manera.az
manera.az

Yazıqdır dirəklərə - Zamiq Zərdabinin hekayəsi

📅 22.07.2018 12:50

Yazıqdır dirəklərə - Zamiq Zərdabinin hekayəsi
Manera.az Zamiq Zərdabinin "Yazıqdır dirəklərə" hekayəsini təqdim edir:

Səhər tezdən ofisə çatanda dünəndən bəri təyin etdiyi görüşə yarım saat gecikmişdi. Gecikdiyi üçün təlaşlı, tələsik içəri daxil olarkən katibənin otağında oturmuş,30-35 yaşlarında, qumral saçlı, iri, ala gözlü, xırda burnu və ətli, qırmızı dodaqları olan xanımı görüb“özü səsindən də gözəlmiş ki”- deyə düşündü. Qarşısında dayanmış ucaboylu, zərif cüssəli bu qadın həqiqətən çox məlahətli və cazibədar görünüşə malik idi. Əynində qolları və boynu krujevalı, yaşıl və ağ rənglərin qarışığından hazırlanmış uzun don, uzun saçlarını 60-cı illərin dəbi ilə arxada toppuz kimi yığması indiki zaman üçün fərqli və qəribə görüntü yaratmaqla yanaşı, həm də özünə hörmət təlqin edirdi. Gecikdiyi üçün üzrxahlıq edərək, qadını otağa dəvət etdi.

- Adınız, Səlma idi, səhv etmirəmsə - deyib söhbəti açdı.
- Bəli, Səlmadır.
- Buyurun Səlma xanım, dinləyirəm sizi. Probleminizi təfərrüatı ilə danışın, zəhmət olmasa.
- Həyat yoldaşım 2 ildir rəhmətə gedib, bir çox mülklər qalıb ondan. Ancaq vərəsəlik işlərini aparamamışam, mülkləri, maliyyə mənbələrini öz adıma keçirməmişəm – deyib Səlma xanım məsələni təfərrüatı ilə danışmağa başladı.

Rəhmətlikdən xeyli mülk - Bir necə yerdə ev, iki mağaza, şərikli olan bir neçə başqa sahbkarlıq obyektləri - qalmışdı. Dinləyərək lazımi məlumatları qeyd edir, eyni zamanda beynində işə necə başlamaq lazim olduğunun planlarını qururdu. Xanımın sənədləri ilə tanış olarkən, şəxsiyyət vəsiqəsinə baxıb - yerliyik ki - deyərək gülümsündü.
Həqiqətənmi?- Səlmanın səsi yaz gecəsində həzin mehlə tərpənişən yarpaqların səsini xatırladırdı.
- Bəli, kimlərdənsiz siz?
- Gülsüm müəllimənin qızıyam, fizika müəllimi, tanıyırdız?
Rüfət susqun, bir qədər təəccüblü nəzərlərlə Səlmayabaxaraq:
- Əlbəttə tanıyırdım, müəlliməm olub, xanım-xatun qadın idi. Allah rəhmət eləsin – dedi. Lakin sözlər boğazından sanki zorla, yaxud əslində beynində başqa bir çox şey düşünən, fikri başqa yerdə olan adamın dediyi qeyri ixityari cümlə formasında çıxdı.
- Amin! Ölənlərinizə rəhmət. Ancaq, mən ən yaxın qohumlardan, sinif yoldaşlarımdan və müəllimlərimdən başqa heç kimi xatırlamıram. 17 yaşından çıxmışamam rayondan.
- Bilirəm – səsindəki həyəcan, titrəmə sanki bir az da çoxalmışdı.
Səlma onun halındakı dəyişikliyi sezib - sizə, nə oldu belə? Rənginiz qızardı. Halınız dəyişdi sanki... həm də haradan bilirsiz ki? – deyib gülümsündü.

- Boş verin. Uşaqlığıma aid bəzi şeyləri xatırladım.
- Anamlamı bağlı xatirələrdir?
- Xeyr, sizinlə
- Təəccübdən gözləri fal daşı kimi açılmış halda - Biz ki, bir-birimizi hələ indi tanıyırıq. Necə olur ki, bu?
- Hə, amma 18 il öncə də mən sizi tanıyırdım. 7 yaşımdaykən.
- Maraqlıdır. Amma, mən sizi xatırlamıram.
- Xatırlamanız mümkün belə deyil- deyən Rüfət sanki 18 il əvvələ qayıdaraq qayğılı-qayğılı gülümsündü.
- Səlma gözlərindəki marağı gizlədə bilməyərək - Siz məni əmməlicə marağa saldınız. Mənimlə də bölüşərsiz xatirənizi? – dedi və etiraz istəmədən cavab gözləyən baxışlarını ona dikdi.

Rüfət İlahi, bu baxışların qarşısında tələb olunan hər hansı bir işi etməmək mümkündürmü deyə düşünərək:
- Əlbəttə. Deməli bizim baba məhləmiz sizin rayondakı evin 100 metrliyində yerləşirdi. Biz təxminəm mənim 10 yaşım olanadək orda yaşamışıq. 6-7 yaşım olarkən bir dəfə sizi dərsdən gələrkən görmüşdüm. Hər gün eyni vaxtda bizim evin qarşısından keçirdiz. Yanınızda sizdən bir qədər arıq başqa bir qız olardı. Yadımdadır ki, həmin qız sizdən fərqli olaraq çox arıq, bir qədər burnu və üzü uzun bir qız idi. O qızın təfərrüatları ona görə yadımdadır ki, həmişə sizin onunla gəlməyinizə hirslənər, onu çirkin hesab edərək sizin gözəlliyinizə kölgə saldığını düşünərdim.
Səlmanın təəccübqarışıq dərin və diqqətli baxışlarla onu dinlədiyini görərək, gülümsünüb davam etdi:
- mən hər gün sizin gəldiyiniz vaxtda çıxıb qapımızın qarşısında oynayar, siz gələndə yanınıza düşüb, sizin qapıyadək gedərdim. Bu demək olar ki, dərs olan bütün günlərdə baş verirdi. Qohumda-qonşuda toy olanda, mən də səni alıb özümə toy edəcəyimin xəyallarını qurur, səni gəlinlik libasında təsvir edir, mənim gəlinim hamısından gözəl olacaq deyirdim öz-özümə. Anlayacağınız özümdən 10 yaş böyük bir qıza əməlli başlı vurlumuşdum. Sonra yay gəldi. O vaxtdan daha sizi görmədim. Həmin il mən də məktəbə getdim. Məktəbdən gələndə, bəzən küçəmizdəsizinlə qonşu həyətdə yaşayan o qıza rast gəlirdim. Ancaq daha sizsiz gedib gəlirdi. O da mənim kimi tək qalmışdı deyəsən - deyib gülümsündü.

- Həə, əmim qızı idi o. Ülviyyə. Məndən bir sinif aşağı oxuyurdu.
- Gözüm hər yerdə axtarırdı, ancaq sizi daha heç vaxt görə bilmədim. Beləcə illər keçdikcə axtarmalar da bitdi, yeni sevgilər də başlandı, mən də beləcə unutdum, ilk eşqimi.
Səlma təəccübünü gizlədə bilməyərək - nə qəribə təsadüfdür- deyibişıqlı, dərin və nüfuzedici baxışlarını ona zillədi.
Bir anlıq uşaqlığın əlçatmaz və şirin anlarına qayıtmasından məst olmuş Rüfət yuxudan ayılmış kimi ürəkdən gülərək:
- Hə, ancaq həmin sevgidən ən çox zərərçəkən işıq dirəkləri oldu- dedi
- Nədən? İşıq dirəkləri ilə nə əlaqəsi var? - bilaixtiyar Səlma da güldü.
- Deməli bizim evin qarşısında bir işıq dirəyi vardı. Biri də sizin qapının yaxınlığında. Mən hər dəfə sizin yanınızla gedəndə istəyirdim siz çağırıb məndən soruşasınız ki, sən niyə bizim dalımızca düşürsən? Nəsə demək istəyirsən? Ya da özüm cəsarətlənib sizə “səni sevirəm”- demək istəyirdim. Qəribə istək idi. Sadəcə bunu deyib qaçmaq, gizlənmək istəyirdim. Amma hər dəfə demək istəyəndə sözlər boğazımda düyünlənir qalır, heç cür deyə bilmirdim. Nə də siz bircə dəfə çağırıb nə baş verdiyini məndən soruşmurdunuz. Hər dəfə sizi ötürəndən sonra əvvəl sizin, daha sonra bizim evin qarşısındakı işıq dirəklərini təpikləyir, sevdiyim qıza sevirəm deyə bilməməyin bütün hirsini onlardan çıxırdım.
- Səlma - yazıq dirəklər - deyib qəhqəhələr atmağa başladı. Ancaq acıdım o uşağın halına. Kaş o vaxt yanıma çağırıb yaxınlıq göstərərdim ona. Sonra üzünə kədərli bir ifadə verərək, davam etdi:
- Mən məktəbi bitirdikdən sonra universitetə qəbul oldum. Evin tək övladı olduğum üçün atam və anam da mənimlə bərabər Bakıya gəldilər. Tələbəlikdən sonra da gözümü açmağa belə macal tapmadan tanış bir ailənin oğluna ərə verdilər məni. Beləcə rayonla əlaqələrim demək olar ki, tamamilə kəsildi. Sonra valideynlərim bir-birinin ardinca rəhmətə getdilər və mən bütün doğmalarını itirmiş, evdar bir qadına çevirlməyə başladım. İki il əvvəl isə yoldşım da rəhmətə getdi və mənim tənhalığım daha da dərinləşdi.
- Övladınız olmamışdırmı?- deyə Rüfət ehtiyyatla soruşdu.
- Xeyr, uşağımız olmadı bizim – deyən Səlmanın gözlərindəki kədər daha da dərinləşdi.
Ancaq kədər belə bu gözlərin gözəlliyini azlatmağa qadir deyildi. Xristian rəssamları Yəhudanın ona xəyanət etdiyini bildiyi anda İsanın gözlərindəki kədəri nə qədər gözəl təsvir edirdilərsə, o qədər və bəlkə ondan da gözəl bir görüntü yaranmışdı bu gözlərdə. Heyranlığını gizlədə bilməyən baxışlarla, təəssüf dolu bir ahənglə: Qismətimizə düşən nə varsa, Allahın bizim üçün ən xeyirli bildiyidir –deyən Rüfət, sanki birdən canlanaraq: - inanın ki, bizim bu görüşümüz də təsadüf deyildir və yəqin ki, bizim hərikimiz üçün Allah bu görüşdə müəyyən sirlər gizlətmişdir – deyə davam etdi...

Həmin görüşdən sonra Rüfət Səlmanın vəkili kimi təxirə salmadan vərəsəlik, miras əmlakın qəbulu üzrə işləri həll etməyə başladı. Bütün işlərin tamamlanması üçün təxminən iki aya qədər zaman keçdi. Bu müddət ərzində onlar tez-tez görüşür, demək olar ki, hər gün işdən sonra saatlarla telefonla danışırdılar. Bu görüşlərin, danışıqların əsas mövzusu ilk vaxtlar tanıdıqları ümumi tanışlar, onların başına gələnlər, rayonlarında müxtəlif zamanlarda baş vermiş maraqlı hadisələrdən, əhvalatlardan ibarət olsa da, tədricən bir-birlərinin hislərini, arzularını, dünyaya baxışını əks etdirən mövzular ön plana keçirdi. Ancaq nə qədər yaxınlaşsalar belə Səlma öz möhkəm xarakteri ilə Rüfəti müəyyən sərhədlər çərçivəsində saxlayır, ona heç vaxt hislərə qapılmağa imkan vermirdi. Rüfət isə gün-gündən Səlmaya bağlandığını, bütün varlığıyla onu sevdiyini hər gün daha çox dərk edir, onsuz bir an belə dayana bilməsə də, Səlmanın onu rədd edəcəyindən və nəticədə aralarında olan hörməti, səmimiyyəti və ən əsası Səlmanı birdəfəlikitirəcəyindən qorxduğu üçün öz hisslərini içində saxlamağı, bunu bacardıqca hiss etdirməməyi üstün tuturdu. Günlər keçdikcə və qəlbidəki məhəbbət dərinləşərək dəlicəsinə bir vurğunluğa çevrildikcə isə öz hislərini gizlətmək əzablarla dolu bir çətinliyə çevrilirdi. Bəlkə də Səlma Rüfətdə baş verən bütün bu dəyişiklikləri hiss edir, lakin özünü o yerə qoymurdu.

Rüfət Səlmanın işləri ilə bağlı bütün sənədləri hazırlayıb bitridikdən sonra zəng edib bunu ona xəbər edərək, görüşüb sənədləri vermək istədiyini bildirdi.
Səlma zarafatla mən sənə bir qonaqlıq borcluyam, həm də bunu öz əllərimlə hazırlanmış süfrə ilə etmək istəyirəm deyərək onu evinə, şam yeməyinə dəvət etdi.
Axşam saat səkkizdə Rüfət gəldiyində Səlma artıq nəfis nemətlərlə zəngin, gözəl bir masa hazırlamışdı. Masa arxasına oturarkən süfrənin küncündə müxtəlif şirələrin, suların arasında qırmızı şərab olduğunu görən Rüfət:
- Bu qırmızı şərab təhlükəli içkidir. Sevgi rəmzi olduğu üçünmü ya nəsə mən onun görüntüsündən belə sərxoş oluram – deyib güldü.
- Mən imkan vermərəm sən sərxoş olub nəzarətdən çıxasan – deyə Səlma da zarafatla cavab verdi.

Səlmanın bu gün üçün seçdiyi qırmızı rəngli, bədəninə kip oturmuş, dizlərinə qədər uzanan donu, arxadan saçına bağladığı qırmızı ipək lent onu daha cazibədar göstərirdi. Rüfət bunları fikirləşsə də heç bir şey demədi. Ancaq, Səlmanın onun qara kostyumuna, yuxarıdan iki düyməsi açıq ağ köynəyinə nəzər yetirib – sənə belə geyinmək daha çox yaraşır, qolstukda zəhmli kolxoz sədrlərinə oxşayırsan -deməsi onun bütün bədənini titrədərək, qəlbində dərin bir həyəcan oyatdı. İlk dəfə idi ki, Səlma ona belə məhramanə bir söz deyirdi. Bundan başqa Səlmanın ona nəyin yaraşıb-yaraşmaması barədə fikirləşməsi sevgi dolu bir qəlbdə şölələnən bir ocaq yandırdı sanki.

İki saata yaxın davam edən şam yeməyi zamanı, söhbətləşdilər zarafatlaşdılar, bir-birinə lətifələr danışıb əyləndlər. Yeməkdən sonra çay içib, daha mən gedim- deyərək ayağa qalxdığında Səlma etiraz etmədi. Amma Rüfət Səlmanın gözlərində qəribə bir kədər oxudu. Sanki bir anlıq dünyanın ən gözəl gözləri olan o gözlərdə bu görüşün bitməsini istəməyən, getmə deyən bir ifadə vardı. Amma Səlma tez həmin ifadəni gözlərindən yox edərək onu ötürmək üçün ayağa qalxdı.
Qapıdan çıxarkən Rüfət içindəki bütün sevginin əks olunduğu, kədərli və həsrətli gözlərlə ona baxaraq:
- Sabah mən rayona gedəcəm – dedi
- Niyə?
Rüfət sanki kövrəkliyini, gözlərinin bulağına toplanmış göz yaşını gizlətmək üçün qapıya doğru dönərək, yalnız məhəbbətin təmizliyindən, həsrətin çoxluğundan yarana biləcək kövrək və asta bir səslə: dirəkləri təpikləməyə - dedi.
Qapını açıb çıxmaq istərkən Səlma onu çağırdı:
- Rüfət...
Geri döndüyündədivara söykənmiş gözündən yanaqları boyunca yaş axan Səlma titrək səslə: getmə - dedi.
Rüfət maraq, heyrət və sevinc dolu bir çaşqınlıqla: nədən? -deyə soruşdu.
- Yazıqdır dirəklərə...

Zərdab


Baxış sayı - 2 519 | Yüklənmə tarixi: 22.07.2018 12:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031