– "Hardaydın, Adam?” ("Adam”), "Yolçu nə vaxt gələcəksən?” ("Where Art Thou”) kimi əsərlərinizdə oxucunu ürküdən sürprizlər haqqında düşünürəm, baş qəhrəman əsərin sonunda, həm də sonuncu səhifədə öldürülür. Ya da məsələn, "Group Potrait with Lady” əsərində oxucu sona qədər təhkiyəçinin Leni Pfeyferlə görüşünü gözləyir. Bu baş verəndə isə cəmi üç-dörd cümlə kifayətlənmisiniz. Bu tip əsərdə sürprizlər nə kimi rol oynayır? Belə çaşqınlıq yaradan gözlənilməzliyin məqsədi nədir? – Yox, mən belə düşünmürəm. Məsələn, sonucu adını çəkdiyiniz romanda təhkiyəçi bütün əsər boyu hər şeyi kənardan durub izləmişdi. O, demək olar ki, araşdırmaçı olmuşdu, duyğuları, faktları, insanların ruhi vəziyyətlərini, hadisələri toplayırdı, yığırdı, oxucu onu çox yaxşı tanıyırdı, bu detaldan baxanda onunla bağlı kiçiltmədə yanlış heç nə görmürəm. İlk iki əsərə gəldikdə isə orada yaşanılmış komponentlər var. Amerikalılar həbs etməmişdən əvvəl, mən müharibənin son bir neçə ayını Almaniyanın qərbində keçirmişəm. Müşahidə edirdim ki, almanlar eyvanında ağ bayraq olan bütün evlərə atəş açırlar. Bu sonralar bəzi kəndlərin işğalı zamanı da baş verdi. O illərdən ağ bayrağın mənim üçün nəsə özünəməxsus bir anlamı var. Sonra mən uzun müddət o illəri xatırlamaq istəsəm də nəsə ağlıma bir şey gəlmirdi, ölümdən başqa. Mənə həmişə elə gəlirdi ki, hər şeyin düzəldiyi bir anda, bitdiyini düşündüyüm vaxtda öləcəm. Bu düşüncə idi əsərləri o şəkildə bitirməyimə səbəb. Bu təkcə mənə məxsus hiss deyildi, çox adama tanış idi. Odur ki, bu düşündüyünüz kimi kaprizli, ya da məqsədli bir sonluq tərzi deyil.
– Uzun müddət sizin əsərləriniz haqqında düşündüm. Qəribə bir oxşar detal var – "get-gəllər"in xüsusi təsvir olunması, nəzərə çarpdırılması. Məsələn, qatar stansiyası mərkəz nöqtədir. – Aha, elədir. Mənə elə gəlir ki, elə bu da müharibə ilə bağlıdır. Yüzlərlə ayrılıq və əlvidadan birini əsərin sonluğu kimi təqdim edə bilərdim. Yəni, möhtəşəm bir sonluq kimi yaza biləcəyim olduqca təsirli ayrılıqlara şahid olmuşam. Heç kim bu sualın cavabını bilmir: "Bir də bir-birimizi görəcəyikmi ?”. Bədbəxtlikdən mən çox tez-tez köçməyə, haranısa tərk etməyə məcbur olduğumdan özümü ayrılığın metafizikasını təcrübədən keçirmiş, onu çox yaxşı tanıyırmış kimi hiss edirəm. Hətta mən şəhərkənarındakı evi satıb bura gələndə də eyni hissi keçirdim, yığışmalı, maşın tutmalı idim. Amma fərqi yoxdur, ayrılmaq həmişə çətindir, yəni bunun real anlamı heç də pafoslu çatdırılan variantından zəif deyil.
– Görüş yeri yenə də bu dünyadır? Belə demək olarmı? Heç nə imkansız deyil. – Əlbəttə, belə deyə bilərsiniz. Lakin mən uzun bir müddət ayrılmamaqdan başqa heç nə arzulamamışam. Bir yeri tərk etmək məcburiyyətində qalmamaqdan başqa heç nə istəməmişəm. Təbii ki, bu yəqin ki, yaşla da bağlı məsələ idi.
– "Klounun gözləriylə” ("The Clown”) əsərindəki Hans Şayner haqqında danışaqmı? Onun atdığı addımlardan, getdiyi yerlərdən... – Müharibədə sürətlə dəyişən və baş verən absurd hadisələrlə birgə sabit irəli-geri gedişlər, ordan-ora yerdəyişmə zərurəti var. Bir vaqona minirsən, heç bilmədiyin bir yerdə düşürsən, yeni bir yerə çatırsan, cəmi bir neçə gün qalırsan, sonra yenidən bir vaqona, bir başqa yerə. Belə davam edən bu ağılasığmaz, bezdirici hərəkət trayektoriyasını ancaq müharibə cıza bilər.
– Bu yalnız müharibə zamanımı baş verir? – Belə idi. Əlində güc olanlar üçün sonsuz təhdid imkanları var idi. İnsanlar üçün "getmək” ən ağır qərar idi. Həbs oluna bilərdin, ölə bilərdin, odur ki, getməliydin. Dövrün iqtisadi vəziyyəti də insanlar kimiydi, dəyişkən, məzlum. Ən çox düşünülən kirayə pulunu ödəmək idi. 10-12 yaşında iqtisadi vəziyyət haqqında aydın təsəvvürü olmayan uşaq düşünün ki, o belə bir şey fikirləşir: "Ay Allah nolar, kirayə pulunu ödəyə bilək, yoxsa bizi küçəyə atacaqlar”. Bütün bunlar hamısı müharibə ilə əlaqəli idi. Atamın bir neçə evi var idi – qısa bir müddət ərzində bircə evimiz qaldı, onu da bankların iflasından sonra satmalı olduq. Bununla da hamının böyük qorxusu ilə biz də tanış olduq: "Yaşamağa yerin var? Evinizdə yataq var?”. Sonra mən ən çox oğlanlarımın evinin, yatağının və adyalının olub-olmadığının qayğısına qalmışam. Bu da onunla bağlı idi. Bilirsən, qatar stansiyası ev deyil. Gözləmə otağı da ev deyil. Onlar o vaxt ən yaxşı halda hərbçilərin sığınacağı idi.
– Sizi Heminqueylə müqayisə edirlər. Bunu necə qəbul edirsiniz, bununla razısınızmı? – Tamamilə yox. Mən özümü formalaşdırmada yaxşı mənada təsirlənmişəm, bu olduqca aydındır. Onun üslubu bizim üçün olduqca cəlbedici idi və biz ondan çox təsirlənmişik, çünki bəllidir ki, o səthi və sadə idi, bu isə alman dəqiqliyinə, xırdalığına, dərinliyinə çox zidd idi. Kimsə onda nəsə dərin bir şey axtarsa... Nə bilim bəlkə də tapar. Amma mənim təcrübələrimdən gələn duyğularım, ideyalarım onun psixi travmaları və ideyalarından çox-çox fərqlidir. Onun qəhrəmanı da travmalıdır. Mən bunu xoşlamıram. İçində etiraz hissi olmayan insanlardan zəhləm gedir. Bütün bunlarla yanaşı onu da deməliyəm ki, bir duyğunu çatdırmaq forması da olduqca ciddi məsələdir. Onda bu yaxşı alınıb.
– Xanımınızla birgə Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə bağlı Almaniyada diqqətəlayiq bir uğura imza atdınız. – Bu isveçli naşirin uğursuzluğu idi desək, daha yaxşı olar. Biz sadəcə əsərin orijinal variantı – ingilis dili versiyası ilə qarşılaşdırdıq və gördük ki, əsərin çox hissəsi yoxdur. Halbuki, əsər olduqca yaxşı tərcümə olunmuşdu. Odur ki, başqa bir naşirlə danışmalı olduq. Doğrusunu desəm, bu bizim birgə iş gördüyümüz adam idi, lakin o kitabın nəşrindən tamamilə imtina etdi. Çünki ikinci dəfə eyni kitabın nəşri uğur vəd etmirdi. Lakin biz çatışmazlıqları, çıxarılan hissələri göstərdik, düzəlişlər etdik. Oraya Selincerdən bir sıra digər nümunələrin də tərcüməsini əlavə etdik və kitab nəşr olundu.
– Selincerlə şəxsən görüşdüyünüz olubmu? – Yox, bu çox çətin olardı.
– Siz də onun kimi özünüzü cəmiyyətdən təcrid edə bilmisiniz? – Yox. Amma düşünürəm ki, Almaniya tarixi bunu edə bilərdi. Bir anlıq təsəvvür edirəm, müharibə nasistlərin qələbəsi ilə bitsə, bütün bu müharibəsonrası inkişaf, yeniliklər, dəyişikliklər olmasaydı, mən ömür boyu gizli bir həyat yaşamalı olacaqdım. Amma təbii ki, bir alman üçün bu cür həyat yaşamaq olduqca çətin olardı. Lakin, Selincerin gözdən uzaq, gizli həyatını anlayıram və buna hörmətlə yanaşıram.
– Əsərlərinizin çoxunun tərcüməsi ilə özünüz məşğul olmusuz. Tərcüməçi seçərkən yazar üçün nə daha vacibdir? – İngilis tərcüməçiləri ittiham edə bilərəm. Təbii ki, öz qarşılaşdıqlarımı nəzərdə tuturam. Mənim ən maraqlı həmsöhbətlərim tərcüməçilərim olur. Mən onların həssaslığına heyranam. Hətta alman dilini ən yaxşı biləni belə əsla özündən razılıq nümayiş etdirmir. Rus tərcüməçilərlə işləməmişəm, mənə müraciət etməyiblər. Fransızlar, italyanlar, ingilislərlə çox işləmişəm. Tələblərimi indi sadalaya bilmirəm, onu ancaq konkret şəraitdə, iş mühitində deyə bilərdim.
– Əsərlərinizdə yumor haqqında nə düşünürsünüz? – Bilirsən, mən, əsasən, müharibəni canlandırıram odur ki, tarixi hadisələri, xüsusilə də xırda detalları, anlıq hissləri xırdalığına qədər işləməlisən. Bu tip əsərlərdə yumoristik səhnə yaratmaq ən çətin şeydir, həqiqətən çətindir. Bunun nəticəsini, effektini də bilmək olmur. Ola bilər ki, siz hədəflədiyiniz uğuru əldə etməzsiniz. İndi professional komediyaçılarda belə bu alınmır və dəhşətli bir səhnə yaranır. Bu nədənsə həmişə məni depressiyaya salır.
– Nəsə yazmağa başlayanda ağlınıza ilk gələn obraz olur yoxsa hadisə ? – Hər şey adətən ziddiyyət, gərginlik yaradan və ya onunla bağlı bu tip şeylərə səbəb olan insanla başlayır. Və onun ətrafında baş verən hadisələrin içində izləyici və ya iştirakçı olan insanlar təbii ki.
– Yazının yazılması zamanı hadisələr uzandıqca beyninizdəki orijinal variantdan çoxmu fərqli bir vəziyyətə gəlir? Yəni, ilk ideya dəyişirmi? – Mənim iş prosesimdə hər şey dəyişir. Çünki nadir hallarda mənim ilk ideyam, süjetim əsərin sonuna kimi dəyişməz qalır. Lakin aydın məsələdir ki, burada bir qədər də riyazi konseptuallıq var, əsərin həcmi çox vaxt dəyişmir, yəni ideya ilə müqayisədə bu nisbətən sabitdir.
– Kimin üçün yazırsınız? Beyninizdə xəyali bir oxucu var? – Mənim "xəyali oxucum” "savadsız” ola bilər. Amma yazıçının aləti dildir. Mən hələ də belə hesab edirəm ki, dil istənilən oxucu ilə anlaşmaq, əlaqə qurmaq üçün mükəmməl vasitədir. Hətta ən qarışıq, anlaşılmaz hadisələri, hissləri ifadə edərkən də göz önünə alıram ki, yazım oxucu üçün anlaşıqlı olsun.
– Sizin üçün yazmağın ən çətin tərəfi nədir? – Əgər bu "xəyali oxucu”nu nəzərə almağımla bağlıdırsa, bunu nəzərə alanda, asan ifadə edilərkən təsir gücünü itirmək məni o qədər də maraqlandırmır.
– Nobel mükafatı aldınız? Bu sizin həyatınızı dəyişdimi? – Onu alanda fikirləşdim ki, bu mükafat məni nə daha çox ağıllandıracaq, nə də dəli edəcək. Həm də ki, biz almanlar heç vaxt yaradıcılıqdan uzaq insanlar olmamışıq, odur ki, bu mükafat məni sevindirdi. Amma Nobel mükafatı şəxsi həyatımda heç nəyi dəyişməyib. Maddi cəhətdən isə ciddi dəyişikliklər baş verdi. Məlumunuzdur ki, mükafat fondu olduqca əliaçıqdır. Kölndə rahat, geniş bir mənzil aldım, baxmayaraq ki, orada uzun müddət yaşamadım.
– Ədəbi layihələrdə işləyərkən hansı vərdişlərinizi unudursunuz? – Əgər ağır və uzunmüddətli layihələrə cəlb olunuramsa, hansısa ritual yoxdur. İşə gedirəm və yorğunluq məni tərksilah edənə qədər işləyirəm. Qısamüddətli layihələrdirsə, bir ayağım qaçaq olur. Yazı masamı dönə-dönə təmizləyirəm, qəzet oxuyuram, gəzintiyə çıxıram, kitab rəfimi səliqəyə salıram, xanımla birgə kofe, çay fasiləsi verirəm, siqaret çəkirəm, qonaqlarla, telefon zəngləri ilə vaxt keçirirəm, hətta radio dinləyirəm, ən son məqamda, yəni artıq vaxta az qalmış, sürətlə işləyib bitirirəm.
– Stokholmda Nobel mükafatı aldığınız mərasimdəki çıxışınızda yazı stolunuzu təsvir etmişdiniz. Stolunuz bu evdədir? – Yox, o biri evdədir. İş otağımda ordadır.
– O stolsuz işləyə bilmirsiniz? – İşləyirəm, amma çox da məhsuldar olmur. O stolda işləyəndə daha yaxşı işləyirəm.
– Yəqin ki, böyük bir iş stoludur... – Yox, balacadır.
– Bəs, haqqında danışdığınız yazı makinası? – O hələ məndədir. 1957-ci il, "Travelwriter Deluxe” istehsalıdır. Lakin sıradan çıxıb, qorxuram ki, çox ömrü qalmayıb.
– Doğurdan yazanda bütün barmaqlarınızdan istifadə edirsiniz? – Yox, yox, altı-yeddi barmaq. Heç vaxt normal şəkildə yazmağı öyrənə bilmədim. Ona görə də çox səhvim olur, sonra Annameri onları yenidən düzəldib, yığır. Həm də yazarkən yüksəkdən diktə edə bilmirəm. Yazı makinasında yazmaq mənimçün olduqca məhsuldar prosesdir, mənə elə gəlir ki, onun nəsə xoş bir ritmi var.
– Nobel çıxışınızda bir maraqlı məqam da var idi. Demisiniz ki, dil ilə təxəyyülün gücü eynidir. Bununla nəyi nəzərdə tuturdunuz? – Çox zaman bu böyük dünya bir sözün arxasında gizlənə bilir. Bir bunu təsəvvür edin! Təsəvvürün gücü cəmi bir sözdür. Bəzən bir söz sadəcə bir insanın yox, bütün bəşər tarixinin ağrılı xatirələrini ifadə etməyə qadirdir. Təxəyyülün yarada bildiyi hər şeyi təsvir edə bilir. Çörək, müharibə, yataq, cənnət və minlərlə bu tip sadə sözlər: hər birinin arxasında bütün bir dünya var. İnsanlar çox vaxt bunu lazımsız bir şey kimi istifadə edir. Əlbəttə ki, onlara adi görünən şey poeziyada, ədəbiyyatda demək olar ki, hər şeydir. Bir insanın, yazarın təxəyyül gücü onun sözlərində əks olunur. Dil musiqidən də, rəsmdən də daha sabitdir, daha dəqiqdir. Lakin onun ən mükəmməl forması dəqiq olduğu forması deyil. Düzdür, söz də qeyri-dəqiqdir, çünki çoxsaylı mənalar əks elətdirə bilər. Yazıçını daha çox oxumağa, dilin və sözün kökünü öyrənməyə, onun bütün mənaları ilə tanış olmağa məcbur edən bu xüsusiyyətidir. Məhz buna görə ədəbiyyat savaş meydanıdır, sözün savaş meydanı.
– Sizi yazmağa sövq edən hansı qüvvədir? – Hər şeydən əvvəl bu dildə və sözlə nəsə xüsusi bir şeyi çəkmək həvəsidir. Lakin bunun üçün çox səbəb ola bilər elə deyil? Odur ki, əsas bu yumşaq linqvistik cəhddir. Bir cümlə də çəkə bilər məni, bir situasiya da.
– Əsərə ad yazaraqmı başlayırsınız? – Yox, ad sonradan yaranır, amma, adətən, düşündüyünüzdən də çətin olur bu. Mən "Qatar vaxtında gəldi” ("The Train Was on Time”) əsərini xatırlayıram, bu əsərlə bağlı yadımda qalan tək iş başlıq düşünməkdir, elə bilirəm, bütün işim ancaq başlıq düşünmək olub. Əsər hazır olana kimi o qədər başlıq dəyişirəm ki.
– Əsər yazdığınız bir gününüzü təsvir edə bilərsiniz? – Çətindir. Son bir neçə ildə gün keçirmək daha çətinləşib. Uzun müddət xəstə oldum və əslinə qalsa, hələ də nasazam. Adətən səhərlər işləyirəm, günorta birin yarısına kimi, sonra da nahardan sonra yazıram, sonra ara verib, axşamlar işləyirəm, taqətim varsa. Təbii ki, narahatlıq yaradanlar, mane olanlar da olur və bu yazmağımı çətinləşdirir.
– Sona qədər yazıb, sonra təkrar oxuyursunuz? – Bəli, sonra karandaşla düzəlişlər edir, qeydlər aparıram. Əsərin üzərində işləmək hər zaman daha yaxşısını yazmaq deməkdir. Oxuyub düzəldirəm, əlavələr edirəm, bəzən nəyisə silirəm və bunu mətnin inkişafı kimi qəbul edirəm. Əsas, təsirli, qərarverici ideyaların yazdıqdan sonra ağlıma yenisinin gəlməsi kimi hallar olmur, bəzən yazmağa başlayıram və məsələn, üçüncü səhifədə ağlıma bir fikir, bir ideya gəlir və hər şeyi atıb, ona köklənirəm. Bu o deməkdir ki, mütəmadi yaza biləcəksən, düşünürəm ki, yaxşıdır. Bir işlə məşğul olanda arxa planda yaranan ideyaları mütləq irəli itələmək, unutmadan qabağa çəkmək lazımdır.
– Surətlərin adları sizin üçün əhəmiyyət kəsb edir? – Bəli, çox. Əgər onun adı mənə məlum deyilsə, yazmağa başlaya bilmirəm. Bax, hazırda, bu problemlə məşğulam. İndi beynimdə bir hekayənin süjeti var. Ancaq gərək beş-altı ad tapım, hələ ki, qərar verə bilmirəm. Bəzən hamısına eyni ad, məsələn, Şmits verib, sonra ağlıma gəldikcə dəyişə bilirəm, bu elə də pis üsul deyil.
– Yaza bilmədiyiniz, ilhamsız vaxtınız olubmu və belə olanda bu problemi necə aradan qaldırırsınız? – Əngəllər və blokadalar son zamanlarda ikinci mənə çevrilib, daha doğrusu, ikinci mənim kimi olub. Təbii ki, bu cür situasiyalar var. Mən atom silahı ilə ən çox zəhərlənmiş bir ölkədə yaşayıram, bu gün də bu zəhərlənmələr davam edir. Bu insanın nəinki nəfəsini kəsir, hətta bütün həyat eşqini, şövqünü öldürür, hətta hansısa bir ağrıdan da yazanın da əlini yazıdan soyudur. Bir müddət klassik musiqi mənə bu kilidlənməni aşmağa kömək etdi. Bethovenin nəfəsində mən yaşadığım dünyanın, Qərbin və Reynin havasını hiss edirəm. Mənim hazırkı problemim isə başqadır, mətnin necə qurtaracağını, haraya gedəcəyini, sonda ortaya nəyin çıxacağını müəyyənləşdirə bilmirəm. Hətta qısa bir ön söz və şərh də yazanda belə oluram. Hər şeyi yenidən başlamalı oluram. Bu çox qeyri-peşəkarlıqdır.
– Amma bu yazıçı üçün heç də o qədər görünməmiş hal deyil? – Əslində, bu bir qədər də faydalıdır. Bu rejimə salınmış şeyləri sistemdən çıxarır və fərqli cığırlara salır.
– Dünyada nəyin dəyişdiyini görmək istərdiniz? – Dünyada?
– Bəli. – Məni ən çox qayğılandıran sual – "dünya kimə aiddir?” sualıdır.
– Özünüzü optimist adlandıra bilərsinizmi? – Mən... Hər ikisindənəm.
– Eyni zamanda həm pessimist, həm optimist? – Məndəki ölümdən xilas olan adamın optimizmidir. Ölümdən qurtulmuş olduğunu görmək, dərk etmək bəzən ölmək qədər ağırdır, çünki başa düşürsən ki, nə qədər insan bunu bacara bilmədi və səndən fərqli olaraq, öldü. Mən hələ də bütün varlığımla sahib olduğum hər şeyi xilas olmaq, qurtulmaq üçün sərf etdiyim o yerdəyəm. İndi də bütün gücümlə xilas olmağın əzabından qurtulmağa çalışıram. Bugünkü gəncliyin anlamaqda çətinlik çəkdiyi, hiss edə bilmədiyi şey budur, onlarda bu hiss yoxdur. Amma İkinci Dünya Müharibəsindən sağ çıxmış hamıya tanışdır bu hiss. Çünki geri qalan hər şeyə şans, qismət hər şey demək olar. Bilmirəm, mən ondan sonra yaşadığım hər şeyə şübhə ilə yanaşıram.
Henrix Böll ilə olan bu müsahibə Lesli Uilson tərəfindən "The Paris Review” dərgisinin 1983-cü ildə nəşr olunmuş 87-ci nömrəsi üçün hazırlanıb.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI/ artkaspi.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.