manera.az
manera.az

Gülxar Həsənovanın 100 illiyi qeyd olunub

📅 12.12.2018 11:16

Gülxar Həsənovanın 100 illiyi qeyd olunub
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Gülxar Həsənovanın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində reallaşıb.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan G.Həsənova Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə əlaqədardır. O, çalışdığı sənət ocağının səhnəsində bir-birindən parlaq, koloritli qadın obrazları yaradıb. Vurğulanıb ki, 1980-ci ildən teatrın məşqçi pedaqoqu olan sənətkarın ifasında bir sıra partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilib. G.Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və digərləri çıxış edərək unudulmaz sənətkarın yaradıcılığından, onun incəsənətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Gecədə Gülxar Həsənovanın rol aldığı səhnə əsərlərindən fraqmentlər təqdim olunub, lent yazılarında qorunan öz ifasında mahnılar səslənidirilib.

Tədbir respublikanın tanınmış və gənc ifaçılarının konsert proqramı ilə davam edib.

MANERA.AZ


Baxış sayı - 1 154 | Yüklənmə tarixi: 12.12.2018 11:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031