Professor Asif Hacılı: Ekzistensializm ədəbi cərəyanı

Tarix:3-07-2017, 10:36 Baxış Sayı:656

Professor Asif Hacılı: Ekzistensializm ədəbi cərəyanı

Asif HACILI, professor

Ekzistensializm ədəbi cərəyanı


XX əsrin 40-cı illərindən başlayaraq Avropa və sonradan dünya ədəbiyyatının aparıcı cərəyanlarından olmuş ekzistensializm pozitiv təfəkkür və dəyərlər üzərində qurulan müasir sivilizasiyanın süqutunu əks etdirirdi. Yalnız ədəbi deyil, həm də fəlsəfi cərəyan olan ekzistensializmin konseptual əsasları ilk olaraq görkəmli fransız yazıçıları və mütəfəkkirləri Jan Pol Sartr və Alber Kamyunun əsərlərində ifadə olunub. Hələ “İkrah” (1938) və “Divar”da (1939) irəli sürdüyü ideyalar Sartrın mühüm fəlsəfi əsəri olan “Varlıq və Heçlik”də (1943), eləcə də bədii yaradıcılığında tam təşəkkül tapmışdır. Bu baxımdan Sartrın “Ədəbiyyat nədir?” (1947) essesi və Alber Kamyunun “Kənar adam” povestinə yazdığı ““Kənar adam”ın izahı” (1943) məqaləsi xüsusilə əhəmiyyətlidir. Sartr bu yazılarında insanın mühitdən təcridlənməsini, şəxsiyyətin öz dövrünə aid kənar dəyərlərə, ictimai qayda və nizama, fövqəl ideallara yadlaşmasını önə çəkir.

Normativləşmiş ictimai kateqoriyaların və münasibətlərin insanı yalnız mühitinə deyil, özlüyünə, öz daxili “mən”inə, ekzistensiyasına da yadlaşdırdığını və onu kənar adama çevirdiyini göstərir.

Qərb mədəniyyətinin pozitiv düzəninə qarşı insanın dərin daxili aləmi, onun “özüm”lüyü, mütləq azadlığı və qiyamçılığı ilə seçilən “autentik” şəxsiyyəti qoyulur. Lakin mütləq ekzistensial azadlığın mənəvi, əxlaqi fəsadlarını, raskolnikovsayağı və nitsşesayağı mütləq ixtiyarın faciəviliyini görən Sartr və Kamyu yazıçının mənəvi məsuliyyətdən azad olmadığı fikrinə gəlmişlər.

Şəxsiyyətin azad daxili aləmini yeganə həqiqət hesab edən Sartr bu fəlsəfi həqiqətin əsas ifadəçisinin ədəbiyyat və sənət olduğunu təsbitləmişdir. Məhz bədii yaradıcılığın həqiqətin gerçəkləşməsinə, insanın öz daxilini, həyat yaşantılarını işarələr vasitəsilə başqalarına çatdırmasına imkan verdiyini düşünən Sartrın təqdim olunan məqaləsi bu maraqlı ədəbi cərəyanın təbiətini anlamağa, eyni zamanda ekzistensializmin yayılmasında böyük rol oynamış mütəfəkkir yazıçının mövqeyini aydınlaşdırmağa kömək edən, bu gün də öz əhəmiyyətini saxlayan proqram xarakterli ədəbi-fəlsəfi əsərdir.


Jan Pol Sartr
«Kənar adam»ın izahı

Cənab Kamyunun «Kənar adamı» çapdan çıxan kimi ən xeyirxah münasibətlə qarşılandı. Bunun «atəşkəs dövründən sonra ən yaxşı kitab» olduğunu deyirdilər. O dövrün ədəbi məhsulu içində bu roman özü kənar idi. O bizə divar arxasından, dənizin o biri sahilindən gəldi və həmin ayazlı baharda günəş haqqında ekzotik möcüzə kimi deyil, günəşdən həddən çox ləzzət almış adamın yorğun laqeydliyi ilə söz açdı; öz əlləriylə bir daha köhnə rejimi dəfn etmək və ya bizə çatışmazlıq hissi aşılamaq onun vəzifələrinə daxil deyildi; onu oxuyarkən xatırlayırdılar ki, nə vaxtsa özgürlüyə iddia edən və heç nəyi isbata can atmayan əsərlər olub. Lakin belə təmənnasızlığa baxmayaraq roman yenə də xeyli ikimənalı olaraq qalırdı: anasının ölümünün səhəri «çimməyə, təsadüfü tanışlıq qurmağa gedən və kinoda komik filmə gülən», ərəbi «günəşə görə» öldürən, öz edamı ərəfəsində «xoşbəxt olduğunu və indiyədək xoşbəxt olaraq qaldığını» bəyan edən, eşafot ətrafında «onu nifrətlə» qarşılayacaq adamların daha çox yığışmasını arzulayan personajı necə başa düşəsən? Bəziləri deyirdilər ki, «bu səfehdir, hansısa sərsəmdir», başqaları, daha təcrübəliləri onu «günahsız» adlandırırdı. Bir neçə ay sonra çıxmış «Sizif haqqında mif»də cənab Kamyu öz əsərini şərh etmişdir: onun qəhrəmanı nə xeyirxah, nə şərdir, nə mənəvi, nə də mənəviyyatsızdır. Onu belə kateqoriyalarla mühakimə etmək olmaz: o tamamilə məxsusi növə aiddir, müəllifin absurd sözüylə adlandırdığı növə. Lakin bu ifadə cənab Kamyunun qələmində iki çox fərqli məna kəsb edir: absurd – eyni zamanda həm nəsnələrin nizamı, həm bunun bəzi adamlar tərəfindən aydın dərki. «Absurd» o adamdır ki, ilkin absurdluqdan tərəddüd etmədən bütün zəruri nəticələri çıxarır. Burada «svinq» sözünün svinq oynayan gəncləri bildirdiyi kimi mənanın məcaziləşməsi baş verir. Nəsnələrin nizamının absurdluğu – çıxış nöqtəsi kimi nə deməkdir? İlkin absurdluq – ilk növbədə parçalanmadır: dünya ilə vəhdətə insani təşnəliklə idrak və təbiətin keçilməz dualizmi, insanın əbədiyyət eşqi ilə mövcudluğun sonluğu, onun mahiyyətini ifadə edən «narahatlıq»la bütün cəhdlərinin əbəsliyi arasında parçalanma. Ölüm, insani həqiqətin və insani mövcudluğun qaçılmaz rəngarəngliyi, gerçəkliyin qeyri-idrakiliyi, təsadüfilik – absurdun qütbləri bunlardır... Beləliklə, romanın adı qismən aydınlaşır: kənar – dünya qarşısındakı insandır… Bundan əlavə, kənar həm də digər adamlar arasındakı insandır. «Elə günlər olur... hətta sevdiyin qadın da kənar görsənir». Və nəhayət, kənar – özümə münasibətdə mən özüməm, başqa sözlə, bu, öz şüuru ilə üzbəüz qalmış, təbii varlıq olan insandır: «kənar – bəzi anlarda güzgüdə önümüzə çıxan həmin kəsdir» («Sizif haqqında mif»dən –A.H.)...

Ancaq məsələ yalnız bunda deyil: absurdda nəsə bir cazibə qüvvəsi var. Absurd insan həyatını intiharla bitirməz: o, yaşamaq istəyir, əmin olduğu həqiqətdən imtina etmədən, gələcəyi olmadan, ümidi olmadan, illüziyalar olmadan yaşamaq, ancaq ram olmayaraq yaşamaq. Absurd insan özünü qiyamda təsdiqləyir. O, ölümün üzünə şövqlü diqqətlə baxır və bu aludəlik onu azad edir: o, ölümə məhkum edilmişin yaşaya bildiyi «ali ixtiyar» hissini duyur. Əgər Allah yoxdursa, insan ölümə məhkum edilibsə, deməli hər şeyə ixtiyar var. Bizim təcrübənin istənilən forması başqasına bərabərdir, buna görə də onları hələ nə qədər mümkünsə yalnız artırmaq lazımdır. «İndiki an, daim oyaq şüura sahib olmuş ruhun qarşılaşdığı anlar cərgəsi – absurd insanın idealı budur» («Sizif haqqında mif»). Bu «kəmiyyət etikası» qarşısında bütün dəyərlər sarsılır; dünyaya atılmış absurd insan, qiyamçı, məsuliyyətsiz insan “heç bir bəraətə” ehtiyac duymur. O, günahsızdır. S. Moemin Xeyir və Şəri, icazəli və icazəsizi ayırmağı öyrətmiş rahibin gəlişinə qədər günahsız olan vəhşiləri kimi günahsızdır: onun üçün hər şey icazəlidir. O, «təbəssüm və biganəlik sarmış əbədi indi»də yaşayan knyaz Mışkin kimi günahsızdır. Sözün bütün mənalarında günahsızdır, belə ki, təbiri caizsə, o da «İdiot»dur. Və məhz burada biz cənab Kamyunun romanının adının mənasını anlamağa başlayırıq. Onun təsvir etməyə çalışdığı kənar – ümumi oyun qaydalarını qəbul etmədiklərinə görə cəmiyyəti dəhşətə salan və narazı edən həmin sərlövhələrdən biridir. O, kənar adamların əhatəsində yaşayır, ancaq özü də onlar üçün kənardır. Məhz buna görə də bəzi adamlar onu sevir, ona «qəribə olduğu üçün» bağlanmış məşuqəsi Mari kimi; başqaları həmin səbəbdən ona nifrət edəcək, qəzəblərini qəfil hiss etdiyi həmin andlılar dəstəsi kimi. Elə biz özümüz də kitabı açıb və hələ absurd hissinə dalmamış, Meersonu alışdığımız normalarla nahaq yerə mühakiməyə cəhd etdik: o bizim üçün də kənardır…

…Bu kitab olmaya da bilərdi, necə ki, bu Daş, bu çay, bu Sima olmaya bilərdi; o – sonsuz çoxluq içində var olanlardandır. Onda hətta öz əsərləri haqqında sənətkarların həvəslə bəyan etdiyi subyektiv zərurət də yoxdur: «Mən bunu yazmaya bilməzdim, mənə ondan azad olmaq lazım idi». Biz yenə də klassik ənənə ilə çulğaşmış şəkildə olsa belə sürrealist terrorun mövzularından biriylə rastlaşırıq: hər bir sənət əsəri yalnız kiminsə həyatından qopmuş vərəqdir. O, bunu, əlbəttə, ifadə edir, ancaq etməyə də bilərdi. Bir də ki, hamısı bir şeydir – «Beslər»i yazmaq və ya qaymaqla kofe içmək. Bu o deməkdir ki, cənab Kamyu «həyatını sənətə həsr etmiş» yazıçılardan fərqli olaraq, oxucuların diqqət və marağını tələb etmir. «Kənar adam» – onun həyatından qopmuş vərəqdir. Və əgər ən absurd həyat həm də ən steril həyat olmalıdırsa, cənab Kamyunun paradoksları arxasında Kantın «məqsədsiz məqsədəuyğunluq» barədə müdrik qeydləri görünür. İstənilən halda, «Kənar adam» – öz yaradıcısının həyatından qopmuş, bəraətə ehtiyacı olmayan, steril, bir anın məhsulu olan, müəllifin yeni indisində artıq uzaqlaşdığı bir kitabdır. Bunu belə də qavramalıyıq – iki insanın, müəllif və oxucunun, absurda heç bir motivsiz qəfil qovuşması vasitəsi kimi.

Bütün bunlar «Kənar adam»ın qəhrəmanını necə anlamağı qismən aydınlaşdırır. Əgər cənab Kamyu tendensiyalı roman yazmaq istəsəydi, onun üçün öz ailəsi çərçivəsində hökm edən, sonradan qəfil absurd hissinə mübtəla olan, bir müddət müqavimət göstərən və nəhayət, öz qismətinin əzəli absurdluğunu qəbul etməkdə qərarlaşan hansısa məmuru təsvir etmək çətinlik törətməzdi. Bu zaman həm oxucu, həm də personaj birlikdə eyni dəlillərə tabe olardı. Və ya o, «Sizif haqqında mif»də sadaladığı və xüsusi rəğbət bəslədiyi həmin absurd müqəddəslərindən birinin həyatını təsvir edə bilərdi: Don Juan, Komediant, Fateh, Yaradıcı.

Ancaq o bunu etmədi və hətta absurd nəzəriyyəsi ilə tanış oxucu üçün də Merso, «Kənar adam»ın qəhrəmanı, ikimənalı olaraq qalır. Əlbəttə, biz əminik ki, o absurddur və məhz baxışın amansız aydınlığı onun əsas cəhətidir. Bundan əlavə, o, «Sizif haqqında mif»də inkişaf etdirilən nəzəriyyənin bir çox baxımdan hazır illüstrasiyası ola bilər. Belə, cənab Kamyu bu işində yazır: «İnsan daha çox nə haqda danışdığına görə deyil, nə haqqında susduğuna görə insandır». Və Merso – belə comərd susmanın, boş bəlağətdən imtinanın nümunəsidir: «(ondan soruşdular), o hiss eləyibmi ki, qapalı xarakterim var, ancaq o yalnız bunu etiraf etdi ki, mən hər boş şey haqqında çərənləməyi sevmirəm». Cəmi iki sətir yuxarıda isə müdafiənin həmin şahidi bəyan edir ki, Merso – insandır…

1943
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ