Dünyaya gəlmək özü bir əcəl oyunudu - ŞEİRLƏR

MANERA.AZ Zahid Sarıtorpağın retro şeirlərini təqdim edir:
* * *
kim səni gömdü deyirsən
bu nə ömür-gündü deyirsən
eşqdənmi sürgündü deyirsən,
deyirsən: dikəl, ölü...
öz leşkərin öz sərkərdən
qurtul, qurtul bu şakərdən
o işvəli minagərdən
deyir: əl çək, - çək əl, ölü...
bir əldi, bir ətəkdisə,
Can Türbəsi pətəkdisə,
BİRə uzanan təkdisə
demək, haqdı tək əl, ölü...
dua deyil bu zümzümə,
üzün gülməz heç üzümə
deyirsən: ölü özüməm,
sussam da gəl, di gəl, ölü...
1997
* * *
ömür şütüyür... bilmirsən
gün ötür, yoxsa ay keçir.
Elə bil dar bir dalandan
köhnə bir tramvay keçir.
Göyün yeddinci qatında
kimsə Söz deyir adımdan...
Nədən könlümün çatından
O-na oxşar haray keçir...
Dərd yürüşüdü, ya səlib?
Can bayraq kimi dikəlib.
...Ölüm də çırmanıb gəlib–
zalım elə bil çay keçir...
* * *
mən hamıdan körpə ikən
hamıdan da qoca öldüm
tutdum Sözün ətəyindən
uça-uça uca öldüm
Haqqa sarı qaranəfəs
qaçdım... qaça-qaça öldüm
dərdi-səri balam kimi
öpdüm... quca-quca öldüm
fanilik çox şey dilədi
cəhdi çıxdı puça öldüm
öz ruhuma Qul olmağa
gündüz öldüm gecə öldüm
həyatla daban-dabana
Ölümlə iç-içə öldüm
ölkə-ölkə şəhər-şəhər
ev-ev küçə-küçə öldüm
özümə qalib gəlsəm də
Ölümlə heç-heçə öldüm
... yaxşı ki bir Sən bilirsən
necə oldu necə öldüm...
* * *
keçir qarlı gecədən
ayaqyalın bir külək
bir isti yer də yoxdu
dünyadan əl götürək
qorxmuruq bilsək ki lap
bu dünyanın sonudu
dünyaya gəlmək özü
bir əcəl oyunudu...
1981
Faniliyə qıyqacı baxış
Dirənər kağızda qələm haqq sözə,
nə irəli gedər, nə geri gedər.
Saxlasan zamanın arabasını,
oxundan çıxıb da təkəri gedər.
Sevgisiz adamın yoxdu pənahı…
Qarsar yarpaqları kül edər ahı.
O, səltənət qurar – nökəri, şahı…
şahı perik düşər, nökəri gedər.
Ölsə, deyən olmaz qayıt geriyə,
olubmu tabutdan düşüb yeriyən?
baxar aşiqinə, baxıb əriyər
qorxar biri qalsa, digəri gedər...
bilər ki heç nəyə dəyməz göz yaşı,.
bu dünya deyilən naşıdır, naşı...
aşiqinin eşqdən ayılmaz başı,
gedəndə həmişə bekarı gedər...
Bilər ki, ölümə aşiq olunca,
gora əsən başı düşər balınca.
Xəzər yarpaq kimi uçar dalınca
ardınca Kür, Araz, Həkəri gedər…
1982
* * *
güzgünün o üzü - qara, qapqara...
sevginin o üzü - eləcə, zülmət...
ömrünsə o üzü - olümdü, ölüm
ölümün tərs üzü ... qismət, ya qismət!
qiyam ki, qiyamət doğurmaz... doğru...
biz nədən doğulduq, bəs ya qiyamət!
üstünə bir arı qonmayıb hələ
bu Gül - biz deyən Gül deyilmiş, əlbət...
ipəyi çəhrayı boyandı, olsun...
barama dediyin ölər - tanımaz
barama dediyin ölür əslində
yatır nur içində... kimsə qınamaz...
Sözün astarını kimsə boyayır,
hər kimsə, fərqi yox ... Yazan sınamaz...
biz türbət daşıyıq, eləməz bidət,
çünki bir tikəmiz sınmayıb hələ
deyirsən ki, sınar, sınar, darıxma -
vuran əl - əl deyil... əl deyil, əlbət...
ağrıya-ağrıya çırpınan külək
heykələ çırpılan təpikdən betər...
bir qızın telinə ilişən ruhun
salıb itirdiyin qəpikdən betər...
çarx geri fırlanır, ömür irəli,
ortada rəqs edən nədir bəs, nədir?
ölüm dodağından öpüb həzz alır,
son nəfəs deyilsə, bəs nə əsnədir?
başının üstündə sirli bir hava
sinənin altında gizli imarət...
deyirsən bir kimsə öyrənə bilməz,
deyə də bilməz ki. nədir bu hikmət...
deyən dil - dil deyil... dil deyil, əlbət...
2000
Sonun nağılı
şüşə qabın içindəki
o çırpınan quşdan öncə
birinci mən ölməliydim
özüm ölməliydim məncə
hamı diri qalsın deyə…
mənim kimi bir üzgünə,
bir qəribə, bir küskünə
bir də çat vermiş güzgünə
sən baxanda bilməliydin
bilməliydin ki, son nədi…
kövşənliyə kibrit çalan
dəcəl bir uşaqmış ölüm…
indi küləyi çağırır
çağırır sovrulsun külüm,
yəni bilim ki son nədi…
öz yıxılmış anasını
qaldıra bilməyən çocuq.
qısılıb ona ağlayır
dodağında məhrəm uçuq…
amma bilmir ki son nədi
şirin-şirin ha höccələ,
qurtarmaq bilmir bu nağıl.
gündə yüz yol ölə-ölə
sevgiyə diz çökür ağıl,
di gəl bilmirik son nədi
bu nağılın bitməsinə
bitənlərin ötməsinə
ümid eləyirik mağıl
amma bu da bəhanədi,
son nədi yenə bilmirik...
1997
Boş sükut
ömür bitər, sual bitməz...
ömür bitər, cavab bitməz...
nə? niyə? - bilən yoxdu
harda? nə vaxt? - bəlli deyil...
ömrün istənilən vaxtı
son səfər təsəlli deyil...
ömür bitər, sual bitməz...
ömür bitər, cavab bitməz...
nə? niyə? harda? nə vaxt?-
bunlar sirr dolu tabutdu
bir də gördün göz görəsi
sual verənləri uddu...
cavab alanları uddu.
ömür bitər... ömür bitər...
sual-cavab - son sükutdu...
bitməz heç vaxt...
bitməz heç vaxt...
adamın özü də elə
cəmi bir qırıq umuddu,
itməz heç vaxt...
1991
* * *
nə qədər özünə çəkilmək olar,
yol məndən o yana yeriyib artıq...
nə qədər qədərə bükülmək olar,
o da ömür kimi əriyib daha
nə qədər özünə qısılmaq olar?...
kim iç yarasını sarıyıb axı...
nə qədər ümiddən asılmaq olar?
onun ki, kəndiri çoxdan çürüyüb ...
bircə Sən qalmısan uzat əlini -
uzat... demə: "əlim quruyub mənim..."
yoxsa mən olacam aləmlər şahı
Sənsə deyəcəksən: "adam yarıyıb..."
1989
* * *
quşlar perik düşdü son şeirimdən
sözlər bircə-bircə qopub yıxıldı
ölüm bədahətən çəkdi adımı,
sən elə bildin ki, dünya dağıldı...
sonra bir qarışqa keçdi önündən
gördün ki, dən nədi? - məni sürüyür...
mənsə pıçıldadım astadan o dəm
"sən boylan yuxarı... gör nə görünür..."
baxsan da nə görə bilərdin axı
uçuq misralardan, məndən savayı...
... ovcunda bircə dən var idi... amma
yerdə qarışqanın yox idi sayı...
hələ arılar da uçub gəlirdi
amma Gül deyilən solmuşdu çoxdan...
... öpsəm də mən Onun ayaqlarını
yox... gəlmir şeirimə, gəlmir o vaxtdan...
* * *
Mahir Mehdiyə
Suyun üzü mənim olsun
altı - balıqların, dedim -
nə oldu bəs?
göyün üzü mənim olsun
elə altı da, söylədim,
nə oldu axı, nə oldu?
bütün karvanlar yan keçdi...
nökər keçdi, xan keçdi,
üzümə baxan keçdi,
bircə mən keçə bilmədim,
çünki məndən cahan keçdi,
keçdi suyun üzüylə keçirmiş kimi,
keçdi göyün altıyla keçirmiş kimi,
tanrının qol saatında
mən adda bir an keçdi
keçdi Can adlı bir burulğan kimi -
inan... keçdi,
və dönmədi...
...nə oldu ki?
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ