Əllərim göyərçin yuvalarıdı - Zərdüşt Şəfinin şeirləri

Manera.az nakam gənc şair Zərdüşt Şəfinin şeirlərini təqdim edir:
* * *
Səndən sonra həyat elə ömürdü,
yanıb-yanıb, közü sönmüş kömürdü.
Səndən sonra ürək daşdı, dəmirdi.
İsti-isti döy dəmiri, dəmirçim.
Damar-damar filizlənibdi içim.
Yum gözünü, çıx bir parka, bir otur.
Düşün-daşın, şəklimə bax, xəyal qur.
ömür gedir- itib gedir işıq, nur.
Sən sönürsən, mən sönürəm, gün batır.
Arzu yoxdu, ümid ölüb, bəxt yatır.
Varlığımda sən adında boşluq var.
Yollarımda sevda adlı daşlıq var.
Bu kitabda bircə sətir başlıq var.
- Mən bilirəm, bəs sən necə?
- De bilim.
- Mən sevirdim, sən sevmirdin, sevgilim...
* * *
Sən Günəşi görməmisən-
Səni görən görüb onu..
Göyü qübbə bilməmisən-
Səni sevən hörüb onu..
Sən heç zaman gülməmisən
Həsrətini çəkənlər var..
Sən sevgini bilməmisən-
Şah belini bükənlər var..
..Sən heç zülüm çəkməmisən-
Gözündə yaş görənlər var..
Sən bilmirsən ölüm nədi-
Sənsizlikdən ölənlər var..
Sənsizlikdə ölənlər var..
Sənsizlər var..
Var.
* * *
Bu axşamın gözü kordu,
Dili laldı- məni yordu...
Mən bir gecə yatmamışam...
Yadıma düşmə hər axşam...
Yadıma düşmə bu axşam-
Hər gecənin günahı var,
Hər gecənin sabahı var,
Mən çox günah qazanmışam...
Yadıma düşmə hər axşam...
Xatırlamaq asan deyil...
Bütün bildiklərim bitib,
Içimdə bir adam itib-
Hələ onu tapmamışam...
Yadıma düşmə bu axşam...
Yadıma düşmə hər axşam...
* * *
göydə bir ulduz da məndim
mən adam olmağa gəldim
sevmədiyim adamların
yadında qalmağa gəldim
səsi gələn addımların
sahibi-kabus özüməm
məni sevən adamların
canını almağa gəldim
belə deyib bizə Allah
ölüm haqqdı həyat günah
qalan bütün günahları
yadıma salmağa gəldim
* * *
Sən ömrümün son günüsən-
Mən hər günə son demişəm...
Sənin məktubların rəsmi-
Mən həmişə sən demişəm...
Nə gecə-gündüzün lazım,
Mənə sənin üzün lazım-
Göndərdiyin mələkləri
sərçələrə dən demişəm..
Sənə gələnlər qayıtmır,
Bu son heç kimi oyatmır...
Hamı sənə yol alıbdı-
Mənsə sənə dön demişəm...
* * *
Əlini uzat,
bu ağ kağıza
barmaqlarından axacaq sətir-sətir sözlər...
Sən heç şeir yazdınmı?
Gözlərin susur,
kipriklərinə tökülmüş
alın yazının qalıqları
danışacaq indi-
Sən heç qar olub yağdınmı?
Uzaqda üfüq xəttində
qıpqırmızı bir od parçası var,
neçə min ildi yanır-
kimi sevir
heç kim bilmir,
bilməyəcək...
Sən heç şair sevdinmi?
* * *
Bəlkə də səmadan düşən ulduzlar
Yerə göndərilən məhəbbətlərdir...
Bəlkə də dünyaya göz açan qızlar
Dünyanı dağıdan həqiqətlərdir...
Bəlkə də Allah da heç sevmir bizi,
Küçəyə atılmış uşaq kimiyik...
Duamız yad dildə, sözlərimiz boş,
Özünə yellənən beşik kimiyik...
Bəlkə də məktubuq, insan deyilik-
Yerinə çatmamış oxunduqmu biz?
Başdaşı üstündə min cürə adla
Eyni bir ünvana yazıldıqmı biz?
Sevdikmi doğrudan bir- birimizi,
Sevdiksə, sevməyi kimdən öyrəndik?
Biz bir nağıl kimi uydurularaq-
Dünya uşaqdımı ona söyləndik?
* * *
İçimdə sükutu elə boğmuşam
Səsinə qonşular haya gəlibdi...
Göydən ulduzları gül tək yığmışam-
Allah yer üzünə toya gəlibdi....
Burda bir şəhərin işıqları tək
Ümidlər tökülüb yollar uzunu...
Gecələr o işıq sətirləriylə-
Şəhərə yazıblar alın yazını...
Səni qaytarmağa gücüm yoxsa da
Hələki sevməyə gücüm qalıbdı...
Nə vaxtsa göylərdə xoşbəxt olmuşam-
Mənə nə olubsa burda olubdu....
Belə sevgi olmaz, belə ayrılıq-
Göydə mələklər də fikrə dalıbdı..
Bu yer kürəsində gördüyün dağlar-
Sənin əməlindi, səndən qalıbdı...
* * *
Su olub axmasa içinə sənin-
bu kəndin havası, suyu, torpağı,
Dəsmal yelləməsə köçünə sənin,
Payız küləyindən solmuş yarpağı-
o kənd sənin deyil,
unut o kəndi!
Baxmasa dalınca məzar daşları,
Baxıb soyuq-soyuq dayanmasalar...
O kəndin qızları sən gedən sabah,
Bir qəflət yuxudan oyanmasalar-
O kənd sənin deyil,
unut o kəndi...
Unut o küçəni, unut o yolu,
arxanca buludlar su atmasalar...
Qonşunun itləri ayaq səsinə
bütün yatanları oyatmasalar,
o kənd sənin deyil,
unut o kəndi...
Nə o ev sənindi,
nə o yol sənin...
Xəbərin yoxdu ki, kəndsiz qalmısan..
İçini aparan bir sel önündə,
dayaqsız, körpüsüz, bəndsiz qalmısan-
o kənd sənin deyil,
unut o kəndi...
* * *
Gəl səninlə uzun gedək bu yolu
İçimizdə ölçülərin yarışı
Üzümüzdə gülümsəyən məhəbbət
Gəl səninlə uzun gedək bu yolu
Yol qırağı alma üzüm bağları
Yol qırağı içimizdən də xəlvət
Bir az uşaq, bir az qoca, bir az quş,
Bir az oyna, bir az ağla, bir az uç,
Gəl səninlə uzun gedək bu yolu
Külək gördün qollarını geniş aç...
* * *
Səni gördüyümü unutdum bu gün,
bu gün içimdəki cənnət dağıldı...
Qovuldu Adəmim, qovuldu Həvvam-
bu gün içimdəki meyvə yox oldu...
Gözümə göründü xaraba günbəz,
içində nə mələk, nə də ki şeytan...
nə duaya çatmaz, nə sözə dəyməz...
Əllərim duada, səsim boğuldu...
Bütün günahlarim oda qalandı,
bütün savablarım itdi üfüqdə..
Neçə cahanları gəzdi, dolandı-
Ruhum bu balaca cismə yığıldı..
* * *
Şirin yuxu deyildi bu...
Niyə yatdın,
Kimi gördün?
Bir böyük insan dənizi,
Orda batan gəmi gördün...
Çalxalandı durulmadı,
Bulanıq insan dənizi...
Çarpışmaqdan yorulmadı-
Batdı insanlıq gəmisi...
* * *
Ölüm durub gözümüzə,
rahat yarışa bilmirik...
Torpaq dəyib dizimizə-
göyə qarışa bilmirik...
İkicə nəfər olmuşuq
və cənnətdən qovulmuşuq...
Allah bağışlayıb bizi,
Bizsə barışa bilmirik...
Böyümüşük boy atmışıq,
Böyük dünya yaratmışıq,
Bu qədər qalxıb, ucalıb
bircə suala çatmışıq:
Ondan soruşa bilmirik...
* * *
Göstər- gözündəki o nə yağışdı.
Saxla- üzündəki bu nə küləkdi.
Möhkəm tut əlində o ümidi də,
silkələ zamanın vaxtsız qızını-
Sevdaymış adı.
Bu aprel sabahı gözünü açma,
unut keçənləri, gələnləri say,
bircə gözəl belə gözündən qaçmaz-
bilmirsən,bu hissin adı nədi ki?
Bilməsən yaxşıdı,
Sevdaymış adı.
Evinin yerini unudub bahar.
Bu bahar səninmi sinəndən gəlir?
Pis gözlər çıxardan uzun nizə tək
Sinən bu dünyanın bağrını dəlir-
Sus, ey bu dünyanın sinəsi qadın-
Sevdaymış adın.
* * *
Yuxu tutub gözlərimin yaşını.
Yuxu tutub səni sevən gözümü.
Gücüm çatmır qaldırım eşq daşını.
Əlim çatmır Aydan asım özümü.
Bağışladım məni atıb gedəni.
Alqışladım ayrılığın çıxışın.
Mən sevmədim məni məftun edəni.
Qabaqladım məni üzən baxışı.
Əllərimin sənə həsrət qabarı.
Elə bilmə bu sevgilin darıxmır.
Zaman qıymır mənə bu qış baharı.
Zaman tutub əllərimi buraxmır.
* * *
Düşüblər izimə məni gəzirlər,
İzimdə sən varsan, xəbərləri yox...
Vəsiyyət yazmışam, hey oxuyurlar,
Sözümdə sən varsan, xəbərləri yox...
Deyirlər unudub, boş imiş vədi...
Bu da vəfasızmış, sevgisi yalan...
Deyirlər çörəyi dizi üstədi,
Dizimdə sən varsan, xəbərləri yox...
Məni Tanrılar da qarğayıb nədi?
Dualar getdiyi ünvana çatmaz,
Deyirlər, nə desək, gözü üstədi,
Gözümdə sən varsan, xəbərləri yox...
Yoxdu xəbərləri, onlar bilmirlər,
Kor olub gözləri, onlar bilmirlər...
300 il yaşayır, yenə ölmürlər,
Cüzi ömrüm vardı, onu yaşadım,
Cüzimdə sən vardın, xəbərləri yox...
ŞAİRİN ÖLÜMÜ
Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…
Bu ömrü yolundan çıxarar qəza-
gəlsin qabaqlasın,
gəlsin saxlasın…
Mən ölümə gedən adamam, adam-
yadlara doğmayam,
doğmaya yadam…
Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha-
əllərim göyərçin yuvalarıdı-
qatarlar aparsa əzizlərimi…
Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi…
Bağışla ömrümü,
uzun gecədi-
Bir say ulduzları, bax gör neçədi?
Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə-
zəhər çayıma…
Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…
* * *
Bu gecə də çiçəklər açmadı,
Quşlar
Bu sabah da susacaq...
Evlər -
Yolların sonunda dayanıb...
Evlər yolların sonudu...
Sürahilərin altından
Uşaqlar baxır...
Uşaqlar baxır
Taxtaların arasından...
Taxta sürahilər
Boyasını töküb
Və susur...
Böyüklər
Pəncərələrin önündə dayanıb
Baxırlar yolların
ən uzununa -
birini gətirməyən yol ən uzun yoldu indi...
Bu gecə də çiçəklər açmadı,
quşlar
bu sabah da susacaq....
* * *
Sənin olacaq ulduzu gözlə,
Bir gün göz edəcək sənə,
Gözlə,
Gözlə ki, sevinəcək bir gün
Gözlərin...
Bilirsən,
Bu gün
dua etmək üçün ən gözəl gündü -
Ümid yoxkən...
Sabah o ulduzu göründümü -
Artıq gec olacaq
Sənin olacaq ulduz
Asılmamış göy üzündən
İntihar etmiş adamın
İşıq saçan başı kimi -
Dua oxu
Duan -
Ulduzu gətirməyəcək...
Sadəcə göstər,
Göstər inamlı olduğunu...
Vəssalam...
* * *
Sənin evin -
Bir yolun sonunda,
Bir təpənin üstündə,
Soyuq və qaranlıq bir gecədə
Dayanıb
Səni gözləyir...
Çox balacadı -
Sənindi amma...
Çox soyuqdu -
Sonundu amma...
Gir evə -
toxunmadan hörümçək torlarına...
Onlar sənin yoxluğunun rəmzidi
Başının üstündə -
Toxunma onlara...
Hörümçəklər
Səni sevən dostlarındı...
Onlar
Səni düşünürlər
Yoxluğunu
Hər yeni ilmək atanda...
Sənin evin
Bir yolun sonunda
Bir təpənin üstündə
Soyuq və qaranlıq bir gecədə
Dayanıb
Səni gözləyir...
Gecikmə,
evə gecikməzlər...
* * *
Sakitlik çökəcək bir gün şəhərə,
Kəndə sakitlik çökəcək...
Səni unutmuş olacaq zaman,
Məkan,
İnsan...
Hər şey yox olacaq bir gün -
əllərindəki ölümün adı
sənsən....
əllərdə və çiyinlərdəki ölüm
sənsən...
sən
ölüm göstəricisi
yer üzündə...
sübutusan -
qəbirlərin insanlara aid
olmadığının.
* * *
Bir otaq var:
balaca,
Mavi divarları və zəif işıqlı çırağı...
Hörümçək torları
Alnının yazısı kimidi...
Bilməzsən,
Bu həndəsə düşüncəli qız
Nə yazır hər gün
Yorulmadan
Evin alnına...
Və bütün milçəklərin
Onu oxumaqçün
Canlarını belə verməyə hazırdılar...
Bütün milçəklərin
İntiharçıdılar...
Oxu boşluğa yazılan sözləri
Ya da sus...
Bu otaq sənindi
Bu hörümçək sənin
Sənsə -
Milçəklər qədər olmadın....
* * *
Şeytan
Cəmi altı hərfdi
Bir hərifdi
girib sənin canına,
Sən osan,
O səndi...
düşün ki, tək deyilsən
düşün ki, bir şeytan var içində
bir gün onu
əlləri və ayaqları bağlı
təhvil verəcəksən...
ya da o səni uzadacaq
qurbanlıq qoyun kimi
məbədin önünə...
Əllərini aç və
dua elə,
Bilinsin ki inanırsan...
Və onun buynuzları
Dərhal düşəcək
əllərinə...
əllərin günahkar qalacaq bircə...
* * *
Gözlərin ovuc içi kimi açıq-
yolunu gözləyir
kiminsə uzanan əlinin...
Ovcunu dolduracaq ümid yoxdu deyəsən...
Qapına gələn adamlar səni sevənlər deyil-
sevgi evinin qapısı olmur...
Dua et
yağışqabağı,
Fevral yağış ayı deyil axı...
Yuxarıdan baxanda
bu anda
səndən gözəli yoxdu...
Yumma gözünü dua edəndə,
inamını göstər sadəcə
sadəcə özünə...
bağla əllərini
ancaq gözlərini yumma-
gözlərin ovuc içi kimi açıq...
* * *
Artıq yoxam göydə,
yer udub məni,
bircə başım gəzir göydə,
bilirəm...
Hara baxıramsa gözüm kor kimi
çoxdan tərk edilmiş bir ev görürəm....
Artıq yoxsan yerdə,
göy udub səni,
bircə ayaqların yerlə sürünür...
Hara baxırsansa gözün kor kimi-
gözünə ümidsiz adam görünür....
Artıq o ev yoxdu...
Artıq sən yoxsan...
Deyəsən mənim də sonumdu axı...
O evdə yaşayan,
bu göyü görən
bircə yaşayan da ölümdü axı...
Artıq heç kim yoxdu...
Artıq heç nə yox...
P.S - 26 yaşında həyatdan nakam getmiş istedadlı şair
Tural Adışirinin təqdimatında