Tanrı axtarışında olan yazıçı - Güllü Yoloğlu yazır

Bu gün böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur
MANERA.AZ tarix elmləri doktoru, türkoloq Güllü Yoloğlunun "Tanrı axtarışında olan yazıçı" yazısını təqdim edir:
Uzun müddət Çingiz Aytmatov yaradıcılığının tədqiqatçıları onun bir tarixçimi, siyasətçimi, lirikmi, filosofmu olduğunu aydınlaşdırmağa çalışıblar. Biz isə başqa sual qoyub ona cavab tapmağa çalışacağıq: Çingiz Aytmatov buddistdirmi, şamanistdirmi, müsəlmandırmı, xristiandırmı? Bütün bu dinlər yazıçının yaradıcılığında öz əksini tapır.
Ateizmin təbliğ olunduğu bir cəmiyyətdə böyüyən qırğız yazıçı son günlərinə qədər Tanrı axtarışında olmuşdur. Bu barədə o, 1988-ci ildə AFR-dakı (Almaniya Federativ Respublikası) Lokkum Yevangeliye Akademiyasındakı çıxışında belə demişdir: “Mənim Tanrı axtarışı yoluna qədəm qoyduğum kimi ittihamların da doğruluğunu istisna etmirəm”, yəni bu ittihamların əsası var. Amma mən bunu ittiham kimi səsləndirmirəm. Çünki, qeyd etdiyim kimi, Çingiz Aytmatov ateist bir cəmiyyətdə böyümüş, bəşəri dəyərlərə üstünlük vermişdir. Lakin Ç.Aytmatovun aradığı Tanrı yalnız bir din çərçivəsində qalmır…
Şamanlara və şaman ayinlərinə qırğız yazıçının “Çingiz xanın ağ buludu”, “Cəmilə”, “İlk müəllim”, “Dəniz kənarı ilə qaçan Aalabaş” və digər əsərlərində rast gəlirik…
Çingiz xan atı Xubanın belində yola çıxarkən başının üstündə bir ağ bulud süzürdü. Çingiz hara gedirdisə, bulud da o tərəfə axırdı. Ulu Göyün nişanəsi olan buludun gələcəyini ona iki il öncə görücü demişdir. Gələcəkdən xəbər verə, ruhlarla əlaqəyə girə bilənlər tarix boyu şaman, xam, qam, çam, görücü, baxıcı, gözüaçıq, gəzərgi, oyun, porxan, baksı, baxşı və digər adlarla tanınmışlar. Qədim insanların təsəvvürlərinə görə, hər şeyin bir ruhu, yiyəsi var. Məsələn, odun, suyun, dağın, heyvanın, ağacın… Hər bir şeyin ruhunun olması inamının sonrakı inkişafı ona gətirib çıxartdı ki, insanlar öz tayfadaşları ilə bütün bu ruhlarla, yiyələrlə və onların böyüyü olan, başında duran Ulu Tanrı ilə əlaqə yarada biləcək birisinə ehtiyac duydular. Bu ehtiyacın ödənməsi şamanların üzərinə düşürdü.
L.Şternberq yazırdı ki, şamanlığı qəbul edən hər bir kəs artıq insanlıqdan çıxır, əsas hami ruhun istədiyi kimi yaşayır, onun dediklərini deyir, yediklərini yeyir, hətta bəzi durumlarda məcburiyyət qarşısında cinsini belə “dəyişdirirdi”. Şaman öncədən bu və ya digər vəziyyətdə hansı sözləri deyəcəyini bilmir. Trans zamanı ruh onun dili ilə danışır, demək istədiklərini ətrafdakılara çatdırmaq üçün onun bədənindən, dilindən istifadə edir. Şamanlar ruhlarla olan bu əlaqəni gizli saxlamalıdırlar. Ona görə də görücünün uyğur dilmanc vasitəsi ilə dediyi sözlərə öncə inanmayan Çingiz xan ondan: – Bəs bunu sən hardan bilirsən? – deyə soruşanda, görücü deyir: – Hardan bildiyimi sənə deməyə ixtiyarım çatmır…
Buradan görürük ki, ruh şamana bir çox şeyləri söyləməyə ixtiyar vermir. Şaman bəzi hallarda ruhun dediklərini kortəbii icra edir, yəni “öz tayfadaşları ilə Tanrı arasında əlaqə yaradır, onun fikrini və istəyini, iradəsini onlara yetirir. Bunu əsərdə Çingiz xanın görücüyə dediyi sözlər də təsdiq edir:
“- Tutalım, Ulu Göy bu sözləri mənə çatdırmağı sənin ağlına salıb. Tutaq ki, mən inandım. Bəs, müdrik yadelli, mənə de, görüm, mən o azad buludu Göydə necə qoruyacam?”
Çingiz xanın və ətrafındakıların gözündə bu şaman sərsəri, əyin-başı nimdaş, ağlını azmış birisi idi. Əslində isə “Çingiz xanın hüzurunda nə diz çökən, nə səcdə qılan, nə də yaranıb yaltaqlanan”, onun qarşısında başını dik tutaraq məğrur dayanmış ciddi baxışlı, Çingiz xanın istehza ilə “Bəs, müdrik yadelli, mənə de, görüm, mən o azad buludu Göydə necə qoruyacam?” sualına soyuqqanlılıqla “Onun qeydinə sən qalmalısan” deyə kəsə cavab verən gəzəryi görücü heç də ağıldan kəm deyildi. Ç.Aytmatov yazır: “…Çılğın görücünü içindən nə isə tərpədirdi, nəsə ilhama gətirirdi ki, hökmdarların ən heybətlisi, ən amansızı qarşısında, səhradakı aslan qarşısında təkbətək dayanan kimi qorxub-çəkinmədən dimdik durmuşdu. Bütün bunlar görücünün dediklərinə inam yaradırdı: “Bəlkə bu həqiqətən də Ulu Göyün hökmüdür?”…
Gəzəryi görücünün hökmdarın qarşısında bu cür dik dayanıb kəsə cavab verməsinə səbəb də daxilində olan hami ruhun ona verdiyi cəsarət idi. Yazıçı birbaşa “ruh” kəlməsini işlətmir, yalnız onun dediyi “nə isə”nin daxildən şamanı idarə edən ruha işarə etdiyinə şübhə qalmır. Bu da onu göstərir ki, Çingiz Aytmatov şamanizmə yaxşı bələd idi… Onu da qeyd edim ki, qırğızlar öz şamanlarına “gözüaçıq” deyirlər. Burada söhbət üçüncü gözdən, bəsirət gözündən gedir…
Ç.Aytmatov bu əsərində Himalay görücülərini də, gəzəryi kitabtökən müdrikləri də xatırlayır. Çingiz xan Ulu Göylərin qarşısında acizliyini dərk edir. Bu qədər qəddarlığı müqabilində sanki Göy bütün bunları görmürdü, yeri gələndə isə kömək edirdi.
Yazıçının əsərlərində təbiət təsvirlərinə geniş yer verilir. Lakin bu sadəcə təsvir deyil, Ç.Aytmatovun əsərlərində dəniz, çay, meşə, quşlar, heyvanlar sanki dil açıb danışırlar. “Dəniz kənarı ilə qaçan Alabaş” povestində insan iradəsinə tabe olmayan dəniz, “İlk müəllim”də qovaqlar, Aysellə İlyasın sevgisinə xeyir-dua verən durnalar, Tolqonaya keçmişi xatırladan torağay, Tanabayın sevimli atı Gülsarı və başqaları təbiətin bir parçasıdır. Təbiət kultu şamanizmdən ayrı təsəvvür olunmamalıdır. Şamanın əsas işi təbiətdəki ruhlarla, yiyələrlədir. Təsadüfi deyil ki, Ç.Aytmatovla müsahibə zamanı V.Quliyev ona belə bir sual verir: “-Sizin əsərlərinizdəki heyvan obrazları haradasa insan obrazlarından daha güclü təsir bağışlayır və hafizələrdə qalırlar. Bu nə ilə bağlıdır?” Qırğız yazıçı bu suala belə cavab verir: “-Bu, haradasa mənim bəlkə də zəifliyimdir. Çünki tarixin yaratmış olduğu ən güclü və qüvvətli varlıq insandır. Sənətkarın da əsas gücü məhz bu insan dünyasının qüdrətini göstərməkdir. Əlbəttə heyvan obrazlarının mənim əsərlərimdə güclü alınması, görünür ki, müəyyən mənada bizim xalqımızın mif, əfsanə və nağıllarında heyvanlara verilən böyük mənanın və yerin müəyyən təsiri kimi üzə çıxır”.
Ç.Aytmatov heyvanları nə qədər sevsə də, heç vaxt insanların heyvani özəlliklərə malik olmasına şərait yaratmır. Məsələn, “Cəllad kötüyü” romanında Ağbörü Bostonun kiçik oğlunu aparanda, Bostonun əlacı kəsilir, qurdu da, uşağı da vurur. Çünki o bilir ki, qurdların apardığı uşaqlar insani keyfiyyətlərini itirərək heyvana çevrilirlər. Manqurtlaşmış oğlunu geriyə aparmaq istəyən Nayman ananın ölümü bir tərəfdən kökünə xəyanət edən bir insanın təsviridirsə, digər tərəfdən də artıq heyvandan heç bir şeylə fərqlənməyən Manqurdun insanlar arasında yaşamaq haqqının olmamasıdır. Manqurd canlı meyid olduğu üçün onu öldürməyə ehtiyac yoxdur. Ancaq Manqurdu tayfadaşları arasına aparmaq istəyən Nayman ana arzusunu həyata keçirə bilmir, elə həmin Manqurdun əli ilə öldürülür, cəzalandırılır…
Ç.Aytmatovun bəzi əsərlərində şamanizmdən doğan bir sıra ayin, adət-ənənələrə də toxunulur. Məsələn, yazıçının “Cəmilə” povestində oxuyuruq: “Hər il bahar gələndə o (söhbət Cəmilənin böyük qayınanasından gedir – G.Y.), həyətdə atamın cavanlıqda düzəltdiyi köç yurdunu ardıc tüstüsünə verirdi”. Evi, həyəti, ev heyvanlarını ardıc, kəklikotu, üzərlik yandırmaqla tüstüyə vermək qədim şaman ayinlərindəndir. Şamanlar olmayanda bu işi böyüklər – ağsaqqallar, ağbirçəklər öz üzərlərinə götürürlər. “Cəmilə” əsərində də tüstüyə vermənin, yəni paklamanın bu qədim şaman ayininə ciddi riayət edən, ailədə böyük sayılan bir qadın tərəfindən həyata keçirildiyini görürük.
“Dəniz kənarı ilə qaçan Alabaş” əsərində yazıçı nivxlərin (onu da qeyd edək ki, nivxlər türk deyillər) həyatından bəhs edərkən şaman ayin və adətlərindən geniş istifadə edir. Nivxlər də hər bir şeyin ruhunun olduğuna inanırlar. Şamanizmə görə, yaman ruhlar, şər qüvvələr pusquda durub hər an, özəlliklə də şər qarışanda insanlara zərər verməyə hazırdırlar. Bu səbəbdən də insanlar hər vasitə ilə bu ruhları aldatmağa, əsas məsələdən diqqətlərini yayındırmağa, çaşdırmağa çalışırlar. Məsələn, ailədə doğulan uşaqlar ölərdilərsə, doğulan uşaq oğlandırsa, qız, qızdırsa, oğlan adı qoyar və yaxud şaman çağırıb ölümü çaşdırmaq üçün belə bir ayin keçirərdilər: şaman xəmirdən uşaq fiquru düzəldər, sonra onu “öldürər” və uzaq bir yerdə “gömərdi”. “Dəniz kənarı ilə qaçan Alabaş”da da ərini və oğlunu dənizə ova yola salan ana oğluna müraciətlə deyir: “Gedin meşəyə… Baxın ha, odun quru olsun, özün də meşədə azma”. Buradaca müəllif yazır: “O, ona görə belə deyirdi ki, izi itirsin, oğlunu yaman ruhlar olan kinrlərdən qorusun”. Oğlu dənizə gedir, amma ana onun meşəyə odun üçün getdiyini söyləyir…
Ana Balıq da, Qadın tayfasının digər üzvləri kimi inanırdı ki, kinrlər insanlara, özəlliklə də uşaqlara xəstəlik, şikəstlik gətirirlər ki, onlar böyüyüb ovçu olmasınlar…” Əgər ova gedənlər əli dolu qayıdırdılarsa, ilk dəfə ova gedənin şərəfinə bayram təşkil olunar, hamı deyər, gülər, oynayardı. Ən ağıllı adam sayılan şaman təzə ovçu haqqında Yer ilə, Su ilə (Yer yiyəsi ilə, Su yiyəsi ilə – G.Y.) söhbət edər, onlara yalvarardı ki, ovçuya qarşı mərhəmətli olsunlar, ovunu bol etsinlər ki, o da onu başqaları ilə bölə bilsin, övladı çox olsun ki, Balıq Qadın tayfasının sayı artsın. Sonra şaman təzə ovçunun taleyini göydəki yalnız ona məlum olan ulduzlardan birinə tapşırardı…
Bu cür misalların və izahların sayını artırmaq olar. Eyni misallar Çingiz Aytmatov yaradıcılığında xristianlıqla, İslamla, buddizmlə bağlı da çoxdur. Yazıçının əsərlərini oxuyarkən belə bir nəticəyə gəlmək olur ki, Çingiz Aytmatov bütün dinlərə eyni münasibətdə olub, yəni o, həm müsəlman, həm xristian, həm buddist, həm musəvi, həm şamanist olub və ya heç birindən olmayıb… Gəldiyim bu nəticəni 1998-ci ildə Ankarada Çingiz Aytmatovun 70 illiyi ilə bağlı bir tədbirdəki çıxışımda da söylədim. Çıxışımı bitirib yerimə keçərkən Çingiz ağa (qarşımda oturmuşdu) geri çevrilərək məni təbrik etdi və dedi: “Eyni sözü vaxtilə mənə bir italiyalı jurnalist də deyib. Əslində, doğrudan da, mən onların heç birindən deyiləm və ya hər birindənəm”…
MANERA.AZ