manera.az
manera.az

Hüseyn Razi yaradıcılığında Cənubi Azərbaycan

Hüseyn Razi yaradıcılığında Cənubi Azərbaycan
XX yüzilliyin ikinci yarısında Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Hüseyn Razi (1924-1998) zəngin yaradıcılığı ilə ədəbiyyatımızda özünəməxsus mövqe qazanmış, şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmış, bir çox şair və yazıçının formalaşmasında, ədəbi mühitdə parlamasında müəyyən rol oynamışdır.

Yarım əsrə yaxın ədəbi, publisistik fəaliyyəti müddətində qələmə aldığı bədii əsərləri, məqalələrində dövrünün ən mühüm mətləblərini ustalıqla işıqlandıran, Vətəninə, xalqına olan dərin sevgisini ən səmimi duyğularla ifadə edən şair gördüyü haqsızlıqlara qarşı barışmaz mövqe tutaraq, xalqına, ədəbiyyatımıza sədaqətlə xidmət göstərmişdir. Qəlbi vətən eşqi ilə döyünən şairin məzmun etibarilə zəngin, həcmcə geniş və çoxşaxəli yaradıcılığının ana xəttini doğma Azərbaycanına olan sonsuz məhəbbəti təşkil edir.

Professor Yavuz Axundlunun sözləri ilə desək, “vətənpərvərlik H.Razinin yaradıcılığının əsas məziyyətidir. Lakin onun vətənpərvərliyi bölgə sevgisiylə məhdudlaşmır. Şair Bakını, Qarabağı, Gəncəni, Təbrizi də eyni məhəbbətlə tərənnüm edir. Böyük Azərbaycan, bütöv Azərbaycan onun ilham qaynağıdır”. Doğrudan da, mayası torpağa olan sonsuz sevgi ilə yoğrulan, mənbəyini xalqdan alan H.Razi poeziyasında bütöv, bölünməz Azərbaycan ön plandadır.

Onun istər şeir yaradıcılığında, istərsə də publisistikasında Cənubi Azərbaycan mövzusuna toxunulmuş, bölünmüş Azərbaycanın yanğılı səsi şairi daim düşündürmüşdür. Onun “Culfadan Təbrizə”, “Yuxularda”, “Şəhriyarla söhbət”, “Qıfıl”, “Yamandır” şeirlərində, bir neçə qəzəlində, “Sahil həsrəti” poemasında Vətənini bütöv görmək istəyindən qaynaqlanan fikirləri elə ustalıqla poetikləşdirilmişdir ki, onun doğma Vətəninin azadlığı və bütövlüyünə olan dərin inamına heyrət etməyə bilmirsən. Azadlıq aşiqi, bu yolda hər bir addımın labüd olduğunu vurğulayan həssas qəlbli şair Azərbaycanın bölünməsinə, həmvətənlərinin bir-birindən ayrı salınmasına laqeyd qala bilməmişdir.

Tarixdən məlum olduğu kimi, 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycanın tarixi torpaqları rus və fars işğalçıları arasında bölüşdürülmüş, bu gündən etibarən ikiyə parçalanan Azərbaycanın ən ağrılı, nisgilli yaralarından birinə çevrilən Cənubi Azərbaycan bədii ədəbiyyatımızda zaman-zaman işıqlandırılmış, bu mövzuda çoxsaylı əsərlər qələmə alınmışdır. H.Razi yaradıcılığında da bu ayrılıqdan doğan həsrət, ağrı, nisgil təsvir olunmaqla iki yerə parçalanmış Azərbaycan sanki bütövləşir, bütün tarixi keçmişi, qəhrəmanları ilə gözlərimiz qarşısında canlanır.

İllər keçdi əsrin qıfılbəndinə,
Talelərin üfüqündə duman, çən.
Namərdliyin hiyləsinə, fəndinə
İki yerə parçalanmış bir vətən.

İki sahil aynasında bir çapıq,
Neçə fəsli yazılmamış kitabıq,
İki qəlbin bir yarımçıq nəğməsi.
Uyuşmayıb neçə sözü, cümləsi.


Hər misrasında müəllifinin ağrı-acısı, bütün varlığı silkələyən etirazı duyulan “Qıfıl” şeirində olduğu kimi, “Yamandır” ın misraları da eyni ruha, eyni mərama köklənmişdir:

Boz yalanlar dumanında fanar olmaq,
Üzdən soyuq, içəridən yanar olmaq,
Güney sahil, quzey sahil həsrətindən
İki qəlbi bir eləmək fürsətindən
Zərrə qədər kənar olmaq yamandır.

Onun ayrılıq, həsrət motivli şeirləri bununla yekunlaşmır. Poeziyamızda bu ağrı müxtəlif formalarda ifadə olunsa da, Azərbaycanın iki yerə bölünməsindən sonra şimal və cənub arasında sərhəd rolunu oynayan Araz çayına etiraz fonunda təqdim olunan nümunələr daha üstündür. H.Razinin də yaradıcılığında Araza ünvanlanan şeirlərə rast gəlmək mümkündür, lakin şairin şeirlərində Arazı günahlandırmadan çox, neçə-neçə qanlı qırğına şahidlik etdiyindən köksündə fırtınalar qopan, güclü küləklərə sinə gərən, qəlbi yetim Arazına təsəlli motivi daha qabarıqdır:

Araz üstündə bu gün bir günəşin şöləsi var,
Babamın ruhu kimi nuruna pərvanəsi var.

Burda Babək, Səfəvilər vətən uğrunda ölüb,
Eldəgizlər beşiyi, Çənlibel əfsanəsi var.

Yeri düşdükcə ona tənəli sözlər demişik,
Razi, bir gün deyəcəklər Arazın müjdəsi var.


Başqa bir qəzəlində isə:

Köksündəki dağlar dayanıbdır necə məğrur,
Lakin Arazın qəlbi yetimdir, nigarandır.

Min sədd çəkələr, hər iki sahil vətənimdir,
Yadlıq məxəsindən nə axıb gəlsə yalandır.

Car çək bunu, Razi, nə qədər canda canın var
Vahid Vətənin birliyi hökmi-zamandır.

- deyən şair ümidini itirməyərək Azərbaycanın gec-tez öz bütövlüyünə qovuşacağına əminliyini ifadə edir.

1989-cu ilin 31 dekabrında bir xalqı ikiyə bölən imperiya zəncirlərinin qırılması, sərhəd dirəklərinin sökülməsindən sonra Təbrizə səfər edən şairin sevincindən doğan hislərinin, vətənini bütöv görmək arzusundan qaynaqlanan şadlığının “Culfadan Təbrizə” şeirində böyük ustalıqla ifadəsinin şahidi oluruq:

Sanki yanar dağın kraterindən,
Mən od götürürəm kirpiklərimlə.
Qəribə sirrilər faş edirəm mən,
Vətəndən vətənə bu səfərimlə.

Ürək bir görüşün həyəcanında,
Sanki təbil səsi gəlir dərindən.
Elə bil döyüşlər burulğanında,
İgidlər şığıyır Xudafərindən.


Şeirdə Azərbaycanın tarixi keçmişini gözü önünə gətirən şair, bu torpaqlarda qılınc çalan Babək, Koroğlu, Teymur, Xətayi, Səttarxan, Xiyabaninin qəhrəmanlıqlarını, Füzulinin ahından, Nəsiminin faciəsindən qəmginləşən dağların kədərini yada salmaqla hər daşına, torpağına vurğun olduğu Azərbaycanına dərin sevgisini bəyan edir:

Hicran atəşinin hərarətindən,
Zirvələr üstündə qar dənərləşib.
Bəlkə də Nəsimi soyulan gündən,
Bu dağlar bozarıb mükəddərləşib.


Bu baxımdan onun “Şəhriyarla söhbət” şeiri maraqlıdır. Şeirdə Razi Vətəninə olan dərin məhəbbətini, ədəbiyyatımızın müxtəlif dönəmlərində yaşayıb-yaradan saz-söz ustalarının bu torpaqdan ilhamlandıqlarını “Od-alov əmmiş döşümdən yüz sənətkar, qəhrəman” deyərək poetikləşdirir. O taylı-bu taylı Azərbaycanın hər qarışına yüksək məhəbbətin izhar olunduğu şeirdə Razi Tomrisdən başlamış Hüseyn Cavidə qədər bir çox sənətkar və qəhrəmanlarımızı xatırlayaraq doğma vətənimizin ədəbiyyat və qəhrəmanlıq tarixinə dərin sevgisini ifadə edir:

Şeyx Nizami Gəncədən, Xaqani Təbrizdən baxıb,
Sanki bir səslə deyirlər ki, “İlahi, əlaman!”

Şah Xətayitək atam, Tomris anamtək məğruram,
Məsləkimdən dönmürəm, ey dost, halaldır eşqə can.


Hər misrasından Cavanşirin, Xətayinin, Babəkin, Koroğlunun, Səttarxanın, Xiyabaninin nərəsi duyulan, Bakı, Təbriz, Gəncə, Maku, İsfəhan, Naxçıvanın birləşərək Şəhriyarın, Səbuhinin sözləri ilə xalqına məlhəm olduğu şeirdə birlik və bütövlüyə çağırış böyük sənətkarlıqla əks olunmuşdur:

Bakı eşqim, mənliyim, Təbriz beşikdir nəslimə,
Şəhriyarın sözləri hər qəlbə olmuş mehriban.

Gəncə, Maku, İsfəhan tariximin bir parçası,
Əcəmi açarını qoynunda saxlar Naxçıvan.

Möcüzün, Səttar xanın ruhu mənim ruhumdadır,
Şeyx Məhəmməd öz məzarından qışqırır “Millət, oyan!”.


O, bütöv Azərbaycan mövzusunda yazdıqlarını təkcə şeirləri ilə yekunlaşdırmır. Cənubi Azərbaycanda baş verən hadisələr, bir-birindən ayrı salınmış insanların nisgil, kədər dolu duyğuları, bu ayrılığa səbəb olanlara qarşı nifrət, Azərbaycanın birliyi, vahidliyi uğrunda mübarizəyə səsləniş ruhunda yazılmış “Sahil həsrəti” poeması şairin bu istiqamətdəki qələmə aldığı nümunələrdən öz çəkisi, sanbalı ilə seçilir. Bu poema ayrı düşmüş iki sahilin həsrət və mübarizə nəğməsi, illərlə vüsal həsrəti ilə qovrulan bir xalqın qəm dastanı kimi səslənir. 1975-1976-cı illərdə qələmə alınan poema SSRİ və İranın əməkdaşlığı ilə Arazın üstündə ucaldılan Su Elektrik Stansiyasının inşaatçılarına həsr edilsə də, müəllifin əsl məqsədi başqadır.

Kiçik fəsillər və Məmmədhəsən adlı qocanın danışdığı yeddi söhbətdən ibarət olan poemada Azərbaycanın tarixi keçmişi, müəllifin vətənini bütöv görmək arzusundan doğan fikirləri geniş şəkildə əks olunmuşdur. Proloqunda stansiyanın tikintisindən duyduğu sevinci oxucularla bölüşən, “Salam, ana torpaq” fəslində bir qrup mühəndis, qəzetçi, fəhlə ilə birlikdə o taya səfərlərini, bu səfər zamanı hicranın kədərli, acı dadını bir daha dərindən duyan şairin vətəninin bötüvlüyü timsalında bütün ayrı salınmış xalqların birliyinə olan dərin inamı zəngin misralarla öz poetik ifadəsini tapmışdır:

Baxıram arzumun üfüqlərinə,
Həsrət arzuları əriyib sönür.
Arazın körpüsü açılır mənə,
Vətən gözlərimə bütöv görünür.

Çıxdığım sahili, məngənəsində
Sıxsa da zülmətin iti dişləri,
Bir anlıq dünyanın xəritəsində
Mən bütöv görürəm bölünmüşləri.

Poemanın “Dumanlar və gümanlar”, “Ehtimallar və xəyallar” hissələrində Azərbaycanın keçmişinə, qəhrəmanlıqlarla dolu şanlı tarixinə nəzər salan şair, “Kövrək suallar” fəslində üst-başı tökülmüş, solğun bir qoca olan Məmmədhəsənlə söhbətlərini təqdim edir. İxtisasca hüquqşünas olan, ara-sıra şeirlər də yazan bu qoca hakimiyyətin çürüklüyü ucbatından hər iki sənətindən uzaqlaşmaq məcburiyyətində qalaraq fəhləlik etməklə gündəlik yaşayışını təmin edir. Qocanın uzun sürən ayrılıqdan sonra həmvətəni ilə görüşündən duyduğu məmnunluq, səsində, baxışlarında olan kədər, nisgil, ağrı şairi mütəəssir edir:

Deyir: -Dilimiz bir, vətənimiz bir,
Fəqət yollarımız bağlı qalıbdır.
O sahil doğmalıq beşiyindədir,
Bu sahil başqa cür ünvanlanıbdır.


Poemada qocanın şeir dəftəri ilə də tanış oluruq ki, bu dəftərdə illərlə vüsal həsrəti çəkən xalqımızın nisgil dolu duyğuları ifadə olunur:

Hər kəs dərk eləyib duyur özünü,
Ocaqlar saxlayır odun közünü.
Yad dili bilsək də, ürək sözünü
Bu dilin gücünə danışmaq olmur.

Qocanın danışdıqlarından təsirlənən şair onun şeir dəftərində yer alan, hər biri bir mövzu ilə bağlı olan yeddi söhbəti təqdim edir. Qocanın can yanğısından, qəlb ağrısından doğulmuş poetik söhbətlərdə həsrət notları ümid, inam xalları ilə həmahəng səslənir. Birinci söhbətdə öz taleyindən şikayətlənən qocanın şahlara, şahzadələrə, xanlara olan nifrəti, insan hislərinin heçə sayılmasına olan münasibəti təsvir olunmaqla bərabər, Vətənə, torpağa olan sonsuz sevgi də tərənnüm olunur:

Dünyanı dolaşsam mən qarış-qarış,
Qürbətdə yaşamaq fərəh deyildir.
Vətən dağlarını seyrə dalmamış
Mənə ay daşları gərək deyildir.

Bütöv Azərbaycan həsrətindən qəlbində fırtınalar qopan şairin üsyankar səsi beşinci söhbətdə daha qabarıqdır. Razi sanki bütün dünyaya üsyan edir, bu məsələyə etinasız yanaşanlara poetik dillə etirazını çatdırır. Hər misrasından müəllifinin qəlb ağrısı, etiraz dolu fikirləri duyulan söhbət Cənubi Azərbaycan dərdinin şeir dili ilə ifadəsinin ən mükəmməl nümunəsidir:

Ali məclislərdə, söyləyin barı,
Mənim diplomatım, vəkilim hanı?
Niyə yer üzünün havadarları
Unudub Cənubi Azərbaycanı?!


Altıncı söhbətdə şairin xalqın müstəmləkə əsarətində ağır həyat şəraiti və buna qarşı etiraz hissi, xoş gələcəyə ümidi ümumiləşdirilmişdir. Sonuncu söhbətdə Araz üzərindəki stansiyanın tikintisindən duyduğu sevinc hislərini, xoş həyəcanını oxucularla bölüşən şair, Azərbaycanın bütövlüyünə qovuşacağına, xalqının bu yoldan dönməyəcəyinə əminliyini ifadə edir:

Gün gələr istiqbal təranəsini
Oxuyar Bakıyla yanaşı Təbriz.
Bir elin bütövlük salnaməsini
Yazarıq müqəddəs eşqimizlə biz.


“Sahil həsrəti” poeması Cənubi Azərbaycan mövzusunda yazılmış ən sanballı əsərlərdən biri kimi xalqımızın birlik duyğusunun, mübarizə əzminin, vətənpərvərlik hissinin şeir dili ilə ifadəsinin ən mükəmməl nümunəsidir. Poemada Məmmədhəsən qocanın söylədikləri əsasında Cənubi Azərbaycanda baş verən hadisələrin təsviri, Azərbaycanın tarixi keçmişi, müəllifin vətənini bütöv görmək arzusundan doğan fikirləri tarixiliklə müasirliyin vəhdəti fonunda təqdim olunmuşdur. Azərbaycançılıq ruhunda qələmə alınmış, hər bir misrası öz axıcılığı, yüksək ideya-bədii keyfiyyətləri ilə seçilən poemada xalqımıza xas milli-mənəvi dəyərlər, tariximiz, mədəniyyətimiz, mənəviyyatımız yüksək vətənpərvərlik duyğusu ilə təqdim olunmuşdur.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, H.Razi yaradıcılığında Cənubi Azərbaycan mövzusuna xüsusi həssaslıqla yanaşmış, əsərlərində milli-mənəvi bütövlüyümüzün, birliyimizin tərənnümünə daha geniş yer ayırmaqla vətənpərvərliyini, azərbaycançılıq ideologiyasına sadiqliyini nümayiş etdirmişdir. Onun şeirləri, xüsusilə də “Sahil həsrəti” poeması nəinki Naxçıvan ədəbi mühitində, bütünlüklə Azərbaycan ədəbiyyatında bu mövzuda qələmə alınan ən mükəmməl ədəbi nümunələrdəndir.

SAHAB ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031