Festival kimisən... - Sevinc Elsevər yazır

Son bir həftə ərzində şairin “Festival kimisən, qatılmaq istəyirəm” məşhur misrasının gözəlliyinin ölçüsü daha da artdı mənimçün.
Ötən həftənin sonu Bakı bir ilk yaşadı-I Bakı Animasiya festivalı keçirildi və biz də üç gün ərzində həmin festivalda olduqca maraqlı və səmərəli vaxt keçirtdik. Animatorlar, rəssamlar, tamaşaçılar, uşaqlar, yaşlı-cavan hər kəs festivala sevinclə gəldi. Böyüklər uşaqlıq illərinə səfər elədi, qocaların köhnə xatirələri oyandı. Uşaqlar isə yepyeni bir dünya ilə tanış olmağa başladılar - Azərbaycan animasiya kinosu ilə.
Bizim uşaqlar Maşanı daha yaxşı tanıyır, nəinki Tıq-tıq xanımı. Onlar elə ilk baxışdan Tıq-tıq xanımla dostlaşdılar.
Sevindirici həm də bu idi ki, uzun illərdi Almaniyada yaşayan Məsud Pənahi festivalın fəxri qonaqlarından idi. O, “Pıspısa xanım və siçan bəy” də daxil olmaqla, onlarla filmin rəssamı, quruluşçu resjissoru olmuşdur. Özündən sonra Azərbaycanda bir məktəb qoymuşdur. Hazırda Almaniyada yaradıcılıqla məşğuldur, orda da Azərbaycan və qədim Şərq nağılları əsasında filmlər çəkir. Almaniyada Azərbaycan diasporasının təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunmuş film yaradıb. Deməyim odur ki, yad ölkədə yaşasa, yaratsa da, qəlbi burda, Bakıda, bizimlədir.
Festivalın təşkilatçısı Rəşid Ağamalıyev ixtisasca kinoşünasdı, Çex respublikasının Olomouts şəhərinin Palatski universitetində təhsil alıb. Amma onu animasiya kinosuna bağlayan başqa bir ciddi səbəb də var. Rəşidin anası Olqa xanım rəssamdır. Rəssamlıq və kinematoqrafiyanı özündə birləşdirən animasiya sənətinə maraq və sevginin mənbəyi də güman ki, burdan gəlir. 
Oktyabrın 18-dən 21-dək cəmi üç gün davam edən festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari qatılmışdı.
Festivalın animasiya filmləri üzrə münsiflər heyətinə ustad sənətkarımız Elçin Hami Axundov rəhbərlik edirdi.
“Ən yaxşı qısametrajlı animasiya filmi” üzrə İrlandiya Respublikasından olan Louise Bagnallın “Late Afternoon” (“Günortadan sonra”) animasiya filmi, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” üzrə Samir Salahovun “Continuity” (“Aramsızlıq”) animasiya filmi, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” üzrə İrandan olan Zeynab Ghorbani Faryadın “The Nakhkesh” ssenarisi seçildi.
“Late Afternoon” filmi amneziyaya yoluxmuş yaşlı qadınla onun gənc qızı arasındakı münasibətlərdən bəhs edir. Qadın qarşsındakı fincana düşən bir parça peçenye ilə uşaqlığını xatırlayır. Biz onu xatirələrinə doğru yol gedərkən başıaşağı, dibsiz, dərin bir boşluğa düşən balaca qız kimi görürük. Həm də bu dərin, dibsiz, nəhayətsiz kimi görünən “boşluq” heç də boş deyil. Rəngbərəng dairələrlə doludur. Qadın hər dəfə xatirələrinə doğru səfər eləyəndə, bu rəngli dairələrdən birini seçir. Hər dəfə seçdiyi dairənin rənginə uyğun geyimi olur. Olduqca maraqlı keçidlərlə müəllif bizə qadının uşaqlıq, gənc qızlıq çağlarını, qızına hamilə olduğu zamanları, sevdiyi kişi ilə münasibətlərini göstərir. Filmin sonunda qəhrəmanımız Emili qızı Keyti tanıyır. Və onun adını çağıraraq ona doğru qaçır, qız sevinclə anasını qucaqlayır və körpə bir uşaq kimi qucağına qaldırır. 
Filmdə insan hissləri son dərəcə poetik dillə ifadə olunur, həyatın mənası və mənasızlığı, insanın sevinci və kədəri barədə düşüncələr öz əksini tapır. Keçmiş də indidi, arxada qalan heç bir şey yoxa çıxmır, itmir. İnsan yaddaşının dərinliklərində yaşayır. Hətta biz onları unutsaq, yada salmasaq belə, onlar orda mövcuddurlar və heç yana getməyiblər.
Samir Salahovun “Aramsızlıq” filmi məşhur şair Nicat Məmmədovun poeziyasına həsr olunub. Kompüterin qarşısında oturub siqaret çəkən adam şairin obrazıdı. Biz şeiri dinləyə-dinləyə şeirdəki obrazlılığı, məcazi dili ekranda da görürük, bütün bu obrazlar tamaşaçıya gah fiqurativ, gah qeyri-fiqurativ təsvir dili ilə anladılır. Şeirdə bəhs olunan bir fincan çayı, yağışı, quşu, siqareti, dağı, bir sözlə şeirin bütün obrazlarını ekranda görürük. Bütün bu obrazları bir araya toplayan dinlədiyimiz şeirdi. Fondakı şeir olmasa, biz bu filmdən heç nə başa düşə bilməyəcəyik. Şeirdə sözlər əl-ələ verdiyi kimi, animasiya filmində də kadrları bir-birinə söz bağlayır.
Nicat Məmmədobun olduqca maraqlı və özünəməxsus poeziyası var. Fikrimcə, film hardasa, şeirin ruhunu çatdıra bilib.
Festivalda fərqləndirilən ən yaxşı ssenari “Nakhkesh”in maraqlı və poetik süjet xətti var. Əvvəlcə onu deyim ki, ssenarinin adı da maraqlıdı. “Nakhkesh” İranda yumağa deyilir. Mən bu sözlə ilk dəfə Zeynəb xanımın ssenarisini oxuyanda tanış oldum. Amma bir neçə gün əvvəl Bakıda həmişə yolumun üstündə olan bir çay evinin adının da “Nakhkesh” olduğunu gördüm. Bu ad toxunma iplərinə, yumağa verilir. Ssenaridə bu iplərlə hörülmüş balaca oğlan uşağından bəsh olunur. O, böyüyür, sonra iplərdən bir qız uşağı da doğulur. O, iplərlə ev hörür ki, bir yerdə yaşasınlar. Sonra birlikdə qocalırlar. İplər açılır. Həyat qurtarır. Ssenaridə müəllif həyatımızın iplərdən asılı olduğunu, ip kimi hörüldüyünü, daim bir əl hərəkətiylə çözülə biləcəyini, ip kimi dolaş-bulaş olmaq ehtimalını yada salır. Ssenarinin nikbin, yoxsa bədbin ideyaya malik olduğunu demək çətindir. Fikrimcə, həyat poetik dillə, elə olduğu kimi, nə əksik, nə artıq göstərilib.
Festivalda yer tutan filmlərə sonrakı həyatlarında da uğurlar, Zeynəb xanımın maraqlı ssenarisinə isə ekran həyatı arzulayıram.
I Bakı Animasiya Festivalı günlərində hər kəsin dilində bir arzu vardı: festivalımız axarlı olsun! Festival keçirildikdən sonra unudulmasın, hamı dağılışıb evinə gedəndən sonra hər şey olduğu kimi qalmasın. Azərbaycan animasiya kinosu sürətlə inkişaf eləsin, uşaqlarımızın sevimli personajlarını öz animatorlarımız yaratsın və s. Arzum budur, bu arzular elə arzu kimi qalmasın!
Növbəti illərdə yerli müəlliflər festivalımıza daha maraqlı, keyfiyyətli filmlərlə qatılsınlar.
Sevinc Elsevər
MANERA.AZ