Dövlət müşaviri: “Multikulturalizm İli”nin bəhrələrini gördük - MANERA.AZ

Kamal Abdullayev: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır
Dünyada gedən proseslərin fonunda Azərbaycan 2016-cı ili uğurla yola saldı. Hər birimiz “Multikulturalizm İli”nin siyasi, ideoloji, mədəni və mənəvi bəhrələrinin şahidi olduq.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini "Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. “Multikulturalizm İli” bizə bir tərəfdən multikultural ənənələrin işıqlandırılmasına imkan yaratdısa, digər tərəfdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yol açdı.
Bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev yanvarın 13-də keçirdiyi mətbuat konfransında deyib.
Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya səs saldığını vurğulayan Dövlət müşaviri bildirib ki, bu işdə bütün Azərbaycan ziyalıları, dövlət və hökumət qurumlarımız fəal iştirak etdilər.
“Dövlət başçısı qeyd etdi ki, bu həmrəylik islam ölkələri daxilində anlaşmanı, nizamı qaydasına salan bir il kimi Azərbaycan tərəfindən öz çiyinlərinə götürülən müəyyən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olacaq. Eyni zamanda, islam daxilindəki həmrəyliyi islam və digər konfessiyalar arasında olan həmrəyliklə davam etdirmək vacibdir. İslam həmrəyliyi bir tərəfdən islam daxilində həmrəyliyi nəzərdə tutursa, digər tərəfdən, digər konfessiyalarla həmahəng, məntiqi və son dərəcə vacib olan xətlərin möhkəmlənməsini də nəzərdə tutur”.
K.Abdullayev bildirib ki, Azərbaycan öz birləşdirici, mərkəzi, ideoloji, siyasi missiyasını bu il də böyük şərəflə yerinə yetirəcək: "Nazirlər Kabinetinə “İslam Həmrəyliyi ili” elan olunması münasibətilə bir ay müddətinə tədbirlər planı hazırlamaq tapşırılıb və həmin plan hazır oldqudan sonra bu il çərçivəsində müvafiq işlər həyata keçiriləcək". 