manera.az
manera.az

Qocaların gənc şeiri: Elçin Əlibəyli yazır...

Qocaların gənc şeiri: Elçin Əlibəyli yazır...

Şair Həmid Piriyev yaradıcılığına bir baxış


Yaşamaq haqqında düşüncələr və yanaşmalar fərqli olması insanın daxili aləminin rəngləri ilə bağlıdır. Hansı rəngdə dünyanı görmək istəyiriksə onu o cür uydururuq və bir da tələb edirik ki, hər kəs belə görsün dünyanı. Şair Həmidin gördüyü dünyanın rəngləri çox və daha əlvandır. Elə buna görə ona nağıl kimi baxır. Axı nağılların rəngi əlvandır və mütləq sonu ağ rəngdə olur. Qara orada uduzur, ağa məğlub olur. Ağın yanında bütün rənglər var, qara isə təkdir və güclüdür. Elə ona görə nağıldır. Gerçək... gerçəyi yaşamaq haqqında nağılda görmək istədiyi çalarlarla verib sonunu ağ bitirmək istəyən bir şairin hər qarada çalar axtarıb, onu qaradan çıxarıb ayrı rəngdə göstərməsi cəhdidir. Onun qəhrəmanları kənardan göründüyü kimi qara deyillər, hərəsinin bir rəngi var. Sadəcə bu rəngi ətrafda heç kim görə bilmir, hamı elə bil onları qaralayıb, elə ona görə qara görünürlər. Elə onlar özləri öz haqqında elə rəngli nağıllar uydurublar ki, bircə qara görünməsinlər. Şair bax bu rəngləri tapıb onu oxucuya ötürür.

Həmidin şeirlərini oxuduqca onun müasir dünya ədəbiyyatının içində olduğu dərhal duyulur. 21-ci əsr ədəbi mühiti qarışıq olduğu qədər sadə və intellektualdır. Burada baş çıxarmaq, prosesi dəqiq izləmək çox çətindir. Dünya cəmi bir neçə ilə bizim üçün böyüdü və eyni zamanda texnologiya onu kiçiltdi. İndi kimin harada nə yazmasında anında xəbər tutmaq olur və bu bir az da işi qəlizləşdirir. Öz xəttini tapmaq, bu çoxluğa qoşulmadan özün olmaq, eyni zamanda çoxluqdan geri qalmamaq hər yaradıcı adama nəsib olmur. Təsir nə qədər əhəmiyyətli olsa da gəlib təqlid halına düşəndə mənasızlaşır. Həmid Piriyev bu təsiri qavrayıb, öz içindən keçirib və özünün yanaşmasını qoya bilib şeirlərində. Onun şeirləri alışdığımız forma və məzmundan çox uzaq, daha dərin, yeni baxışla zəngindir. Hər şeir əslində hekayədir, elə müəllif özü də bunu qeyd edir. O, həyatda rastına çıxan adamları qəhrəman kimi tapıb onu təsvir etməklə, hekayəsini danışmaqla rənglərini tapıb nağılını qələmə alıb. Ən maraqlı və fərqli cəhət şairin şeirlərini hadisəlilik prinsipi üzərində qurmasıdır. O boş təsvirlər, artıq ömrünü başa vurmuş duyğusal yanaşmaların dalınca qaçmır, faktları sadalayır, olanları və olanlara öz münasibətini qələmə alır. Şeirdə hadisəlilik olduqca önəmlidir, şeirin özünün dramaturgiyası var. Şeirin dramaturji quruluşu, düyünü, konflikti, açılışı olmalıdır. Əks halda bu boş söz yığınıdır ki, bu bizim ədəbi mühitdə ən yoluxucu və yaradıcılığa öldürücü təsir edən xəstləkdir. Həmid isə sağlamdır, yeni şeirin, yeni formanın yanındadır. Şair bizim şablonlardan, xüsusən gənc yazarların düşdüyü məngənədən çox uzaqdır.

Şairin yaradıcılığında dərhal intellektual ədəbiyyat və detalların asanlıqla hadisə elementinə çevrilməsi hiss olunur."İtirilmiş ömrün romantikası" şeirində qəhrəman söyüşkən, hamını acılayan Hacı dayıdır. Hacı dayının içəndən sonra rəngləri açılır, qara çözülür qara tədricən boza ondan da daha əlvan rənglərə keçirdi. Bu əlvan təngləri qəhrəman özü uydurmuşdu və uydurduğu yalana uşaq kimi inanırdı, onu danışırdı.
Həmid onun qara dövrünü qəribə gedişlə və qısa, amma tutarlı verir:

"bu qucaqda olanda anası ölmüşdü
atası evlənmişdi təzədən
ögey anası qancıqdan danışırdı
qış vaxtı evlərindəki qonaqlıqlardan
ögey anası qancığın balıq qaynatmağından
sonra balığın suyunu qarda dondurub
üstündəki yağı içməyindən
bu səbəbə qocalıb kaftara dönsə də
gözlərinin yaxşı görməyindən"

Əslində bir böyük şeirə mövzu olacaq əhvalatı şair bir neçə cümlə ilə, çox təsirli çatdırır. İki dəfə qancıq sözünü işlətməklə Hacının analığından çəkdiklərini tam çatdıra bilir. Hacını isə yandıran analığının balıq yağı yeyib kaftar yaşında da yaxşı görməsi idi. Bununla barışa bilmirdi, o inanırdı ki, nağıllarda olduğu kimi pislik öz cəzasını almalıdır. Qadın üçün isə cəza onun qocalmasıdır. Amma özünü cavan saxlayıb hər şeyi görmək həvəsi Hacı dayını lap özündən çıxarırdı. Axı elədikləri müqabilində ən azı kor olmalı idi. O isə balıq suyunu qarda dondurub yağını içirdi. Özü qisas ala bilməyən qəhrəman dünyadan ədalət gözləyirdi, balıq yağı onun üçün ən böyük ədalətsizlik idi. Şair onun bütün ərafa və taleyinə olan qıcığı söyüşlə çıxarmağını elə hadisələrdən sonra təkrar edir ki, oxucu da ona qoşulub söymək istəyir. Yalnız bədii təkrar naminə, ritm üçün deyil, hər hadisənin buraxdığı ağrının izi kimi söyüş özü obraza çevrilir şeirdə. Şair vulqarizmə qaçıb bu söyüşləri ifadə edə bilərdi, postmodern ədəbiyyat üçün adi haldır, amma o qəsdən onu pərdələyir, oxucunu qəhrəmanın söyüşü ilə dərhal obrazın açılışına yönəltmir, onun haqqında tərbiyəsiz rəyi yaratmır. Söyürdü deməklə bu söyüşün nədən ibarət olması müəmması qəhrəmanı haqlı çıxarır. Hətta, Hacı dayının ağzı sulana-sulana qızlara baxması və öz macəralarını danışması əslində onun çarəsizliyini göstərir. Hətta müəllif dolaşıq yaradıb, onun tərəfinə keçmədiyini vurğulayıb "amma adı Hacı idi" deməsi belə obrazın əzablarını sevməyə mane olmur, əksinə Həmid bu fəndlə ziddiyyəti dərinləşdirib onun itirilmiş ömrünün romantikasının onun "oğraşın dal ayağı" olması ilə ifadə edir. Qəhrəman özünə bir "şanlı" keçmiş uydurmuşdu və onu yaşadan da elə odur. Bu keçmişi içərək danışması isə onun yeganə xoşbəxt olduğu məqamdır:

"bu yalanlarnan başını qatırdı özünə toxtaqlıq verirdi
eləmədiklərini eləyibmiş kimi danışırdı
və özü də öz yalanlarına inanırdı"

Şeirin bədii gücü bir insan portretini əhvalatlarla yaratmasındadır. Həmid təsvirdən, əlavə əlamətlərdən qaçıb yalnız epizodik hadisələr axarı ilə itirilmiş ömrü göstərib, onun romantikasının yalan və söyüşdən olmasını çatdıra bilir.

"şükran əmi" "yaşamaq haqqında nağıl" şeirlərində də biz insan talelərini görürük, bu dəfə qəhrəmanlar söyüşkən deyilllər, amma ikisi də qırılmış arzular, gerçəyin atdığı yerlə barışması ilə yadda qalırlar. Burada da şairin detalı hadisədir, boş və üzücü təsvir yox, daha çox hadisə obrazı açır. Detallar isə hadisənin inkişafına xidmət edir. Həmidin bu cür dramaturji yanaşması olduqca yeni və maraq yaradan fəndir.

"göy qurşağının axırıncı rəngi" şeirində Həmid qəribə bir daxili ritm qurub:

"adamlar minirdilər düşürdülər
düşürdülər minirdilər
gedirdilər gəlirdilər"

Bu adamlar soyuq qış ayında qırmızı qazeldə dal tərəfdə təkadamlıq oturacaqda oturan şairin diqqətini çəkmir. Amma birdən bir qız gəlib onun oturacağının qol söykədməli yerini açıb yanında oturması ilə rənglər daha da əlvanlaşır. Qızın qara saçları, gözləri, qazelin qırmızı rəngi, qış ayın bozuna yeni rənglər gəlir. Amma şair bu rənglərin birinin də adını çəkmir çünki, bütün diqqəti göyçək qızdadır. Həmid həmin anda qızın ona baxması ilə keçirdiyi həyəcanı yenə ritmlə-ürək çırpıntısı ilə təqdim edir. Bayaq sakit və vecsiz döyünən ürək indi sanki yerindən çıxacaqdı:

"yəqin ki heç kimi sevmirdi onda
yəqin ki hələ ağlamamışdı eşq acısından
yəqin ki həyatın gözəl olduğuna inanırdı hələ
yəqin ki həyatının gözəl olacağına da inanırdı hələ"

Qocaların gənc şeiri: Elçin Əlibəyli yazır...
Qızın avtobusdan düşməsi ilə rənglər də yoxa çıxdı, ona görə Həmid şeirin sonunda qəribə bir ümidlə haçansa bu qıza bir rast gəlsə göy qurşağının sonuncu rənginin nə olduğunu soruşacağını deyir. Məhz o rəng tamamlanmamışdı o görüşdə. Məhz o rəng illər sonra sevəcək, ağlayacaq, həyatın gözəl olmadığını biləcək qızın üzünə hopacaqdı. Bənövşəyi rəng onun yanaqlarında zənəxdanları əvəz edəcəkdi. Axı ağlamaqdan, acıdan qara gözün altı tünd bənövşəyi rəngi alır. Şair məhz bu acını soruşmaq istəyir həmin an tutub saxlamaq istədiyi qızdan.

Şeirin ritmi ilə bərabər hisslərin orijinal və detal, hərəkətlərlə verilməsi onu fərqləndiri. Bircə yerdə olsa da Həmid emosiyasını şablon sözlərlə ifadə etmir, sözçülüyə yer vermir, o yaşantısını hərəkətlə və içində qalan yenidən onu görmək arzusu ilə ifadə edir.

Həmidin portret şeir-hekayələri "nağıl axşamları", "hi charles", "seryoja və mən", "fəndgir"-də də öz üslubu ilə seçilir. Hər birində bir tale, bir portret canlanır. Bu portetlər uydurma, göydəndüşmə deyil, həyatın lap dibindən tapılan adamların cizgiləri ilə zəngindir. Hər birinin fərqli əhvalatı olsa da, dramı eynidir və bu dramaturji xətti müəllif ustalıqla inkişaf etdirib, finala çatdırır. Şairini poetikası həyat gerçəkliyinin bütün çirkinliyi müqabilində öz bədii məziyyətlərini, onu ədəbiyyatın başlıca platforması üzərində saxlayır. Dilin sadə, əlavə yükdən azad olması, fikrin daha rahat çatdırılması Həmidi fərqləndirən xüsusiyyətlərdəndir. Bir şair kimi təkcə emosiyalarının bədii inikası ilə işini bitmiş hesab etmir, həyatın özünə, daha dəqiq desək onun dibinə baş vurub onun mahiyyətini göstərir. Bəzən fərqində olmadığımız, yanından saymazyana keçdiyimiz insanların daxili yaşantısını, keçdiyi yolu qələmə alıb, bütöv, tamamlanmış portret şəklində təqdim etməklə Həmid Piriyev əslində eybəcərliklərdən ibarət gözəl bir qalereya yarada bilib. Olduqca fərqli üslubu, dünya ədəbiyyatında olan proseslərlə ayaqlaşan forması olan bu şeirlər çağdaş ədəbiyyatımızda bir hadisə hesab oluna bilər. Təkrarçılıqdan uzaq və öz yaşıdlarının seçdikləri yoldan tamam fərqli tərzi seçən Həmid Piriyevin geniş mütaliəli olması onun şeirlərində aydın şəkildə görünür. Oxuculara Həmid Piriyevin dünyasına baş vurmağa, onun şeirlərini oxumağı tövsiyə edirəm.

Elçin Əlibəyli,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930