Sərxoş sərçə - Böyüklər üçün nağıl | MANERA.AZ
![]()
Hava çox bürkü idi. Ətrafda sakitlik hökm sürürdü. Ağacların yarpaqları budaqlardan heysiz halda asılmışdı.Toyuqlar özlərini damın kölgəsinə verib dincəlirdilər. İstidən və zəhlətökən milçəklərin əlindən bir yerdə qərar tuta bilməyən Alabaş dilini çıxardıb ləhləyir, bir gözünü açıb, o biri gözünü yumur, tez-tez başını yelləyirdi.
Boz sərçə bu mənzərəni laqeydcəsinə seyr edirdi. Acından , susuzluqdan bir yerdə qərar tuta bilməyən sərçə nəhayət, özündə cəsarət taparaq, sahibsiz masanın küncünə qondu.Elə bil bir neçə dəqiqə bundan əvvəl bu masanın ətrafında olan o qəhqəhələr, çaxnaşma heç olmayıbmış. Boz sərçə ətrafa göz gəzdirərək, kimsənin olmadığını bir daha yəqin etdikdən sonra əminliklə, masanın ortasına hoppandı. Özünü cənnətdə sandı. Dimdiyini ağacdələn kimi tez -tez masanın üstündəki çörək parçalarına zərblə döyməyə başladı. Acgözlüklə hər yerə dimdik atan boz sərçə duzlu pendir qırıntılarını masanın üstündən nə zaman təmizlədiyinin fərqinə varmadı. Bərk susadığını görüb, içərisi dolu qədəhin üstə atıldı, fasiləsiz olaraq bir neçə udum içdi. Barmaqları boşaldı, badədən sürüşüb masanın üstünə düşdü. Nə baş verdiyini anlamadı. Qanadlarını sağa-sola çırpıb, güclə ayaqları üstə qalxsa da , uçmağa heyi olmadı. Qabların arasıyla səndələyə-səndələyə bir təhər masanın məhəccərə yaxın hissəsinə gəldi. Aşağı baxdı.Yer səma kimi sonsuz görünürdü. Hinə tərəf boylandı.Toyuq , cücələr ona qarışqa kimi göründülər. Milçəklərin əlindən özünü sağa-sola vuran Alabaş məğlub olmuş kimi yorulub süst qalmışdı. Onun bu acizliyini görən boz sərçə indiyə qədər ondan qorxduğu üçün özünü qınadı. Birtəhər uçub həyətdəki tut ağacının budağına qondu . Bir xeyli yerindən tərpənmədi. Ətrafında cikkildəşən sərçələrin ondan qorxub qaçmamalarına təəccüb etdi. Qanadlarını açıb süzdü.”Qartal qanadları “vardı.Caynaqlarına baxdı: –“İlahi, bu şahin caynaqları məndə varkən, indiyə qədər qara pişikdən balalarımın intiqamını niyə almamışam?”-deyə hirsləndi. Bu dəm gözləri kölgəlikdə mürgüləyən qara pişiyə sataşdı.
Caynaqlarına bir də nəzər saldı: -“Bir dəli şeytan deyir, al bu məlunu caynaqlarına .Qaldır göyün yeddinci qatına , ordan da çırp yerə.
Yox! Gözlərini ovacağam.”
Oturduğu budağa dimdiyi ilə bir neçə zərbə vurdu. Bu zərbəyə pişiyin tab gətirə bilməyəcəyini yəqin etdi.Və “qartal qanadlarını “ açaraq pişiyin üzərinə şığıdı....
Qara pişik dodaqlarını yalayıb mürgüləməkdə davam etdi. Boz sərçənin zərif tüklərini xəfif əsən meh qara pişiyin caynaqlarından qoparıb havaya səpələdi.
Nazilə Gültac
Manera.az