manera.az
manera.az

Onlayn media ədəbiyyatın inkişafında rol oynayırmı?- SORĞU/ MANERA.AZ

Onlayn media ədəbiyyatın inkişafında rol oynayırmı?- SORĞU/ MANERA.AZ


İnternet əsrində onlayn media öz gücü ilə yazılı medianı sıradan çıxarmağa başlayır. Bundan əlavə, ədəbiyyat da artıq saytlara transfer olunub. Ədəbiyyatın inkişafında onlayn medianın hansısa rolu varmı? Manera.az jurnalistlər arasında keçirdiyi kiçik sorğunu təqdim edir.

"Azxəbər"in baş direktoru Əfsələddin Ağalarov düşünür ki, onlayn media müxtəlif sahələrin inkişafına təkan verir: "Onlayn media cəmiyyətin inkişafına təkan verən bir platformadır. Təkcə maarifçilik və ya dövləçilik ənənələrinin qorunması aspektindən deyil, həm də müxtəlif sahələrin operativ inkişafına təkan verir. Müasir ədəbiyyatımızdakı ədiblərin görün neçəsi internet mediadakı imzaları ilə tanınıblar, oxucuların rəğbətini qazanıblar? Demək olar ki, bu say çoxdur və artmaqda da davam edir. Bu gün müxtəlif saytların ədəbiyyat əlavələri və ya ədəbi onlayn jurnallar fəaliyyətə başlayırlar. Təbii ki, bu kitab sevgisinin önünə keçə bilməz. Bunun səbəbləri isə tam ayrıca mövzudur".

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli maarifçilik baxımından ədəbiyyat saytlarının önəmindən bəhs etdi: "Maraqlı sualdır, amma məncə bu söhbətə ordan başlamaq lazımdır ki, Azərbaycan ədəbiyyatında ümumiyyətlə inkişaf varmı? Mən bu inkişafı görmürəm, bunun müxtəlif səbəbləri var və bu barədə saatlarla danışmaq olar. Bir sorğuluq, bir suallıq mövzu deyil bu. O ki qaldı ədəbiyyata dəstək məsələsində onlayn medianın roluna. Ədəbiyyat, mədəniyyət saytları sırasında Sim-sim.az, Kulis.az, Manera.az, Axar.az və Teleqrafın art səhifəsi ədəbiyyatın təbliği, ədəbi nümunələrin oxuculara çatdırılması, insanların maariflənməsi istiqamətində ciddi işlər görürlər. Bu günlərdə bu saytların sırasına artkaspi.az da qoşulub və mən bunu sevinclə qarşılayıram. Digər saytlar üçün isə ədəbiyyat mövzuları maraqsızdır, çünki baş redaktorların, redaktorların böyük əksəriyyəti üst-üstə 3 kitab oxumayıblar. Belə...

Modern.az-ın əməkdaşı Aqşin Kərimov bir qədər fərqli cavab verdi: "Ədəbiyyatın inkişafında onlayn media əsas ağırlıq mərkəzi rolunu oynamır. Sadəcə müəyyən tanıtım, əsərlərin təqdimi, yazıçı və ya şairlərin dünyagörüşü ilə bağlı müəyyən informasiyalar verilə bilər ki, bu da zənn etmirəm ki, ədəbiyyatın fövqəladə inkişafı üçün zəmin yaradar. Onlayn mediada düşünürəm ki, informativ yazılar ədəbiyyatın inkişafına o qədər də güclü təkan vermir. Yalnız müsahibələrlə ədəbiyyat cameəsinin əsərləri, onların fikir və dünyagörüşləri barədə oxucuya geniş bilgilər verilə bilər.
Hər hansı yazıçı və ya şairin onlayn mediada çıxan müsahibəsi oxucu auditoriyasına təbii ki, təsirsiz qala bilməz. Onlayn mediada hesab edirəm ki, daha çox ədəbi mövzuda müsahibələrlə oxucu auditoriyasını genişləndirmək olar. Amma bu da məsələnin texniki tərəfi sayılmalıdır. Çünki nəticədə oxucu auditoriyasının kəmiyyət deyil, keyfiyyət cəhətdən genişlənməsi yazılan əsərdən asılıdır".

Blogger Günel Fərhadqızı suala belə cavab verdi: "İndiki dövrdə media, əsasən də sosial və internet media bir çox sahələrin inkişafına, ödənişli və ya ödənişsiz reklam və pr edilməsinə, tərəfdaş və ya əməkdaşlıq etmək üçün tərəf müqabili tapmasına köməklik edir. Yaradıcı insanlar üçün daha böyük imkanlar açılır, rəssam öz izləyicilərini, tv öz tamaşaçı izləyicilərini, mədəniyyət nümayəndələri öz musiqi və yaradıcı məhsullarını, istedadını, ədəbiyyat nümayəndələri və sözlə birbaşa işləyənlər isə öz oxucularını formalaşdırır, tapır, birbaşa olaraq tanımasına yardımçı olur. Əslində media və ədəbiyyatın əsas obyekti var, ümumi cəhətləri çoxdur- oxucular, sözlə işləmək, sözlə təsir etmək, yazan tərəfin imzası. Bu baxımdan, yaradıcı insanlar üçün, yazıçı, şair, tənqidçi, bloqçu üçün onlayn media onun irəliləməsinə, tanınmasına və necə qəbul ediləcəyinə və cəmiyyətə necə daxil edilməsinə və ya cəmiyyətdən çıxardılmasına birbaşa təsir etdiyindən çox önəmli rolu vardır. Pisi pis, yaxşısı yaxşı kimi göstərmək, zövqləri formalaşdırmaq baxımından onlayn medianın rolu danılmazdır. İnsanların internet vasitəsilə ünsiyyətdə olmasını, internet vasitəsilə məlumat əldə etməsini, xəbər oxumasını nəzərə alsaq, əminliklə demək olar ki, onlayn media bir oxucu zövqünü və bir yazan insanı, imzanı formalaşdırır. İstəsə, imzanı göylərə qaldırar, istəsə, göydən itələyib yıxaraq, yerə çırpar. Unutmaq lazım deyildir ki, media 4-cü hakimiyyətdir, cəmiyyəti idarə edən bir vasitədir. Yazan hər kəs bunu nəzərə alsın".

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728