manera.az
manera.az

Çəkisi xatirələrdən yüngül şəkillər - YENİ İMZA

📅 29.04.2019 20:50

Çəkisi xatirələrdən yüngül şəkillər - YENİ İMZA
Kənan İsmayılın şeirləri ilə son vaxtlar tanış olmuş və onlarda bir istedad işartısı görmüşəm. Bu qeydləri yazmaqda məqsədim gənc şairin şeirlərindəki işartını sizinlə bölüşməkdir. Çünki o işartı bölündükcə azalmır, artır.

Kənanın "Oktyabr" adlı şeirlər kitabı işıq üzü görüb. Yox, bu sovet şairlərinin oktyabrından deyil, burda söhbət sadəcə payızdan gedir. Və gənc şairin ilk kitabına verdiyi ad sovet şeirindəki oktyabr şablonuna ilk baxışdan, hətta ironiya kimi səslənir.

Kənanın şeirlərindəki hisslər mürəkkəb və külək kimi ələkeçməz, bədii təsvir vasitələri gözlənilməz, orijinaldır. Ən başlıcası o səmimidir, daxili senzorun da, ictimai rəyin də diktəsindən azaddır və bu sadaladıqlarım bədii yaradıclıqla məşğul olan adam üçün vacib göstəricilərdir.

Son vaxtlıar ədəbiyyata, özəlliklə də poeziyaya çoxlu gənclər gəlir. Onların bir qismi üçün şeir yazmaq ötəri gənclik həvəsidir. Bir-iki il keçir, şairlik arzusundan əl çəkib, öz tale təyinatlarını başqa yerdə axtarmağa başlayırlar. Bir qismi isə inad göstərir, axıracan getmək iddiası nümayiş etdirir.

Şeilərini sizə təqdim etdiyim gənc bunların hansından olacaq?! Dəqiq proqnoz vermək çətindir. Hələlik Kənana uğurlar arzulaya bilərəm!

Əsəd CAHANGİR


Susma, Tanrım

Tanrım,
Nitşe yalan deyir,
ölməmisən,
sən dirisən!
Sən yarpaqsız ağacların,
saçsız qadınların,
ümid yerisən...

Amma sən susduqca
sinəm üstə
onun saçları,
başım üstə
sənin yoxluğunu hiss edirəm...
Pozub əllərimin bəkarətini,
dua edirəm;
"Ey Yusifi o quyudan çıxaran Tanrım,
ağacları payızdan,
qadınları xərçəngdən
sağ çıxar,
sağ çıxar...”

Bircə şəkillər qaldı...

And olsun cəmi müqəddəslərə ki,
bir qarışqanın yemicən də
yoxsan içimdə,
yoxsan...

Dünən gecədən
xatirələrinə üzmək öyrədirəm.
Birinci
sən alan saat boğuldu...
Əqrəbləri zəhərlədi su xalqını.
Dalınca da
bağışladığın köynək batdı,
dalğalar geydi
bir vaxtlar mən geyən köynəyi.
Bircə şəkillər qaldı
suyun üzündə,
çəkisi xatirələrdən yüngül şəkillər...

Alibi

Bir qadın yarat, İlahi,
sol çiynində mələk olmasın.
Torpaqdan yox,
savabdan yarat onu.

İlahi,
bir qadın yarat,
duaları sənin,
saçları mənim olsun.

Əlvida gecəsi

Bədənimdə baş qaldırır,
sənsizlik ağrısı,
qocaldır bədənimi sənsizlik.

Bu ağrılar, ağrılar...
Sən getdiyin gecədi bu gecə,
elə həmin ağrımaqdı bu ağrımaq da...
Səssizliyindən,
sənsizliyindən
və bir də
ulduzların sayından tanıdım
bu gecəni...
Bu gecənin bir adı var –
Əlvida!

Sən bilmirsən,
sevgi dilində bütün əlvidalar
"bağışla” kimi çevrilir...
Bağışla,
bağışla ki gedirəm,
bağışla ki səni yarım buraxıram.
Kaş, səni bağışlamazdım,
indi yaman darıxıram.../artkaspi.az/

MANERA.AZ


Baxış sayı - 1 159 | Yüklənmə tarixi: 29.04.2019 20:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031