manera.az
manera.az

İlahə İmanova: “Elçi zanbaqlar”

📅 22.06.2017 10:39

İlahə İmanova: “Elçi zanbaqlar”

ƏVVƏLİ BURADA


İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan.

Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan işlər canımı sıxmaqda idi. Əslində isə, canımı sıxan yeknəsəqlik deyil, gözlədiyim fərqliliyin baş verməməsi idi.

Günortadan xeyli keçməsinə baxmayaraq, deyəsən bu gün unudulmuşdum. Üç gün ardıcıl aldığım zanbaqlar məndə nastalji hissləri oyatmış, keçmişin xoş xatirələrini canlandırmışdı içimdə. Hər dəfə dəhlizdə addım səsləri eşidəndə, qapı açılanda qeyri –ixtiyari otağa daxil olan katibəmin əlinə baxırdım. Əllərini boş görəndə, etiraf edim ki, üzülürdüm.
Özümü on doqquz –iyirmi yaşlı həmin tələbə qız kimi hiss etməkdə idim bu gün. Saysız –hesabsız qayğılarının içində özünü xoşbəxt hiss edən o qız üçün darıxırdım. Güzgüdən boylanan, gözlərimin içinə baxaraq gülümsəyən həmin şən, çılğın qıza hətta bu gün paxıllığım belə tuturdu. Bir insanın digərlərinə olan həsədini anlaya bilərəm, amma bir insanın özünə, öz keçmişinə, xoşbəxt xatirələrinə özünü qısqanmaq hissini anlamayacaq qədər üzgün idim bu gün.
...Rauf gələcəyi günü bilərəkdən xəbər etməmiş, mənə sürpriz etmək istəmiş və buna da nail olmuşdu.
Həmin axşam narın yağış yağmasına baxmayaraq, yenə də dənizkənarı ilə gəzinir, içimdə gah dənizlə, gah da Raufla söhbətləşirdim. Dəfələrlə darıxdığımı pıçıldayır, öz –özümə təsəlli verib onun da mənim üçün darıxdığını söyləyirdim.
─Xanım qız! Deyirəm bəlkə axşamın bu saatında, özü də belə havada tək gəzib –dolanmayasız! Bəlkə sizə yoldaşlıq edim, tənhalığınızı bölüşüm...
Təklifə bax! Cəsarətə bax! Əsəbi halda geri çevrilib payını verməyə hazırlaşırdım ki, yerimdə donub qaldım. Bir anlığa nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Təklifi edən bir başqası deyil, səsini dəyişən Raufun elə özü idi. Budur, qarşımda idi. İki aylıq ayrılıqdan sonra yenə də gözlərimin içinə baxıb gülümsəyirdi.
─Rauf! –deyərək boynuna sarıldım. Ayların həsrəti bu anın sevincinə qarışıb göz yaşlarımla yanaqlarımdan üzüaşağı süzüldü.
─Başımın bəlası! Bilsən ki sənin üçün nə qədər darıxmışam! –deyərək belimi qucaqladı, bir qədər fırlayıb yerə qoydu. Nəzərlərini üzümdən çəkmədən bir əli ilə saçlarımı, yanaqlarımı oxşayır, digər əli ilə ovcundakı əlimi sıxırdı.
İllərin həsrətliləri kimi bir-birimizə sarılmışdıq. Yağan yağışı belə unutmuşduq. Hər kəsi unutmuşduq. Dəniz, səma, yağan yağış, mən və Rauf... Bütün dünyanın fövqündə idik.
Zamanın dayanmasını, bu anın heç bitməməsini arzu edirdim. Raufun ürək döyüntülərini, isti nəfəsini hiss edirdim. Sevdiyim insanın qolları arasında olmaq xoşbəxtliyin ən son həddi idi mənim üçün. Sevirdim! Sevildiyimi də bilirdim. Sevginin nə olduğunu da, ayrılığın, həsrətin nə olduğunu da, acısı kimi, vüsalının da şirinliyini Rauf yaşatmışdı mənə. Əllərinin saçlarımdakı, yanaqlarımdakı tumarı, ovcumdakı hərarəti, üzümə toxunan isti nəfəsi ruhumun dilə gəlib “Səni sevirəm” deyə hayqırmaq istəyini artırırdı.
Raufun hündürdən dediyi sözlərin kimlərinsə diqqətini çəkəcəyindən ehtiyat edirdim. O, isə buna əhəmiyyət vermir, daha da səsini yüksəldirdi:
─Qoy hamı eşitsin: Bu qızı sevirəm! Başımın bəlası! Səni sevirəm! Səni çox sevirəm!
Sevinc göz yaşlarım yağan yağışın damlaları ilə yanağımdan çənəmə süzülürdü. Heç vaxt olmadığım qədər xoşbəxt idim.
Əllərini islanmış saçlarımda gəzdirib gah belimi qucaqlayır, gah da əlimdən, üzümdən, alnımdan öpürdü. Yanımızdan ötüb keçənlərin diqqətini çəkdiyimizi gördükdə isə, üzünü onlara tutub “Başımın bəlasıdır. Sevirəm onu!” deyirdi. Utandığımdan, xəcalətdən gizlənməyə yerim də olmadığından, tez başımı köksünə sıxır, üzümü gizlətməyə çalışırdım.
İslanmışın yağışdan nə qorxusu, deyirlər. Bir kənara çəkilmək, daldalanmaq heç birimizin ağlına gəlməmişdi. O qədər xoşbəxt idik ki, bir –birimizdən başqa heç nə düşünə bilməmişdik. Raufun öz sevgi etirafları ilə diqqətini çəkə bildiyi orta yaşlarında bir qadın əlindəki çətiri bizə verib tələsik uzaqlaşdığı an tamamilə islandığımızın fərqinə varmışdıq.
Çətir tutmağın elə də bir əhəmiyyəti qalmamışdı. Onsuz da islanmışdıq. Buna baxmayaraq, Rauf çətirdən imtina etmək fikrində deyildi.
Şəhərin gecə mənzərəsi, tutqun səma, dənizdən əsən xəfif meh, yağan yağış və biz.
Heç vaxt əlimi buraxmayacağına əmin olduğum insanın nəzərləri üzümdə gəzir, nəfəsi boynuma toxunurdu. Raufun pıçıltı ilə dediyi:
─Səni çox sevirəm!–sözlərini eşitdiyim an qeyri –ixtiyari gözlərimi yumdum. İlk dəfə dodaqlarıma toxunan dodaqların hərarəti bütün varlığımı titrətməkdə idi. İncə və zərif toxunuş qəlbimin dərinliklərinə qədər işləyirdi. Sanki bir yuxu idi. Bu yuxudan ayılmaq, bu yağmurlu gecənin bitməsini istəmirdim.

*******
Yenə də soyuq, tənha ev... Qapını açıb içəri girdiyim dəqiqədən divarlar məni sıxmağa başlamışdı. Xatirələrim, düşüncələrim də getdikcə artan pərişanlığımın əsl səbəbi idi. Mətbəxə keçib çaydanın altını yandırdım. Soyuducunu açıb dünən axşamdan bişirdiyim dolmadan bir neçəsini ağzıma atdım. Bu gün heç nə yeməsəm də, heç iştaham da yox idi.
Özümə çay süzüb divanda oturdum. Bir az fikirlərimi dağıtmaq üçün televizoru yandırdım. Rəsmi xəbərlər, əyləncə verilişləri sevgidən bəhs edən melodram və seriallar kimi maraqsız idi. Televizoru söndürüb pultu bir kənara qoydum.
Fincanı əlimdə tutub necə fikrə dalmışdımsa, az qala isti çayı üstümə dağıdacaqdım. Yerlə-göy arasında idim bu an. Düşünür, keçmiş xatirələri beynimdə canlandırır, gah özümü qınayır, gah da özümə haqq qazandırırdım.
... Həmin gün bir yerdə oturub şam etməyi Rauf özü mənə təklif etmişdi. Təklifini qəbul edərkən, çox ciddi bir mövzudan söz açacağını düşünmüşdüm. Hətta fikrimdən mənə evlənmə təklifi edəcəyini keçirtmişdim. Restorandakı romantik ab-hava, həzin musiqi bu cür düşünməyimə əsas verirdi.
Adətən danışıb-gülən, məzəli söhbətlərlə kefimi açan, zarafatından qalmayan Rauf bu gün çox sakit və susqun idi. Arabir gözlərimin içinə baxıb gülümsəyir, sonra yenə də nəzərlərini yayındırırdı. Üzündəki ifadə yorğunluq ifadəsindən daha çox gərgin olduğundan xəbər verirdi. Əlindəki çəngəli gah sağa, gah sola fırlayırdı. İş gününün sonu olmasına baxmayaraq, iştahası olana bənzəmirdi heç.
─Rauf! –dözməyib dilləndim.
Başını qaldırıb üzümə baxdı, gülümsədi:
─Ay caan!
─Yaxşısan? –soruşdum.
Özünü gülümsəməyə vadar etdiyi sönük baxışlarından hiss olunurdu. Bir anlıq üzümdə gəzən nəzərləri yenidən boşqaba yönəldi.
Əlini tutub soruşdum:
─Rauf, nəsə olub? –Başını yellədi. –Evdə salamatçılıqdı?
─Şükür, –deyib susdu yenə.
─Bəs işdə? Hər şey qaydasındadır?
Əlimi dodaqlarına yaxınlaşdırdı:
─Hər şey yaxşıdır, canım.
─Bəs niyə beləsən? –sualım deyəsən onu çətin vəziyyətə saldı. Cavabını gözləməyə səbrim çatmadığından sözümə davam etdim, –Cismin burdadır, ruhun isə başqa bir yerlərdə dolaşmaqdadır. Burda deyilsən, Rauf...
Əlimi ovcunda sıxıb tumarladı, təkrar dodaqlarına yaxınlaşdırdı:
─Bağışla, canım, həqiqətən bir az yorğunam, çox gərgin bir gün yaşamışam. Sən narahat olma amma... Yaxşı?
Gözlərinin içinə baxmağa çalışsam da, hər dəfə yayındırdığı nəzərləri deyə bilmədiyi, amma əslində çox ciddi bir problemi olduğunu üzündən oxumağım üçün kifayət edirdi.
Başını qaldırıb üzümə, daha sonra qarşımdakı dolu boşqaba nəzər saldı.
─Xoşuna gəlmədisə, başqa nə isə sifariş verək.
─Yox, iştaham yoxdu, –dedim.
Əli ilə öz boşqabını da geri itələyib:
─Düzü, elə mənim də iştaham yoxdu, –dedi və bir müddət yenə də gözlərini bir nöqtəyə zilləyib susdu.
Mən də susurdum. Deyiləcək sözümüz yox idi bu gün. Gözlədiyim, xəyal etdiyim hər şeyin əksi ilə qarşılaşdığımdan həm pərt, həm də üzgün idim.
─Gedək səni evə ötürüm, gecdir,–deyib üzümə baxmadan ayağa qalxdı.
Əlavə bir söz demədən ayağa qalxdım. Özlüyümdə işində bir problemi olduğunu düşünüb, mənimlə bölüşmək istəməməsinin səbəbini zabit xarakterindən irəli gələn susqunluqla izah etməyə çalışırdım. Bir anlıq təyinatının istəmədiyi bir yerə verilməsini, məndən ayrılacağını düşündüyü üçün üzgün olduğunu fikrimdən keçirtdim. Ürəyimdən keçən “Səninlə dünyanın ən ucqar nöqtəsinə də gedərəm, yetər ki sən əlimi buraxma” sözlərini dilimə gətirməyə çəkinirdim nədənsə.
Məni evə ötürərkən də yolboyu susmuş, tək-tük ifadələri nəzərə almasaq, demək olar ki danışmamışdı.
Həmişə ayrıldığımız ağacın altında ayaq saxladı. Qucaqlayıb başımı sinəsinə sıxdı. Saçlarımın qoxusunu içinə çəkib, yanaqlarımı barmaqları ilə sığalladı:
─Əslində bu gün sənə fərqli bir gün yaşatmaq, yadda qalan, xoş sürpriz etmək istəyirdim. Bağışla, düşündüyüm kimi olmadı.
─Eybi yox, narahat olma, hər şey yaxşıdır,–pərtliyimi hiss etdirməməyə çalışdım, –Yanımda olduğun hər saniyə mənim üçün yadda qalandır.
Bir neçə dəfə əlini cibinə salıb geri çəkdiyini hiss etdim. Bəlkə də evlənmə təklifi etmək üçün aldığı nişan üzüyünü gizlətməkdə məqsədi bu münasibətlərə indi hazır olmaması idi. Bəlkə də haqlı idi, zamanı deyildi, tələsirdik.
Əlimi ovcundan buraxmadan alnımdan öpdü:
─Nə olur, olsun, inan mənə! Güvən mənə! Heç vaxt hisslərimə şübhən olmasın! Əmin ol ki, sənə görə hər şeyi gözə ala bilərəm!
Bu gün ilk dəfə idi ki, gözlərimin içinə baxırdı. Dediyi sözlərin səmimiliyinə, sevgisinə şübhəm yox idi.
Beləcə, daha çox sükutdan ibarət olan gecəmizi başa vurduq...
Hələ də yaddaşımdan silinməyən, xatirəmdə dərin iz buraxan həmin gün, Raufun gərgin, narahat halı, susqunluğu həyat hekayəmin ən kədərli bölümünün ilk səhifəsi idi.

Davamı var...


Baxış sayı - 2 522 | Yüklənmə tarixi: 22.06.2017 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031