Prof. Asif Hacılı: Sivilizasiya və mədəniyyət » Manera.Az

Prof. Asif Hacılı: Sivilizasiya və mədəniyyət

Tarix:27-09-2017, 11:00 Baxış Sayı:504

Prof. Asif Hacılı: Sivilizasiya və mədəniyyət
Manera.az bu həftə prof.Asif Hacılının “Sivilizasiya və mədəniyyət” yazısını
və onun tərcüməsində Semüel Hantinqton, Seyid Hüseyn Nəsr,
Cino Cermani, Alfred Kreberin məqalələrindən fraqmentləri təqdim edir.


Müasir dövrdə xüsusi aktuallıq kəsb edən məsələlərdən biri yeni texnologiyalar, qlobal kommunikasiyalar və standartlaşma şəraitində müxtəlif mədəniyyətlərin kəsişməsi, ənənəvi mənəvi dəyərlərin, həyat tərzi və dünya duyumlarının toqquşmasıdır. İdeoloji, siyasi, sosial, mədəni yönümlərdə aşkarlanan bu problem, təbii ki, bədii yaradıcılığa da təsirsiz ötüşmür. Modernləşmənin avropalaşma kimi başa düşülməsi bəzilərini tarixi ənənədən uzaqlaşmağa, xəlqi dəyərlərin inkarına, milli nihilizm və digər «izm»lərə sövq edir. Nəzəri fikirdə də zidd meyllər izlənilir: K.Levi-Stros başda olmaqla strukturalistlər, avrasiyaçılar, milli cərəyanlar hər bir mədəniyyətin unikallığını və bərabərliyini, fərqli sivilizasiyaların mövcudluğunu təsdiqləyir; qərbçilər Avropa modelini mütləqləşdirir; kosmopolitlər vahid dünya sivilizasiyasının formalaşacağını ehtimal edir. Bəşər mədəniyyətinin ortaq tipologiyasını qəbul etməklə bərabər, hər bir milli mədəniyyətin özünəməxsusluğu, regional (Şərq-Qərb) səciyyəsinin əhəmiyyəti, dünya sivilizasiyasının daxili mozaikliyi, iqtisadi-sosial baxımdan aşağı səviyyədə olan cəmiyyətlərin heç də modern cəmiyyətlərdən mədəniyyətdə geri qalmadığı, arxaik mədəniyyət, xüsusən incəsənət nümunələrinin bir çox çağdaş əsərlərdən dəyərli ola biləcəyi də gerçəklik kimi qavranılmalıdır. Amerika alimləri S.Hantinqton və A.Kreber, ABŞ-da mühacirətdə olan İran filosofu S.H.Nəsr, Argentina sosioloqu C.Cermaninin məqalələrindən təqdim etdiyimiz fraqmentlərin modernləşmə və milli mədəniyyət, Şərq və Qərb, islam və xristian dəyərlərinin tənasübü, üslub və sivilizasiyanın əlaqəsi kimi məsələlərə müasir elmi münasibət haqqında müəyyən təəssürat yaradacağı fikrindəyik.


Semüel Hantinqton
Modernləşmə və vesternləşmə

...Modernləşmə heç də mütləq vesternləşmə deyil. Qeyri-qərb cəmiyyətləri öz mədəniyyətlərindən imtina etmədən və qərb dəyərlərini, institut və davranış formalarını qəbul etmədən modernləşməyə məruz qala bilərlər. Bütün bunlar, demək olar, qeyri-mümkün ola bilər: qeyri-qərb mədəniyyətləri qarşısında moderinləşmə yolunda nə qədər maneələr yaransa da, onlar vesternləşmə zamanı ortaya çıxanlarla müqayisə oluna bilməz. F.Brodelin sözlərincə, modernləşmənin «sivilizasiyanın yeganə triumfu» kimi böyük sivilizasiyalar ağuşunda əsrlərlə mövcud olmuş tarixi mədəniyyətlərin plüralizmini sıradan çıxaracağını düşünmək «uşaqcasına sadəlövhlük» olardı. Əslində modernləşmə bu mədəniyyətləri gücləndirir və Qərbin gücünün nisbətən azalmasına gətirir. Mahiyyət etibarilə tam demək olar ki, dünya daha çox müasir və daha az qərbvari olur...
1996



Seyid Hüseyn Nəsr
Qərb və islam sivilizasiyaları
prinsiplərinin toqquşması haqqında

Müasir müsəlman qərb insanından daha çətin vəziyyətdədir. Belə ki, Şərqi sarmış dəyişikliklər Qərbə nisbətən daha sürətli və çox vaxt daha dağıdıcıdır. Hər halda Qərb modernizm həmləsindən daha az itirir. Şərqin topladığı zəngin mənəvi irs isə Qərb tərəfindən kitablar, radio və ya buldozer vasitəsilə daim məhv olma təhlükəsi altındadır. Müasir müsəlman həm öz içində, aydın zəka və ruhi tarazlığını saxlamaq üçün, həm də ətraf mühitdə, əcdadlarının mənəvi və bədii irsinin gözəlliyini qorumaq və sonrakı nəslə ötürmək üçün daim müqəddəs müharibə (cihad) aparmaya bilmir. Bu məqamda o, eyni zamanda həm islam ənənəsinin və həm də sekulyarizm və modernizmin cazibəsini hiss edir. Müasir müsəlman, xüsusən qərb mədəniyyətinin əsaslı təsirini duymuş müsəlman, böyük gərginlik içindədir, çünki onun əqli və ruhu sekulyar postsənaye cəmiyyətində yaşayan qərb insanından tamam fərqli zəmində formalaşıb.
İslam dünyasının ucqarlarında yaşayan və modernizm təsirindən təcridlənmiş müasir müsəlman sanki məhdud aləmdədir – həyati problemlərin normal insan mövcudluğunun problemi olduğu aləmdə. Ancaq islam dünyasının modernləşmənin müəyyən təsirinə məruz qalmış mərkəzlərindən birində yaşayan müsəlman iki rəqib dünyagörüşü və dəyərlər sistemi tiplərinin yaratdığı gərginlik qütbləri sahəsində yaşayır. Bu gərginlik çox vaxt onun təfəkküründə və ruhunda əks olunur və nəticədə o, reinteqrasiyaya dərin tələbat duyaraq daxilən ikiləşmiş vəziyyətə düşür.
Belə müsəlman intellektual məşğuliyyətə meyllidirsə, o, islamın intellektual irsinin zənginliyinə hələ canlı reallıq, onu varlığın Mərkəzi ilə bağlayan və ona varlığın ucqarlarından Mərkəzinə yol açan irs kimi baxır və qavrayır. Bu, Allahın – qarşısındakı bütün məxluqların heç olduğu ali reallıq kimi dərk olunduğu, Onun hökmünə tabe olduğu, mələklərin və maddi varlığın bütün səviyyələrinin rəngarəngliyini ehtiva edən ierarxik universumun dərkinə əsaslanın dünyagörüşüdür. Bu, insanın tam şəkildə yalnız şəriətə – İlahi Qanuna tapına bildiyi və yalnız bu qanun vasitəsilə öz xoşbəxtliyinə çata bildiyi haqqında təsəvvürə əsaslanan dünyagörüşüdür.
Demək olar ki, islam prinsipləri ilə bütövlükdə antiteza təşkil edən müasir qərb sivilizasiyasının təməl prinsipləri müsəlman üçün bu dünyagörüşü ilə tam təzad yaradır. Bu sivilizasiyanın fəlsəfi məktəbləri insana Allaha qarşı qiyam etmiş məxluq kimi və ya insan kollektivinə insanın özünün hər hansı əhəmiyyətli dəyərə malik olmadığı qarışqa yuvası kimi baxır.
Dünyagörüşü dəyərlərinin belə konfrontasiyası və belə dilemmalar digər sahələrdə də ortaya çıxır. Ənənənin bir nəsildən digərinə ötürülməsində mühüm vasitə olan təhsildə də iki sistem rəqabət aparır və müsəlman bu rəqabətin qurbanı olur. Ənənəvi təhsil sistemindən müasirinə keçid xeyli dərəcədə qəfil və dağıdıcı oldu və müasir müsəlmanın düşdüyü çaşqınlığın mənbələrindən birinə çevrildi.
Varlığın Mərkəzindən birbaşa çağırış olan və Transsendental başlanğıcı inikas edən incəsənət indi mənbəyi eybəcərlikdə olan və insanın mühitini eybəcərləşdirən ərzani və mənəviyyatsız «sənət» tərəfindən təhlükəyə məruz qalıb.
Qərbin müasir islam qarşısında qoyduğunun konkret intellektual və mənəvi məzmunu nədir və islam ənənəsi bu cağırışa cavab olaraq hansı rolu oynaya bilər? Əvvəlcə bizim işlətdiyimiz anlayışlara müəyyən aydınlıq gətirməli və «intellektual ikonoklazm» təriqində meydanı müasir səhnə «büt»lərindən təmizləməliyik. Qərbdə intişar tapmış və ya oradan Şərqə yayılmış sivilizasiya öz əqlinin tənqidi qabiliyyəti və ya obyektiv tənqidin gücü ilə öyünür. Halbuki əslində o, məlum sivilizasiyaların hamısından mahiyyətcə daha az tənqididir və öz fəaliyyətini araşdırmaq və tənqid etmək üçün zəruri olan obyektiv meyarlara malik deyil. Bu sivilizasiya hər hansı islahata qabil deyil, çünki onun özünü islah etmək iqtidarı yoxdur.


Cino Cermani
Modernləşmə və urbanizasiya

Modernləşmə Avropada yarandığı və digər ölkələrə yayılmağa başladığı ilk vaxtlarda vesternləşmə və ya avropalaşma kimi baxılırdı. Lakin yeni dövrdə artıq modernləşməyə Avropa institutlarının dünyanın digər yerlərinə köçürülməsi və ya hər hansı bir təsbitləşmiş cəmiyyət tipinə keçid kimi yanaşmaq olmaz. Milli müstəqillik uğrunda hərəkat, yeni millətlərin yüksəlişi, kapitalist cəmiyyətinin daimi transformasiyaları, planlı iqtisadiyyatın müxtəlif formalarının yüksəlişi və modernləşmə prosesində qərb və qeyri-qərb komponentlərinin qovuşması – bütün bunlar modernləşmənin dəyişikliyə məruz qalan rəngarəng modellərini ehtiva edir. Yalnız şərti olaraq ehtimal etmək olar ki, güclənən ümumdünya unifikasiyası nəticə etibarilə böyük mədəni və sosial homogenliyə gətirəcək. Bütün hallarda, nəticə həm qərb, həm də qeyri-qərb mədəniyyətlərini birləşdirən yeni ümumdünya sivilizasiyası olacaq. Modernləşmə prosesi – müəyyənləşmiş son məqsədi olmayan permanent inqilabdır. Artıq indi biz müasirliyin çıxış fazasını («köhnə modern»), keçid və yeni müasir («yeni modern») fazaları fərqləndirə bilərik, bizim dövrdə isə biz postmüasir fazaya keçidlə («postmodern») qarşılaşırıq.
Son onilliklərdə modernləşmə prosesinin bəzi neqativ tərəfləri müxtəlif müqavimət formalarını doğurub. Modernləşmə ümumi dəyərlərin formalaşmasını çətinləşdirən bir çox fərqli etik, estetik və ideoloji meyllərin yaranmasına gətirir. Modernləşən cəmiyyət fərdin sosiallaşması formalarını tapmalı və ona seçim və dəyişmə imkanı saxlamalıdır. O, həm də cəmiyyətdə və şəxsiyyətin özünün daxilində labüd konfliktlərə nəzarət vasitəsi tapmalıdır. Müasir cəmiyyətin bəzi xüsusiyyətləri bu tələblərin ödənilməsini çətinləşdirir, çünki qabaqcıl texnologiyalar və cəmiyyətin təşkilinin mürəkkəbliyi fərdlərin atomlaşmasına gətirir və insanın dəyişilən şəraitdə müstəqil oriyentasiya qabiliyyətini sarsıdır.
Ehtimal etmək olar ki, müasir sivilizasiyaya xas ziddiyyətlərin keçmiş tarixdən əxz olunmuşlarla birləşməsi daha çox konfliktlik dərəcəsi yaradacaq.



Alfred Kreber
Üslub və sivilizasiya

Birinci problem – dahiliyin üslubun formalaşmasında əhəmiyyətidir. Bu problemə tanış cavab bundan ibarətdir ki, üslub sənətkarın dühası ilə müəyyənləşir. Ancaq digər cavab belədir ki, üslub sosial yönümə malikdir. Üslub sürəkli tarixi prosesdə formalaşır. Böyük sənətkarlar kəhkəşanlar kimi gəlir, ancaq elə dövrlər var ki, aşağı yaradıcı məhsuldarlıqla seçilir. Sosial münasibətləri müəyyənləşdirən maraqları nəzərə aldıqda, fərdlər öz müstəqilliyini itirir və sosial birliklərin nümayəndələri kimi aşkarlanır.
Müəyyən mənada insanlar üslub yaradır, digər yöndən, onlar – üslubun məhsullarıdır… Məhz onların doğulduğu mədəni mühit qabiliyyətlərinin gerçəkləşməsinə təkan verir və ya buna mane olur.
İkinci problem – üslubi özünəməxsusluğun bədiidən başqa digər mədəni fəaliyyət növlərində nə dərəcədə aşkarlana bilməsidir… Biz sivilizasiyanın üslubi müəyyənliyindən nə dərəcədə danışa bilərik? Onun mədəniyyətin bütün məzmununa təsirini təsdiqləmək xeyli şişirtmə olardı. Nəticə etibarilə, hər bir cəmiyyət müəyyən şəraitlə qarşılaşır və mövcudluğun bazis tələbatı olur. Yalnız bu şərtlər yerinə yetirildikdə cəmiyyətin azad üslublaşması başlaya bilər. O. Şpenqler bütün əlavə şərtləri nəzərə almayaraq, bundan çıxış edir ki, üslub mədəniyyətin səciyyəsinin müəyyənləşməsində sanki tam muxtariyyətə malikdir. Belə ifrata varmasaq da, müəyyən sivilizasiya daxilində mədəniyyətin üslublaşmasının rolunu inkar etmək olmaz…
Digər sual – bu və ya digər sivilizasiyaya xas üslub necə formalaşır? Bu suala ən sadə cavabı O. Şpenqler verir: üslub prasimvoldan törəyir. Lakin bu cavabda məlum daha az məlumla izah olunur və bu, teleoloji yanaşma yaradır...



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ