manera.az
manera.az

Səadəti olmayan ailələr - Şeirlər

📅 06.10.2017 13:51

Səadəti olmayan ailələr - Şeirlər
Manera.az gənc yazar Gülşad Quliyevanın şeirlərini təqdim edir:

***
On bir yaşlı qızına kitab əvəzi,
Cehizlik bıçaq alan ananın
Kəsib doğradıqlarıydı
Uşaqlıq,
Qadınlıq,
Analıq.
Adını yaza bilməyən qızların
Barmağına taxılan üzüklər
Dünyanın ən qiymətsiz dəmir parçalarıdır.
Səadəti olmayan ailələr
Ailəsi olmayan Səadətlərdən yaxşı ola bilmədi.


***

Hələ böyüməkdə olan yasəmən ağacından
Bir çiçəklik budaq qoparıb,
Yanan saman tayalarına doğru qaçan o qızı
Əlindı qıpqırmızı bir cüt ayaqqabıyla
Hələ də gözləyir atası.
Sabah da
Bir anaya ayaqsız oğlunu,
Bir anaya da oğlunun ayaqlarını göndərəcək müharibə



***

Dünən xəbərlərin axşam buraxlışında
“Allah yoxdur” deyə bağırırdı Suriyalı ata.
Gözləri nəmli,
Əlləri xınalı,
Saçlarına qərənfil hörülmüş qızcığazın
Son pıçıltılarına qədərmiş ömür.
Uşaqlar öləndə
Tanrı belə ölür.



* * *
Bütün uşaqlıqlar böyüməyə,
Böyümələr qocalmağa,
Qocalıqlar ölməyə getdilər...
Biləsən ki
Getmək xatırlanmaqdan ,
darıxdırmaqdan,
gözlətməkdən daha çox,
Yox olmaqdır...
Və bir gün
Bir park skamyasında
Dönərini dilənçi bir qızcığazla böldüyün an,
Sən də anlayacaqsan ki
Xoşbəxt olmaq çox asandır əslində...

Limonlu çay

Sükuta qərq olmuş soyuq, qaranlıq otağın
Nəfəsinlə isinmək arzusuyla yaşıyarkən,
Tərk etdiyin xatirələr yaddaşına qayıdıb
Səni bir az da yaşlanmış, bu qədim şəhərə qaytarmaq istəyirlər.
Oxunmaq həsrətiylə saralıbdır
Tozlanmış kitabların vərəqləri.
Doğma insan əlləriyçün darıxıb əşyaların.
Divardakı rəsmlər pəncərəndəki çiçəklər qədər solğun,
Eyvanına qonan göyərçin qədər çarəsiz və yuvasızdır sənsizlik.
Heç vaxt
Həyat bu qədər mənasız,
Dünya belə qaranlıq olmamışdı.
Lampalar sönmüş, qrammafon susmuş,
Tavan, döşəmə, əşyalar,
Bu evdə hər şey keçmişdən danışır.
Sanki zaman dayanıb.
Bir şair ömrünü xatırladır mənə bu səssizlik
Ancaq əsən küləklər, yağan yağışlar poza bilir bu sükutu
bir də mənim gəlişim.
Sən də gəl..
Hamı və hər şey,
Hətta köhnə masa üstündə buxarlanan
Limonlu çay belə səni gözləyir...



Baxış sayı - 1 981 | Yüklənmə tarixi: 06.10.2017 13:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031