manera.az
manera.az

Bazar günü sıxıntısı - Vasili Şukşinin hekayəsi

📅 12.12.2018 11:47

Bazar günü sıxıntısı - Vasili Şukşinin hekayəsi
Mənim çarpayım küncdə, onunku isə qarşı tərəfdədir; aramızda miz, üstündə də qalın, səfeh bir əlyazma var - mənimkidir. Romandı. Elə indicə sonuncu fəslini təzədən oxuyub qurtardım, kefim pozuldu: belə də üzücü roman olar?Adamın lap əti tökülür!

İndi uzanıb düşünürəm: ümumiyyətlə, insan nəyə görə yazır axı? Misal üçün, mən... axı yazmağı məndən heç kim xahiş etmir!.
Əlimi mizə tərəf uzadıram, "belomor" qutusundan siqaret götürürəm, yandırıram. Nə yaxşı papiros çəkmək ağlıma gəldi...
.
..Harda qaldım... hə, axı nəyə görə adam bütün başqa işləri atır, oturub yazı yazır? Nəyə görə yazmaq isəyirsən? Axı nə üçün dəhşətli dərəcədə yazmaq istəyirsən? Özü də yazmaq üçün lap qovrulursan? Dostum Vanka Yermoleyev yadıma düşür, çilingər idi. Adam otuz yaşa qədər əlinə belə qələm almamışdı. Sonra bir qıza vuruldu (yəni, möhkəm vurulana oxşayırdı!) və başladı şeir yazmağa...
- Kibriti tulla bura, - Seryoja xahiş edir.
Mən də kibrit qutusunu mizin küncünə qoydum. Seryoqa narazı-narazı qımıldandı, uzanmış halda əlini kibrit qutusuna uzatdı.
-Sözlər əziyyət verir, eləmi?- soruşdu.

Dinmədim, düşüncələrə dalmışdım. Hə, beləliklə: yazmaq istəyirsən...Məgər mən başqalarının bilmədiklərini yaza bilərəm? Axı mənə kim haqq verib ki, yazım - elə bir şey yazım ki, başqaları üçün maraqlı olsun? Bilirəm ki, sübh tezdən çöllükdə yay səhəri necə açılır: yaşıl, sakit dan yeri. Aşağılarda yüngül nəfəs kimi duman olur. Sakitlik. Hətta ətirli nəm çəmənliyə üzüqoylu uzanıb torpağı qucaqlamaq da olar, qulaq asmaq olar; torpağın lap dərin qatlarında onun nəhəng ürəyinin necə döyündüyünü də eşidə bilərsən. Belə anlarda çox şeyi anlayırsan, yaşamaq istəyirəsən, çox yaşamaq istəyirsən. Bunu bilirəm...

-Yenə külü döşəməyə tökürsən?- Seryoqa ciddi təzdə iradını bildirdi.
Mən başımı aşağı sallayıb külü çarpayının altına üfürdüm. Seryoqa dərhal durub öz çarpayısında oturdu. Hərdən mənə elə gəlir ki, ondan zəhləm gedir. Əvvala, o çox uzundur. Bunu heç cür başa düşmürəm də adamlarda. İkincisi, o, həddən artıq düzdanışandı, hətta bəzən adamın ürəyi də bulanır...Uzun əlləriylə mənim kürəyimdən şappıldatmağı da xoşlayır. Üçüncüsü, ən əsası da elə budur, çox tərsdir, mişar kimi. Hesab edir ki, çox təcrübəlidir və özünə də realist deyir.

"Biz realistik..." hər dəfə bu sözü deyir və başlayır yuxarıdan aşağıya baxmağa, özü də çox axmaqcasına baxır, yekə alt çənəsi də qabağa çıxır. Belə anlarda onu heç görmək istəmirəm.
- Romantik, bu darıxmaqlıq nədən belə yaranır? Bilmirsən?- deyə laqeydcəsinə soruşur (görünür, mənim onunla danışacağıma çox da ümid bəsləmir). Bax, indi, oturacaq çarpayıda, böyrü üstə dirsəklənib matdım-matdım döşəməyə baxacaq. Onunla danışmaq lazımdı.

- Darıxmaq? Əsasən axmaqlıq ucbatından baş verir. Lazımi səviyyənin olmamasından...- Çox istəyirəm ki, hansı yollasa bu uzundraz teleqraf dirəyinin mitilinə vuram. Nə bir təcrübəsi, nə bir sağlam fikri, nə də səmimiliyi var! Heç darıxan zibil də deyil. Onun haqqında hər şeyi bilirəm.

- Düz demirsən,- Seryoqa çarpayıda oturdu. - Mən müşahitə eləmişəm, axmaq adamlar heç vaxt darıxmırlar.
- Nədi, sən çox darıxırsan?
- Daha doğrusu... bu dünyaya baxanda adamın ürəyi bulanır.
- Deməli, sən ağıllı adamsan.
Sükut yaranır.

- İyirmi qəpik məndən,- Seryoqa deyir və boz dürüst gözlərini mənə dikir, onun bu baxışlarında hansısa soyuq, ehtiyatlı müdriklik əlaməti yox idi. Gözləri çox ağıllıdır, daim rəvan və yüngül işıq saçır. Bəlkə də düz deyir, indi onun üçün darıxdırıcıdı, sıxılır, lakin öz sıxıntısını da əzizləyir, daha doğrusu, onu qıcqırdır. İndi ona baxmaq yaxşı deyil. Görünür, o, özü məni mübahisəyə çəkir, əgər alınsa, başlayacaq kor tutduğun buraxmadığı kimi sübut eləməyə ki, bəs, sənət, şeir, xüsusilə balet heç kimə lazım deyil. Kino yenə pis deyil, onu istisna etmək olar, qalanlarını isə at zibilə, ümumiyyətlə, qadağan eləmək lazımdı qalanlarını! Çünki adamları yoldan çıxarırlar, onlarda "ruh düşgünlüyü" yaradırlar. Kommunizm qururlar! Bura arxalanırlar (barmağıyla alnına vurur) və qururlar!

İndi mən Seryoqaya demək istəmirəm ki, o yalandan belə darıxır, sıxılır, sadəcə onunla mübahisə eləmək istəmirəm. İstəyirəm çöllüklər və öz romanım barədə düşünüm.

-Ax! Darıxmağa bax e!- Seryoqa yenə sızıldadı.
-Bura bax, bəsdi, qurtar!
-Nə?
-Heç nə! Zəhləmi tökmə!
-Sənin romanında guya adamlar darıxmır? Heç darıxmır, hə?
"Mübahisə etməyəcəm! Allah, mənə səbir ver!"
-Yəqin sənin müsbət qəhrəmanların şeirlə danışırlar. Və səhərlər də gimnastika ilə məşğul olurlar. İdman edirlər, hə?
"Söyməyəcəm! Yox, söyüş söyməyəcəm!"

-Yəqin mahnı da oxuyurlar, peyklərdən,- Seryoqa davam edir, kinli oynaq gözlərini mənə tuşlayıb. - Bu mahnılara görə, yeri gəlmişkən, mən şaqqalayardım...Dəbə bax bir! Gör nə oxuyurlar?! "Mən Ayda görüş təyin edirəm!..."- kimisə yamsılayır. - Artıq görüş yerini təyin elədim! O! Pah! Hələ bir sən ora ayağını bas, sonra! Kimsə baş sındırır, hesablayır, amma o - buna bax, Aya dırmaşıb artıq! Gicbəsərlər!

Mən susuram. Yeri gəlmişkən, mahnıya gəlincə, o düz deyir.
Seryoqa da susdu. Görünür, bir qədər yüngülləşmişdi. Bizim otağa bir müddət sakitlik çökdü. Mən yenə çöllük və dan yeri barədə düşüncələrə
dalıram.
-Ver romanıvı oxuyum da,- Seryoqa yenə başladı.
-Əhh! Get tullan e...
-Tənqiddən qorxursan?
-Amma sənin tənqidindən yox!
-Axı mən oxucuyam.
-Oxucusan? Sən robotsan, oxucu deyilsən! Heç olmasa bir bədii kitabı axıracan oxumusan?
-Nahaq belə danışırsan!- Seryoqa incidi,- ağılla yazmaq lazımdı, onda oxuyarlar. Yoxsa, sizin o müsbət qəhrəmanlarınız elə yaxşı adamlar olur ki, adamı yuxu basa bilər...
- Niyə?
-Çünki onsuz da sən o qəhrəman kimi heç vaxt yaxşı ola bilməzsən...- Seryoqa qalxıb qapıya sarı getdi. - Gedim bir az gəzim, yüngülləşim...


Seryoqa çıxandan sonra yerimdən qalxıb əlyazmama baxmağa başladım. Müsbət qəhrəmanlarımdan biri səhərlər gimnastika ilə məşğul olurdu axı! Həmin yeri bir də oxudum, yenə başladım kədərlənməyə. Yox, mən pis yazıram.

Təkcə idmanla məşğul olan yer yox, elə hamısı psdi! Hansısa sonu görünməyən "dəlisov küləklər", günəşin batması barədə hansısa tənəkə sözlər, yarpaqların xışıltısı haqqında, tarlalardan bal ətrinin gəlməsi.... Offff..... Dünən ağlıma gözəl bir müqayisə də gəlmişdi, hətta onu da yazmışam: "Elə yazmaq lazımdı ki, sozlər partlasın, tonqalda partlayan güllə kimi..." Lənət şeytana, axı patronun bura nə dəxli var?! Söz deyil ki, hansısa düymələrdi!

Qapı döyüldü.
-Buyurun!
İçəri balaca zərif bir baş boylandı. Yuxudan təzəcə durmuş və təmiz gözləri bir balaca şişmiş qız idi (bazar günüydü, hələ səhər saat on olmamışdı).
-Seryojanı...Salam! Seryoja yoxdu?
-Yox. İndicə harasa çıxdı.
-Bağışlayın...
-İndicə gələr.
-Yaxşı.

İndi Seryojanın bayramı başlayacaq. Onun saxta qüssəsini də yel aparacaq. O, bu gözəl balaca başı olan qızı sevir; özü də çox inadla, sakit-sakit və sədaqətlə sevir! Bu barədə qıza heç nə demir! Qız isə qəribədi sanki - bunu başa düşmür. Saatlarla bir yerdə otururlar, hansısa mühərrikin daxili yanacağıyla bağlı hesablamalar aparırlar. Seryoja qan-tər içində əlləşir, həyəcanlanır, alınmır heç nə...Heç qıza da baxmır; adı Lenadır, qışqırır, bağırır, iri yumruğunu konspektin üstünə çırpır.

-Burda hərəkətin yararlılıq əmsalı necədir?!
Lenoçka diksinir, qorxa-qorxa deyir:
-Qışqırma, Seryoja!
-Necə qışqırmayım? Necə qışqırmayım axı?Elementar şeyləri başa düşmürlər!
-Seryoja, qışqırma!

Seryoja istedadlı mühəndis olacaq. Ruhdan düşdüyüm anlarda mən ona həsəd aparıram. Qırx yaşına çatar-çatmaz ondan güclü, bacarıqlı rəhbər olacaq, istehsalat rəhbəri. Onun yaxşı arvadı olacaq. Bax elə bu gözəl başlı Lenoçka. Mən şübhələnirəm, qız çoxdan hər şeyi başa düşür, özü də Seryojanı sevir. Belə bir gözəl, sevimli və çəlimsiz qızcığaz Seryojanı sevməyə bilməz. Onlar üçün hər şey yaxşı olacaq. Mənim üçünsə...Məni bu zəhrimara qalmış "dəlisov küləklər" vaxtından əvvəl qəbirə göndərəcək. Mən mütləq həyatda yaxşı bir işlə məşğul olmalıyam.

Seryoja gəldi.
-Gəzib yüngülləşdim.
-Sənin yanına qız gəlmişdi. Xahiş elədi ki, onun yanına gedəsən.
-Kim?
-Kim olacaq? Lena...
Seryoqa pul kimi qızardı.
-Niyə gedim?
-Bilmirəm.
-Dolama məni!- deyib sakitcə, çox sakitcə çarpayısına sarı yeridi və uzandı. Mən də sakitcə deyirəm:
- Özün bil.- Sonra da dəftərimlə məşğul oluram. Hiddətimdən boğuluram. Hər halda, belə bir ümidsiz idiot olmaq lazım deyil! Bu artıq utancaqlıq da deyil, xəstəlikdi!
-Papiros ver,- Seryoqa xırıltılı səslə xahiş edir.
-Gicbəsər!
Araya sükut çökdü.

-Görünür, İsa peyğəmbər öz şagirdlərinə müraciət edən vaxtı da beləcə sakitlik imiş: "Qardaşlar, sizdən kimsə məni satacaq!"
Seryoqa danışmağa söz tapmayanda zarafat edir. Bir qayda olaraq, dəxli olmayan, ya da yerinə düşməyən zarafatalar edir.
- Papiros ver çəkim!
-Seryoqa, sən məqsədinə çatarsan: hansısa sarmaşıq gitarayla birlikdə sənin başına dolanar, elə ancaq öz Lenoçkanı görmüsən. Sonra peşiman olarsan.
Seryoqa çarpayıda oturdu, əlləriylə başını tutdu. Bir müddət danışmadı, gözlərini döşəməyə zillədi.
- Deyirsən, onun yanına gedim?- yavaşca soruşdu.
-Əlbəttə!- Onun ümidsizliyi məni mütəəssir etdi.- Əlbəttə, get. Al, siqaret çək və get!
Seryoqa ayağa durdu, papiros çəkdi, otaqda var-gəl eləməyə başladı.
- Kənardan məsləhət vrmək həmişə asandı...
- Arvadsan! Qorxağın biri! Sən özünü beləcə məhv edərsən, Seryoqa!
- Heç nə olmaz.
- Get onun yanına!

- İndi gedərəm də, nə yapışmısan yaxamdan?! Papirosumu çəkim, gedərəm!
- Elə ağzında papirosla get! Qadınlar yanında papiros çəkən kişiləri xoşlayırlar. Bilirəm... Axı, hər halda, mən yazıçıyam...
- Mənimlə belə danışma, axmaq deyiləm. Qoy sənin romanlarında qadınların yanında papiros çəksinlər! Məzələnməyinə bax bir!
- Get onun yanına, ay səfeh! Əldən buraxarsan onu! Bu gün bazar günüdü... Burda heç bir pis şey yoxdu! Qızın yanına getmək pis şey deyil! Getdin, girdin, vəssalam!
- Deməli, o mənim gəlməyimi xahiş etməyib, hə?
- Xahiş elədi.
Seryoqa şübhəli və üzücü baxışlarıyla məni süzdü.
- Öyrənib gedərəm.
- Öyrən!
Seryoqa çıxdı.

Mən də pəncərədən baxmağa başladım. Seryoqa yaxşı oğlandı. Qız da yaxşıdı. Əlbəttə, qız istedadlı mühəndis deyil, lakin....axı kimsə istedadlı mühəndislərə kömək etməlidir, ya yox?... O istedadlı qadın olsaydı, Seryoqanın dil-ağzını açardı...Təsəvvür edirəm, indi Seryoqa onun otağına necə girəcək. Salamlaşacaq... və bayaqkı İsa peyğəmbərlə bağlı zarafata oxşar bir şey söyləyəcək. Sonra çıxacaqlar küçəyə, bağa gedəcəklər. Mən bu səhnəni təsvir etməli olsam, əlbəttə, bura həmin o "dəlisov küləyi" də əlavə edərdim, sonra yarpaqların xışıltısını... Burda nə var axı! Var, əlbəttə, var, amma məsələ bunda deyil. Sadəcə xiyabanda iki nəfər gəzir: oğlan və qız. Oğlan çox hündürboy və yöndəmsizdir. Susur. Qız da susur, çünki oğlan danışmır. Oğlansa ağzına su alıb, susur, lənətə gəlmiş, adam kimi danışmır! Ona görə danışmır ki, onun loqarifmlərini və yararlılıq əmsalını əlindən alıblar...Susur, vəssalam!

Sonra qız deyir:
- Seryoqa, gedək çay qırağına.
- Hmmmm.... yəni, "hə".

Çay qırağına gəldilər, dayanıb durdular. Yenə susurlar. Kiçik çay aram-aram axır, müxtəlif sərçələr civildəşirlər...İsti hava var. Çay kənarındakı meşəcikdən qovaq ağaclarının ətri gəlir. Və burda dünyanın ən xoşbəxt iki adamı durub darıxır, əzab çəkir. Onlar nəyisə gözləyirlər.

Sonra qız oğlanın gözlərinə baxır, lap qəlbinin içinə boylanır, boynundan qucaqlayır...uşaq kimi ona qısıldı...
- Qoy heç olmasa səni öpüm! Səbrim çatmır, mənim dilsiz uzundrazım!

Bu səhnə məni həyəcanlandırmağa başlayır. Otaqda gəzişirəm, əllərimi ciblərimə soxmuşam, sevinirəm. Görürəm, Seryoqa sevincindən çaşıb qalır, gözlərini bərəldir, zərif, çəlimsiz, balaca vücudu yöndəmsiz-yöndəmsiz, kobudcasına özünə sarı sıxır, qucaqlayır...Gözlərinə inanmır. Görəsən bu, həqiqətdi? Sevinirəm ona görə, o axmağa görə sevinirəm. Eh...qoy mənim sevimli "dəlisov küləkli" romanım məni bağışlasın, qoy o məni bağışlasın! Seryoqa və Lena haqqında hekayə yazacam, iki yaxşı adam barədə, onların gözəl sevgisi barədə yazacam.

Məni qəribə, mənasız bir sevinc hissi bürüyür. (bu xəyanətkar şadyanalıq mənə necə də tanış gəlir!). Yazıram. Vaxt hiss olunmadan uçur. Yazıram! Bəlkə də sabah bu sətirləri oxuyanda acı-acı ağlayacam, onların utanmaz köməksizliyni dərk edib ağlayacam! Amma bu gün xoşbəxtəm, Seyoqadan heç də az sevinmirəm.

Seryoqa axşama yaxın qayıdanda mən artıq hekyaənin sonuncu səhifəsini yazırdım; bu səhifədə o, xoşbəxt, yorğun halda evə qayıdır.
- Seyoqa, sənin barənda hekayə yazmışam. İstəyirəsn oxuyum?
-Hmmm... Oxu!

Mən Seryoqaya tərəf heç baxmıram da, onun ovqatıyla belə maraqlanmıram. Hekayəmə nöqtə qoyub başlayıram oxumağa.
Hekayəni oxuyarkən Seryoqa bir dəfə də olsun dinmədi; çarpayıda əyləşmişdi, başını aşağı sallayıb döşəməyə baxırdı.
Hekayəni oxuyub qurtardım, dəftəri kənara itələyib papiros çıxartdım, başladım tüstülətməyə. Barmaqlarım yüngülcə əsirdi. Gözləyirdim, görüm Seryoqa nə deyəcək. Ona baxmırdım. Diqqətlə kibrit qutusuna baxırdım. Hekayə mənim xoşuma gəlmişdi. Gösləyirdim ki, Seryoqa bir şey desin. Mən ona inanıram. O isə susurdu. Axır ki, ona sarı döndüm, onun şən və dalğın baxışlarını gördüm.
- Pis deyil, - dedi.
Ürəyim yerinə gəldi, birnəfəsə dedim:
- Çox şeyi düz deməmişəm? Siz harda idiniz? Çayın qırağında deyildiniz?
- Biz heç harda deyildik.
- Necə yəni?
- Çox sadə!
- Sən onun yanına getdinmi?
- Yox.
- Ooooo! Bəs harda idin?
- Planetlər arasında gəzişirdim...

Seryoqa mənim axmaq sifətimi görməmək üçün başını balınca qoydu, əlləriylə başını örtdü.- Hekayə pis alınmayıb,- bir daha təkrar etdi.- Amma onu qıza oxuyacağını ağlına belə gətirmə...
- Seryoqa, niyə qızın yanına getmədin?
- Nə salmısan, niyə....niyə... Sonra... Ver görüm papirosu!
- Al! Heyvansan, Seryoqa, heyvan!
Seryoqa papiros çəkirdi, balışın altından "Elm və həyat" jurnalını çıxarıb başladı oxumağa...O, bu jurnalları oxuyur, elə maraqla oxuyur ki, elə bil "Şerlok Holms" kimi yaxşı bir detektiv romandı.

Tərcümə etdi: Kamran Nəzirli

Qeyd: Hekayə 1987-ci ildə tərcümə edilib, heç yerdə dərc olunmayıb


Baxış sayı - 1 514 | Yüklənmə tarixi: 12.12.2018 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031