manera.az
manera.az

Bir ömrə dəyərdi tək səni sevmək - Vasif Süleymanın şeirləri

📅 03.01.2019 13:28

Bir ömrə dəyərdi tək səni sevmək - Vasif Süleymanın şeirləri
MANERA.AZ tanınmış şair Vasif Süleymanın şeirlərini təqdim edir:

…YAXŞI UNUTDUN

Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.

Neyniyər dodağım şəkəri, qəndi,
Ürəyim payıza, bahara yatmaz.
Daha nə əllərim tumar çəkəndi,
Nə də ki, tellərim tumara yatmaz.

Nə sözün üstündən söz deyəsiyəm,
Nə də bacarmaram, nəyisə danam.
Ömrün sonunacan gözləyəsiyəm,
Məni tanıyırsan, həmin oğlanam.

Dünyanın yolları sevinc qarışıq,
Yolların dünyası müsibətiymiş.
Bir gün məhəbbətdən biz yaranmışıq,
Bizi öldürən də məhəbbətiymiş.

Nə sevdin sevən tək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.

SƏYYAH

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.

Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.

Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.

Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.

Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma…
Hardasa,
Yolunu gözləyir kimsə, qadası.

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə.

YÜZ İL YAŞAMAQNAN ÇATMAQ OLMAYIR

Bizdən üz çevirən, üz çevir bəri,
Ömrü səndən umduq, qisməti haqdan.
Ağlara qalaydı qara günləri,
Nə ölüb qurtarır, nə yaşamaqnan.

Bu boyda dünyada onsuz da təksən,
Olsan da xoş günlə yanaşı belə.
Başdaşı alınır hayana çəksən,
Üst-üstə qoyanda beş daşı belə.

Daşlara dəyməyin, qəribdi onlar,
Daşlar bir-birini görübmü, görən…
Torpağın üstündə qərib olanlar,
Torpağın altında qəribmi, görən…

Ürəyin yüyürür, gözlərin axır,
Torpağı bir ovuc atdığın yerə.
Yüz il yaşamaqnan çatmaq olmayır,
Bir dəfə ölməknən çatdığın yerə.

GƏLSİN

Eşqin ayrılıqdan keçən yolu var,
Keçimmi… ayrılıq havası gəlsin.
Bu eşqə göylərdən fərman verilib,
Tanrım, aç sirrini, mənası gəlsin.

Bu ömrün sonudu – bu eşqin sonu,
Əllərim alovun içində donur.
Yerlərmi, göylərmi yaratmış onu,
İnsan yaradıbsa, anası gəlsin.

Gecə gördüyümü danışdım suya,
Gözümə gəlməkdən usandı röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı məndən gözəl yanası, gəlsin.

«UNUDA BİLMİRƏM» DESƏN…

Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.

Bir dəli sevgini qoyduq yarıda,
Ya mən geri dönüm, ya sən… Nə olar…
Əlindən qaçırdın yuxuları da,
«Unuda bilmirəm» desən… Nə olar…

Kimin günahı nə, dil açıb desin,
Bəlkə sahibini gəzir bu sevgi.
Əlində qalmışıq qürurun, hissin,
Hərəni bir yanda əzir bu sevgi.

Özün də bilmədən çəkilir səsin,
Nəyi unudursan… Niyə… Bilirsən?
Dolansan başına körpə sevginin,
«Unuda bilmirəm» deyə bilirsən.

Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.

ANA, QƏBİR QONŞUN ÖZGƏSİ DEYİL

Ana, qəbir qonşun özgəsi deyil,
Tanrının verdiyi butandı, vallah!
İllərnən yolunu gözləyib duran,
İllərnən əlindən tutandı, vallah!

Fani dediyinlə əlbəyaxadı,
Varımız Tanrıdan gələn yoxadı…
Bu qəlbiqırıqlar qəlbiyuxadı,
Gəmisi dəryada batandı, vallah!

Şirin röyadadı, qəfil oyandır,
Canı sıxılmasın işığı yandır.
Sənə qəriblikdə qərib həyandır,
Bir döy qapısını, atamdı, vallah!

BU NECƏ HƏSRƏTDİ

Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.

Ürəyim ovcumun içində hər gün,
Xəyalım göylərin qatından keçir.
İşə baxırsanmı, sənin yolların,
Mənim pəncərəmin altından keçir.

Bizi mənziləmi gətirdi yollar,
Bura havasızdı, yer nə, göy nədir…
Səni qucağına açılan qollar,
Məni üz qoyduğum balınc göynədir.

Ləngiyən vüsala tuşmu olmuşuq,
Yoxsa bu, taleyin çaşdığı yoldu.
Ayrılıb təzədən qonşu olmuşuq,
Ta bunun harası ayrılıq oldu…

Sevgisən, həsrətsən, gəlmirsən dilə,
Ürəkdən yüz hissin təlaşı keçir.
Hər səhər, hər axşam yanımdan belə,
Sevgim həsrətimnən yanaşı keçir.

Bu necə həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.

GAH ELƏ BİLİRƏM…

Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə.

Bilmirəm qalmışam əlində nəyin,
Belə, hər nədisə, hissim dərindi.
Qara gözlərində qara eynəyin,
Bizim aramızda Xudafərindi.

Sənnən elə belə danışam gərək,
Özgə cür dinməyə fələk qoymayır.
Elə danışmağa bir arzu, istək,
Belə danışmağa ürək qoymayır.

Bir gün ağlamadım diləyim üçün,
Dərdim ulduzların göydəki sanda.
Bir gözəl nəğməsən ürəyim üçün,
Mən səni bircə yol oxumasam da.

Dünyaya ağ gəlir birinci günü,
Özünə min rəngi toxuyur insan.
Bəlkə doğmalığın ölüm hökmünü,
Sevgi başlayanda oxuyur insan.

Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə.

DƏRDİ OLMAYANLAR

Dərdi olmayanı gedib taparsan,
Hələ nə yaşındı, hələ nə vaxtdı…
Dərdi olmayanı gedib tapınca,
Ay zalım, hamını dərd tapacaqdı.

Bağla, pəncərəni keçim küçədən,
Bu küçə nə sənin, nə də mənimdi.
Məni çəkən dərdin dünyası böyük,
Sənin saxladığın dərd düyünçəsi
Dərd edib adına göndərənindi.

Mən ulduz olanda sənə can atdım,
Sən ulduz olanda qaçırdın niyə…
İstəyin kədərli çiçək açıbmış,
Mənim nəzərimdə puçurdun, niyə…
Arxamda dağ kimi dayanan dağı,
Əridib qarşıma uçurdun, niyə…
Bağla pəncərəni keçim küçədən,
Bağla, heç olmasa birini bağla,
Bağlı pəncərənin gününü ağla.

Beləcə güləsən ömrün uzunu,
Yoluna tələsən dərdli dəliydi.
Süzülə-süzülə gələn səadət,
Üzülə-üzülə keçinməliydi.

Dərdi olmayanlar, harda var, zalım…
Nazını çəkəsən hədər gülənin.
Qədrini bilmədin dərdi bəllinin,
Dərdini bilməzsən qədirbilənin.

Dərdi olmayanı gedib taparsan,
Hələ qərənfilsən, hələ nə vaxtdı…
Dərdi olmayanı gedib tapınca,
Ay zalım, hamını dərd tapacaqdı.

AXI

Pərişan sevgidir, dərdi ölümsüz,
Yetər bir ürəyə bütöv, bölümsüz.
Necə yaşayaram mən bu zülümsüz,
Öldürə-öldürə yaşadır, axı.

Qalan günlərimi həsrət dərdimi…
Dərdiylə sevirəm, olsun dərdi min.
Bir üzü torpağa baxan dərdimin,
Bir üzü dikələn daşadır, axı.

Könüllər oxşayan bircə sətri yox.
Burda aryılıq var, vüsal xətri yox.
Bahar sevgisinin bahar ətri yox,
İndi yollarımız qışadır, axı…

Bu boyda dünyaya tək bizmi yükük, -
Bir qərib taleynən, bir boynubükük.
Eybi yox, bu üzdə ayrı düşmüşük,
O üzdə yerimiz qoşadır, axı.

BİR DƏLİ BULUDDAN YAĞAR BU YAĞIŞ

Bolluğa düşübdür bu göz yaşları,
Ömrünü yarıya bölüncə yağar.
Leysana başladı qız baxışları,
Sonuncu damlası ölüncə yağar.

Yağar bir yaddaşın-yadın üstünə,
Dilini göynədən adın üstünə.
Yağışlı yağmurlu külə dönəcək,
Ha yağsın, yandığı odun üstünə.

Bir dəli buluddan yağar bu yağış,
Bir dəli könülə axar bu yağış.

Bir qərib sevginin dalınca yağar,
Gözünü əlindən alınca yağar.
Mən də bu yağışa yaxşı bələdəm,
Bilirəm, gecə də balınca yağar.

O, göz yaşlarının dalınca baxır,
Yanağı yüyürər istiyə bir gün.
Gözünün yaşını qurtarıb axır -
Kimdənsə göz yaşı istəyər bir gün.

PÜNHAN

Nə yazdın, İlahi, ələ düşməsin,
Mələkdi, mələyin dilə düşməsin.
Saxla ürəyimdə, hələ düşməsin,
Aparım məzara adını pünhan…

Sevgindən yaranıb bəşər dediyin,
Bəlkə də halaldı bu şər dediyin.
İlahi, budurmu məhşər dediyin,
Sinəmə çəkirəm odunu pünhan.

Bir azca su çilə, bir azca dən ver,
İstəsən sevinc ver, istəsən qəm ver.
İki divanəyə iznini sən ver,
Saxlarıq bu eşqin dadını pünhan.

Üzünü solduran çəkdiyi qəmmi,
Tərsinə getdiyim yolu… Dönəmmi…
Aşikar ömürdə Yarəb, mənəmmi,
Ya da göndərdiyin odumu pünhan.

OLACAQSA

Ağrım səndən gəlir... Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa...
Dərdim bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa...

Bəlkə bu günahı savab bilərəm,
Onu hər müşkülə cavab bilərəm.
Qədərə min şükür... Gülab bilərəm,
Üzümə çilənən qəm olacaqsa...

Dünya başdan-başa ağrı, qəmdimi, ,
Ürəyim dərdindən suçəkəndimi...
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə «sən» olacaqsa...

BU NƏ BƏLA İDİ

Bu nə bəla idi aldı başımı,
Mən axı, bu qədər naşı deyildim.
Sənə yol gəlirdim doğulan gündən,
Üç günün, beş günün işi deyildi.

Qəlbimə xal salıb gördün işini,
Demədin ürək var o xalın altda.
Arada bir dəli sevgi üşüyür,
Hərəmiz bir əlin sığalı altda.

Biz nəyi sayırdıq, tale nə saydı,
Qəmimmi yoxuydu, dərdmi azıydı…
Vədəsiz sevgilər doğulmasaydı,
Həsrət şeirləri yazılmazıydı.

Bu yerdə nə göy var, nə də ki, günəş,
Gedirəm, torpağa, daşa gedirəm.
Dünyadan köçməyə bir yer vədələş,
Bilim ki, səninlə qoşa gedirəm.

Bu dünya yar olmaz bizə, bilirəm,
Əllərim uzanmaz telinə qənşər.
Hələ yer üzündə gəzə bilirəm,
Gedim hazırlaşım ÖLÜMƏ QƏNŞƏR.

…NƏYİMƏ LAZIMSAN …

O qız özgəsinin fikrini çəkir,
Nəyimə lazımsan, mənim ay şeir
Səməd QARAÇÖP

Ömürdə sonuncu ana bənzəyir,
Sadağa verdiyim cana bənzəyir.
Narın göz yaşınnan sıxıram onu,
Di gəl, ağ vərəqdə qana bənzəyir -
«Nəyimə lazımsan, mənim ay şeir…»

Daşıdın varımı-yoxumu, neynim,
Apardın ruhumun çoxunu, neynim.
Bir qızın eşqinə yazırdım səni,
O da yazdığımı oxumur, neynim -
«Nəyimə lazımsan, mənim ay şeir…»

Dərdi gəlişindən tanıyıram mən,
Bəxtə düşən bəxti qınayıram mən.
Son dəfə, son dəfə şairliyimi,
Sonuncu şeirdə sınayıram mən -
«Nəyimə lazımsan, mənim ay şeir…»

NƏ DƏRD ÇƏK, NƏ HƏSRƏT…

Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm - unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut dünyanın.

Elə ki, üzünə yolları bağlı,
Dərdi sevincindən əzəl görünür.
Qəribə şey imiş insanın ağlı,
Sevdiyi hamıdan gözəl görünür.

Alnımı yandırar qəlbimin təri,
Gözümün yaşını əyləyə billəm.
Ürəyim tökülür səndən ötəri,
Məndən uzaqdasan neyləyə billəm...

Canım, sevgi hara, unutmaq hara,
Həsrəti gözümə sıxıram indii.
Məni qısqandığın gözəl qızlara,
Çiynimin üstündən baxıram indi.

Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut dünyanın.

YAMANLIQ ETMƏYİ ÖYRƏNƏCƏYƏM

Yamanlıq etməyi öyrənəcəyəm,
Bilmirəm, sözümün heyrəti nədir…
Yamanlıq etməyi öyrənəcəyəm
Ay ömrü uzunu yamanlıq edən -
Görüm yamanlığın ləzzəti nədir?

Vaxtım olmayıbdır düşünüm nəsə,
Elə xəyallarda, hissdə azmışam.
Kiməsə yamanlıq etmək istəsəm,
Uzağı adına şeir yazmışam.

Bəzən yaxşılığın axırı günah,
Elə günahlar var, xətərsiz olur.
Hamının halından halı olanlar,
Özünün halından xəbərsiz olur.

Bilirəm, adına yamanlıq deyib,
Kiməsə yaxşılıq gətirəsiyəm.
Ruhunu incitsəm baba dərvişin,
Yeri yerimdəcə itirəsiyəm.
Yamanlıq etməyə tələsən qoçaq,
Yox, bu da səninçün çətin olacaq…

DOĞMALARIMA

Ay anam, ay bacım, nə düşünürəm,
Bizi ölənəcən yaşadar ölüm.
Uzağı, bir səhər çıxıb gedərəm,
Uzağı, bir dəfə daş atar ölüm.

Mən deyən olsaydı, düşməzdi yönüm,
Bəndə olammamış pir olanlara.
Məni tay eyləmə, başına dönüm,
Sevinci dünyayla bir olanlara.

Mənim ağrılarım-acım bu gündə,
Hələ yolmamışam, saçım bu gündə.
Bu gündə gəlmişəm bu günə kimi,
Ay bacım, haraya qaçım bu gündə...

Mənim sevinclərim qaçır sazağa,
Kədər isinməyə oda axtarır.
Dərdə yer vermişik aramızdaca,
Boynuna minməyə adam axtarır.

Yuxulu başların ayılmağı var,
Gəbəni yeyəcək güvələr hələ.
Mən deyən səmadan axar buludlar,
Bir ovuc suyuna güvənər hələ.

Ay anam, ay bacım, nə düşünürəm,
Bizi ölənəcən yaşadar ölüm.
Uzağı, bir səhər çıxıb gedərəm,
Uzağı, bir dəfə daş atar ölüm.

BOYUNCA

Çox şey istəmədim, Tanrı adından,
Tək səni istədim qədər boyunca.
Gecənin zülməti yaxır adamı,
Elə hər açılan səhər boyunca.

Mələksən, imansan, pirsən, bilirsən,
Mənə möcüzəsən, sirsən, bilirsən.
Səni yazdığımı bir sən bilirsən,
Sevinc axtarıram kədər boyunca.

Dondurub ruhumu, donu görünmür,
Dərdin biri üzdə, onu görünmür.
Eşqə aşinayıq sonu görünmür,
Sonsuzluq gəzirəm səfər boyunca.

Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca.

ÖLMƏYİN BİR GÖZƏL BƏHANƏSİ YOX

Ömrün sonunacan yaşamaq hədər,
Qəlbimin başında sevgi səsi yox.
Barı heç olmasa doğulmaq qədər,
Ölməyin bir gözəl bəhanəsi yox.

Dağıtdım yarımçıq arzularımı,
Ömrün axırına çıxan yollara.
İtirib sonuncu yolçularını,
Həsrətlə geriyə baxan yollara.

Nədən yarıdıq ki, daha bəsdi...Nə...
Ümidim azalır gələn gecəyə.
Elə bil durmuşam ömrün qəsdinə,
Doğulan səhərdən ölən gecəyə.

Nə yaman dolaşır göylərdə ruhum,
Sısqa bulağıydım, gözü yaralı.
Nəyim var, viranə olmaqdan qorxum,
Bütün arzularım köksü yaralı.

Bu zalım dünyanı sevəndən bəri,
Ağrı-acıları elə var olub.
Mən indi bilirəm, əfsanələri,
Yaradan, əfsanə adamlar olub.

Əzəldən başımın havası bəlli,
Ummadım fələkdən aman, yaşadım.
Onsuz da zamanın vəfası bəlli,
Elə verdiyini yaman yaşadım...

Ömrün sonunacan yaşamaq hədər,
Qəlbimin başında sevgi səsi yox.
Barı heç olmasa doğulmaq qədər,
Ölməyin bir gözəl bəhanəsi yox.

SOLANDI YANAĞIN YAŞ OLAN YERİ

Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.

Gördüm ağlamamış ürək kiridi,
Onda yerin-göyün dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi.
İlk eşqin ürəyə tuş olan yeri.

Həsrəti özümə gərək bilmişəm,
Onu duz bilmişəm, çörək bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm,
Sinənin altında daş olan yeri.

Sevincdən daşındım, qəmdən daşındım,
Göz yumub-açınca yandım, yaşandım.
Torpağa su düşsə, yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.

BELƏCƏ

Ömrü sonalamaq, seçmək yoxuymuş,
Kefin istəyəndə köçmək yoxuymuş.
Bu ömrün içində heç nə yoxuymuş,
Di gəl, bu boşluqda yaşa...Beləcə...

Dəli sevdalara yaxın apardı,
Azı əyləmədi, çoxu apardı.
Bərədə dayandım yuxu apardı,
Bir dəfə gəlmişdim xoşa... Beləcə...

Bəxtim yollarıma çatmadı, keçdi,
Oddadı, ruhumu oddadı keçdi.
Ömür başım üstdən addadı keçdi,
Nə ola, ölüm də çaşa... Beləcə...

Gəldik payımıza nə düşdü… Ömür…
Bir şirin röyayla görüşdü ömür.
Bilmədim, əlimdən sürüşdü ömür,
Dəydi qayalara, daşa... Beləcə...

Vasif, ömür-günün ömrü bir içim,
Dəyəri nədir ki, ömürdən keçim.
Bu qara günlərin nəyini seçim,
Onsuz da vurmuşam başa... Beləcə...

TƏRƏFİMDƏ

Günəşmi nur salır dörd bir yanıma,
Yox... Yox… Üzün gülür hər tərəfimdə.
Gendən boylanıram Tanrı payına,
Nə olsun dayanıb yer tərəfimdə…

Birimiz divanə, birimiz dəli,
İndi bizim üçün hər şey təsəlli.
Aşikar olanım ellərə bəlli,
Pünhan nağılımsan sirr tərəfimdə.

Səssiz harayımı indi kim duya,
Budurmu dediyin əlçatmaz röya…
Görürsən, bir yanda bu boyda dünya,
Təkcə sən durubsan bir tərəfimdə.

ÇATINCA

Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinə çatınca.
Uzaqdan baxanda mələksən-mələk,
Misraya dönürsən mənə çatınca.

O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum…
Bəlkə harayını eşidər ruhum,
Halımı sorarsan yenə, çatınca.

Birdən sən gəlincə çiçəklər solar,
Barı, son anımda ləngimə, nolar…
Onsuz da mələklər aparmış olar,
Sən gəlib mən adda qəmə çatınca.

YAZMIŞAM

Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinə, yazmışam.
Taledən yoluma çıxdığın günü,
Qismətə yazılan günə yazmışam.

Bu eşqin vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm.
Sən nəsən, sevgimi, bəlamı, bilməm…
Yazmaram demişəm, yenə yazmışam.

Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı
Elə bilirəm ki, sənə yazmışam.

TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ

Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki...
"O" adda, "mən" adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki...

Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də taleyin qarğışı mənəm.
Yaxşı düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki...

Yaşanmaz sevgidir - uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Bir körpə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki...

Ömrü hara çəkə, hara çəkməyə…
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki...

Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı.
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki...

KÖNÜLLÜ GEDİRƏM

Sinəmə çəkdiyim şirin dağıydı,
Divanə könlümdə bir qonağıydı.
Dünyayla aramda olan bağıydı,
Könüllü gedirəm viran olmağa.

İndi dəyərlidir yoxu varından,
Bir ömür çəkdiyim intizarından
Usandım dünyanın yaxşılarından,
Könüllü gedirəm viran olmağa.

Dəli həsrətiydi, öldüm nazından.
Bəlkə bir yazıydı mənə azından.
İzni necə alım iki qızımdan…
Könüllü gedirəm viran olmağa.

Ömrün qürubuna vaxtsız çökdü qar,
Burdan o tərəfə işıqlı nə var…
Məni ovudammaz daha adamlar,
Könüllü gedirəm viran olmağa.

BU ÖMRÜ

Beş addımdı əvvəliylə axırı,
Görürsənmi bəxti yatan bu ömrü?
Halal etdim, kim götürür, götürsün
Yaşanmamış başa çatan bu ömrü.

Eh, nə imiş bir sevginin bədəli,
Olan-oldu ya ağıllı, ya dəli.
Bir çöpündən yapışıbdı yad əli,
Viran etdi halal butam bu ömrü.

Bəzəyi yox, nə aldan, nə qumaşdan,
Uçub getdi içimdəki təlaşdan.
Dəli sevgim kəsirdisə o başdan,
Uzadaydı bəlam, xatam bu ömrü.

Necə gəlib-getdiyini yaş ansa,
Bel bağladım ya qismətə, ya şansa.
Əməllicə ömürüydü yaşansa,
Bacarmadım əldə tutam bu ömrü.

Qucaq açmaz mənim kimi miskinə,
Yanmadısa, isinərmi tüstünə.
Yıxılmazdı… dağlar çöksə, üstünə,
Necə yıxdın vallah matam, bu ömrü…

DİNDİRƏ

Gələ, çaşqın ömrün sarvanı, bir gün,
Keçdiyim cığırı, izi dindirə.
Əlləri havalı, ürəyi küskün,
Sifəti allana, gözü dindirə.

Həsrətə üz tutduq hansı həvəsnən,
Gələrmi təzədən ilahi səsnən.
Odlu ürəyinən, isti nəfəsnən,
Canımda yurd salan buzu dindirə.

İndi ha çağıraq, divanəyik biz,
Yar ola bilmədik, daha nəyik biz.
Təpədən-dırnağa əfsanəyik biz,
Hardadı nağılçı, bizi dindirə…

Talandı duyğusu, sozaldı canı,
Hanı, bu sevginin sahibi, hanı...
Az qalır sel olub tutsun dünyanı,
İllah da yüyürüb qızı… Dindirə…

Daşındı bu ömür, bir xəyal oldu,
Onda ki, yanında dili bal oldu.
Lal oldu, dinmədi Yarəb, lal oldu,
Danışmaz, Vasifi yüzü dindirə.

GÖNDƏRİR

Qızlarım Gültac və Səyalıya

Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq, görərsiniz, eh nəyəm.
Üstü-başı, dərdi-səri köhnəyəm,
Fələk vurur hərdən dişə, göndərir.

Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm düşdüm qarmağa.
Ürək dağı… Meylim yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə göndərir.

Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim var ki, nə gizləyim, nə danım…
Bu ömürə nabələddi sarvanım,
Öldürmür ki taxıb şişə göndərir.

Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında oyunun.
Gözləmir ki, külə dönüm, soyuyum,
Elə məni bişə-bişə göndərir.

Bir ömürə həmdəm oldu bu ahlar,
Eh nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar
Sizi dərsə, məni işə göndərir.

YIXIR

Havalı ürəyin istisi, hanı?..
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz, vallah, az yıxır.

Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir - qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.

Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,
Bəlkə Yaradana deyəsiz...qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.

YERİYDİ

Qaçdım arxasında köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.

Gözlərə gəlməyən röyasan dedi,
Tapmazsan, təzədən arasan dedi.
Cəmisi ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.

Yüz "şər"dən keçmişəm bu "şər"ə kimi,
Saldılar düşməzə-düşərə kimi…
Demədim… Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.

BƏLKƏ

Gəl görək, neynirik bu dünya ilə,
Yaz deyək, yandıran qışına, bəlkə.
Kimdir çəkən bizi əcəl toruna,
Özümüz keçirik dişinə, bəlkə.

Gecikən, tələsən taleyə yarıq,
Elə bu qismətin rəngində varıq.
Bu qara günlərlə gedib çıxarıq,
O ağ gecələrin tuşuna, bəlkə.

Qalsa, qalmayacaq, özünə qalsa
Əllisinə qalsa, yüzünə qalsa.
Dağılıb gedəcək özünə qalsa,
Qarışaq dünyanın işinə bəlkə.

BİR GÖR NEYNİRSƏN

Zülümmü əlini üstünə çəkmiş,
Bu nə dərd yüküdü… Gözlərin aydın.
Tanrı, bu çiçəyə ömür verməmiş
Əvvəl taleyini düzüb qoşaydın.

Qorxur ki, yerisə, yer çökə birdən,
Bu yandan göylər də uça üstünə.
Tərpədə bilməyir ömrü yerindən,
Açılan qollar yox, qaça üstünə.

Görən, tezmi düşər güzarın bəri,
Bir gör neyniyirsən…
Bir düşün, Allah!
Tez götür üstündən bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun, Allah!

Yandırır dağları, daşları ahı,
Yarəb, bundan betər pərişanmı var…
Bizə sən yazırsan bəxti, İlahi,
Sənin də işinə qarışanmı var…

Bir gör, neyniyirsən, sıxılır hava,
Sənin ki, fərmanın, əmrin əlində.
Getməyə yeri yox, qalmağa yuva,
Bu çiçək karıxıb ömrün əlində.

NƏ OLUR,OLSUN

Alın yazısıdır, tale qisməti,
Axarı-baxarı nə olur, olsun.
Ölümnən olumun mənzilindəyik,
Əvvəli, axırı nə olur, olsun.

Eh, nəyim gedibdi, eh, nəyim qalıb,
Bircə yol Allahı grməyim qalıb.
Yarısı dağılmış ürəyim qalıb,
Bu ömrün çıxarı nə olur, olsun.

Üzündə zülmət var, əlində çıraq,
Bir ömür verilib, qismətinə bax.
Üstü başdaşıdır, ayağı torpaq,
Ta ondan yuxarı nə olur, olsun.

OLURSAN

Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.

Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.

Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan...

BİR AZCA

Göyçək tellərini oxşamaq hədər,
Yel olub üstündən əsəm bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də Allah bilir nəsən, bir azca.

Bizə qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca.

Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən...
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə desən, bir azca.

DAHA MƏNDƏN SƏNİ UNUDAN OLMAZ

Axma göy üzünə, ay tifil bulud,
Səndən yağış yağmaz, özünü şax tut.
Nə xeyri, yüz denən unutma, unut,
Daha məndən səni unudan olmaz.

Hamı qərib olur dünyada, axır,
Qəriblər hərəsi bir qərib nağıl.
Ay zalım, başına özgə çarə qıl,
Daha məndən səni unudan olmaz.

Payıma nə düşər, umuddan özgə,
Nə gördük, küsüdən-umudan özgə?!
Sevənin mən olum, unudan özgə,
Daha məndən səni unudan olmaz.

Olmaz məndən başqa heç kim qurbanın,
Mənəm bu sevdanın düşkün qurbanı.
Ay yetim sevginin, eşqin qurbanı,
Daha məndən səni unudan olmaz.

Bəlkə tanımadın məni də gendən,
Alnımda qırışdan, saçımda dəndən.
Bu boyda igidlik gözləmə məndən,
Daha məndən səni unudan olmaz.

MƏNİ

Səni danammaram, üstümdə haqq var,
Bəlkə bu sevdanın sonuna çox var.
Mənim ürəyimdə sən boyda dağ var,
Bilmə ürəyinin dağı sən məni.

Uzanıb-kəsilmək tellərə düşdü,
Vədəmiz aylara-illərə düşdü.
Bu nədi, nəğməmiz dillərə düşdü,
Təkcə oxuyurdun axı, sən məni.

Sən məni mənim tək duyan deyilsən,
Sən mənim dərimi soyan deyilsən.
Sən məni özgəyə qıyan deyilsən,
Özümə bağışla paxıl, sən məni.

Qəlbimdə qar yoxdu bu qışa məndə,
Bu qış üzü yaza yığışa mənnən.
Əcəlin nə həddi yarışa mənnən,
Öldürə bilərsən axır sən məni.

HƏLƏ YAZMAMIŞAM SƏNİ BİR SƏTİR

Səni köçürəcəm sevgi şerinə,
Bəxtəvər olacaq sevgi də, sən də.
Musa Ələkbərli

Nə nalə çəkəmməz, nə ah götürməz,
Bu canım üstünə günah götürməz.
Bir belə günahı Allah götürməz,
Hələ yazmamışam səni bir sətir.

Hissin dumanında azır, deyirsən,
Həsrətdən, hicrandan yazır, deyirsən.
Vallah düz deyirsən, hazır şeirsən,
Hələ yazmamışam səni bir sətir.

Bütövsən, sözünü dəyişmək haram.
Səni vərəqlərə inan qıymaram,
Qorxuram yazaram, qaralayaram,
Hələ yazmamışam səni bir sətir.

Mən eşqin yolunda dilsiz balayam,
Gərək ürəyimi oda qalayam.
Yazandan sonra da oxumalıyam,
Hələ yazmamışam səni bir sətir.

Daha şaxtalıdır ömrün baharı,
Gəzirəm Tanrıya gedən yolları.
Ötüşən günlərim gözləyə barı,
Hələ yazmamışam səni bir sətir.

VALLAH
(Təcnis)

O, mənə atmışdı qar topasını,
Mən atdım, dəymədi qar qıza, vallah.
Əlimin içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.

Kimində göz olur, məndə dil acdı,
Bu da bir oyunmuş, adı - dilaçdı.
Ürəyim birinci sənə dil açdı,
Açmadı baxışı qar qıza, vallah.

Kimmiş, buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə, qar ağız deyib.
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi qarqıza, vallah.

AXTARIRAM

Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca "sən" axtarıram.

Nə vardı canımda eşqin adına,
Nə var, halalındır, sənindir, apar.
Bəsimdir, arada düşüm yadına,
Axı kim deyibdir, - axtaran tapar.

Tanrı yaratmışdı yaratdığını,
Bir də yaratmağa bəhanə ola.
Yüz yol səcdəsinə dayanmağım var,
Kimdəsə balaca nişanən ola.

Hər yanı zülmətdir, irəli, geri,
Axı nə gəzirəm, qaranlıq boyu...
Ağrıma-acıma yaşanan ömrü,
Çəkib aparıram viranlıq boyu.

Onda nə göydəydim, nə də ki yerdə,
Səni itirəndə sənə yetirdim.
Elə bilirdim ki, tapacam bir də,
Səni axtarırdım, ömrü itirdim.

Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca "sən" axtarıram.

QƏDƏR

Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.

Tanrım, bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını yaz,
Qalmarıq tapılan çaraya qədər.

İnsanlar, olanı danımmı, – sordum,
O qədər çəkdim ki, həsrəti yordum.
Ürək deyilənin qəsdinə durdum,
Qalmadı bütövdən paraya qədər.

Bir dəli sevgiyə bu dünya darsa…
Haqqı var, köksümü-könlümü yarsa,
Allah ümidinə qalsın, nə varsa,
Qoy getsin, gedəcək haraya qədər.

OLURSAN

Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.

Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.

Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan?..

MƏNİ

Qızlarım Gültac və Səyalıya

Siz gələn yolların yorğunu oldum,
Dünya yaman çəkdi sınağa məni.
Güllərim, axır ki, açılıbsınız,
Dost-tanış tutmuşdu qınağa məni.

Ağ gün elə buymuş, bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən, YARADANA çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.

Bəxtimə gec gələn kərəmə şükür,
Mənə qanadsınız, görənə şükür.
Qızlarım, sizləri verənə şükür,
Yaman öyrətdiniz uçmağa məni.

SONUNCU GÖRÜŞ

Bir əldə yaraq var, bir əldə yara,
Bir üzdə qəzəb var, bir üzdə günah.
Həmişə görüşə gedərdik ora,
İndi ayrılmağa gedirik, Allah!

Oxşamaq istəyən əllərim höyüş,
İndi ruhumuzu zaman oxşayır.
Tifağın dağılsın sonuncu görüş,
Birinci görüşə yaman oxşayır.

Ayrıldıq o günü səssiz-səmirsiz,
Bilmirdik intizar, giley olacaq.
Hələ nə görmüşdük ayrılığı biz,
Dedik sevgi kimi bir şey olacaq.

Qatdı başımızı sevginin nəyi,
Yanmadım özgə bir diləyim üçün.
Gözlərim mənimçün qız bəyənmədi,
Təzə dərd yoğurdu ürəyim üçün.

Sonuncu görüş də uzandı bir az,
Ürək indi yolu hara başlayır...
Sevib atılanda sevgi qurtarmaz,
Sevgi atılandan sonra başlayır.

ÖZÜMLƏ SÖHBƏT

Haylı-küylü adı varmış xoş günün,
Elə xoşca ömür olsa, nə vardı…
Saxlansaydı, yaman günə saxlardıq,
Ağac olsa, dəmir olsa, nə vardı…
Qayğılarnan belə gəldik döş-döşə,
İşarası qaçammadıq görüşə.
«Yaman günün ömrü azdı» dedilər,
Guya, xoş gün boyaboydu ömürnən.
Suiçimə, bir baxıma yaşandı,
Adı kimi günlər soydu ömürdən.

Bir tərəfdən yola çıxdı məhəbbət,
Başa gəldi sevilmək də, sevmək də.
Mən bilmirəm, kim nə cürə sevibdi,
İş düzəlmir sevilməknən, sevməknən.
Hələ sevib-atılmağın bir ağrı,
Baxışların biri sevinc, yüzü dərd
Könül almaq guya dərdin axırı,
Könül vermək innən belə müsibət.
Daha itib gözlərimin ovsunu,
Daha itib ürəyimin duası.
Sevirsən ki, qayğıların azala,
Hələ onun «nə bilim»i, «guya»sı.
Oda salsın, sınaq desin adına.
Hələ desin ibrət götür Kərəmdən.
Dost olmadı ürəyimnən gözlərim,
Ürəyimə düşmən olub görəndən.

Görəcəkli günlərimiz qabaqda,
Çox demişik, nə görmüşük görəsən.
Qınamayın, bir kirayə otaqda,
Elə dərdnən görüşmüşük deyəsən.

OLDUMU...

Olmaz, - deyib dayandınız qəsdimə,
Mən sönürəm, indi baxın... Oldumu...
Bir şirincə əzabıydı, çəkirdim,
Bir dediyim mindi, baxın... Oldumu...

Üzərimdə olacağın nifrəti.
Olasıydı... İndi qaldı həsrəti.
Nur varıykən, bu dünyanın zülməti,
Gözlərimə endi, baxın... Oldumu...

Əsiriydim mən «o» adda inamın,
Çox dedim ki, bu sevgiyə inanın.
Səcdəsinə dayanmışdım “dünyam”ın,
O da pirdi, dindi, baxın... Oldumu...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 5 701 | Yüklənmə tarixi: 03.01.2019 13:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031