manera.az
manera.az

Naməlum və narahat adamların yazıçısı

📅 28.02.2019 11:56

Naməlum və narahat adamların yazıçısı
Elə qələm sahibləri var ki, onlar ixtisasca başqa sənətin sahibi olsalar da istedad amili öz sözünü deyir; bu insanlar vaxt fürsətini yaxaladıqca kənara çəkilib onları heç vaxt tərk etməyən istedadı realizə etməyə, yazıb-yaratmağa çalışırlar.

Belə yazıçılardan biri də Aləm Kəngərlidir. O, ədəbi təsnifatlaşdırmada “itirilmiş nəsil” kimi qeyd olunan 80-cilər nəslinin nümayəndəsidir. Amma zaman sübut etdi ki, bu nəsil heç də itirilmiş nəsil deyil, bu nəslin nümayəndələri bu gün də ədəbi prosesdə aktiv iştirak edir, yeni əsərləri, kitabları ilə görünməkdədirlər.

Aləm Kəngərlinin yaradıcılığa başladığı illər sovet ideologiyasının şərtlərindən irəli gələn mənfi-müsbət qəhrəman obrazlarından adi, statistik insana qayıdış dövrü idi. Onun mənsub olduğu nəsil yenicə formalaşmağa başlayırdı ki, araya müharibə düşdü, ədəbiyyat arxa plana keçdi. Xalq azadlığı uğrunda mübarizəyə qalxmışdı və az sonra öz müstəqilliyini əldə etdi. Və həmin illərin qəhrəmanlarını da məhz ədəbiyyat yetişdirmişdi. Xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” bütöv bir milləti səfərbər edəcək gücə malik idi. Ruhi təlatümlərdən keçən gənc ədəbi nəsil az sonra müvəqqəti olaraq boş buraxdığı söz meydanına qayıtdı və bir-birinin ardınca maraqlı əsərlər ortaya qoydu. Müstəqil ölkənin müstəqil ədəbiyyatı yaranmağa başladı. Aləm Kəngərli də bu təbəddülatlardan, ruhi təlatümlərdən keçib gəlmiş yazıçıdır. Onun qəhrəmanları müstəqillik dövrünün insanlarıdır. Bu insanlar bütöv bir toplumu mənfi-müsbət tərəfləriylə birgə əks etdirir. Tənqidçi Əsəd Cahangirin təbirincə desək, “sosial gerçəkliyimiz onun əsərlərində “a”-dan “z”-yə öz əksini tapıb”.
Naməlum və narahat adamların yazıçısı
Çağdaş nəsr gerçəkliyi “dünya modeli” kimi qavrayarkən ilk növbədə sosial həyatı özündə ehtiva edir. Aləm Kəngərlinin hekayələri sosial həyatımızın gerçəklərini əks etdirir. Onun “Vətən”, “Ehsan”, “Kisəçi”, “Ağsaqqal”, “Oğru” və digər hekayələri keçid dövrü insanının maddi və mənəvi sıxıntılarını, qeyri-müəyyən taleyini, yeni ictimai formasiyada çaşqın duruma düşməsini konkret və qısa süjetlər vasitəsilə oxucuya çatdırır. “Ağsaqqal” hekayəsinin qəhrəmanı yazıçı Səfər Küsgün qızını köçürmək üçün bankdan on min manat pul götürmək istəyir, bunun üçün evini də girov qoymağa hazırdır, bank müdiri ona bir şərtlə pul verə biləcəyini deyir, gərək üç nəfər ona zamin dayansın. Səfər müəllim çıxılmaz vəziyyətə düşür, suyu süzülə-süzülə bankdan çıxır və yolda düşünür ki, indi evdə xanımına, qızına nə deyəcək? Fikirli halda yolu keçərkən onu maşın vurur. Günümüzün acı reallığı...

“Oğru” hekayəsində yoxsul ailənin səkkiz-on yaşlarında olan qızı mağazadan şokolad oğurlayarkən müdir onu yaxalayır. Amma nə yaxşı ki, onun bəxtinə insanlıq hissini itirməmiş bir müdir çıxır. Qızın ünvanını öyrənib sellofanı müxtəlif şirniyyatlarla doldurur və onu evinə aparır. Mağazanın müdiri mənə Jan Valjanın şamdanlarını oğurladığı müdrik yepiskopu xatırlatdı. Nə yaxşı ki, hələ də insanda insanlığı oyadan müdirklər, xeyirxahlar var, yoxsa həyat dözülməz olardı. Amma həyatda bəzən çox acı mənzərələrlə rastlaşırıq, insanların xırda istəkləri (evinə çörək aparmaq, yırtıq ayaqqabısını təzələmək ) onları cinayətə sürükləyir və toplum bu çarəsiz, zavallı insanlara qarşı çox amansızdır.

Gündəlik həyatımızdan doğan problemlər “Dilənçi” hekayəsində daha ağrılı şəkildə təsvir olunub. Bu hekayəni oxuyarkən istər-istəməz Qoqolun “Müfəttiş” əsərini və Çexovun bürokrat məmurların “mujik”lərin başına açdığı oyunlardan bəhs edən hekayələrini xatırladım. Cəfərxan kişi təqaüd üçün arayışlarını yeniləməlidir, əks halda qəpik-quruş təqaüdündən məhrum ola bilər. Arayış üçün hansı idarəyə gedirsə, ondan pul istəyirlər, hətta İşədüzəltmə Komitəsinin həyətində toplaşan, gəlib-gedəndən sədəqə uman dilənçilər də onun yaxasından əl çəkmir. Cəfərqulu kişi fikirləşir ki, tanıyan olmasaydı, şəhərin gur yerində bir-iki saat dilənərdim. Yazıçı insanlığa utanc gətirən bu kədərli situasiyanı ürək ağrısıyla, vətəndaş yanğısıyla qələmə alır. İnsanlar çarəsiz duruma düşəndə xalqın mənəvi inkişafı dayanır, qiymət dəyərə çevrilə bilmir. Qiymət və dəyər ilk baxışda sinomim olsa da fərqli anlayışlardır.

Qiymət iqtisadi-statistik göstərici olsa da dəyər mənəvi-ali ölçülərlə hesablanır və bu mənada dəyər qiymətdən çox-çox yüksəkdə dayanır. İnsani dəyərlər qiymətlə ölçülə bilməz. Qlobal nəzəriyyələr milli-mənəvi dəyərlərin dayaqlarını sarsıtsa da yazıçı həmişə bu dəyərlərin qoruyucusu kimi genetik olaraq milli mənsubiyyətini hifz etməlidir. Yəqin ki, bu proses bütün xalqlarda gedir. Son zamanlar “milli-mənəvi dəyərlər” ifadəsi o qədər istismar olunur ki, artıq şablona çevrilib. Amma bu dəyərlərin bir xalqın varlığı, identifikasiyası üçün nə qədər vacib bir amil olduğunu çoxları dərk etmək istəmir. Sözün mahiyyətinə varmadan yeri gəldi-gəlmədi onu işlədənlərdən soruşsanız ki, milli mənəvi dəyər deyəndə nə başa düşürsünüz, izahını verməkdə aciz qalacaqlar.

Mirzə Cəlil öz xalqının naqisliklərini göstərəndə onu daş-qalaq edirdilər. Habuki bu birbaşa yazıçının vəzifəsidir. Yazıçı öz xalqının insanını aciz durumda görmək istəmir, sosial problemlər girdabında boğulan insan heç vaxt xalq üçün layiqli vətəndaş ola bilməz. Aləm Kəngərli də bu insanların taleyini ağrıyla, boyasız, sərt cizgilərlə qələmə alır. Sosializm realizmi estetikasından irəli gələn illüziyalı təsvir prinsipini sərt realist təsvirlər əvəz edir ki, bu da 80-cilər nəsrinə xas olan xüsusiyyətdir. Dostoyevski deyirdi ki, bəzən həyata heç bir müdaxilə etmədən onu yazıya köçürmək lazım gəlir. Bu hekayələrin də süjetini, məzmununu zaman özü diktə edir. Mən kitabdakı başqa hekayələrdən də bəhs edə bilərdim, hansı ki, o hekayələrdə yeni münasibətlər sistemi üzərində qurulan bir toplumun insanları təsvir edilir, onların sevgi münasibətləri də fərqlidir, konservativ düşüncədən azaddır (“Qatarda” hekayəsi). Yeni ailə modeli yaransa da qızqaçırma ənənəsi hələ də yaşayır və belə bir məzəli əhvalat “Atasının balası” hekayəsində yüyrək dillə təsvir edilir. Amma sıravi bir oxucu olaraq məni təsirləndirən, ağrıdan onun sosial motivli hekayələri oldu. Bu hekayələrdə dövrün mənzərəsi daha aydın görünür, konkret bir insanın taleyi bəzən qlobal əhəmiyyətli hadisələrdən daha çox qabardılır.

“Naməlum adam” povesti detektiv süjet xəttinə malik bir əsərdir. Yazıçının süjetqurma ustalığı, texnarlığı bu mətndə özünü daha qabarıq şəkildə göstərir. Aləm Kəngərli bədii həlli ilk baxışda qeyri-real görünən situasiyaları təsvir etdiyi hadisələrin məntiqi ilə reallığa çevirə bilir. “Naməlum adam” povestində qiymətli bir rəsm əsərinin oğurlanmasından söhbət gedir və hadisələr məntiqi-psixoloji cəhətdən zərgər dəqiqliyi ilə işlənib, oxucu sona qədər bu tablonun Aydın müəllimin evinə necə gəlib çıxmasının intizarında qalır. Bu rəsm əsərinə görə Aydın müəllim qətlə yetirilib və oxucunun şübhələnə biləcəyi heç bir obraz yoxdur.

Adətən, detektiv əsərlərin sonunda oxucunun şübhələndiyi şəxs qatil kimi üzə çıxır. Məhərrəm ailəyə sədaqətli bir insandır və o, bu cinayətin izinə düşür. Yazıçı bilərəkdən oxucunun diqqətini əsas faktdan yayındırır, həqiqəti ustalıqla gizlətməyi bacarır və mahiyyət əsərin sonunda açılır. İnduktiv isbat üsulu bədii müstəviyə proyeksiya edilir. “Naməlum adam” dinamik süjet xəttinə malik bir əsərdir və müəllifin kriminal dedektiv sahəsində böyük potensiala malik olduğunu göstərir. Zənn edirəm ki, yazıçı bu janrda daha geniş və əhatəli əsərlər yazacaq.

İnanıram ki, “Naməlum adam” kitabı realist nəsrin ən maraqlı, diqqətçəkən nümunələrindən biri kimi nəsrimizdə öz yerini tutacaq.

MANERA.AZ


Baxış sayı - 1 324 | Yüklənmə tarixi: 28.02.2019 11:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031