkcə nitq təəssüratlarına yox, həm də uşaqlıq (“infantil”) təəssüratlarına (məsələn, seksual təəssüratlar; bu barədə Freydin müxtəlif kitablarında bəhs edilir.) aid edilən düzgün fikirdir.

Yuxu, ekstaz, ruhi xəstəlik məhz şüurun belə anormal hallarıdır və bu zaman infantil nitq təəssüratları şüurlu dillə və ya onun qalıqları ilə birlikdə yenidən ortaya çıxaraq nitq təzahürlərinin yeni növlərini yaradır.

Bu izah üsulunu şeirlərə də tətbiq etmək çox maraqlı olardı. Belə ki, şeirlə uşaq nitqi arasında uyğunluq, onunla ekstaz, yuxu, ruhi xəstəlik zamanı səslənən nitq arasındakı bənzərlikdən daha çoxdur.

Əslində:

Uşaq nitqinin ilk dövründə səs əlamətləri necədir?

Belədir:

1) qığıldayarkən uşaq monoloqlarının ritmik olması;

2) səs assosiasiyasının hökmranlığı: təkrarlama, ikiləmə və sair;

3) uşağın özünə öz qığıltısının dəyərli olması: o, qığıldamaq xatirinə qığıldayır; qığıldamaq ona zövq verir, burada tələffüzlə yanaşı, eşitmə də mühüm rol oynayır;

4) uşağın nitq (səs) təzahürlərinin emosional əhəmiyyəti: əvvəlcə o, yalnız emosiyaların təsiri ilə danışır; o, səsləri emosiyalarını ifadə etmək üçün istifadə edir;

5) uşaq qığıltısının və ümumiyyətlə ilkin səs təzahürlərinin mürəkkəb səs tərkibi; uşaq elə səs və səs birləşmələrindən istifadə edir ki, şüurlu dili öyrənməyə başlayanda, onları yenidən öyrənə bilmir, bəziləri isə heç mədəni insanın şüurlu nitqində istifadə olunmur.

Yəqin arif oxucu şeirlə uşaq nitqinin səs əlamətlərinin üst-üstə düşdüyünü hiss etdi.

Nəticə: ilk dövrdəki uşaq nitqinin təəssüratları ümumiyyətlə unudulur, lakin şüurun bəzi anormal (ya da qorxmayasınız deyə qeyri-adi) hallarında, həmçinin, şeir yazanların ilhama gəldiyi anlarda adi dillə əlaqəyə girərək üzə çıxır və öz xüsusiyyətləri ilə sonda alınan yeni “nitq obyekti”ni – bizim halımızda şeiri – təyin edir. Şeir yaradıcılığında şüurlu iş infantil materialla adi olanın uzlaşdırılmasından ibarət olur.

Beləliklə, şeirlərin mənbəyi uşaq qığıltılarıdır.

Hələlik bu qədər. İnanmırsınız, inanmayın./sim-sim.az/

Tərcümə etdi: İlahə ƏkbərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930