manera.az
manera.az

Uzaqda yurd qoxusu var - Tahir Talıblının şeirləri

📅 29.12.2018 17:43

Uzaqda yurd qoxusu var - Tahir Talıblının şeirləri
MANERA.AZ tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının şeirlərini təqdim edir:

***
Nə qədər ki, ürəklərdə daşlar var
Gözümüzdən töküləsi yaşlar var
Aşkardan da o tərəfdə aşkar var,
Min gizlin var, hər aşkarın içində.

Görən varmı, Nuhdan qalsın, ölməsin,
Qəvi tale bir kimsəyə gülməsin.
Bilən bilsin, bilməyənlər bilməsin
Oturubdu pir, aşkarın içində.

Günnən-günə yol azdırdı bələdim
Yaxşı nədi, yaman nədi, bilmədim
Ömrü-günü xəlbirlədim, ələdim
Mətəl qaldım bir aşkarın içində.



***
Təsbeh dənəsidi əlində - sevgin
Nə qədər çevirə, çəkə bilərsən.
Başına fırlada bilərsən məni,
İstəsən başınnan əkə bilərsən.

Bu oyun nəyimə gərəkdi, sonda
Günümü göynətsin, içimi yesin
Gözümnən bir uzun yol çəkdi sonda
Gözümün içini qurd kimi yesin?

Bu qara sevdada bir gün boğulsam
Demirəm, yazıqla, istə sən məni
İşdi, bu dünyada bir də doğulsam,
Bir də öldürərsən, istəsən, məni.

Mən kiməm...
Hər dürlü halıma sevin
Tanrı sevdalısı, bir eşq dəlisi
Sənin əllərində çevikdi sevgin
Sevgin - əllərində təsbeh dənəsi.



***
Çevir ki, içini astar üzünə
İçində gizlənən için talansın.
Haraya gedirsən bu kəm ağılnan
Karvanın basılsın, köçün talansın.

Nə gördük götürək düzdən-əyridən
Yüyən önnən gəldi, yəhər böyürdən
Özünnən qabaqda yalan səyirdən
Ağıllın görk olsun, bicin talansın.

Ələyin fırransın, külün ələnsin
Bir torba götürüb, dağlar dilənsin
Dişi qannı qurdun qana bələnsin
Qoyunun qırılsın, keçin talansın.

Bəxt harda cırnadı, tale kəc oldu
Ölüm də deyəsən, bir az gec oldu
Bir müdrik dedi ki, gəldik heç olduq
Ay Tahir, heç olan heçin talansın.



***
Oxuyammadığın bir kitab kimi
Sirridi, şam olub əriyən gecəm.
Bu açılan səhər billur qab kimi
Düşüb əllərinnən çiliklənəcəm.

Bir ümid cücərməz gələn sabaha
Demə yaddaşımda, sən daha varsan.
Daha bir yad girər...
Könlünə daha...
Təzədən bir yeni yadın olarsan.
Sonra köhnələrsən, unudularsan,
Sonra tənha qalan qadın olarsan.

Sıxar duyğumuzu könül darlığı
Nə ismarıc yolla,
Nə də yol gözlət
Dolan o sevdalar məzarlığını
Gözüyün bir damcı yaşını gizlət.



***
“Səndən gələn xoşdur mənə,
Ya gül göndər, ya da tikən.
Mehrin də xoş, qəhrin də xoş,
Ya xələt ver, ya da kəfən”.
Əhməd Yəsəvi

Deyəsən, zənglərim sənə xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm, üstə qaş olmur,
Gözümü tökürsən bihuş oluram.

Asıla qalmısan kipriklərimnən
Gözümdə sıxılmış bir damcı yaşsan
Ağrı göyərəcək, dərd cücərəcək
Qəfil tufan kimi haraya düşsən.

Bitər gözlərində ayrılıq, bitər
Yoxsa bir lal, dibsiz güman kimisən.
Limanlar ağlayar, gəmilər gedər...
Gəmisi qayıtmaz liman kimisən.



***
Bitili qara daşıydım
Çox yurddan-yurda daşındım
Qəriblik çəkdim aşındım
Yenə də üzü daş qaldım.

Bu dünya sərxoş dünyadı
İşi tamam boş dünyadı
Gördüm ki, çaş-baş dünyadı
Mən özüm də çaş-baş qaldım.

Yeyir kimi, yemir kimi
Nə gözləyir demir kimi
Bir ot basmış qəbir kimi
Söküldüm, içi boş qaldım.



***
Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.

Yanır, yanır...
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.

Gəldi, bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən?



***
Enibdi tanrıdan, haqdan
Dərddi, yenə bizə gəlir.
Gedən aldanışa gedir,
Gələn elə duza gəlir.

Mayası qudurub nəfdən
Kefcili bayılıb kefdən
Azrayılla dörd tərəfdə
Kişilər üz-üzə gəlir.

Beləcə dörüb, törəyib
Qurdu qəmgin, quşu qərib.
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir.



***
Qaşımıznan göz arası
Olumuna, qalımına şükür
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.

Bizi yenə div aparır,
Nağıllar gəlib aparır
Keflər alladıb aparır
Biz çəkən zülmünə şükür.

Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən
Dəryadan bir qaşıq veribsən
Bir qaşıq elminə şükür.

Taxt yazdığın taxtsız olmur,
Baxt yazdığın baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.



***
Bir kimsə bilməz necəsən,
Xəbər yox halınnan sənin.
Yarandı küllü-kainat
Btir kəlmə olunnan sənin.

Biz kimik, heçik gedirik,
Zamannan keçib gedirik,
Beləcə köçüb gedirik,
Sağınnan, solunnan sənin.

Olanlar Mövlam, xoş oldu,
Mənim də peymanım doldu,
Tahir bir xatasız quldu,
Nə gələr qulunnan sənin



***
Nə itirdik, nə tapdıq bu dumanda
Bizim kimi neçə-neçə naşı var.
Beygümannar qalar ahda-amanda
Sevdaların gözü yoxdu, qaşı var.

Buludumuz narın-narın yağdı ki,
Şimşəyimiz parıl-parıl çaxdı ki,
Bəxtimizi cırnatdılar, çox da ki
Bəxtimizin yatan şahlıq quşu var.

Eh sənin də səsin gedər küyünnən
Yerin bəlkə qarışıqdı göyünnən
Nəyin qaldı, öyünəsən nəyinnən
Başımızın haqdan yağan daşı var.

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 770 | Yüklənmə tarixi: 29.12.2018 17:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031