manera.az
manera.az

Yeni İmza: Mirçingiz Ağazadə

Yeni İmza: Mirçingiz Ağazadə
Manera.az "Yeni İmza" layihəsində Mirçingiz Ağazadənin "Mülkistan sakinindən məktub" hekayəsini təqdim edir:

Axşamçağı dostlarımla sağollaşdıqdan sonra birbaşa evə getdim, məni otağıma doğru sürükləyən bu oxumaq eşqinin nədən qaynaqlandığını heç özüm də anlamadan otağa keçən kimi qapını arxadan kilidlədim, hipnoz altında davranan adamlar tək, çəkməcəni açdım və dəftərlərimin ən qalın olanını, boz üzlüklü, sarı vərəqlisini götürüb on birinci səhifəsini çevirdim. Sanki bayaqdan bəri bu anı gözləyirmiş kimi, səhifənin arasındakı dörd dəfə qatlanmış vərəği götürdüm, açdım və dərhal oxumağa başladım;

“Əzizim, bu məktubu sənə yazmaqda məqsədim bəsirət gözünü açmaqdır. Ola bilsin, dünyanın nə vaxtsa çox xeyirxah sakininə çevrilmək arzusunda olan saf, gözlərində mərhəmət işığı bərq vuran məsum zehni körpəsisən. Doğrusu, mən də sənin kimi adiyəm, öz həyatım var, lakin bizim məmləkətdə insanlarla zəiflər ayrı-ayrı varlıqlardır... Nə isə, bu duyğusal mövzuları bir kənara qoyaq. Əvvəldən xəbərdar olmağını istəyirəm ki, məktubumu səndən qeyri kimsə oxuya bilməyəcək, bu mətnlər ancaq sənin şüuri dilində çatdırılmış fikirlərdir, əgər yaxın 11 il ərzində düşüncəni yazdığım yöndə formalaşdıra bilsən, növbəti məktubumu bəşər dilində göndərəcəyimə söz verirəm! Hələliksə, yazdıqlarımı bəşəriyyətə çatdır...”

Gözlərimi qeyri-iradi iştahla aşağı yönəltdiyim vaxt vərəqin harasa qeyb olduğunu hiss etdim, ancaq bu baş verən kimi də, qulaqlarımda cingiltiqarışıq bir tufanın səsini eşitdim, vərəq cəhənnəm, elə bil, görünməz bir varlıq qarşımda dayanıb beynimin içinə çığırırdı, özümü güclə toparlayıb sakitləşdim, kresloma əyləşib dinləməyə və həmin cümlələri hərfbəhərf zəif ağlımda saxlamağa cəhd göstərdim...

“Çəlimsizlik, heç də həmişə gücsüzlük kimi xarakterizə olunmamalıdır. Ən azı, mənim aləmimdə (özünüzü boşuna yormayın, ömrünüzün sonuna kimi belə bir aləmlə tanış olmayacaqsınız) bu heç vaxt belə olmayıb. Məsələn, əgər mən fiziki zəifliyimi bəhanə edib özümdən dəfələrlə nəhəng birinin qılığına girirəmsə, deməli, gücsüz tərəf, bax, mənim oyunuma gəlmiş həmin axmaqdır. Zəifliyi qətiyyən siyasi cəbhələşəməyə, sosial statusa və uğurlu birinə dönüşməyə maneə kimi görmürəm, əksinə, bəzi gecələr, yatmazdan öncə fikirləşirəm ki, dünya zəiflərindir, təkcə ona görə ki, bütün müharibələr zəifliyin işğalı uğrunda gerçəkləşir. Hə, hansı gəvəzəydi özünə güclü deyib öyünən? İndi məgər yerə yıxılmış bir qadını ayağa qaldırmaq hissi belə, insanı öz cənginə ala bilməzmi? Tamamilə mümkündür, hətta o bədbəxt, həmin qadının niyyətini anlamaya da bilər, yeri gəlsə, onun bütün subliminal əmrlərinə tabe olar da. Güclülər hər zaman belədir. Onlar fikirləşirlər ki, qollarının bir cüt yumru əzələ lifi dünyanı zirvələrə daşımaq üçün kifayət edir.

Fəqət heç vaxt dərk etmirlər ki, başları üzərində dayanan dünya biz zəiflərin kürsüsüdür. Mən doğuşdan zəifəm, bu bizim ən məşhur üstünlüyümüz və aliliyimizdir. Qərbin dahiliyi (güya dahidirlər, əslində, bir “zad” da deyillər) Afrika xalqlarının möhkəm bədən quruluşu bir-biri ilə kontrast yaratmırmı? Həmişə faytonları güclü olanlar dartıb zəifləri ünvanına çatdırmırmı? Gözətçilər bizi qorumurmu? Dünya zəiflərin ətrafında dönür, bu artıq ehtimal deyil, həqiqətdir. Ona görə ki... biz belə istəyirik! Mövzunun yan-yörəsinə bir baxın. Bayaq, keçən həftə bitirdiyim məqaləni redaksiyaya təhvil vermək üçün evdən çıxmışdım. Sizcə, nə oldu? Bir neçə addım getmişdim ki, qonşuluqdakı yumrusifət, qırmızıyanaq, özü də boşboğaz adlandırdığım hündürboy oğlan mənə yaxınlaşdı, qorxumdan gülümsər üzümü sipər edib arxasında gizləndim. Deyəsən, bu çürük beyinlinin məndən heç xoşu gəlmirdi, çünki sifətindən zəhrimar yağırdı. Az keçməmiş, sürətlə yaxınlaşıb qarşımda dik dayandı:

- Hara gedirsən, əə, dümbələk?

- Nəşriyyata

- Nə itin azıb, ə, o nəşriyyatda? Əlindəki nədi elə? Ver, görüm bura.

- Nədi, özündən zəiflərə gücün çatır elə? – səsimin cır yerinə salıb çığıra-çığıra əlimdəki vərəqləri arxa cibimə basdım

- Burda məndən güclüsü var, ala? Məzələnirsən? Gəl görüm bura!

- Gəlmirəm. Dedim ki, get, özündən güclülərlə oyna. Nədi e, qorxursan, Cümşüd sənin ağzını cırar? Qorxursan, hə? Ayağın boyda uşaqla dirəşirsən?

Soxum boyuvu yerə!

- Ağzıvın danışığına fikir ver, ala!

- Axırıncı dəfə bu qədər tərbiyəsiz birini harda gördüyüm yadıma sa..... Hə, bildim, sən! – aktyorluq bacarığımı həmişə belə vaxtlarda işə salırdım.

- Ə, sən məni dolamısan? – qırmızı köynəyimin yaxasından yapışıb məni o qədər yuxarı qaldırdı ki, ayaqlarım yerdən üzüldü, əvvəl qorxumdan boğazımda tıxanmış qan indi saçlarımın dibinə kimi dərimi qızartdı, özümü itirməmək üçün zorla və dərindən nəfəs almağa çalışdım – Mən sözümü dedim, gedib Cümşüdü, Rafiqi döyənə kişi deyərlər, daha özündən zəifi yox! Kişisənsə, get, gücünü onlara göstər!

Məni döysən, uzaq başı, sabaha atam səni çiləyəcək, amma Rafiqi çırpsan, məhəllədə hörmət qazanacaqsan – deyəsən, bu fikrim oğraş gədənin ağlına batdı, fikirləşdi ki, Rafiq kimi yekəpəri döyə, üstəlik, məhəllədə hörmət-zad qazana bilər, ay hay! Buraxdı məni, kürəyim üstə yerə dəydim, ancaq siz onun pörtmüş üzünü görəydiniz... ha-ha... Ayağa qalxdım, üstümü-başımı çırpıb səssiz-səmirsiz yoluma davam elədim. Arxamca baxan elə bilərdi ki, ümumiyyətlə, bayaq burada heç bir şey olmayıb. Təkcə köynəyimin yöndəmsiz duruşundan nəsə hiss eləmək olardı, o da ki... nə isə!

Bu əhvalatı ona görə yazdım ki, yanımda çox qürrələnməyəsiniz, o yumrusifət, əslində, özündən dəfələrlə nəhəng biri ilə dirəşə bilmədiyi üçün məni buraxmışdı, yəni, gedib Rafiqlə dava eləsəydi də, mən onların – Rafiqin, Cümşüdün, elə onun özünün də cəsədindən daha dərin, daha böyük, daha əngin biriydim. Bəxtim gətirib ki, bədənim cılızdır. Zəiflikdə gizlənmək asan olur çünki. Hamı səni aşağı, alçaq, bəzən də rəhmə möhtac sanıb, yardım edir... Düşünə bilirsiniz? Yox, sizin belə fərasətli olduğunuz ağlıma gələnlər siyahısında deyil. Siz dilənçi baxışlarında mərhəmətə möhtaclıq axtarırsınız. Siz riyakarsınız, ona görə ki, rəhmət, yardım adı ilə digərlərinin ruhuna basqın edir, onları aşağılayıcı baxışlarla süzməkdən zövq alırsınız.

Yəqin ki, zəiflərin varlığı ilə qürur duyursunuz, axı sizin enli gövdəniz başqa kimə lazımdır? Onlar, daha doğrusu, biz olmasaq, adamları necə xilas edərsiniz? Dünyanın bütün kapitalı zəiflik səltənəti ətrafında dövr edir, bəşəriyyətin zehnində zəifliyin parçaları gizlənir, ancaq... (Bax, burada diqqətli olun, cənablar!) Ancaq insanlar zəifliyin necə möhtəşəm qüvvət olduğunu anlaya bilmirlər, onların bütün möhtaclığı başqalarının xilaskarlıq, alilik yanğısını formalaşdırır, yaradır! İnsanlar deyəndə ki, sizdən bəhs edirəm. Siz güclülərdən, siz əzələli, nəhəng cüssəli, qalın səsli, hündürboylu, uca qamətlilərdən! “Zəiflik” şirkətinin “güclü” manekenləri! Yer kürəsinin mühafizə dəstələri! Zəiflərin qulları! ha-ha-ha! Siz necə də safsınız! Bəzən küçədə mənə baxıb yazığı gələn xalaları görürəm. Onlar böyük şövq və istəklə pıçıldaşır:

- Az, aazz, görürsən yazığı, arıqlayıb çöpə dönüb. Uşaq kimsəsiz qalıb eey

- Elə demə, başsız şeydi, Allaha acıx gedər axı...

Onların bu “məndoyurucu” söhbətlərindən ürkürəm, fikirləşirəm, başsız olmağın niyə pisdir ki? Burada qüsur nədir? Güclü olmaqdan ötrü mütləq qayğına qalanlar tapılmalıdır, ancaq mənim belə ehtiyacım yoxdur, müstəqiləm, bütün güclərdən, qüvvət ehtirasından azadam!

Küçə boyu gözəl xanımların hərarətli sinələrindən riqqətə gələn növcavanların nəriltilərini eşidirəm, onların gözləri gah bu qadının baldırlarında ilişir, gah o biri xanımın döşlərində yenilik axtarır, gah da ki, ümumən, heç baş açmaq olmur ki, bu bədbəxtlər təxmini eyni kriteriyalara sahib qadınların nəyindən zövq alırlar axı? Mən həyatdan zövq almağı bacaran adamları aciz hesab edirəm. Deməli, həyat zövq alınası şey deyil də, yoxsa ki, bu camaat niyə gedib həmin bacarığı təzə bir şeymiş kimi mənimsəsinlər? Bəlkə kurs zad açaq: “Həyatda qalmaq uğrunda”...

Əşi, çox mənasız şeylərdən ötrü yaşayırsız. Siz insanlardan iyrənmə səbəbim təkcə güclü olmanız deyil, qətiyyən məni yanlış anlamayın (ya da ki, anlayın, öz işinizdir), əksinə, gücünüz məndən ötrü elə sizin gözəl xanımlarda kəşf etdiyiniz yeganə müəmmalar kimidir – möhtəvasında heç bir önəm daşımır. Siz onları yatağa atmaq üçün dəridən-qabıqdan çıxanda mən də sizin dəri-qabıq arası ruhunuzu sovururam, məhv edirəm, rəhminizi əmirəm, ana südü kimi!

Qəzəblə, qeyzlə, ikrahla, halallıqla əmirəm, ona görə ki, siz özünüz sovurğanlarsınız, əhval-ruhiyyənizin necəliyindən asılı olaraq, insanları subyektiv dəyərləndirir, onları ya aşağılayır, ya da dağın kəlləsinə çıxarırsınız, puah! Güya siz böyük bir şeysiz? Qətiyyən! Küçədə gəzərkən hansısa körpənin ölü cəsədi qarşınıza çıxanda, o dəqiqə ah-uf edirsiniz, üzünüzü turşudursunuz, hələ qadınsınızsa, içinizdə baş qaldırmış analıq hissindən dolayı bir az da makiyajlı emosiyalardan sığınırsınız - ahhh, yazıq uşaq...

Yalançılar!!!

Halbuki öz dostlarınız, ətrafınızdakı kasıblar, eşqə möhtac yüzlərlə tanış sizə “salam” verdikdə üzünüzü heç onları görməmiş və elə görməmiş kimi çevirib həyatınıza sarı yol alırsınız, məgər onlar da dünənin körpəsi, onların ehtiyacları isə keçmişdəki uşaq qığıltısı qədər gerçək deyilmi?

İlahi, mən gör kimlərə öyüd-nəsihət edirəm, bir yığın əjdahaya - İnsan qiyafəli vəhşilərə, dünyanın ən mərhəmətsiz canlılarına! Xeyr, bu bir qədər şablon görünən fikir sizin özünüzdən ağırdır, çünki həmin mərhəməti məhz bəşəriyyət yaradıb. Əslində, mərhəmət nədir? Odur ki, siz birini döyürsünüz, onun zəifliyinə, müqavimət göstərməyəcəyinə, özünüzün onun üzərindəki qələbənizə tam əmin olduqdan sonra o yazığı sağ buraxır, əfv eləyirsiniz, ruhunuzun dərinliyindəki tanrılıq yanğısını aşkara çıxarır və deyirsiniz:

- Get, həyatını yaşa.

Yəni...

- Get, sənə həyat verdim

Yenə yalan danışırsınız. Çünki siz alçaltdıqlarınızın əzab dəryasında üzən bədbəxt yığınlar, özünü güclü adlandıran qəsbkar toplusu, biz olmasaq, səhəri gün qüvvət artıqlığından intihar edəsi axmaqlarsınız. Sizə elə gəlir, güya bir qadını hansısa oğraşdan xilas etmək igidlik, cəsurluq nümunəsidir, di gəl, mən baş açmıram, niyə həmin qadınlara təcavüz etməyi ağlının ucundan keçirməyəcək qədər əxlaqlı təfəkkürə malik deyilsiniz?

Nə üçün kiminsə diz çökmə səhnəsini görmədən öz gücünüzü hiss edə bilmirsiniz? Açığı, bilirəm bu suallarımın fövqəladə cavablarını, daha dəqiq, qəti izahını – əslində, sizin hamınız bizdənsiniz, zəiflik arzusu ilə alışmış kibrit çöpləri! Əsla üzülməyin, çünki həddən ziyadə yaxşı birinə çevrilməyi bacarsanız, bəlkə o zaman “bizim qulumuz” şərəfinə nail olarsınız! Oxuduğunuz bu ali mətni sizə zəiflər adından ərməğan edirəm. Soruşa bilərsiniz, zəif birinin bu fikirləri yazıb güclüləri aşağılama ehtirası nədən qaynaqlanır? Gözəl sualdır (özüm vermişəm axı!)!

İcazənizlə, cavabımı təqdim edim: Çünki öyüd-nəsihət dinləməyənlər, təriflə xumarlanan və sevişərkən özünü ən ümdə canlı kimi hiss edən, valideyn olduqda bütün dünyanı ayağının altına alacaq qədər qəddarlaşan canlılar yalnız özlərindən daha zəif birinin hayqırışı ilə ayıla bilərlər. Ona görə ki, güclülər zəiflərin baş qaldıracağı andan güc kimi qorxur!

Bütün körpələr zəifdir. Onları məhz buna görə sevmirsinizmi? Necə də şirindir, elə deyilmi?... ha-ha-ha!

İmza: Mülkistan dövlətinin zəif sakini.

Keyimiş tək dayanmışdım, yerimdən tərpənə bilmir, elə hey özümə gəlməyə çalışıb uğursuzluğa düçar olurdum. Sanki biri başımı götürüb aparmış, mənliyimi təhqir etmiş, sonra da bu təhqir olunmuş şəxsiyyətimi geri qaytarmışdı. Hər yer, hər kəs, bütün adilərlə eyni həyatı yaşamağa davam edirdim. Vərəği dörd qatlayıb yerinə - kitabın arasına - qoydum, dəftəri çəkməcəyə tullayıb hamam otağına qaçdım. Güzgü önündə səndirləyə-səndirləyə dayanıb özümə, öləzimiş ruhuma və sönük baxışlarıma zilləndim. Mən, elə həminki məndim. Bircə şey dəyişmişdi ancaq... ha-ha-ha!"

Fövqəlqeyd: Bu hekayənin müəllif hüquqları sizin vicdanınız tərəfindən qorunur.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930