Ekspressionizm poeziyada... - Asif Hacıyev |MANERA.AZ

Tarix:31-03-2016, 12:58 Baxış Sayı:1155

Ekspressionizm  poeziyada... - Asif Hacıyev |MANERA.AZ
MANERA.AZ professor Asif Hacıyevin tərcümə və təqdimatında "Ədəbi manifestlər və konsepsiyalar" yazısından növbəti hissəni təqdim edir:

EKSPRESSİONİZM

Ekspressionizmin banilərindən və nəzəriyyəçilərindən olan alman yazıçısı, tənqidçisi və naşiri Kazimir Edşmid (1890-1966, əsil adı Eduard Şmid) bu cərəyanın bir sıra mühüm estetik-bədii prinsiplərini müəyyənləşdirmişdir. Naturalizm, impressionizm və futurizimin qəti əleyhinə çıxan K.Edşmid ekspressionizmin hadisələrin mahiyyətinə yönəldiyini və zahiri təsvirçilikdən uzaq olduğunu, dünyanın kosmik mənzərəsini, insan və kainat arasında vəhdəti aşkarladığını, adi məişət və reallıqları inkar edərək olayların ilkin və saf, dərin məğzini əks etdirdiyini, insanı ailə, cəmiyyət əlaqələrində deyil, kosmosun üzvi hissəsi kimi, kosmik hissin təzahürü olaraq tərənnüm etdiyini, dilin, poetikanın ruhdan doğduğunu əsas prinsiplər kimi irəli sürmüşdür. Eyni zamanda ekspressionizmin yeganə hakim üslub olmadığını, hər şeyi şəxsiyyətin həll etdiyini təsdiq etmişdir. Edşmidin təqdim etdiyimiz yazısı keçən əsrin əvvəllərindəki ədəbi-estetik axtarışlar və ekspressionizmin təbiəti haqqında müəyyən təsəvvür yaradır.


Kazimir Edşmid
Ekspressionizm poeziyada


… Ekspressionizmin əsasında duran böyüklüyə və əhatəliliyə uyğun olaraq bütün dünyada və bütün zamanlarda çoxlu sələfləri olub. Bu gün onunla tanış olarkən insanların gördükləri, demək olar ki, yalnız sifətdir, həyəcanlandıran, heyrətləndirən sifət. Batin görünməzdir. İfadəsi asan, gerçəkləşməsi imkansız olan proqramlar beyində xaos doğurur, lakin hansı dövrdə, hansı sənət yaratmaq ehtiyacından törəməyib. Əvvəlcə ələ salınır, sonra dəb, işbazlıq, ehtiras, uğurla əhatə olunur.

Budur, onlar qarşımızdadır, yaradıcı instinktin küt həvəsi ilə yenilik yaradanlar. Mən üç il əvvəl öz ilk kitabımı yazanda, o vaxt bədii problemlərin qayğısına az qaldığıma rəğmən, təəccüblə oxudum: budur, ilk ekspressionist novellalar. Axı söz və məna o vaxt mənim üçün yeni anlayışlar idi, mən bunları duymurdum. Yalnız qısırlar nəzəriyyələri ilə praktikanı qabaqlayırlar!

Nəyinsə müdafiəsinə qalxmaq – buna cəsarət lazımdır, buna ləyaqət lazımdır, özünü nəsə bir şeyin tərəfdarı elan etmək isə – məhdud beyinlərin əlamətidir. Üslub uğrunda, vətəndaşın ruhu uğrunda bütün bu səthi mübarizə təşəxxüslə doludur. Son söz, beləliklə, ədalətli, düzgün istiqamətlənmiş gücündür.

Yeni hərəkatın sənətkarları meydana çıxdı. Onlar artıq yüngül həyəcan doğuranlar deyildi. Onlar artıq çılpaq fakt daşıyıcıları deyildilər. İmpressionist əsərdəki an, saniyə onlar üçün zaman dəyirmanında yalnız boş dən idi. Onlar artıq burjua və kapitalist təfəkkürü ruhunda ideyalar, dərdlər və şəxsi faciələr köləsi deyildilər.

Onlar seyr etmirdilər.
Onlar baxırdılar.
Onlar fotoqraf deyildilər,
Onların öz siması vardı.

Parıltı əvəzinə onlar sürəkli həyəcan yaradırdılar. Məqam əvəzinə – zamanda hərəkət. Onlar cazibəli sirk tamaşası göstərmirdilər. Onlar davam edən hadisə istəyirdilər. Faktların əhəmiyyəti yalnız ondadır ki, sənətkara onların arxasında gizlənəni dərkə imkan versin.

O, insaniliyi fahişələrdə, ilahini fabriklərdə görür. O, predmetin daha dərin obrazını verir, onun sənətinin landşaftı – əzəldən tanrının yaratdığı böyük cənnətməkan landşaftdır, - bizim gözlərimizin empirik korluqda qavraya bildiyindən daha ülvi, gözəl, intəhasız və artıq təsviri mümkün olmayacaq landşaftdır.

Nəhəng dəyişdirici cahanşümul hiss ilk növbədə impressionistlərin molekulyar parçalanmış dünyasına qarşı yönəlmişdi. Yer – varlıq, insanları hissləri ilə birgə ehtiva edən görüntü kimi aşkarlandı. Onlar öz ilkin mahiyyətində qavranılmalı idi. Şairin böyük nəğməsi – onun qəhrəmanlarıdır. Onlar o vaxt nəhəngdirlər ki, əhatələri nəhəng olsun. Onlar qəhrəmanlıq formatında deyillər – bu, yalnız dekorativliyə gətirərdi, – xeyr, o mənada nəhəngdirlər ki, onların varlığı, yaşantıları – səma və yerin nəhəng varlığının hissəsidir, onların ürəyi, bütün baş verənləri yaşayan ürəkləri dünya ilə bir ritmdə döyünür. Bunun üçün əsil yeni bədii formalar lazım idi. Yeni dünya sistemi yaradılmalı idi – naturalistlərin yalnız təcrübədən qidalanan sistemi ilə, yalnız ani təəssürat yaradan həmin paralanmış məkanla (impressionizm nəzərdə tutulur – tərc.) heç bir əlaqəsi olmayan, nəsə daha böyük məna bildirən, daha həqiqi və buna görə də daha gözəl olan yeni dünya sistemi yaradılmalı idi.

Yer – tanrının bizim üçün yaratdığı azman peyzajdır. Ona elə baxmalıyıq ki, bizdən heç nəyi gizlətməsin. Heç kim şübhə etməz ki, yalnız zahiri reallıq kimi aşkarlanan həqiqi ola bilməz. Reallıq bizim tərəfdən yaradılmalıdır. Biz predmetin məğzinə varmalıyıq. Təsvir olunan, inam tək qəbul edilən və ya təxəyyül məhsulu olan faktla kifayətlənmək olmaz, dünya mənzərəsi təmiz, pozulmamış əks olunmalıdır. Lakin bu, yalnız bizim içimizdədir.

Beləcə ekspressionist-sənətkarın bütün məkanı görüntüyə çevrilir. Onda nəzər yox, baxış var. O, təsvir etmir, yaşayır. O, əks etmir, tərənnüm edir. O, götürmür, axtarır. Və beləliklə artıq faktlar zənciri yoxdur: fabriklər, evlər, xəstəliklər, fahişələr, qışqırıq və aclıq yoxdur. Yalnız buna baxış var, sənət landşaftı var, dərinliyinə, ilkinliyinə, mənəvi gözəlliyinə varmağın yeni tapıntı və sevincləriylə dolu olan landşaft.

Hər şey əbədiyyətlə bağlıdır. Xəstə – yalnız əzab çəkən şikəst deyil. O, xəstəliyin özünə çevrilir, onun bədəni bütün varlığının əzabını əks edir və yaradıcını əzaba salır. Ev – yalnız predmet deyil, daş deyil, seyr obyekti deyil, gözəl və ya miskin yaşayış əlamətləri olan dördbücaqlı deyil. O, bunlardan yüksəyə ucalır. Yalnız onun dərin mahiyyətində çoxlu axtarış lazımdır, ev tam boyunca dikələnə qədər, gerçəkliyin kifli asılılığından qurtarana qədər. Və onda olan hər şey son küncə qədər aydınlaşacaq, o həddə qədər ələnəcək ki, öz xarakterini büruzə vermək üçün tam hazır olacaq…

Dünya qarşımızdadır. Onu təkrar etmək mənasız olardı. Onu ali hıçqırıq, ən həqiqi mahiyyət anında tutmaq, tutmaq və bərpa etmək – sənətin ali məqsədi budur.
Belədə hər bir insan yalnız borc, əxlaq, cəmiyyət, ailəyə bağlanmış fərd deyil. O, bu sənətdə ən ülvi və ən miskin olandan başqa bir şey olmur – o, insan olur.

Bu məqamda əvvəlki dövrlərlə müqayisədə yeni və görünməmiş bir şey var. Burada dünya burjua fikri axsayır. Burada artıq insan obrazını dumanlandıran vəziyyətlər yoxdur. Heç bir ailə tarixçəsi, şərtiliklərin və azadlıq ehtiyacının toqquşmasından doğan heç bir faciə, məişət pyesləri, sərt müdirlər, kefcil zabitlər yoxdur. Qanunları, mövqeləri, səhvləri və naqislikləri ilə birlikdə insanların yaratdığı və quraşdırdığı ictimai mövcudluq haqqında bu pyesi psixoloji baxışların iplərindən asılaraq oynayan kuklalar yoxdur. Sənətkarın amansız baxışı bütün bu surroqatları yarıb keçir. Sən demə, bunlar fasad imiş. Pərdələr arxasında və irsən verilmiş duyğular boyunduruğu altında insandan başqa heç nə gizlənmirmiş… O, daha fiqur olmayacaq. O, həqiqətən insandır. O, kosmosun, daha doğrusu, kosmik hissin hissəsidir. O, həyatda əllaməlik etmir. Düz yolla gedir. O, özü haqqında düşüncələrə dalmır, o, özünü yaşayır, əşyaları dövr etmir, onların batininə varır. O, fövqəlinsanlara aid deyil, o, sadəcə insandır, qorxaq və güclü, xeyirxah, mənfur və ülvi, allahın onu yaradıb, yerə göndərdiyi kimi…

…Bu sənətin ali sirri məhz bundadır. Bu sənətkarlar vərdiş etdiyimiz psixologizmdən uzaqdır. Bununla belə, onların hissləri daha dərindir. Onların duyğuları ən sadə yolları seçir, insanların yaratdığı, dolanbac yolları yox, insanların biabır etdiyi düşüncə üsullarını yox, məlum səbəblilik meyarı ilə istiqamətləndiyindən heç vaxt kosmik olmayacaq düşüncəni yox. Psixoloji sferadan yalnız təhlil tətbiq olunur. Aşkarlamaq, nəzarət etmək, nəticələrə gəlmək, izah etmək üçün, öz çoxbilmişliyini göstərmək, yalnız nəticələrin izi ilə gedən ikiüzlü ağlını bildirmək üçün yox – bu nəticələr bizim böyük möcüzəyə kor olan gözlərimizə onsuz da aşkardır. Belə ki, unutmamalıyıq: bütün qanunlar, həyat silsilələri arasında psixoloji əlaqələr bizim özümüz tərəfindən uydurulub, qəbul edilib və inanılıb. İzaholunmaz üçün, dünya üçün, allah üçün psixoloji sferada izah yoxdur. Yalnız çiyinlərini çəkmək, yalnız inkar…

Buna görə də yeni sənət pozitivdir. Çünki o, intuitivdir. Çünki o ən sadə hisslərə sahib olaraq, varlığın böyük möcüzəsinə hazırcasına, amma məğrurluqla dalaraq, aktiv fəaliyyətə və əzab üçün təzə gücə malikdir. Onlar spiritual mədəniyyətin dolama yolları ilə getmirlər. Onlar ilahi naminə özlərindən imtina edirlər. Onlar müstəqimdirlər. Onlar primitivdirlər. Onlar sadədirlər, çünki sadə – ən çətin və ən mürəkkəbdir, ancaq böyük kəşflərə gətirir. Və biz yanılmarıq: yalnız hər şeyin sonunda sadəlik tapılır, yalnız yaşanmış ömrün sonunda həyat öz sakit aramsız məcrasına düşür.

Və belə alınır ki, bu sənət, kosmik sənət olduğu üçün, digərlərinə – impressionist və naturalist sənətə rəğmən, daha böyük zirvələrə və dərinliklərə çatır; bir şərtlə – onun nümayəndələrinin qüdrəti olduqda. Psixoloji aspekt aradan çıxdığından dekadent oyun yox olur, ən vacib məsələlərə toxunulur, böyük həyati problemlərə həmlə edilir… Müasir təsvirlərdə səthilik ani konturla verilir, qırışlar ütülənir, əhəmiyyətli əks olunur. Ancaq təsvir tipikləşir, hansısa bir fikirdən asılı olmur. Bu artıq saniyənin titrəyişi deyil, təsvir zamanda əhəmiyyət qazanır. İkinci dərəcəli qeyb olur. Mahiyyt ideyanı verir: bundan belə təsvir predmeti düşünən olmayacaq, yox – düşüncə olacaq…

… Hələ heç bir vaxt sənətdə texnika buradakı kimi belə ruhun məhsulu olmayıb. Əsərin bədii səviyyəsini vərdiş olunmamış forma yaratmır. Onun məqsədi və onun ideyası bu deyil. Ruhun təzyiqi və hisslərin təlatümlü dalğası qovuşaraq, bir-birini bir qədər sadələşdirir və yalnız bu ələnmiş, təmizlənmiş formadan baxış yaranır. Lakin bəşər bilmək istəmir ki, zahiri forma altında əbədi gizlənir…

…Barəsində sürtülmüş «ekspressionizm» sözü işlədilən hadisəni yeni adlandırmaq yalandır. Dəb adlandırmaq – təhqirdir. Yalnız bədii hadisə adlandırmaq – böhtandır.
… Bu ifadə üsulu alman, fransız üsulu deyil. O, fövqəlmillidir. O, yalnız sənətin vəzifəsi deyil. O, ruhun tələbidir. O – üslub proqramı deyil. O – ruh məsələsidir. O – bəşər problemidir. Ekspressionizm bütün dövrlərdə mövcud olub. Elə bir sahə olmayıb ki, ona bələd olmasın, elə bir din olmayıb ki, ehtirsala onu yaratmasın…

Qəlbi məhsuldarlıqdan aşıb-daşan ayrı-ayrı böyük sənətkarlarda o, əsərlərinin ən təbii ifadə forması olub… Bu sənətin məqsədlərinin yaxın keçmişin sənətinin məqsədlərindən yüksək olmasına inam bizə unutdurmamalıdır ki, böyük əsəri hər halda yalnız böyük sənətkar yaradır. Və əsas məqsəd bundadır. Zamanın faciəsi istedadları öz bildiyi kimi və bizim fəhm etmədiyimiz anlayışlarla bölüşdürə bilər… O, nəhəng istedadları elə də yüksək olmayan sənət dövrlərinə, daha kiçiklərini isə nəhəng döyüşlərə və dərin məqsədlərə sala bilər. Bunu da nəzərə almaq lazımdır… Əsərlərin ən böyük hakimi zamandır. Son nəticədə hər şeyi əsərin siqləti həll edir.

Ancaq ən böyük yanlışlıq odur ki, zəmanə ruhuna mübtəla olmuş insanlar yaratdıqları işin ambisiyalarını əsərlə qarışdırırlar. Ruhun iradəsi daha fəal və pərvazlı genişlənsə də son söz şəxsiyyətindir. Heç nə yeni olduğu üçün daha yaxşı deyil. Heç bir sənət başqalarına oxşamadığı üçün pis deyil. Sakit, ədalətli dəyərləndirmə vaxtı gələndə məlum olur ki, yalnız xeyir daimidir, yalnız həqiqi ədalətdir. Təmiz impressionist, əgər böyük sənətkardırsa, ədəbiyyət üçün daha çox şey qoyur, nəinki ölməzliyə can atan ortabab ekspressionist. Bəlkə də, son məqamda Zolyanın utanmaz, azman, kəkələyən, çılpaq qüdrəti bizim tanrı axtarışlarımızdan daha dəyərli olacaq. Ola bilsin ki, ekspressionizm böyük nailiyyətlərə gətirəcək. Biz onları öz çiyinlərimizə götürərdik. Ola bilsin ki, biz elə də böyük işlərə nəzərdə tutulmadığımızı, məqsədimizə çatmadığımızı anlayaq. Ancaq bu halda da bizim mənamız var idi. Biz sanki nə isə başqa, böyük, sonradan həyatımıza daxil olacaq bir şeyə yol açdıq. Biz sanki dövrün həqiqi üslubunu hazırladıq. Bu vəzifəni öz üzərinə götürmək humanistlik olardı. Ancaq bu, bizim nəzərlərimizdən kənardır. Bunu bizi yaradıcılığa sövq edən bir allah bilir.

Biz hökm çıxarmırıq, bizim yalnız inamımız var. Biz prinsiplərimizə xırdalıqlarda da sadiqik. Və bu özü də ölməzdır.

MANERA.AZ

[/justify]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ