manera.az
manera.az

"Oğuz ədəbi mühiti" - 11 imza

📅 08.04.2018 17:59

"Oğuz ədəbi mühiti" - 11 imza
Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsini uğurla davam etdirir.Layihənin növbəti ünvanı "Oğuz ədəbi mühiti"dir.Oğuz ədəbi mühitini təmsil edən 11 imzanı təqdim edirik:


"Oğuz ədəbi mühiti" - 11 imza
Cəlil CAVANŞİR

***
Mənə çoxdan tanışdı bu sərsəri duyğular
Ruhun cəzası sevgi, ötəsi dəlilikdi.
Bir gecədə doğulub, sonra ölən arzular
Bu da ki, tale yolum...
Cırılmış gündəlikdi.

Bir avarsız qayığam, sevdalar dənizində
Yenə sovurur məni çılğın, dəli küləklər.
Özünlə aparırsan xoşbəxt gülüşlərimi…
Getdi sənli günlərim
Geri gəlməyəcəklər…

Bir yandan da havalar…
Üşüyürəm, donuram…
Heç olmasa sən getmə, nolar, sən getmə hələ…
Mənə əlvida demə, vidalardan qorxuram
Məni belə unutma, məni tərk etmə belə…

Bu şəhərin ən qərib adamıyam bəlkə də
Gəl məni köksünə sıx, məni bərk-bərk qucaqla
Hamıdan getmək olar, hamıyla yola çıxma
Məni ən son tərk elə, məni axıra saxla...

SƏN ELƏ BİLİRSƏN....

sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?

gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...

sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...

məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.

sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.

vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki, yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...




"Oğuz ədəbi mühiti" - 11 imza
NARINGÜL

QADIN DA AĞAC KİMİDİR

Üzümdəki işıq çat verəcək
kölgə düşəcək şəhərə,
küçəyə, səhərə.
Və şəhər can verəcək,
və küçə can verəcək.

Çıxıb gedəcəyəm
ürəyimdə adam izdihamı,
ürəyimdə sevgi izdihamı.

Çıxıb gedəcəyəm
üzü qurumağa.
Sən heç ayaq üstə
quruyan ağac görmüsənmi?

Qadın da ağac kimidir:
içindən quruyur.
Çıxıb gedəcəyəm üzü tənhalığa,
pəncərə arxasında böyüyən tənhalığa.

Səhərlər günəşlə bərabər
ümidlər doğacaq üzümə.
Amma mən, qaranlıq düşməmiş
soyunub atacağam bütün hisslərimi...
Sən necə?

QAÇDIM ADİLİKDƏN

Fəsillər dəyişən ağac şəklidir,
Payıza sevindim, yaza sevindim.
Gördüm çəkəmmirəm, atdım yükümü,
Bütün havalara oynaya bildim.

Yaxamdan yer tutdu, məni göy çəkdi,
Can atdım zirvəyə, çatdım oyandım.
Sən demə, göy yerin təkrarı imiş,
Hamının keçdiyi yerdə dayandım.

Qaçdım adamlardan gücüm çatınca,
Qaçdım adilikdən sirrə sığındım.
Mən coşmuş bir çayam qurumadım ki,
Geri çəkildikcə sözə yığıldım




"Oğuz ədəbi mühiti" - 11 imza
Nazim HÜSEYNLİ

TÜRK BİRLİYİ YARANSIN

Avropayla bir olmağı istəmə,
Türksevməzdir, ona ümid bəsləmə,
Əlac birdir-qardaşları səsləmə
Türk birliyi, türk birliyi yaransın!

Hunqariya Uyğuristan arası
Türkün yurdu ta qədimdən orası,
Belə zəngin dünyamızın harası,
Türk birliyi, türk birliyi yaransın!

Yeddi dövlət...Yeddi dəfə güc artar,
Hücum edən düşmən bağrın tez yırtar,
Köməyə çat, tanrı, türkü sən qurtar,
Türk birliyi, türk birliyi yaransın!

Türkün haqqın çeynəyənlər hələ çox,
Əsarətdə göynəyənlər hələ çox,
Vulkan kimi qaynayanlar hələ çox ,
Türk birliyi, türk birliyi yaransın!

Türk əsridir, yüksəlişlər olacaq,
Çox türk eli bağımsızlıq bulacaq,
Hər sahədə türklər zəfər çalacaq,
Türk birliyi, türk birliyi yaransın!

ÇALDIRAN DÖYÜŞÜ

İkiniz də güclü, ulu,
Vətəninin sadiq qulu ,
Türkün düşmən vuran qolu,
Şah İsmayıl, Sultan Səlim!

Bu nə yoldu siz tutdunuz,
Gözübağlımı getdiniz,
Qardaşlığı unutdunuz,
Şah İsmayıl, Sultan Səlim!

Bu savaşı durdurmadız,
Barış kosu vurdurmadız,
Sülh çadırı qurdurmadız,
Şah İsmayıl, Sultan Səlim!

Avropada bir çox dövlət
Tədbir gördü aşkar, xəlvət,
Coşduruldu qəzəb, nifrət,
Şah İsmayıl, Sultan Səlim!

Çox düşmənlər qolun çəkdi,
Nifaq adlı toxum əkdi,
Papanın da kefi kökdü...
Şah İsmayıl, Sultan Səlim!

Çaldıranda çıldırdınız,
Doğmaları öldürdünüz,
Düşmənləri güldürdünüz,
Şah İsmayıl, Sultan Səlim!

Körüklədiz kinayəti,
Eylədiniz xəyanəti,
Törətdiniz cinayəti,
Şah İsmayıl, Sultan Səlim!

Biri şiə, biri süni,
Bir deyilmi dili, dini,-
Aldı canı, verdi canı,
Şah İsmayıl, Sultan Səlim!

Kəsilibdi neçə başlar-
Osmanlılar, qızılbaşlar,
Qana batıb otlar, daşlar
Şah İsmayıl, Sultan Səlim!

Coşmasaydı kinlər qəlbdə,
Axmasaydı qan bu hərbdə,
Türkün idi şərq də, qərb də,
Şah İsmayıl, Sultan Səlim!

Qardaşını qardaş diddi,
Türkün qanı axıb getdi,
Qeyri-türklər bayram etdi,
Şah İsmayıl, Sultan Səlim!

Öz qardaşı sıxdı türkü,
Öz alovu yaxdı türkü,
Öz qılıncı yıxdı türkü,
Şah İsmayıl, Sultan Səlim!

İkiniz də bir dil, dində,
Kim qalibdir, kimdir öndə?
Hər ikiniz məğlub gündə,
Şah İsmayıl, Sultan Səlim!




"Oğuz ədəbi mühiti" - 11 imza
Yusif RZAYEV

BULAQ SUYUNA ELEGİYA

Hara çıxırsan bulaq suyu
yorğun - yorğun!
Hara axırsan bulaq suyu
dalğın – dalğın!
Hanı sənin qayır- qayır qaynamağın?
Hanı sənin oyur- oyur oynamağın?
Çağlayardın ürəyimin səsi kimi, sözü kimi!
Çox ürəyə su çiləyib, çox ürəyi isidərdin
lap bağrımın közü kimi,
bulaq suyu!
Şırıl-şırıl axışında
Dədəm Qorqud qopuzunun şirinliyi itib gedib.
Muncuq- muncuq baxışında
Burla Xatun nəfəsinin sərinliyi ötüb gedib.
Hanı başın üstündəki yaşıl çətrin,
hanı vələs yarpağından dar köynəyin?
Baxıram, ürəyim göynəyir!
Açıq qalmış çöhrənə
oğrun – oğrun göz yetirsə qınama
gündüz Günəşi, gecə Ayı.
Axı yoxdu daha sənin saçlarında
qovaq, palıd pöhrəsindən
sıx toxunmuş kələğayı.
Daha bitmir nə mamırın, nə yarpızın,
ağlayırsan sızım- sızım!
Ətrafında quruyubdu göy otların,
saralıbdı çiçəklərin!
Seyrəlibdi görüşünə dəstə- dəstə gəlib - gedən
gözəllərin- göyçəklərin !
Niyə əsdi qara yellər?
Qıydı sənə qədirbilməz, nankor əllər.
Başın üstə yeyib -içib, gözünə də daş atdılar.
Sənə bir ömürlük əzab,
mənə hicran yaşatdılar.
O tozlu torpaqda itən büllur damlaların kimi
yoxa çıxdı o gözəlin vəfası da,
bu dağların səfası da!
Bilirəm ki, üzür səni, üzür təklik,
nə bülbül ötür üstündə, nə kəklik,
qonmağa budaq qalmayıb!
Daha solmuş yanağını öpməyə dodaq qalmayıb!
Kəsilibdi daha burdan köpkər, maral ayağı da,
yoxdu ləpir, yoxdu iriz!
Qoy ağlasın bu halına meşə, tala, dağ, dərə, düz!
Bu pərişan axışınla
ürəyimi daha sıxma, bulaq suyu!
Daha çıxma, bulaq suyu!
Daha axma, bulaq suyu

HALAL EYLƏ
Məmməd Araza

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, halal eylə, dağ, halal eylə!
Bu əziz süfrədə yeyib içdiyim,
Kabab, lavaş, pendir, yağ, halal eylə!

Keçdim gədiyini, aşdım belini,
Dərdim çiçəyini, üzdüm gülünü,
Tapdadım yolumu tutan kolunu,
Əzdiyim o körpə zoğ, halal eylə!

Uca zirvələrə ələnən yağış,
Axıb dərələrdə sellənən yağış,
Ey köhnə dost kimi dillənən yağış,
Bu odlu sinəmə yağ, halal eylə!

Göründü buluddan göyün bənizi,
Coşdu ürəyimin sevda dənizi,
Dinlədiyim şirin, şən nəğmənizi,
Bülbül, kəklik, turac, vağ, halal eylə!

Gətirdi qoynuna yolun Yusifi,
Basdı öz bağrına qolun Yusifi,
A dağlar, bu doğma oğlun Yusifi,
Var ikən dünyada sağ, halal eylə!





"Oğuz ədəbi mühiti" - 11 imza
Fəxrəddin İSLAMLI

QODUQ VƏ EŞŞƏK
( təmsil )


Günlərin bir günü tövlədə qoduq
Sağ-sola boylanıb dayandı donuq.
Dedi: bu dünyada yoxdur ədalət
Hər şey tərsinədir- budur ədalət?
Soruşdu: ay ana nədən de görək?
Gün boyu işlərik biz qara qul tək
Belimdə gətdiyim dananın olur
Amma axurumuz çıxarla dolur.
Anası söylədi: - Naşükür olma
Meylini ləzzətli yeməyə salma.
Qoduqsa baxmadı ana sözünə
Dərd etdi bunları daim özünə
Bir gün bu tövləyə gəldi üç cavan
Qolları qüvvətli- sanki pəhləvan.
Dananı dartaraq yerə yıxdılar
Bağlayıb ayağın bərk-bərk sıxdılar
Kəsərək verdilər ömrünə xitam
Ətrafı bürüdü al qırmızı qan
Anası söylədi: gördünmü bala
Düşüncən zəifdir qalmısan dala
O cür yeyənlərin budur sonları
Belə vaxtsız gedir nakam canları.
Cox ləzzət çəkməyin yoxdur axırı
Bir gün üzə çıxar onun paxırı.




"Oğuz ədəbi mühiti" - 11 imza
Kənan RZA

QADIN ÖMRÜ

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.

Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağın itirir.
Həyatın ən gözəl bahar çağında
Qəlbində qəm əkir, kədər bitirir.

Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət acısı sızladar qəlbin,
Bu nəcür yazıdı, bu nəcür qədər!?

Ən gözəl qadını tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini heç vaxt bilməzmiş.

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.




"Oğuz ədəbi mühiti" - 11 imza
Elçin MƏMMƏDLİ

SON NƏFƏS

Məni tənha qoyub gedən sevgilim,
Elə bil kilidli qəfəsdəyəm mən
Qəlbimi tarimar edən sevgilim,
Ölürəm sonuncu nəfəsdəyəm mən..

Sənin də sevməyə çatmadı gücün,
Yumulur gözlərim,çıxmayır səsim.
Sən mənim nəfəsim olduğun üçün,
Sənsiz boğuluram,çatmır nəfəsim..

Bulud da ağlayır göydən baxaraq,
Külək vıyıldayır,külək bağırır.
Gurultu qoparır şimşək çaxaraq,
Səni haraylayır,səni çağırır..

Görüş yerindəki söyüd ağacı,
Payızda açardı bizə çətrini,
Sənli xatirələr olsa da acı,
Bəlkə ondan alam sənin ətrini..

O gorüş yerində gözlədim səni,
Gəlmədin,gozümdən süzüldü yaşım.
Geri dönəcəksən görəsən məni,
Səni qarşılayar tək məzar daşım.

NƏ AXTARIRSAN

Yolumuz bəllidir,dinimiz bəlli,
Bu fani dunyada nə axtarırsan?
Özünə hər cürə verib təsəlli,
Bu fani dünyada nə axtarırsan?

Günahın fərqi yox,coxu,ya azı
Boşuna keçirdin,hər qışı,yazı.
Qılmayıb fərz olan beş vaxt namazı,
Bu fani dünyada nə axtarırsan?

Yetimin malina salırsan tamah,
Girirsən haqqına çəkdirirsən ah.
Sənə o dünyada yazılır günah
Bu fani dünyada nə axtarırsan?

Qiyamət günündə özünü qına,
Etmədin deyilən sözə etina.
Əgər etmisənsə,qeybətlə zina
Bu fani dünyada nə axtarırsan?

Əlindən düşmədi badə ilə mey,
Haramla keçirdin günlərini hey.
Sən haqq dünyasından tapmayıb bir şey,
Bu fani dünyada nə axtarırsan?

Haqqı söyləyənin üzünə ağsan
Tövbə et,gəl yola,nə qədər sağsan.
Bu dünya bir evdir,sən də qonaqsan,
Bu fani dünyada nə axtarırsan?





"Oğuz ədəbi mühiti" - 11 imza
Mətanət KƏRİMOVA

DÜNYANIN RƏSMİ

Rəssam olmaq istəyirəm!
Çəkim bir insan rəsmi -
əli silahsız.
Rəssam olmaq istəyirəm!
Çəkim bir ana şəkli -
gözləri yaşsız.
Rənglərin ən gözəli
hansı olsa nə fərqi.
Lap elə yaşıl olsun
Çəkim yaşıl çəməni.
Uşaqları oynayan, gülən bir dünya çəkim.
Mas- mavi göy üzünü, işıqlı səma çəkim.
Bir də pozan götürüm.
Silim nifrəti, kini
insanların qəlbindən.
Silim övlad dərdini anaların qəlbindən.
Çəhrayı, göy, qırmızı rəngi olsun dünyanın.
Bir az ağ, bir az sarı...hər rəng də bir dünyadır.
Fırçanı mən götürüb batırım o rənglərə.
Bircə qanı-qadanı,
ölüm-itim çəkməyim.
Kin dolu, nifrət dolu,
qəmli gözlər çəkməyim!
Bir azacıq təbəssüm çəkim mən simalara.
Tər təmiz bir dünyanı göstərim insanlara!





"Oğuz ədəbi mühiti" - 11 imza
Elçin HACIYEV

DAHA SÖZ VERMƏYƏ UTANIRAM MƏN

Yenə "şahid" oldun, şəhid qardaşım,
Yenə də başlanır başdan "hekayə”
Yəqin bu hekayə heç bitməyəcək,
Yəqin keçə bilmir daşdan "hekayə”.

Bu nə düşüncədir,bu nə arzudur?
Arzu edirəm ki,növbəti ildə........
Hər il təkrarlanan bu arzulardan,
Daha bezar olub,utanır dil də,

Hər dəfə söz verib ruhun önündə,
Torpaq, qisas deyib odlanıram mən.
İllər asta-asta keçir önündən,
Daha söz verməyə utanıram mən...

HƏYAT EŞQİ

Bir səhər açılır, bir günəş döğur,
Günəşin telləri dur deyir mənə.
Dünəni sevinclə başa vurmuşam
Bu günüm sevinclə “qur” deyir mənə.

Mənə fərəh verir şirin təbəssüm
Anamın ilk sözü - sabahın xeyir.
Samovar qaynayır, süfrə açılıb,
İçimdən gələn səs xoşbəxtsən deyir!

Qəlbimdə odlanan bu həyat eşqi
Tanrı sevgisindən alıbdır bir pay.
Mənə bir dünyanın varı -dövləti
Yaxşı dəmlənibsə bir stəkan çay.

Güc verir baxdıqca ana təbiət
Qarışqa daşıyır dən yuvasına.
Günəşin telləri döyəclədikcə,
Çəkilir dağlardan çən yuvasına.

İlahi, nə gözəl duyğular varmış
Təbiət can verir "yaşa" sözünə.
Yaşamaq başlayır baxışlarından
Əgər inam versən özün özünə.

Məni dəli edir dağ gözəlliyi
Günəşin telləri göyə millənib.
Şirin bir gizilti keçir canımdan
Meşədən neçə göz mənə zillənib.

İşıq cilvələnir şeh damlasında,
Sevdikcə,duyduqca canım isinir.
Ehtiras od saçır dodaqlarımda
Ürəyim çırpınır,qanım isinir.

(Deyirəm olaydı bu an yanımda
Tar-kaman, sənətkar segah oxuya.
Bir gözəl həsrətlə gözünü süzüb
Çəmən güllərindən çələng toxuya)

Neynirəm dövləti,neynirəm varı
Ömrümün ən gözəl gənclik vaxtıdır.
Üstündə yatdığım bu sal çay daşı
Dünyanın ən gözəl şahlıq taxtıdır.

Qəlbimi coşduran həyat eşqiylə,
Qarşımda nə varsa yarıb keçərəm.
Məni milyonlardan yuvarlasalar
Yenə gülə-gülə sıfır seçərəm!!!





"Oğuz ədəbi mühiti" - 11 imza
Vasif OĞUZ

TƏNHA QADIN

Qış günüdür
yenə işdən qayıdırsan
Yorub səni ağır keçən iş saatın,
Evə tərəf tələssən də
Çatmaği heç istəmirsən - tənha qadın...

Kim gözləyir səni orda?
Soyuq evin,sönmüş ocaq...
Bu gözəl qız bir zamanlar
kim deyərdi belə tənha qocalacaq...?

Ətrafında diqqət çəkən
Gənc qızların əlindəki zərif güllər
Bu gün on dörd fevral günü
Bayram edir dünyadakı sevgililər.

Gəncliyində sevdin sən də
Ona verdin sevgi dolu ürəyini.
Bəhanəylə atıb səni,
Viran qoydu həyatını, hər şeyini..

İndi isə nə sevməsi...
Yoxdur daha bu həyatdan gözlədiyin.
Hər gün bir az güclənərək
Yeyir səni bu amansız xəstəliyin.

Birdən əgər görsən onu,
Düşünürsən həmin anda nə edərdin?
Əhv edərək boynunamı sarılardın?
Yoxsa baxıb gözlərinə,üzünəmi tüpürərdin?

Səni atıb gedən gündən
Çox çırpındın,cox ağladın
Sonra isə anlaşılmaz bir duyğuyla
Nifrət ilə o insanı bagişladın.

Sevmək yalnız bir dəfədir
Başqa birin heç bir zaman sevməmisən,
Çox heyif ki , bu duyğunu
Bir zamanlar vəfasızda tükətmisən...

SON ƏZAB

Dost tanışdan inciyərdim, küsərdim
Düşünərdim olan şeydi qəm yemə.
Günahkarı təkcə mənəm anladım,
Mən özümdən incimişəm sən demə.

Nə pis imiş öz özündən qırılmaq,
Biri varmı ürəyimə yol sala!?
Mən hər kəsin ürəyini alardım
Bəs özümün ürəyini kim ala!?

Nə olarkı gecə olsun tez yatım
Saatımı daşa dönmüş sanıram.
Her yer yanır, qızmar yayın günündə
Mən günəşin istisindən donuram.

Dənizdirmi bu ürəyim görəsən?
Xəyallarım onda batıb - boğulmuş,
Suda batan bir insanın son anı
Bu son misra son əzabdan doğulmuş.

QAYITMA ÖMRÜMƏ

Bir vaxt həyatıma səssizcə girdin
İndidə eləcə çıxıb gedirsən.
Bir vaxt mehribandın, deyib gülərdin
İndi isə elə bil əmr verirsən.

Qızmar yay günündə qısa düşmüşəm
Necə də soyuqdur sözlərin sənin.
Biraz gec olsada başa düşmüşəm
Yolunda durmazlar çıxıb gedənin.

Baxma ki, qal deyir Vasifin gözü,
Qururum deyirki bu düzgün deyil,
Həyat fəlsəfəmdir şairin sözü:
Alçalıb yaşamaq ömür gün deyil.

Unutma gedərkən “qapını” bağla
Bir kimsə girməsin daha könlümə.
Axtar yaxşı birin əldə çıraqla
Tapmasan qayıtma mənim ömrümə.





"Oğuz ədəbi mühiti" - 11 imza
Zeynəb ŞAHİDQIZI

DÖNMƏYƏCƏYƏM

Yadina düşsəmdə ilk bahar kimi,
Görərsən uzaqdan sis,duman kimi
Şirin bir xatirə,bir röya kimi,
Gedirəm,bir daha dönməyəcəyəm.


Sənsiz gəcələrin qəm seli kimi,
O lal baxışların lal dili kimi,
“Yorulmuş” sevginin əcəli kimi,
Gedirəm bir daha dönməyəcəyəm .

Qaranlıq dünyanın işığıyam mən,
Bir yetim sevdanın göz yaşıyam mən,
Ömur sarayımınn qəm daşıyam mən,
Gedirəm bir daha dönməyəcəyəm.

Dağlardan dumantək enib gedirəm,
Üfüqdə günəş tək sönüb gedirəm,
Şirin xatirəyə dönüb gedirəm,
Gedirəm bir daha dönməyəcəyəm...


Hazırladı: Tural ADIŞİRİN
Vüsal OĞUZ, (AYB-nin Oğuz bölməsinin sədri)




Baxış sayı - 2 953 | Yüklənmə tarixi: 08.04.2018 17:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031