“Təhlükəsiz yol, yaxşı yol” - layihə

“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən MANERA.AZ-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz yol, yaxşı yol” layihəsi çərçivəsində növbəti ekspert qonağı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov olmuşdur.
Polkovnik Vaqif Əsədov gənclərlə görüşdə, yollarda təhlükəsizliyin təmin edilməsində bu və ya buna bənzər layihələrin təşkilini yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, bu istiqamətdə gərək təkcə Dövlət yol Polisinin əməkdaşları deyil, o cümlədən vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və gənclər təşkilatlarının birgə fəal iştirakını məqsədə uyğun hesab etmişdir. Dövlət Yol Polisinin təbliğat işi aparmaqda, hərəkəti təşkil etməkdə, həmçinin inzibati qaydada protokol tərtib etməkdə məqsədi təhlükəsizliyi təmin etməkdir. Bu gün hər bir hərəkət iştirakçısı sözügedən sahədə əlindən gələni etməlidir. Sonda o layihə iştirakçılarına uğurlar arzu edərək, onların suallarını cavablandırmışdır.
Layihəyə cəlb olunan “BELC” təhsil kompleksinin direktoru və eyni zamanda “Təhlükəsiz yol, yaxşı yol” layihəsinin təlimçisi Xalidşah Səlimov tərəfindənlayihə iştirakçılarına şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər keçirilir.
Layihə fevral ayının sonuna qədər davam edəcək.