manera.az
manera.az

Meyxoş Abdullahdan 2 hekayə __ MANERA.AZ

📅 18.08.2018 22:07

Meyxoş Abdullahdan 2 hekayə __ MANERA.AZ
Manera.az tanınmış yazıçı Meyxoş Abdullahın iki hekayəsini təqdim edir:

ALTINCI MƏRTƏBƏ

... İki il olardı həyat yoldaşım dünyasını dəyişmişdi. O rəhmətə gedən ili oğlumuz Səlim yeddi yaşındaydı, birinci sinifdə oxuyurdu. Anasının ölümü uşağa pis təsir etmişdi, bu yoxluğa heç cür öyrəşə bilmirdi. Hər gün gecəyarısı yuxudan ayılar, ağlaya-ağlaya anasını çağıraraq bagrımı qana döndərərdi.

Belə vaxtlarda oğlumu qucagıma alıb, sübhün gözü acılana qədər onu otağın içində ora-bura gəzdirərək, ovutmağa çalışardım. Əslinə qalsa, ürəkdən yuxayam, uşağı belə vəziyyətdə görəndə özümü heç cür ələ ala bilməyib hönkür-hönkür ağlardım.

Həyat yoldaşımın ilindən sonra, qohum-əqraba, dost-tanış üstümə düşdü ki, bəs, ev-eşiyi yiyəsiz qoymayım: - “Qadınsız ev, suyu qurumuş dəyirman kimidir”, gərək evlənəsən - dedilər. Həm də, balaca Səlimə ana qayğısı lazımdır, necə olsa körpədir, yemək-icməyi, geyim-kecimi var, - deyə məni başa salmaga calışırdılar.

Nədənsə, yaxınlarımın məsləhətləri beynimə batmırdı. Rəhmətlik, həyat yoldaşım Sonadan sonra evimdə özgə bir qadının olmasını ağlıma belə sığışdıra bilmirdim. Çünki ev-eşikdə hara baxırdımsa, hansı əşyaya əl vururdumsa, rəhmətliyin əllərinin izini görürdüm, nəfəsini hiss edirdim. Bir dəfə, lap, qorxan kimi də oldum... Günorta vaxtıydı, bərk yağış yağırdı. Oğlum Səlim hələ dərsdən dönməmişdi. Fikirləşdim ki, o gəlincə divanda uzanıb, bir az gözlərimin acısını alaram. Tənbəllik etdiyimdən üstümə heç nə örtməyib elə beləcə uzandım.

Nə qədər yatdığımı özüm də bilmirəm, yağışlı havada yatmağı elə xoşlayıram ki... Yuxuda həyat yoldaşımı gördüm, üstümü örtə-örtə deyirdi: - “Həzi, sənə neçə dəfə demişəm ki, yatanda üstünə bir şey sal, naxoşlayarsan axı...”

Yuxudan hövlank ayıldım. Gördüm ki, üstümdə yorğan var. Uzandıgım yerdəcə donub qaldım. Axı, yatanda üstümə bir şey salmamışdım, bu yorğan hardan gəlib çıxdı? – düşündüm. Əlimi yorğana sürtdüm, qabaqlar işdən qayıdıb, şam yeməyi yeyəndən sonra, divanda uzanıb, azacıq mürgü vurduğum zaman, rəhmətliyin üstümə örtdüyü güllüyorğan idı.

Möhkəmcə qorxduğumdan, başımın tükləri biz-biz olmuşdu. Ayağa qalxıb, otaqları dolaşdım. Mətbəxə kecəndə gördüm ki, oğlum dərsdən qayıdıb çörəyini yeyir...

Oğlum Səlimə gəlincə o, məndən də həssas idi. Bir dəfə məktəbdə sinif yoldaşlarından hansısa ona deyib ki, bəs, atan təzə arvad alacaq.
Uşaq məktəbdən qayıdıb həyətə girən kimi çantasını bir yana tullayıb, gəlib durdu bir addımlığımda və gözlərini zillədi dik gözlərimin içinə:

- Ata! - dedi, - uşaqlar danışırlar ki, guya sən təzə arvad gətirəcəksən evimizə. - Bax, sənə deyirəm, əgər belə etsən mən də gedib qəbristanlıqda anamın yanında yataçağam.- Sənə də heç vaxt ata deməyəcəyəm, özün bilərsən onda...

Bir tikə uşagın belə danışmağı, məni qorxutdu. Düşündüm ki, əgər belə bir iş tutası olsam, onda uşaq özünə xətər-zad toxundurub, elər. Ona görə də, qohum-əqrabaya dönə-dönə tapşırdım ki, məbadə mənim evlənmək məsələmdən söz açasınız. Mən əziyyət çəkib Sonamın bircə yadigarını özüm böyüdüb, boya-başa çatdıraram.

O vaxtdan hec kəs ürək eləyib, bir də bu barədə mənə söz demədi.
Uzun qış gecələrində ata-bala oturub söhbət edər, ona maraqlı nağıllar danışardım. Bir də görərdin, nağılın şirin yerində oğlum qayıdıb deyirdi:
- Ata, hər tərəf qardı, bəs, anam torpağın altında üşümür?!

Onun bu sözlərindən sonra çarəsiz qalırdım. Necə onu başa salaydım ki, bu qarın, sazagın ölüyə nə dəxli var, axı? Amma qəlbini sındırmamaq üçün bir şey uydurub deyərdim. Deyərdim:

- Yox, ağıllı balam, anana orda soyuq deyil. Ona görə ki, onun ruhu indi bizim evdə, yanımızdadır. - İnsan ki, o dünyaya getdi, ruhu bədənindən çıxaraq evinə dönür. Amma biz onu görmürük, ruh gözə görünmür axı, oğul bala.

Mənim bu sözlərimdən sonra, oğlum ayaga qalxar və sobanın ağzını acıb ora bir-iki odun atardı. Niyə belə etdiyini soruşanda isə deyərdi:
- Atacan, qoy evimiz imisti olsun, anamın ruhu çöldən gəlib, ona soyuq olar, axı...
Oğlumun bu sözlərindən sonra özümü heç çür ələ ala bilməyib, onu bağrıma basar və xısın-xısın ağlardım.

Bir müddət beləcə yaşadıq. Oğlum, artıq, böyümüşdü. Bayram günlərdə onunla birlikdə anasının məzarını ziyarətə gedərdik. Belə vaxtlarda o, özünü böyüklər kimi aparardı. Əyilib anasının qəbrindən öpər, sonra da əllərini qoynuna qoyub, dalğın halda gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Onun bu halı məni nə qədər kövrəltsə də, bir o qədər də ruhlandırardı.

... Günlərin bir günü, iş yerimi dəyişdiyimə görə, rayondan Bakıya köçməli olduq. Bakıya köçmək xəbərini oğlum sevinclə qarşilasa da, sonradan nə fikirləşdisə:
- Ata, həmişəlik gedirik, bəs, anam nə olacaq?! – soruşdu.
Dedim, darıxma oğlum, arada gəlib anamıza baş çəkəcəyik...

Mənim bu sözlərim oğlumun eynini açmadı, başını aşağı salıb fikrə getdi. Hıss elədim ki, o darıxır. Odur ki, onun könlünü almaq üçün dedim:
- Oğlum, sənə demişəm axı, ananın ruhu həmişə bizimlədir. Hara getsək, o da bizimlə gedəcəkdir.
Bu sözlərimdən sonra oğlumun qırışığı açıldı, yaxın gəlib boynuma sarıldı. Mən də onun saçlarını qarışdırıb, söylədiklərimdən özüm də razı qalırmış kimi:
- Hə də, harada olsaq ruhu gəlib bizi tapacaq da...

Oğlum axşam Bakıdakı təzə mənzilimizin ünvanını soruşdu. Mən də ünvanı dəqiqlıklə ona söylədim. Səhərisi gün nahardan sonra oğlumla birlikdə qəbristanlığa, anamızın qəbrını ziyarətə getdik. Ata-bala qəbrin dördbiryanına əl gəzdirdik, ot-ələfini yolub təmizlədik, sonra dualar oxuduq.

Qəbirdən bir qədər aralanandan sonra, gördüm ki, oğlum cibindən əlboyda bir kağız parçası çıxarıb başdaşının ön tərəfindəki, bayramlarda şam yandırdığımız balaca oyuğa qoydu. Maraqlanıb baxmaq istəyəndə, o, mənə:
- Gedək, ata, baxma, lazım deyil!.. – deyib, əlimdən tutaraq məni kənara çəkdi.

Evə qayıdandan sonra maraq mənə güc gəldi. Oğlumun anasının qəbrinə qoyduğu o kağız parçası nə idisə bir anlıq da olsun mənə rahatlıq vermirdi. Maraq o qədər güclü idi ki, axırda oğluma tapşırdım ki, sən hazırlaş mən də dostlarımla xudahafizləşib gəlirəm. Məqsədim kağızdakı yazını oxumaq idi.

Bir maşına oturub qəbristsnlığa gəldim. Oğlumun qoyduğu kağızı götürüb açdım, məktub idi anasına yazmışdı. Yazmışdı ki; - “ Əziz anam, biz Bakıya köçürük, təzə ev almışıq. Bilirəm, dözməyib dalımızcan gələcəksən. Ora böyük şəhərdir, qorxuram bizi tapa bilməyib, azasan. Ona görə də, təzə mənzilimizin ünvanini yaziram. “Bakı şəhəri, M. Müşfiq küçəsi, bina -30, mənzil – 49”. Ana, qurban olum, bax, bu ünvana gələrsən, ha...”

... Oğlumun anasına yazdığı məktubu oxuyandan sonra yerimdəcə donub qaldım. Bir xeyli beləcə səssiz-səmirsiz dayandım. Sonra nə fikirləşdimsə əlimi cibimə salıb qələm çıxartdım və özümdən ixtiyarsız olaraq oğlumun yazdığı ünvanın altından köçəcəyimiz binanın mərtəbəsini qeyd etdim: - “ 6- cı mərtəbə...”
Kağızı qatlayıb yerinə qoydum və gözləri yaşarmış halda oradan uzaqlaşdım...

BAŞTUTMAYAN İNTİHAR

... İçi qan ağlayırdı. Hirsindən partlamaq dərəcəsinə çatmışdı. Elə hala düşmüşdü ki, öz-özünə yazığı gəlirdi. Yolboyu bir neçə dəfə doluxsunub ağlamaq istəsə də, adamlardan ayıb bilib özünü zorla saxlamışdı.

Çiynindən asdığı əlçantasından ikiəlli yapışmışdı. Heydən düşmüş bədəninin, elə bil, ağırlığı doldurulmuşdu çantanın içərisinə, ona zindan kimi ağır gəlirdi. Həyatında çox əzablar görən, onun-bunun yükünü çəkən bu adam, ilk dəfəydi ki, öz qeydinə qalmışdı, yükünü ardınca sürüyürdü...

Ayaqlarından daş asılmış kimi zorla yeriyirdi. Hara gedəcəyini, nə edəcəyinin fərqində deyildi, bircə ona əzab verən, içini qurd kimi gəmirən bu ağrılardan bacardıqca tez qurtulmaq istəyirdi.

Nəfəsini dərmək üçün, ağacın altına qoyulmuş oturacaqda oturdu. Yaman dolmuşdu. Bu ayrılıq, bu xəyanət ona bərk yer etmişdi. Heç cür özünə toxtaqlıq verib sakitləşə bilmirdi. Fikirləri kələf kimi dolaşmışdı. Nə vaxtsa eşitdiyi və beyninin künc-bucağında ilişib qalmış bir mahnının sözlərini xatırladı: “- Ay allahsız, ağrılara tabım yox, fəryadıma buludlar qan ağlayır. Bir eşq idim sabahına bərabər, sənin idim allahına bərabər. Nə etdim ki, günahına bərabər, görmürsən ki, canımda can ağlayır”.

Çiyinləri titrədi. Uşaq kimi əllərini ağzına təpib hıçqırdı.
Yoldan ötənlərin ona baxdığını görüb, özünə bir qədər toxtaqlıq verdi. Sonra dükandan aldığı ip topasını çantasından çıxartdı. İp nazik olsa da möhkəm idi. – Görəsən, qırılmaz?! - deyə fikirləşdi. Nədənsə, ağlından keçdi ki, kaş ip qırılaydı. Sevdiyi adamın ondan sonra keçirəcəyi peçimançılıq hissini öz gözləriylə görmək istəyirdi. İstəyirdi ki, sevdiyi adam onun ölümündən sonra məzarı üstündə hönkür-hönkür ağlasın. - Niyə belə etdin?! - deyib fəryad qoparsın.

Elə bu düşüncələr içərisindəykən, ortayaşlarında, hündürboylu, sarısaç bir qadın o oturduğu oturacağa yaxınlaşdı və heç bir izn istəmədən ona yaxın oturdu.

Bayaq, parka girəndə bu qadını görmüşdü. Hətta, qadının ona diqqətlə baxdığını da nəzərindən qaçırmamışdı. Fikirləşdi ki, ya, bu qadın onu tanıyır, yadaki, kiminləsə səhv salıb. Ola bilsin, qadın onu qarabaqara izləsin də, - düşündü.

Gözlərinin yaşını silə-silə özünü sakitləşdirməyə çalışdı. Bacarmadı, yenidən çiyinləri titrədi.

- Niyə ağlayırsan? – deyə, qadın ehmalca onun çiyninə toxundu.
Diksinən kimi oldu. Özünü yığışdırıb, zorla da olsa, gülümsəməyə çalışdı.
- Mən... mənimi deyirsiniz?! - Heç, bir az ürəyim doludur.
- Nə olub, bir hadisəmi baş verib?
- Hə... yox... Heç nə baş verməyib, elə-belə, - deyə qadın özünü şən göstərməyə çalışdı.
- Bu halınız göstərir ki, nə isə bədbəxt bir hadisə baş veribdir. Mən də qadınam, bəlkə dərdinizi deyəsiniz, axı nə olubdur?
Gənc qadın bir qədər susdu. Tanımadığı, amma bu halında ona mərhəmət göstərən, insandan sirrini gizlətmək də istəmədi.
- Sevdiyim adam mənə xəyanət edibdir!.. – deyə hıçqırdı.
- Xəyanət edib?!.. Bu yəqin belədir, ya, sizə kimsə deyibdir? - deyə qadın, soyuqqanlılıqla soruşdu.
- Özü dedi, həyatında başqa bir qadın olduğunu etiraf etdi.
- Elə buna görə ağlayırsan?
- Sizcə, bu az işdir?!
- Əlbəttə ki, yox. Bu böyük bir işdir. Qadına əri tərəfindən verilən ən ağır işgəncədir. - Neçə ildir ki, evlisiniz?
- Mən onunla evli deyiləm, o sevdiyim adamdir.
- Nişanlısıniz?!
- Xeyir. Mənim ərim, onun da arvadı var. Biz hər ikimiz ailəliyik.
- Anlamadım... Bəs?..

- Ona elə bağlanmışam ki, bir dəqiqə də olsun onsuz yaşaya bilmirəm. – İnanın, adicə suyu belə ondan icazəsiz içmək istəmirəm, mən onunla nəfəs alıram. Sevdiyim adam da dəfələrlə etiraf edib ki, həyat yoldaşı onu anlamaq istəmir, başa düşmür. Həyatda onu başa düşən təkcə mənəm, deyir.

- Xanım, əslində, kişilərin hamısı tanış olduqları qadınlara bu cür nağıllar danışırlar. Onların bu sözləri, balıq tutmaq üçün tilovun ucuna keçirilən aldadıcı yem kimidir. - Mən belə başa düşürəm ki, siz onu həyat yoldaşına qısqanırsınız, elə deyilmi?!

- Yox, onun ailəsiylə nə işim var? Halalca arvadıdır, uşaqlarının anasıdır, heç elə iş olar? Məsələ orasındadır ki, onun görüşdüyü başqa bir xanım da var, məni dəli edən odur. Sən demə, bunları məndən gizlədibmiş. Biləndə, məsələni qəti qoydum, ya mən, yada ki, o. Bir söz demədi. Bildim ki, qadından ayrılmaq istəmir. Ona görə də, qərara gəldim ki, mən ondan uzaqlaşım. Uzaqlaşdım da.

Üstündən nə vaxtdır keçib, hələ də məni arayıb, axtarmır. Bir saniyə mənsiz qala bilməyən adam, indi neçə müddətdir ki, harda olduğumla belə maraqlanmır. Onsuz dözə bilmirəm, ürəyim partlayır.

- Sənin sevdiyin adam nə peşənin sahibidir?
- Şairdir... şeir yazır.
- Şair?!..
Qadın bir qədər duruxdu, sonra gülümsəyərək:
- Nə gözəl... Bəs, sən nə işlə məşğulsan?
- Mən də yazıram.
- Hmm... Belə de... elə nə qəribə işlər desən sizlərdən, xəyalı göylərdə olanlardan çıxır. -Yaxşı, bəs, sənin ərin nə edir, o da yazır?
-Hansı?!
-Necə yəni hansı?! Ay qız, halalca ərini deyirəm də...
-Nə bilim, işləyir də. Doğrusu, onun nə işlə məşğul olduğunu dəqiq bilmirəm. Amma,
insafən, zəhmətkeş adamdır, uşaqlarına yaxşı baxır. Ancaq mənim ruhuma yaxın adam deyil.
- Buna ruhmu deyirsiniz?!
- Bilmirəm... bircə, onu bilirəm ki, mən tanış olduğum adamı dəli kimi sevirəm. Anlayırsınızmı, dəli kimi...
Hündürboylu qadın ətrafa boylanaraq barmağını dodaqları üstə qoyub:
- Bir az yavaş danış, qışqırma. Onsuz da, düşünməyin ki, mən sizin hər ikinizi ağıllı adam sanıram. Siz, doğurdan da, dəlisiniz, özü də, lap betərindən. – Dedin, sevdiyin adamdamı, evlidir?
- Əlbəttə, ailəsi, övladları var.
- Onun arvadıdamı yazır?!
- Yox, evdar xanımdır, başını aşağı salıb bozbaşını bişirir.
- Yaxşı ki, yazmır, yoxsa, o da sənin kimi dəli olardı. - Bəs, dediyin o qadın necə, hansı ki, sizin isti aşınıza soyuq suqatan xanımı deyirəm, o nə işlə məşğuldur?

Müğənnidir, toylara gedir.
- Onda sənə şükür, - deyə qadın başını buladı. - Bəs, indi fikrin nədir?
- Özümü öldürəcəyəm!..
- Dənizəmi atacaqsan özünü?
- Mən üzə bil... Yox e.., özümü asacağam.
- Haradan?!.. Ağacdanmı?! Tavandanmı?! - deyə qadın gülümsədi.
- Hə, evdə hamamın tavanında qarmaq yeri var, özümü oradan asacağam.
- Şərikli bir kişidən ötrümü?!
- Neynim bəs, onsuz yaşaya bilmirəm?
- Bəs, onun o biri sevgilisi? Axı, o da sizin kimi onu sevir? Yəqin, o da bilməmiş deyil ki, sevdiyi adamın həyatında sən də varsan, elə deyilmi?
- Məni o maraqlandırmır. Məni maraqlandıran odur ki, mənim neçə illik sevgim,həsrətim heç oldu, ayaqlar altına atıldı. – Sizcə, buna dözmək olarmı?! Siz bunu bağışlayardınızmı?! Başınıza belə bir iş gəlsəydi nə edərdiniz?! Durub kənardanmı baxardınız?! Baxardınızmı, yoldan ötənin biri gəlib sizin qismətinizi əlindən alsın, ona sahib çıxsın?! – Niyə dinmirsiniz? - Görün, mən necə bədbəxt birisiyəm ki, sevdiyim, dərdindən dəli-divanə olduğum bir adam məni atıb başqasını sevir. Siz deyin, mən özümü öldürməyim, nə edim bəs?! Mənə bir yol göstərin, xahiş edirəm. Nə edim?!- deyə qadın, hönkürdü.

Hündürboylu qadın dərindən köks ötürüb, astaca:
- Özünüzü öldürməyin, birtəhər dözün! - dedi.
- Dözün!.. dözün!.. Hamı belə deyir. Dözə bilmirəm axı, ürəyim çat verib, dağılıram.
İnanın, gecəm-gündüzüm yoxdur, həyatım məhv olur, yaşaya bilmirəm.

Bayaqdan təmkinini pozmayan hündürboylu qadının birdən-birə əhvalı dəyişdi. O, gənc qadının çiyinlərindən ikiəlli tutub özünə tərəf çəkdi və düz onun gözlərinin içinə baxaraq:
-Bəs, mənə necəsən?! - Mən nə edim?! Mən... mən heç ölmürəm, dağılmıram, ürəyim partlamır? - deyə qadının əsəbdən dodaqları əsdi.
Gənc qadın onun bu halından qorxan kimi oldu.
- Sizə nə olub, xanım? Sizindəmi sevdiyiniz kişi sizə xəyanət edib?! Odamı sizi aldadıb? – soruşdu.
- Əlbəttə... Özü də çox.., dəfələrlə... dönə-dönə... - O sevdiyin kişi, dərdindən öldüyün şair, bölüşə bilmədiyiniz adam mənim vəfasız ərimdir!.. İndi sən de, özünü asmalı qadın sənsən, ya mən?! Cavab ver, səndən soruşuram; - sənsən, ya mən?!..

Gənc qadın bir anlıq oturduğu yerdəcə donub qaldı.
... Hündürboylu qadın özünə gələndə yanında heç kəs yox idi. Oturacağın üstündə, yalnız bir büküm ip topası düşüb qalmışdı.
O, ipə baxıb gülümsədi... Sonra ayağa qalxıb ipi götürdü və yaxınlıqdakı zibil qutusuna ataraq oradan uzaqlaşdı.


Baxış sayı - 1 446 | Yüklənmə tarixi: 18.08.2018 22:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031