manera.az
manera.az

Çağırsalar mən gedərəm davaya...

📅 24.06.2017 21:51

Çağırsalar mən gedərəm davaya...
Tamerlan Əkbərov



Ordu – dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə kimi dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycan müstəqilliyə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz bundan sonra Azərbaycanda real və ciddi ordu quruculuğu prosesinə start verildi. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Yeni ordu quruculuğunun ilk dövründə təzə yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını aldılar, hətta 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində və Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək, bir sıra əraziləri düşməndən azad etməyi də bacardılar.

Bu gün Azərbaycan Milli Ordusu Ümummilli Lideri­mizin uzaq görən və xilaskarlıq fəaliyyətinin bəhrəsi kimi daim inkişaf edir, möhkəmlənir. Ölkəmizdə ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Odur ki, millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır. Bütün bunlar isə xalqımızın xoşbəxt həyatının qarantıdır. Çünki o xalq xoşbəxt hesab olunur ki, onun güclü ordusu vardır. Qüdrətli Azərbaycanın ordusu xalqımızın qürur, iftixar mənbəyi, tükənməz inamı, arxa-dayağıdır.

Ötən ilin Aprel ayında Azərbaycan əsgəri qəhrəmanlıq vəşücaət tarixi yazdı. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlətimizin başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi qətiyyətli mesajdır.

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır. Yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik olan milli ordusu vardır. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyən peşəkar hərbçilərimiz vardır. Bayramınız mübarək, əziz Hərbiçilər!





Baxış sayı - 2 182 | Yüklənmə tarixi: 24.06.2017 21:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031