Çexovun zarafatı

Bu isti yay günlərində sərinlənmək üçün müxtəlif vasitə və üsullardan istifadə olunur. Miqyasına və populyarlığına görə dəniz, sərin içkilər, şəfalı kəndlər, kondisionerlər və s. kimi təbii və süni yollar vardır. Bu vasitələrdən başqa kitab oxuyub isti bədənin və ya beynin soyutmaq kimi yönü də olduğunu vurğulamaq lazımdır. Burda nəsə qeyri-adilik, fövqəltəbiilik yoxdur əlbət, amma bir maraqlı nüans var. O nüans ki, oxumağın, mütaliə etməyin nəinki yayda, qışın sərt çovğununda belə qəbahətə çıxdığı bir zamanda yaşayırıq axı əfəndim. Xülasə, mütaliə etməyin orqanizmə və ruh halımıza təsir və əks təsirindən yazmaq, həm də belə demək mümkünsə ürəyimi sizinlə paylaşmaq istəyirəm. Yəqin ki, sonra da bu yazını sosial şəbəkələrdə paylaşacaqsınız, oxumayanlar üçün də, lap istəsəniz özünüz üçün arxivləşdirə də bilərsiz. Sözümün canı budur ki, hər hansı bir kinim, küdurətim yoxdu bu yazı ilə bağlı. Yaxından və ya uzaqdan əlaqəsiz, əlaqəli. Materialist müəllimimin dediyi kimi "tafotu" yoxdur.
Bu qızmar Günəşin şahənşahlıq etdiyi vaxtda bir kitab oxumaqla sərinlənmək istədim. İstədim ki, ruhumun istisini soyuq bir küləklə, təbii sərinlənmə ilə rahatladım. Beləliklə mən elə də uzağa getmədim. Öz 20 kv-lıq otağımda, kreditlə alınmış çarpayımda uzanıb kitab oxumaq qərarına gəldim. Hə, bir də onu da qeyd edim ki, qərarımı Çexovun hekayələrini oxumaqla verdim. Bu hekayələri aram-aram, asta-asta, beynimin və ruhumun həzmi naminə bişirə-bişirə oxudum. Oxudum və yazmaq keçdi içimdən. Daha doğrusu, qələmimdən. İndi yazıram. Oxumaq və ya oxumamaq kimi bir məcburiyyət yoxdur, hər şeydə olduğu kimi, burda da könüllülük prinsipinə sadiqlik ön plana keçir.
Hekayə Çexovun, adı isə Zarafatdı. Zarafat deyil, Çexov böyük yazıçıdı, onun zarafatı da böyükdü, anlam baxımından, həcmcə yox. Bu zarafatda fəlsəfə də var, coğrafiya da, hətta din də. Din nəyə görə? Çünki Allah və ona inam bəziləri üçün adi bir zarafat kimi qəbul olunsa da, çox ciddi və məsuliyyətli bir işdi. Bu işin qulpundan Çexov da yapışıb öz hekayəsində. İlk öncə fəlsəfi baxımdan bu hekayədə insan amili və onun yaşadıqları qabardılır. Dünyaya gəlişi bir möcüzə olduğu kimi, sevgisi, ayrılmağı da bir möcüzə, bir sirdi. Öz sevgisində, öz ayrılığında təcəssüm etdirdiyi dünya hələ kəşf olunmamış, hələ də gizlidir. Bu gizli dünyaya səyahət isə zarafatdan keçir. Zarafat etmirəm, əsl mənada zarafat etməklə gəlib çıxırıq lazım olan ünvana. Məhz Çexov da öz hekayəsində zarafatdan istifadə etməklə o dünyanı tapmış, bizə göstərmişdi. Bəzən həqiqət zarafatla deyilir ki, bəlkə acı olsa zəhərləndirməsin insanların dadını, tamını. Ona görə də sevgi sözlərini qarlı bir havada sevdiyinin qulağına pıçıldayan zaman bunun bir zarafat və ya küləyin səsi olduğunu zənn etmişdi yazıq qızcığaz. Bu hal dəfələrlə təkrarlansa da, hələ də şübhə içində qalan qız həqiqət və zarafat arasında çırpınıb qalırdı. Bir də fəlsəfə ondadı ki, iki seçim arasında qalmaq özü bir sınaq, bir imtahandı. Yanlışı duymaq bəzən təcrübədən, bəzən də adi bir intuisiyadan asılıdır. Bu asılılıqdan isə heç kim sığortalanmayıb. Bu hekayədə olduğu kimi.
Digər bir məsələ coğrafi məsələdi. Daha doğrusu, hadisələrin baş verdiyi bir coğrafi ərazi. Bu hər hansı bir Afrika səhrasında və ya dağlıq bir ölkədə baş verə bilərdi. Bu hekayənin yazılması isə qarlı bir meşənin soyuq nəfəsindən isinməyə çalışan iki gəncin olduğu məkanda baş verdi. Bunu Çexov yazıb. O belə qərar gəlibdi ki, hadisələr məhz bu cür bir yerdə, havada olmalıdır. Necə ki, o soyuqda üşüyən iki gənc öz əyləncələrini qarda xizəklə sürüşməklə keçirir, arada küləyin səsi ilə birgə sehrli sözlər deyilir, bu da havada donub qalmır, ürəklərdə qaynayır, oda çevrilir. Bəzən bu od, hansısa səbəbdən yenidən alışıb, yanmaq istəyində bulunur və bu təbii olaraq yenidən baş verir. Sözlərin havada qar dənəcikləri kimi rəqsi hər sətirdə, hər sözdə açıq-aydın hiss olunmaqdadı. Belə ki, Çexov qəhrəmanlarını əsl təbiilikləri ilə birgə təsvir edə bilmiş, qarşımızda canlı tablonu, bir əsəri yarada bilmişdi. Burda diqqətimi çəkən digər bir məqam bu sözlərin necə ehtiyatla, necə səbirlə deyilməsidi. İlahi, belə də etiraf olar? Belə də uşaq təmizliyi, saflığı olar? Bir sevgi bu qədərmi təmiz və saf olmalıdır ki, onun sözlərini küləyin səsinə bənzədəsən, onu küləkdən seçə bilməyəsən? Bəlkə, doğurdan da küləkdi bu sözlərin müəllifi? Ya küləkli sözlər belə səslənməlidi? Bilmirəm. Amma onu bilirəm ki, burda Çexovun yaradıcılığının zirvəsində duran hekayə oxucunu təsirləndirir, duyğulandırır, onu bir daha düşünməyə vadar edir. Bu əsl yaradıcı insanın potensialı, var oluşu deməkdi. Təbii bu təsirlənmə məni bu yazını yazmağa vadar etdi. Mənə elə gəlir, bu hekayə bir neçə hekayələrin yazılma səbəbi, başlanğıcı oldu. Beləliklə, yeni bir duyğu, yeni bir hiss ortaya çıxmış oldu. Bu duyğunun, bu hissin təsir gücü isə bəlkə də yazılarda, sözlərdə o qədər də hiss olunmur. Çünki bu elə bir gücdə yazılmış hekayədi ki, onu oxuyan zaman bütün varlığınla ona bağlanmış olursan.
Hekayənin inam və ümidlə bağlı tərəfini dini aspektdən yanaşmamın əsas səbəbi burda Yaradıcı qüvvənin təsirini duymağımla əlaqələndirirəm. Yaradıcı qüvvə belə bir hekayənin yazılmasına səbəb ola bilərdi ancaq. Əgər belə olmasaydı, onun təsir gücü və imkanları da bir o qədər böyük olmazdı. İnam və ümid. Bu iki söz bizim üçün nə qədər doğma, yaxındı. Bu iki söz bizə hekayənin həm əvvəlində, həm də sonunda daha çox rast gəlinir. Ona görə də hekayənin ortalarında bir qırılma, bir qopma hiss olunmaqdadı. O qırılma ki, bizi pessimizmə sürükləyir. Bu bəlkə bir ədəbi taktika, yazıçı təxəyyülünün inikasıdır. Hər halda anlaşılan odur ki, ixtiyari və ya qeyri- ixtiyari burda bir tolerantlıq, bir ümumilik vardır. Bu inam özünü daha çox fərdi şəkildə göstərsə də, digər bir tərəfdən şəxsiyyətlər arası münasibətlərdə də özünü göstərir. Necə ki, Çexov öz yazıçı məhsuldarlığını özündən əvvəlki yazıçı və filosoflardan bəhrələnmiş, öz yaradıcılığında istifadə etmişdir. Odur ki, Zarafat hekayəsində əsas xətt kimi keçən inam və ümid daha qədim və əski xarakterə sahibdir. Lap İslam dininin ilkin dövrlərindən tutmuş, daha sonrakı cərəyanlara kimi qaynaqlanır. Bu inam tək Allahla bağlı deyil, həm də insanın özünə inamı, özünə güvəni və özünə qayıdışını əxz edir.
Hekayənin sonunda sırf standart həyat axışının olduğunu görürük. Tənhalıq və iztirab ailə qayğıları ilə, həsrət və küskünlük gündəlik məişət tələbatları ilə əvəz olunur. Bu nə ilə əlaqədardır? Bu daha çox Çexovun özünün spesifikliyidir ki, o həyatı hekayə janrına salmaqla onu bir az sadələşdirmiş, hamının başa düşəcəyi bir formaya salmışdır. Bu onun nəyinə lazım idi axı? Həyata başa düşmək o qədərmi vacibdir? Ya insanın özünün dərki zəruridirmi? Bütün bunlar sual olaraq hekayədə qoyulmasa da, cavabının hər kəsinin öz təbirincə verəcəyinin əminliyini ortaya qoymuş olur. Yetər ki, bu hekayənin axarına düşüb, orbiti üzrə hərəkət edəsən. Bu zaman yaranan sualların cavabını özünəməxsus şəkildə tapmış olarsan.
Çexovun yazmış olduğu hekayələr sırasında Zarafat hekayəsi şeir dilinə yaxın, Şərq yaşam tərzinə uyğun, həm də vacibdir. İlahi mərtəbəyə ucalmanın yolunun asketik həyat tərzi üsulunu seçən sufi və dərvişlərin digər bir alternativi onun zarafat yolu ilə həqiqətə çatma, İlahiyə qovuşma durduğunu görə bilərik. Əslində bu qovuşma həm Şərq, həm Qərb dünyasının ortaq bir cəhətidir. Zarafat hekayəsi qovuşma və ayrılığın bir-birinə bağlılığı və ayrılmazlığını göstərir.
Əgər bu yazıda hekayənin təsirindən yaranan qığılcımı ötürə bildimsə, demək hekayəni nahaq yerə oxumamışam. Demək vaxtımı hədər keçirməmişəm. Bu isti yay günlərində sərinlənməyin ən yaxşı yolunu tapdığıma yanılmamışam. Odur ki, əgər sərinlənmək istəsəniz bahalı vasitələrdən yox, ən sərfəli və faydalı metoddan istifadə edin: Çexovu oxuyub, hekayələrində ruhunuzun qızmar, bir az da yorulmuş, əzgin halını dəyişmiş olun. Ruhun dincliyi ömrün uzanması, özünü dərkin baş tutması və yaşama səbəbinin aydınlaşması deməkdir. Bu isə hər kəsi maraqlandırmalı, onu maqnit kimi özünə çəkməlidir. Beləliklə mən də öz ruhi halımın sərinliyindən danışmaqda çətinlik çəkmərəm. Yəni anlaşmamız belə də mümkündür. Bu anlaşmanın başlanğıcı isə Çexovun yarıciddi, yarızarafat "Zarafat" hekayəsindən keçir.
Tural Cəfərli
Manera.az