manera.az
manera.az

Multikulturalizm və Azərbaycan reallığı- Seyran Quliyev yazır/ MANERA.AZ

Multikulturalizm və Azərbaycan reallığı- Seyran Quliyev yazır/ MANERA.AZ


Seyran Quliyev

Birinci yazı

Qloballaşma şəraitində multikulturalizm ideyası xüsusi aktuallıq kəsb edir. Azərbaycana münasibətdə isə həmin ideya sözün əsl mənasında praktikaya çevrilmişdir. Bizim reallıq üçün multikulturalizm məsələsi artıq nəzəri kimi deyil, ümümbəşəri əhəmiyyəti olan bir məsələdir. Belə halda, bizim nəzəriyyəçilərimizin vəzifəsi multikulturalizmin Azərbaycanda necə gerçəkləşməsinin metod və metodologiyasını- onun ümümdünya üçün bir paradiqmaya, etalona çevrilməsi prosesinin həqiqətini dünya xalqlarına izah etməkdən ibarətdir. Bu məqalədə də bizim məqsədimiz multikulturalizmin Azərbaycan paradiqmasının mahiyyətini öz imkanlarımız daxilində açmaq və göstərməkdən ibarətdir.

Qoyulan məsələnin şərhinə keçməzdən öncə multikulturalizm anlayışının mahiyyətini açıqlamaq ilə başlamaq istərdik. Bu barədə Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət xanım Aslanovanın fikrincə “multikulturalizm” konsepsiyası qloballaşma, müasir düyada baş verən mədəni universalizasiya və unifıkasiya meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s. ) mühafizə və qayğısını bəşər mədəniyyətində harmoniyanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən biganəlik mövqeyi tədricən-yerli-lokal, immiqrat mədəniyyətlərinə diqqət və qayğının beynəlxalq qurumlar (BMT və YUNESKO) səviyyəsində dəstək almasına qədər təkamül etmişdir [1, s 84]. Vikipediada isə haqqında danışılan anlayışının mahiyyəti aşağıdakı kimi açıqlanmaqdadır :
Multikulturalizm – humanist dünyagörüşü və ona uyğun eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüququnu tanıyan siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütünlükdə dünyada millətlərin və məzhəblərin insanlarının mədəni müxtəlifliyinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətin milli titul mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik konsepsiya olaraq, multikulturalizm tolerantlığın təcəssümüdür.

Hal-hazırda müəyyən dairələr tərəfindən multikulturalizm bütün mədəniyyətlərin bir mədəniyyətdə birləşməsini nəzərdə tutan "əridici qazan" konsepsiyasına qarşı qoyulur. Anlayış kimi o, 1960-ci illərin sonunda Kanadada meydana gəlmişdir. Hərfi mənada isə çox mədəniyyətlilik deməkdir. Bu cəhətdən ölkəmiz həqiqətən çox zəngindir. Hələ vaxtikən Strabon yazırdı ki, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarətdir. Mənbələrdə Albaniyada yaşayan xalq və tayfalar arasında udilər, qarqarlar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar, amardlar, ariaklar,anariaklar, amazonkalar, qellər və leqlərin adları çəkilməkdədir .

Eramızın ilk illərində Sasanilərin köçürmə siyasətilə əlaqədar olaraq Albaniyaya irandilli tayfalar köçürülmüşdü. Ərəb istilasından sonra Sasanilər kimi onlar da köçürmə siyasəti yürüdərək xeyli ərəbi torpaqlarımızda yerləşdirmişdilər. Monqol istilası zamanı və Rusiya imperiyası dövründə də müəyyən tayfaların köçü və yaxud köçürülməsi davam etmişdi. Göründüyü kimi yerli tayfalarla yanaşı gəlmələr də ölkəmizin etno-mədəni müxtəlifliyinin formalaşmasında müəyyən rol oynamışlar. Bu gün Azərbaycanda ləzgilər, avarlar, tatlar, talışlar, saxurlar, kürdlər, udinlər, ingiloylar, buduqlular, yəhudilər, ruslar, gürcülər, ermənilər, ukraynalılar, məhsəti türkləri və s. kimi azsaylı xalqlar, etnik və milli azlıq nümayəndələri yaşamaqda və öz mədəni müxtəlifliklərini qorumaqdadırlar. Dövlət də onlara hər cür dəstəyini göstərməkdədir.
“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq ” deyirdi dahi öndər.

Azərbaycançılıq ideologiyası, Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən maddələri ( maddə 25 - Bərabərlik hüququ ; maddə 44 - Milli mənsubiyyət hüququ ), milli azlıqlara öz dillərində təhsil ala bilmə imkanı bir sözlə dövlətin bu sahədə yürütdüyü siyasət və rəsmilərin sözügedən məsələ ilə bağlı sərgilədikləri yanaşmalar bir daha göstərir ki, ölkəmizdə multikulturalizm və tolerantlıq prinsipləri üst düzey səviyyədə yaşadılmaqdadır. Buna rəğmən qərb ölkələrində multikulturalizm siyasətindən imtina olunma müşahidə olunmaqdadır. Fikrimcə, multikulturalizmdən imtina bəşəriyyətin gələcəyi üçün təhlükəli olan “mövcud təhdidləri” aradan qaldırmayacaqdır. Mövcud təhdidlər ona görə ki, hal-hazırda qərbdə görsənən islamafobiya, ksenefobiya meyilləri elə birinci növbədə qərbin öz başını ağradacaqdır. Bu gün avropada əsasən miqrantların hesabına müsəlmanların sayı durmadan artır və bu amil müəyyən dairələr tərəfindən açıq-aşkar qıcıqla qarşılanır. Müxtəlif siyasilər Avropada “islam təhlükəsi”ndən söz açır və cəmiyyətdə belə bir fikir formalaşdırılmağa çalışılır ki, islam mədəniyyəti onlara tamamilə yad ünsürdür və bu qəbuledilməzdir.

2014-cü ildə Almaniyada adı duyulan “PEGİDA” (Patriotische Europäer gegen die Islamisierung des Abendlandes- Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) hərəkatının radikal islamçılara qarşı olduğu bildirilsə də, miqrasiya edən müsəlmanların hədəf alındığı heç kimdə şübhə doğurmur. Bəllidir ki, onlar Almaniya və Avropaya köçün dayandırılmasını tələb edirlər. Əslində qərb islamafobiyası yeni hadisə deyil. Tarixən burada islamafobiya meyilləri güclü olmuşdur. Söylədiyimə ən bariz nümunə kimi orta əsrlərin Rekonkista - Pireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılaraq çıxarılmasına səbəb olmuş dini məzmunlu hərəkatını qeyd edə bilərəm. Bu hərəkat nəticəsində müsəlmanlar və yəhudilərin demək olar ki hamısı İspaniyadan qovulmuşdu və bu zaman əndəlus qaçqınları adlanan toplumu Osmanlı qəbul etmişdi. Yəni, avropalılar tarixən müsəlmanlarla bir yerdə yaşamaq istəməmişlər. Bu, indi də belədir. İlk öncə multikulturalizm siyasəti yürüdən qərb elə zənn edirdi ki, köçüb gələn miqrantlar burada assimilyasiyaya məruz qalacaqlar. Halbu ki, onlar əksinə öz dəyərlərini, mədəniyyətlərini qoruyub saxladılar və nəticədə qərb siyasiləri multikulturalizmdən imtina etməli oldular. Bu imtina, digər mədəniyyətlərin, digər mədəni dəyərlərin mövcudluğunu qəbul etməmə və onların yaşaması üçün şərait yaratmama gələcək toqquşmalara səbəb olacağı düşüncəsindəyəm və məşhur amerikalı sosioloq və politoloq, Samuel Hantinqtonun “Qərblə kommunist Şərqin siyasi qarşıdurması ilə səciyyələnən "soyuq müharibə"dən sonrakı dövrdə münaqişələrin və qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər təşkil edəcəkdir ” fikirləri təəssüf ki, bu düşüncələrimi bir qədər də gücləndirməkdədir.

Gəldiyim qənaətin möhkəmlənməsinə rəvac verən başqa bir nüans, oryentalist baxışların formalaşdırdığı qərb düşüncəsinin hələ də mövcüd olmasıdır. Edvard Saidin 1978-ci ildə nəşr etdirdiyi “Oryentalizm” adlı əsəri ilə populyarlıq qazanan bu anlayış adı altında Şərq dünyasını din, dil, elm, düşüncə, sənət, tarix, mədəniyyət kimi sahələrdə incələyən və Şərq haqqında fikir formalaşdıran fəaliyyət nəzərdə tutulur. Said hesab edirdi ki, Qərbin Şərqi öyrənməyinin əsas məqsədi Şərq üzərindəki hegemonluq arzularına xidmət edir. Yəni “bilik-gücdür” şüarı qərbli oryentalistlrər üçün də keçərlidir. Bu məqsədin reallaşdırılması üçün tarix boyunca mənfi bir Şərq imici ortaya qoyulmuş, ilahiyatdan filologiyaya, rəssamlıqdan musiqiyə və kino sahəsinə qədər bu imic ardıcıl və bir-birini tamamlayacaq şəkildə işlənmişdir. Hər sahədə qərbin şərqdən üstün olması vurğulanmışdır və bu məsələlərə dair əsərlər qələmə alınmış, fikirlər səsləndirilmişdir. Onlar sübüt etməyə çalışırlar ki, dünyadakı elmi və mədəni nailiyyətlər qərb məhsuludur. Qərbli oryentalistlərə görə Şərq ilə Qərb arasında hər sahədə dərin fərqlər mövcuddur. Qərb,ağlı və şüurlu düşünmə qabiliyyəti sayəsində bəşəriyyətin ən irəli mərhələsini təmsil edir. Ağlını istifadə etmə qabiliyyətindən və tarixdən məhrum, tarixin xaricində yaşayan Şərqin öz başına bu inkişafı reallaşdırması mümkün deyil. Ayrıca Qərb, tənbəlliyi, iş intizamından məhrumluğu, günahkarlığı, cinsəlliyə düşkünlüyü ilə geri qalmış qeyri- mədəni Şərq üzərində qəyyumluq və diqtə haqqına malikdir. Şərqə qarşı mənfi münasibət əvvəllər də bır sıra alim və filosofların görüşlərində rastlanmışdır. Məsələn alman filosof Georq Vilhelm Fridrix Hegel özünün “Fəlsəfə tarixi üzrə mühazirələr” əsərində bildirirdi ki, şərq heç vaxt gerçək mədəniyyət yarada bilməz. Çünki, orada azad adam yoxdur. Tarixən qərbin şərqə yuxarıdan aşağı baxması bu gün də müşahidə olunur.

Məşhur “Əli və Nino” əsərində də müəyyən ifadələrin yer almasını qeyd etdiklərimin üzərinə əlavə etsəm fikir bir qədər də aydınlaşar. Məlumdur ki, əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
“...Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropayamı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”. Və yaxud “Sən bu vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi” kimi əsərdə xristian personajların dilindən səslənən ifadələr qərbin şərqə baxışının “Əli və Nino” əsərinə yansıyan təzahürü idi əslində. Bütün bu yansımalar əlbəttə ki, birdən-birə ortaya çıxmamış, ideoloji-fikir qaynağı olmuşdur. Hələ, XIX əsrdə meydana çıxmış avropamərkəzçilik (avropasentrizm) konsepsiyasından biz bunun şahidi oluruq. Beləki, bu konsepsiyaya görə Avropa dünya yaranandan bu günədək hər hansı bir inkişafın, elmin və mədəniyyətin mərkəzi sayılır, dünyanın başqa yerlərində yaşayan xalqların nailiyyətləri kiçildilir, yeri gəldikcə heçə endirilir. Bütün bunlar isə şərqli elm adamları və filosofları tərəfindən görülür və nəticədə bu kimi düşüncələrə əks fikirlər ortaya atılır. Yuxarı pillədə nəzərə çarpan şərq-qərb qarşıdurması birbaşa və ya dolayı aşağı pilləyə də nüfüz edib insanların düşüncəsini formalaşdırır. Şərqli qərb dəyərlərini, mədəniyyətini qəbul etmək istəmir, qərbli də şərqinkini. Hətta, elə olur ki, hər iki tərəf bir-birinin dəyərlərini, mədəniyyətini təhlükə hesab edərək ondan özünü təcrid edir.

Mədəni-dini qarşıdurma yaranmaması üçün bu gün tolerantlıq və multikulturalizm ideyalarının təbliğinə böyük ehtiyac vardır. Buna görə tolerantlıq və multikulturalizm siyasətinin yürüdülməsini haqlı hesab etməkdə və dəstəkləməkdəyik. Azərbaycan kimi ölkələr dünyaya bu işdə öz töhfələrini verə bilərlər. Hazırda bir sıra dünya ölkələrinin universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Sözügedən fənnin proqramına “Azərbaycanın dini tolerantlıq ənənəsi” mövzusu də salınsa, düşünürəm ki, olduqca müsbət nəticələr verə bilər.

Çox yaxşı bəllidir ki, termin olaraq multikulturalizm və tolerantlıq anlayışları son vaxtlarda populyarlıq qazansa da, onun irəli sürdüyü prinsiplər xalqımız tərəfindən tarixən yaşadılmışdır və indi də yaşadılmaqdadır. Bu cəhətə diqqətləri yönəldən cənab prezident İlham Əliyev bildirirdi :
“Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çox konfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik”

Azərbaycan dövlətinin bu sahələr üzrə həyata keçirdiyi siyasət bu gün tam çılqaqlığı ilə göz önündədir. İstər dövlət qeydiyyatından keçmiş və qanunvericilkdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərən müxtəlif dini icmalar, istərsə də müxtəlif milli və etnik azlıqlar çox rahat şəkildə öz mövcüdluqlarını davam etdirməkdədirlər. Fərqli mədəniyyətlərə xas abidələrin dövlət tərəfindən qorunması, təmir-bərpa edilməsi və eyni zamanda yenilərinin tikilməsi olduqca gözəl nümunələrdir. Bundan başqa, dövlətin müxtəlif orqanlarında ayrı-ayrı milli azlıq və etnosların nümayəndələrinin çalışması və onlar üçün bərabər imkanların yaradılması nümunə ola biləcək digər ən gözəl nüanslardandır.
(ardı var)

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930