Bakı Uşaq Teatrı festivala dəvət alıb
Bakı Uşaq Teatrı Türk Dili Günü ilə əlaqədar sentyabrın 26-da 14-cü mövsümün açılışına start verəcək.
Teatrdan bildirilib ki, açılışda Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı əsasında teatrın direktoru və rejissoru İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.
Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.
Tatrda Azərbaycanda ilk dəfə "kölgə" janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacağı planlaşdırılır.
Həmçinin Bakı Uşaq Teatrı 2016-cı il yanvarın 21–dən fevralın 1-dək İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət alıb. Hazırda teatrda bu yöndə hazırlıqlar gedir.