Bir albom sən - Mehman Rasulovun şeirləri

Bir albom sən
Bir albom sən yığmışam
Evin hər köşəsinə
Qapıların üstünə,
Pəncərə şüşəsinə.
Hər yer şəkillərindi
Ağlayan sən, gülən sən,
Gerçəkdə başqasının
Kağızlarda mənimsən.
Mənimsən amma heyif
Şəkil çərçivəsində
Səni dara çəkiblər
Rənglərin qəfəsində.
Gülən şəkillərindən
İstehza daşıb gəlir
Şəkillərin beynimi
Vərəqləyib əylənir.
Hərdənbir xəstələnir,
Saralır şəkillərin
Ocağımı artırıb
Azalır şəkillərin.
Şəkillərin yandıqca
Buz ürəyim əriyir
Küllərin arasından
Gözümə yaşın dəyir.
Hər gecə bir şəklinlə
Yatıram, sevişirəm
Sənin gözün önündə
“Sən”ləri dəyişirəm.
Keçmişimdən intiqam
Alıram hər nəfəsdə
Mən tənha çarpayıda
Sən divarda-qəfəsdə…
Pəncərələr
Bağla pəncərələri
Soyuqdu dibçəklərə
Çiçəklər naxoşlayıb
Evimiz üşüməkdə
Bir az bizə oxşayıb
Bağla pəncərələri
Ört üstünü mənzilin
Yatıb bir az tərləsin
Kilidlə qapısını
Qonşular evimizi
Naxoş, xəstə görməsin
Çıxart ötən günləri
Şəkillərin içindən
Evə yemək hazırla
Rəsmlərdə can verən
Adamların ətindən
Bağla pəncərələri
Mənzilin son nəfəsi
Çıxmağa yer tapmasın
Yataq yerin isladan
Tavanın ayıbını
Gəlib görən olmasın
Saatı sayıqlayır
Əqrəbləri can verir
Bağla pəncərələri
Bu ev ölmək istəyir
Bağla pəncərələri
Xəstə otaqlar bezib
Özün eyvandan atar
Ya da bir balış götür
Bas pəncərə ağzına
Evi əzabdan qurtar
Çətir, göz yaşı...
Yağışlı havalarda
Asan olur ağlamaq,
Çətindi həm göz silmək
Həm çətiri saxlamaq.
İldırım çaxan kimi
Hönkürürsən,susursan,
Gözlərinlə ögüyüb
Keçmişini qusursan.
Gözünlə gördüklərin
Piltə-piltə qayıdır,
Dodağına çatanda
Hər yaş bir adam dadır.
Yağışlı havalarda
Asan olur ağlamaq.
Görənlər üst-başını
Yağış bilir, su bilir,
Nəmişlikdən cibində
Barmaqların cücərir.
Yağışlı havalarda
Asan olur ağlamaq.
Elə bil ki içində
Sərçə boyda qəm çimir,
Kefin qaçır bir anda
Dərd sulanır, ərimir.
Yağışda islanmışın
Əti yumuşaq olur,
Yağışda kipriklərdən
Yaşlar rahat soyulur.
Kaş çətirlər açılıb
Adamları udaydı,
Kaş ki gözlər tüpürə
Dodaqlar ağlayaydı.
Çətirlərin altında
Milyon cüt göz ağlayır,
Baxma ki toxtamışam
İçimdə ruh ulayır.
***
Aç döyürəm qapını
Döyürəm gözlərimlə
Pas atmış cəftəsindən
Nəfəsimlə tutmuşam
Mən gedən gündən elə
Qapında oturmuşam
Mən gedə bilmədim ki
Qapının bu üzündən
Soruş deyəcək sənə
Bəlkə bütün günahı
Ataq qapı üstünə
Bəlkə bu qapı elə
Bağlanmaq istəyirmiş
Yalan danışıb mənə
Evdə yoxsan deyirmiş
Görəsən bu təkgözün
Açarları hardadı
Adamlar günahsızdı
Günah qapılardadı
Sındıraq bu qapını
Ona qalsa açılmaz
Dilə tutmaqla deyil
Qapıdan adam olmaz
Başa düş bu zəhrimar
Açılmayacam deyir
Üstünün tozuna baaax
Tabut olmaq istəyir
Mən çöldə can verəcəm
Sən içəridə beləcə
Adamlar ağlayanda
Qapı gülür gizlicə...
***
Tənhalığın əvvəli
Bir azca çətin olur
Kipriklərin duz yığır
Yuxuların durulur
Bir az üstün açılır,
Bir az soyuqlayırsan
Oyadıb soruşan yox
Sən nə sayıqlayırsan.
Ayrılığın ilk günü
Hava da soyuq keçir
Şəkər tutur dəsmalın
Hey gözündən su içir.
Ayrılığın ilk günü
Yuxu qaçır harasa
Həmin gecə yatmayan
Bir sənsən, bir yarasa
***
Hər gün bir lal şeir ölür içimdə,
Hər gün bir sualım cavabsız qalır,
Üzbəüz gələnlər keçir içimdən
Bəs niyə içimdə adam azalır?
Sən elə bilmə ki yerin boş qalıb,
İzin var, ətrin var, səsin var hələ.
Daraqda ilişib qalmış saçınla
Boşluq yamayıram göz silə-silə
Tuturam kölgənin yaxalığından
Günəş oğurlayır, gecə gizlədir.
Sən dərin dediyin soyuq məzarın
Mənim təkliyimdən daha üzdədi...
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ