Dilimdən Allaha çox şükür düşür - "Dayandur Sevgin - 60"

Manera.az tanınmış şair Dayandur Sevginin 60 illik yubileyi münasibətilə şeirlərini oxuculara təqdim edir:
İkinci addım
Bəxti gətirməyib, fələk əyənin,
Üzündə minillik ağrı-acı var.
Birinci addımda səhv eləyənin,
İkinci addıma ehtiyacı var.
Birinci atılan ilk addım ki var,
Hədəfə birinci tuşlanan oxdur.
Birinci addımda büdrəmək olar,
Hətta yıxılmaq da qorxusu yoxdur.
Yaxıb könlümüzü kül elədilər,
İkincı addımın nə idi adı.
Birinci addımda güllələdilər,
Mikayıl Müşfiqi, Əhməd Cavadı.
Ayaq da ağrısın, diz də tutaq ki,
Heç zaman ağrıyan ürək olmasın.
Birinci addımı elə ataq ki,
İkinci addıma gərək olmasın.
Azərbaycan bayrağı
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
-Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Allaha sual
Burnumun ucunda ölüm qoxusu,
Olan günahımı yuya bilmirəm.
Canımda yurd salıb bəndə qorxusu,
Mən sənin qorxunu duya bilmirəm.
Mən insandan qorxum,
ya səndən Allah?
Nə var ki, salmağa, mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə,
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum,
ya səndən Allah?
Daşı doğrayırsa tamahın dişi,
Bəndənin gözündə dünya zərdisə.
Əllidə baş kəsib qan tökən kişi,
Yetmişdə əməli peyğəmbərdisə,
Mən insandan qorxum,
ya səndən Allah?
Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum,
ya səndən Allah?
Qulağın almırsa atılan topu,
Xayalın başında boş fırlanırsa.
Sənin hökmün ilə açılan qapı,
Bəndənin əliylə qıfıllanırsa,
Mən insandan qorxum,
ya səndən Allah?
Allahın qorxusu, insan qoxusu,
Yüz qara qorxular bir ağa düşüb.
İnsan cilidində şeytan qorxusu,
Allah qorxusundan qabağa düşüb,
Yolumu gözləyən dar ağacı var,
Külək yellədikcə kəndiri əsir.
Sən mənim hayıma gəlib çatınca,
Bəndənin qılıncı başımı kəsir.
İlahi, nə olar bir qorxu göndər,
Bəndə qoxusundan mən azad olum.
Yada ki, əbədi bir yuxu göndər,
Sənin o yuxunla bəlkə şad olum.
Bu yad qoxuları çıxar canımdan,
Sənin varlığını duyum İlahi!
Sənin varlığını duyum İlahi!
Sevinc
Səni axtarmışam mən ömrüm boyu,
Tamarzı qalmışam dadına sənin.
Sən olsan neynirəm iki Sevinci,
Elə sığınaram adına sənin.
Olsa da dünyanin minbir qədəri,
Xeyirə bağlanıb saymaram şəri,
Adınla qorxudub qəmi-kədəri,
Alışıb, yanaram oduna sənin.
Ömrümü, günümü talan eylərəm,
Bu eşqi dünyada qalan eylərəm,
Məcnunu, Kərəmi yalan eylərəm,
Bir yol adım düşsə yadına sənin.
Düşür
"Yadından çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım"
Məmməd İsmayıl
Dünyanın acısın biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır, bizə,
Kimə Araz düşür, kimə Kür düşür.
Axı, yarandığım günə nə deyim,
Qəm üstə köklənib yaralı neyim,
Uğursuz şeirdi mənim taleyim,
Ya duyğu çatışmır, ya fikir düşür.
Nə deyim bu qanlı fələyə, Dədə,
Yol açır hər dürlü kələyə, Dədə.
Dovşana qurulan tələyə, Dədə,
Elə qururlar ki, gəlib şir düşür.
Sənə yalvarıram, haçandan sənə,
Bilirsən bağlıyam mən candan sənə,
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?
Ədalət istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.
Dilini bilsəm də qayanın, daşın,
Heç vaxt ayrı olmur bəladan başım,
Kiminə ev gəlir, kiminə maşın,
Dayandur Sevginə təşəkkür düşür.
Keçir
Yolun gözlədiyim baharım, yazım,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.
Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.
Nə idi yazdığın bu yazı mənə,
Ay Allah, göstərdin hər üzü mənə,
Sənin göndərdiyin ruzi mənə,
Ağzı qanlı qurdun dişindən keçir.
İlahi tək sənsən, tək sən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.
Əlimin qabarı, alnımın təri,
Halal çörəyimdir illərdən bəri,
Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir.
Sənə
Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən baxt verim sənə.
Yollarım hər zaman dirəndi daşa,
Gördüyüm bir işim çatmadı başa,
Sürünə-sürünə çatdım bu yaşa,
Axı mən nə qədər vaxt verim sənə.
İl var ola bilmir andan qiymətli,
Axı nəyim var ki, candan qiymətli,
Elə bir varım yox ondan qiymətli,
Bir yol mənə tərəf bax, verim sənə.
***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.
Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.
Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.
Dünyadı
Qatıb qabağına qovur illəri,
Bircə an dayanmır ömrün kəhəri,
Hardasa ağappaq, aydın dan yeri,
Hardasa qaranlıq, gecə dünyadı.
Dərdlinin çiynində bir ağır yükdür,
Dərdsizə görünməz bir zərif tükdür,
Kiməsə dəvədən, fildən böyükdür,
Kiminsə gözündə cücə dünyadı.
Dayandur, incimə taledən, baxtdan,
Allah da bezardı heç nədən, yoxdan,
Ayıra bilmirəm haqqı nahaqdan,
Bilmirəm bu dünya necə dünyadı.
Gözəl
Sözüm tellərinin birinə dəyməz,
Təsvir eləsəm də yüz səni gözəl.
O, hansı nəqqaşdı belə nəqş edib,
Belə şəkil kimi qız səni, gözəl.
Öldüm həsrətinin qeylü-qalında,
Sən varsan gözüm yox dünya malında,
Elə bil ay doğub gül camalında,
Ölür görmək üçün göz səni, gözəl.
Həsrətin canımı yaxıb qurtarıb,
Gözüm göz yaşımı sıxıb qurtarıb,
Mənim axırıma çıxıb qurtarıb,
Bəs niyə öldürmür naz səni gözəl.
Ayrılıq Sevginin qəddini əyib,
O, al dodaqların gilas tək dəyib,
Üstündə ilahi elə işləyib,
Çətindi vəsf etsin söz səni, gözəl.
Ayrılaq
Yetişibsə ayrılığın məqamı,
Son sözünü de ki, bilim ayrılaq.
Öldürürsən, özün öldür sən məni,
Yetirməmiş özün ölüm, ayrılaq.
Seyr etsəm də üzündəki xalını,
Dadmamışam dodağının balını,
Mən bilmirəm ayrılmağın yolunu,
Bilirsənsə öyrət, gülüm ayrılaq.
Haqq gəzdikcə haqq əyibdi Sevgini,
Ac qurd kimi dərd yeyibdi Sevgini,
Yoxsa fələk az döyübdü Sevgini?
Bir az da sən eylə zülüm, ayrılaq.
Qaldır kirpiyini
Hicranı zəhər tək içirtmə mənə,
Bir azca vüsal qat, bal eylə barı.
Apar gözlərimi sənsiz olunca,
Yaraşsa, üzünə xal eylə barı.
Mənə həsrət verib ömür boyunca,
Günaha batırma özünü bunca,
Qara gözlərinə baxım doyunca,
Qaldır kipriyini, yol eylə barı.
Göynəyir könlümün sarı göynəyi,
Təbib ol əlinlə sarı göynəyi,
Dəyişmə əynindən sarı köynəyi,
Dəyişsən, başında şal eylə barı.
Bircə yol sözümə can deməsən də,
Bu eşqin odunda yan, deməsən də,
Başıma tac qoyub, xan deməsən də,
Dayadur Sevgini qul eylə barı.
Məni
Bahar yağışıtək yağ sinəm üstə,
Bir coşub çağlayan çay elə məni.
Başımın üstündə yanan günəş ol,
Ayağın altında Ay elə məni.
Nə olar salanda dərd mənə meyli,
Mən ki, olmamışam dərddən gileyli,
Yerişdə Əsli ol, duruşda Leyli,
Məcnuna, Kərəmə tay eylə məni.
Sevginəm, bir dağam, duman çənim ol,
Həsrətə hədə gəl, dərdə qənim ol,
Ya sev varlığınla, təkcə mənim ol,
Ya da Əzrayıla pay eylə məni.
* * *
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir.
Mən hardan biləydim
Sən yuva qurandan ürəyim dincdi,
Adından utanıb qəm dolmayıb, qız.
Deyirəm nə yaxşı adın Sevincdi,
Mənə divan tutan dərd olmayıb, qız.
Qəm kədər yeridi yatdım eləcə,
Düşündüm sevginlə sağalar yaram.
Adınla başımı qatdım eləcə,
Vaxtım olmadı ki, sevinc axtaram.
Gözümü aldatdı ad yaraşığı,
İçində gizlənən söz bəlli oldu.
Sönəndə qəlbimdə ümid işığı,
Adının “Sevinci” təsəllim oldu.
Bilmədim necədir dadı sevincin,
Talehin zərbəsi yaman sərt imiş.
Mən hardan biləydim adı “Sevinc”in,
Özü kədər imiş, özü dərd imiş.
Adamı
İlahi, nə imiş dünya dediyin,
Didib, parçalayır adam, adamı.
Öz adı adamlar göylə əlləşir,
Yerisə yandırır adam, adamı.
Tac əhli olmayan bil, taca çatmaz,
Min bir hikmət söylə, söz aca çatmaz,
Hər saya gələnlər sayğaca çatmaz,
Var çeviz adamı, badam adamı.
Bir azca sevinc ver gülüm, İlahi,
Tanınsın közümlə, külüm, İlahi,
Elə adiləşib ölüm, İlahi,
Daha qorxutmyır edam adamı.
Olmayıb heç zaman ehtiyacları,
Harınlar anlamaz qarnı acları,
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam, adamı.
Nə günüm bir gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə,
Gərək qız qalaydı “Həvva” eləcə,
Gərək əkməyəydi “Adəm” adamı.
Məni sevəcəksən öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.
Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.
Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.
İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra.
Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.
Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
Mən "Kərəm" olmasam...
Naləsi qarsıyır dağı-dərəni,
Xəyalım yol alıb uzaq keçmişə.
Telli saz yandırır "Yanıq Kərəmi"
Lənət oxuyuram "Qara Keşiş"ə.
Çal aşıq sazından qala boylanır,
Çal özün atəşə bələsin Kərəm.
Ərzuruma gedən yola boylanır,
Deyəsən itirib "Lələ"sin "Kərəm".
"Kərəm" də bir oğul ola bilməyib,
Guya sevənlərə tale kəm baxır.
Keşişdən bir qızı ala bilməyib,
Min ildi milləti yandırıb, yaxır.
Qanmamaq dərd deyil, istəsən qanmaq,
Qanmaz qana bilər, qandıran olsa.
Nə böyük iş imiş "Kərəm" tək, yanmaq,
"Əsli" tək od vurub yandıran olsa.
Alışan bax mənəm, say ulduzları,
Boylansın, sinəmdə dağlar görərsən.
"Yanıq Kərəmi"yə süzən qızları,
Sevgin yanğısına ağlar görərsən.
Tellərin qıvrılsın günəş üzündə ,
Gözəllik önündə naşı deyiləm,
"Əsli" sevgisini sən tap özündə,
Mən "Kərəm" olmasam, kişi deyiləm.
Yadından çıxıb
Dəryada gəmiyəm, uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə "ALO" sözü kəsər kəndiri.
Dillənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağı kəpənək kimi,
Qonaydı üstünə "YES" düyməsinin.
Bu başda həyacan, o başda sükut,
Aya, ilə dönür hər keçən anım.
Çağırır, çağırır telefon susur,
Bir cavab verməyir qəlbi daş xanım.
Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrım bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadindan çıxıb.
Adsız şeir
Yoxdur kayutası, nə kabinəsi,
Hardan necə minib, necə düşərik?
Nəhəng bir gəmidir bu yer kürəsi,
Biz də ki, yol gedən sərnişinlərik.
Hərənin əməli, hərənin işi,
Gecəli-gündüzlü üzür, dayanmır.
Gözü tox adamdır sürücü kişi,
Heç kəsdən yol haqqı, pul-para ummur.
Baxmır nə dayıya, nə də əmiyə,
Kiməsə göz üstə qaşın var demir.
Hamı öz xoşuna minir gəmiyə
Heç kəs öz xoşuna düşmək istəmir.
Vurur sinəmizdə, döyünür ürək,
Axır alnımızdan zəhmətin təri.
Saat əqrəbləri iti dəryaz tək
Biçir ayı, günü, biçir illəri.
Beləcə yol gedir bu yer kürəsi,
Hardasa-hardasa bir səda gəlir.
Mindiyimiz gəmi həyat səhnəsi,
Düşənlər ağlayır, minənlər gülür.
Yaza bilmədiyim şeir
Gözümü açandan zülm görmüşəm,
Hələ qurumayıb gözümün nəmi.
Səni üç balama qurban vermişəm,
Yaza bilmədiyim şeir, bağışla məni.
Pis adam əlindən gəlmişik cana,
Qapılar açıla, yaxşılar gələ.
İçimi yeyirsən sən yana-yana,
Çölüm özgələri yandırır hələ,
Yaza bilmədiyim şeir, bağışla məni.
Bir boynu yoğun bir vaxt bolluğunda,
Qozbeldi qəbrə sala bilmirəm.
Təlxəkdir oynayır şah qulluğunda,
Neyləyim mən təlxək ola bilmirəm,
Yaza bilmədiyim şeir, bağışla məni.
Bəxt gülsə yetimin qəlbi açılar,
O da balıq kimi əldən sürüşüb.
Mənə bu dünyada ağrı-acılar,
Sənə bu dünyaya gəlməmək düşüb,
Yaşa bilmədiyim şeir, bağışla məni.
Səni itirməkdən qorxuram
Kamına yetməmiş ilk məhəbbətin,
Sevgi yollarında izimiz itər.
Mən səni tapmağım çətindən çətin,
Səni itirməyim ölümdən betər,
Səni itirməkdən yaman qorxuram.
Fələyin oyunu həmindir, həmin,
Mənimlə oynamaq xoşuna gəlir,
Bu qoca dünyada mən bəxtikəmin,
Ağlıma gələnlər başıma gəlir.
Səni itirməkdən yaman qorxuram.
Baxt gülsə sevənin qəlbi açılar,
O da balıq kimi əldən sürüşər.
Mənə bu dünyada ağrı-acılar,
Sənəsə sevgisiz bir dünya düşür,
Səni itirməkdən yaman qorxuram.
Məni sevdiyini heç kimə demə
Sən məhəbbət zirvəm, sən sevgi dağım,
Tamarzı qalaram quzey qarına.
Odundan alışıb, yanan dodağım,
De necə toxunar dodaqlarına.
Məni sevdiyini heç kimə demə.
Bu yaşda kim çatıb bəhərə-bara,
Göz verər təzədən köhnə yaralar.
Ondoqquz yaş hara, qırxdoqquz hara,
Rəqəmlər arasında gözün qaralar
Məni sevdiyini heç kimə demə.
Hər eşidib-bilən qınayar bizi,
İnan kam almarıq bu şərqimizdən.
Anan eşidərsə bu sevgimizi,
Gözləri böyüyər yaş fərqimizdən,
Məni sevdiyini heç kimə demə.
Bu sevgi qəlbimdə göyərməz, gözəl,
Saxla ürəyində gizli sirr kimi.
Həmişə əmrinə müntəzir olum,
Sən hökmdar kimi, mən əsir kimi.
Məni sevdiyini heç kimə demə.
Gözələ
Şair gərək şeirini
Yaza bu şən gözələ.
Göydən gələn mələyə,
Gülü gülşən gözələ.
Güləndə bahar olar,
Görən bəxtiyar olar,
Tanrı özü yar olar
Eşqə düşən gözələ.
Sevgisi olan gəlsin,
Qadasın alan gəlsin,
Ağ atlı oğlan gəlsin,
Versin nişan gözələ.
O mənim gülüm olsa,
Dözərəm zülm olsa,
Yolunda ölüm olsa,
Qıyaram can gözələ.
Həsrətində qalmışam,
Bulud kimi dolmuşam,
Mən vəfasız olmuşam
Sevgin, haçan gözələ?
Ömürdü
Gənclık çiçəkdi, güldü,
Qocalıq aydı-ildi,
Həyat avtomobildi,
Yanacağı ömürdü.
Əvvəl bilməz sağ-solun,
Sonra sızıldar qolun,
Əzrail gələn yolun,
Duracağı ömürdü.
Gəz göylərin hər qatın,
Dadın çıxar həyatın,
Vaxt göstərən saatın,
Quracağı ömürdü.
Seç qızılın, al alın,
Ərşi gəzsin xəyalın,
Hər verilən sualın,
Soracağı ömürdü.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ